525.Az

Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində


 

Mollanəsrəddinçi poeziyada elm və təhsil məsələləri bədii dil kontekstində<b style="color:red"></b>

(Əvvəli 7 yanvar sayımızda)

Senzuranın ciddi nəzarətində olan "Molla Nəsrəddin" in səhifələrində əsas tənqid hədəflərinin öz adları ilə deyilməməsi, kəskin, qaba sözlərin yumşaldılaraq müəyyən ədəb dairəsində olan ifadələrlə əvəz edilməsi  başadüşüləndir.

Əslində şair " uşaqlar təhsillərini kamala çatdırmışlar" fikrini səsləndirməklə güclü sarkazm yaratmış, dolayısı ilə də olsa,neştərini hədəfə tuşlaya bilmişdi. Əlbəttə ki,oxucu üçün heç bir fikir dolaşıqlığı yoxdur, hər şey aydınca görünür.

Bəzən şair məktəblərin qapanması məsələsinin təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da baş verdiyini tənqid edir. Ancaq belə məqamlarda satirik tip birbaşa öz adı ilə ifşa obyektinə çevrilir.

Müəllif təhkiyəsi ilə qələmə alınan satirada şair "müqəddəs üləma" adlandırdığı şəriət vaizinin məktəbə qənim kəsildiyini kinayəli tərzdə nəzərə çatdırır. Nəticə etibarilə satirada nə üləmanın, nə də Xoqənddə məktəbləri bağlatdıran Ostroumovun nitqi eşidilmir. Lakin müəllif hər iki mənfi obrazın eyni əqidə ətrafında birləşməsini elmə, təhsilə düşmən münasibətlərini, onların bədii xarakterini, düşüncə tərzini açmaqla satirik situasiya və satirik obrazları aydın şəkildə oxucunun mühakiməsinə verir.

Bilməm nə görüb məktəbi-ürfanda bizim qız,
Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız...

Məktəbsiz ikən bir qız idi, çox da müəddəb,
Hazırda qızın korlamış əxlaqını məktəb...
(Hərdəmxəyal."Bizim qız")

Satirada nəzm əsərləri üçün xarakterik olan inversiya hadisəsi müşahidə olunmaqdadır. Misralarda  "görüb" və "korlamış" feilləri nəqli keçmiş zamanda baş vermiş məsələ haqqında məlumatı çatdırır. "Bilmirəm" feili fonetik dəyişməyə uğrayaraq "bilməm" şəklini almışdır. "Bizim qız" birləşməsi satirik obrazın dilində işlənərək rədif yaratmışdır. İsmin yiyəlik halında işlənən "bizim" şəxs əvəzliyi konkret olaraq valideynin öz qızına müraciəti kimi səslənsə də, əslində müəllif burada satirik tərzdə dərin ümumiləşdirmə fonu yaratmışdır.

Elmdən, təhsildən uzaq olan valideynin öz övladının əxlaq və tərbiyəsinin məktəbdə pozulmasını etiraf etməsi tam təzad yaradaraq paradoksallaşır. Axı məktəb təlim-tərbiyə ocağıdır. Satirik tipin dilindən səslənən, qabarıq şəkildə nəzərə çarpan ifadələrdə fikir antonimliyi mənanın təsir dairəsini kəskinləşdirir və güclü sarkazma yol açır.

Komik-satirik üslubu yaratmaq üçün şair bəzən təbii olaraq qrammatik qayda-qanunlardan kənara çıxaraq fikrin daha sadə, rahat, anlaşıqlı olması məqsədi ilə tələffüz şəklinə üstünlük verir. Satiradakı "bilməm" sözü də bu qəbildəndir. F.Hüseynov M.Ə.Sabirin "Ay başı bəlalı", "Təhsili-ülum", "Oğlum", "Utanmırsan, utanma" və s. bəhri-təvillərinə istinadən deyir: "Bu əsərlər şairin yeni insan tərbiyəsi, elmə, maarifə, oyanış və yüksəlişə çağırış istəklərinin bədii ifadəsidir. Doğma balalarının gələcəyini düşünə bilməyən, din ehkamının təsiri ilə zehni paslanmış, düşüncəsini, milli qürurunu, şəriətin gözübağlı quluna çevrilmiş məzlum insanların çəkilməz dərdi bu şeirlərin ruhuna hopdurulmuşdur".

Sabirin yaradıcılığında yoxsul həyat tərzi keçirən uşaqların kədərli həyat həqiqətləri, onların üzünə məktəb qapıları bağlayan hakim dairələrin mənfur əməlləri satira atəşinə tutulur. O dövrdə onsuz da az olan məktəblərə buraxılmayan uşaqlar günlərini boş-boş gəzib dolanmaqla keçirir, hətta bir çox hallarda pis işlərə qurşanır və əxlaqi dəyərləri itirirdilər. "Uşaqlara", "Dilbər", "Rəhgüzari-məxluqatda bir möhtaci-məsarif" şeirlərində Sabir yaradıcılığı üçün xarakterik olan kəskin satirik ittihamdan daha çox mövzuya uyğun olaraq qəm, kədər motivləri üstünlük təşkil edir:

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Bir loğma nan üçün gözü giryan olan çocuq!..

İnsan kimi bilinsə idi qədrü-qiymətin...
Açmış olurdu məktəbi-milli cəmaətin,
Dərk etmək istəmir hələ bu feyzi millətin,
Qalsın nihan vədəyi-fitri-məharətin;
Ey ehtişami-milləti talan olan çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan çocuq!

Sanki şair bu misralarda bir parça çörək üçün küçələri dolaşan, "ürəyi qan olan" çocuqların göz yaşlarını silir. Onları bu çətin duruma salan, təhsildən, tərbiyədən məhrum edən cəmiyyəti, dövləti və onun başında dayanan biganə insanları ən ağır cəza ilə, satirik ittihamla cəzalandırır.

Sabir yaradıcılığında çox doğru olaraq elm, təhsil məsələləri tərbiyə, əxlaq problemləri ilə vəhdətdə qələmə alınır ki, bu da mövcud problemlərə olduqca real yanaşmadır. Təsadüfi deyildir ki, Sabir cəmiyyətdə gedən proseslərə fəal münasibət bildirən ziyalı kimi həm elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən əsərlər yazır, həm də uşaqlar üçün "Məktəb uşaqlarına töhfə", "Məktəb şagirdlərinə töhfə", "Məktəbə tərğib", "Elmə tərğib", "Məktəb şərqisi" və b. şeirləri ilə uşaq ədəbiyyatının yaradıcılarından birinə çevrilir. Bu şeirlərində Sabir uşaqların cəmiyyətdə əsl vətəndaş kimi formalaşmasında məktəbin müstəsna rolunu göstərir, onları məktəbə, elmə, təhsilə səsləyir və çalışqan, bilikli, əxlaqlı olmağın zəruriliyini nəzərə çatdırırdı. Hər bir övlad üçün ata, ana və müəllim nəsihəti necə dəyərli və əhəmiyyətlidirsə, Sabir şeirləri də o dərəcədə ibrətamiz və əvəzolunmazdır.

Ə.Nəzminin satiralarında da Sabirə məxsus köhnəliyə, dini xurafata, cəhalətə, nadanlığa, sxolastik qayda-qanunlara barışmazlıq çağırışı güclüdür. Geniş ictimaiyyətin diqqətini önəmli məsələlərə yönəldən şair elmi, maarifi, texniki tərəqqini təbliğ edən yazıları ilə xalqı qəflətdən oyandırmağa, gələcəyə nikbin gözlə baxmağa səsləyirdi. F.Hüseynov Ə.Nəzmi yaradıcılığındakı bu taleyüklü məsələləri şərh edərək yazır: "O, cahillə alimi, şəriət ehkamları ilə həqiqi, dünyəvi elmi, zahidlə arifi müqayisə edir, onlardan hansının xeyirli olduğunu xalqa başa salmaq istəyirdi. Ona görə də şair mütərəqqi ziyalıların, arif və huşyar adamların maarif, elm, gələcək haqqında fikrini, düşüncələrini ifadə edən sadə, anlaşıqlı şeirlər yazır".

Əli Nəzminin istər satiralarında, istər uşaq şeirlərində, istərsə də didaktik xarakterli təmsillərində əsas leytmotiv elmin, təhsilin, mədəniyyətin təbliğinə köklənmişdir. Şairin satirik şeirlərində isə əsasən xalqın maariflənməsinə qarşı çıxan düşmən qüvvələr sərt şəkildə ittiham olunaraq ciddi tənqidə məruz qalırlar.

Şairin "Məktəb", "Çalışma elm üçün", "Olsun", "Nə idi", "Pozdu işi bu qəzet yazanlar", "Tazələr", "Molla arifə deyir" və s. şeirlərində jurnalın məqsəd və məramına uyğun olaraq əsas hədəf xalqın maariflənməsinə yönəldilmişdir. Bu mövzulu şeirlərin bir qismində elmə və elm sahiblərinə, onun təbliğatçılarına hörmət hissi aşılanır, satirik səpkili şeirlərdə isə milli şüurda baş verən oyanışa, yeniləşməyə, elmin və mədəniyyətin yüksəlişinə sədd çəkən köhnə fikirli, mühafizəkar insanlar satira atəşinə tutulur.

Hər kimə nəql eləyirsən mədəniyyət sözünü,
Qabarıb üstünə, hiddətlə bərəldir gözü nü.

Sabir satiralarında  olduğu kimi, Ə.Nəzmi şeirlərində də övladlarına doğru-dürüst tərbiyə verməyən, onları pis əməllərə yönləndirən savadsız və cahil valideynlər şairin tənqid hədəfinə çevrilir.

Ə.Nəzmi yaradıcılığında mollanəsrəddinçilərdə xüsusi vurğulanan qadın azadlığı problemi şairin "Qızlarımız", "Dabanıçatdaq xalaya", "Arvadlarımız", "Bir qızın Molla Nəsrəddinə ərzi-halı", "Məsləhət",  "Evlənməz idim" və s. əsərlərində daha sərt şəkildə qələmə alınmışdır. Ə.Nəzminin yaradıcılığında başqa mollanəsrəddinçi şairlər kimi, xüsusilə Sabir yaradıcılığında çox nəzərə çarpan elm, təhsil, maarif məsələləri qadın azadlığı problemi ilə üzvi vəhdətdə, sıx bağlı məsələlər şəklində yanaşılır. Əsasən də, Ə.Nəzminin digər mollanəsrəddinçi şair Ə.Razi ilə şeirləşməsində bütün insani hüquqlardan məhrum edilmiş Azərbaycan qızlarının, zavallı qadınlarımızın acınacaqlı, faciəli ömür yolu satirik tərzdə, acı göz yaşları içərisində ifşa olunur. Əli Nəzminin "A qızlar"şeirində də həmin ruh hakimdir.

Ay elmsiz aləmdə yanan narə, a qızlar!
Taleləri mənhus, günü qarə, a qızlar!
İstəkli vətən gülləri! Sizsiz yaz açılmaz,
Siz elmsizin, nuri-məarif də saçılmaz,
Gün çıxmasa zülməti-şəbistan qaçırılmaz,
Sizdən umulur çarə bu azarə, a qızlar!
Həm tərbiyə, təlim uşaqlarə, a qızlar!
 
Bu misralar qadın azadlığının kobud şəkildə pozulduğunu əks etdirən acı fəryadlar, göz yaşları ilə süslənmiş köməksiz bir zavallının nalələri, çarəsiz etiraflarıdır.

B.Abbaszadə yaradıcılığında da digər mollanəsrəddinçilərlə yanaşı, elm, maarif, mədəniyyət məsələləri geniş yer tutur. Şairin "Şərqin səadəti", "Maarifə doğru", "Ey şəmsi-səadət", "İşçi", "Vəsiyyət", "Nə gərək elm..." şeirlərində dövrün böyük ziyalısının öz mühitinin, zəmanəsinin insanlarının elmdən, təhsildən geridə qalmasından dərindən narahatlığı açıq-aydın görünür. Xüsusilə, şairin "Molla Nəsrəddin"ə ünvanladığı "Vəsiyyət" satirasında jurnalın yeni təlim metodlarının, dünyəvi elmlərin tədrisini geniş təbliğ etməsini satirik tipin dili ilə sətiraltı eyhamla diqqətə çatdırır.

Sən deyirsən ki, gedin elmi-riyazi oxuyun,
Buna kim razı olur ki, belə göftar elədin.
Kişi, əl çək, bu qədər fitnə-fəsad etmə dəxi,
Ki, bütün  xalqı özündən dəxi bezar elədin.

A.Rüstəmli yazır: "İctimai geriliyə, cəhalətə, nadanlığa, avamlığa, xalqın mədəni tərəqqisinə əngəl törədənlərə qarşı yorulmaz mübarizə aparan Bayraməli Abbaszadə maarifin, təhsilin və elmin xüsusilə xalq arasında intişar tapmasını alqışlamışdır".

"Molla Nəsrəddin"in sərt, kinayəli, eyni zamanda ecazkar poetik dili canlı xalq danışıq üslubunu özündə yaşadan, bitib- tükənməyən zəngin xəzinədir.Əsl mətləbi dolayısı ilə, sətiraltı eyhamlarla çatdıran mollanəsrəddinçilər  əvəzsiz folklorumuzdan  və klassik poeziyamızın dərin lirizmindən ustalıqla bəhrələnmiş və xalqımıza möhtəşəm bir abidə qoyub getmişlər.

Gülbəniz BABAYEVA
Filologiya üzrə fəlsəfə doktoru

 





11.01.2017    çap et  çap et