525.Az

"Rusiya Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəmir"


 

"Rusiya Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəmir"<b style="color:red"></b> "Rusiya Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasını qətiyyən istəmir".
 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, "Vahid Rusiya" Partiyasından olan deputat Sergey Jeleznyak bildirib.
 
O, Rusiyanın münaqişənin siyasi yolla həlli istiqamətində böyük iş apardığını qeyd edib.
 
Deputat bu işlərin nədən ibarət olduğunu açıqlamasa da, bildirib ki, ötən ilin aprelində Dağlıq Qarabağda toqquşmalar baş verən zaman məhz Rusiyanın səyi nəticəsində atəşkəs əldə olunub, qan tökülməsi dayandırılıb: "Əminəm ki, həm Azərbaycanda, həm də Ermənistanda bütün sağlam düşüncəli siyasətçilər anlayırlar ki, belə münaqişələr istisnasız olaraq siyasi və humanitar yolla həll olunmalıdır. Apreldə bu münaqişənin çox təhlükəli mərhələsi Rusiyanın mühüm diplomatik səyi nəticəsində dayandırıldı. Rusiya Azərbaycan və Ermənistan rəhbərliyinin atəşkəsi bərpa etmək barədə razılığa gəldiyi meydança oldu. Əminəm ki, Rusiya olmasaydı, daha çox insan bu toqquşmada həlak olacaq, zərər görəcəkdi. Ona görə də, Moskva istəmir ki, tərəflər silaha əl atsın".
 
Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının Azərbaycan tərəfinin narahatlığına səbəb olması ilə bağlı suala isə S. Jeleznyak belə cavab verib: "Bu qoşun qruplaşması müdafiə xarakteri daşıyır. Bunun yaradılması sırf Rusiyanın ölkə xaricində milli təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Əminəm ki, Rusiya və Ermənistana heç kəs hücum etməsə, bu qoşun qruplaşmasının fəaliyyətinə ehtiyac qalmayacaq. Ona görə də, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasından narahat olmağa dəyməz, bunun üçün əsas yoxdur".
 
Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksinin verməsi ilə bağlı məlumatları şərh edən rusiyalı siyasətçi bildirib ki, əsas məsələ hansı silahın satılması deyil: "Bildiyiniz kimi biz dünyanın bir çox ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edirik. Azərbaycan və Ermənistanla bu sahədə əməkdaşlıq yüksək səviyyədədir. Hərbi-texniki əməkdaşlığı əsasən hərbi-sənaye kompleksimizin inkişafı məqsədi ilə həyata keçiririk. Hər kəs yaxşı anlayır ki, silahlar atəş açmır, insanlar atəş açırlar. Yəni, o silahı insan idarə edir. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində Rusiya təkid edir ki, bütün mövcud münaqişələr dayandırılsın və problemin siyasi yolla həllinin axtarışı həyata keçirilsin".
 





11.01.2017    çap et  çap et