525.Az

"Dağlıq Qarabağ münaqişəsi MDB-nin iqtisadiyyatına mənfi təsir edir"


 

"Dağlıq Qarabağ münaqişəsi MDB-nin iqtisadiyyatına mənfi təsir edir"<b style="color:red"></b> Neftin qiymətinin stabilləşməsi MDB üzvü olan 9 ölkəyə birbaşa  və dolayı iqtisadi və maliyyə təzyiqi azaldıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
 
Buna baxmayaraq, agentliyin 2017-ci il üzrə region ölkələri ilə bağlı proqnozu neqativdir. Buna səbəb MDB ölkələrinin xarici valyutada ifadə olunan irihəcmli borclarının olmasıdır.
 
Ötən il "Moody's" agentliyinin MDB regionunun 5 ölkəsinin reytinqi ilə bağlı proqnozu neqativ olub. Buna da səbəb neftin qiymətlərinin enməsidir. "Neftin ucuzlaşması həmin ölkələrin daxilolmalarına ciddi təsir edib. Bu isə həmin ölkələrin iqtisadiyyatına zəncirvari qaydada neqativ effekt göstərib. Nəticədə MDB ölkələri pul-kredit və vergi-büdcə siyasətini dəyişməli oldu. Buna baxmayaraq, cari il üzrə makroiqtisadi proqnoz aşağı səviyyədədir, kredit riskləri isə hələ də dominantlıq edir", - deyə agentliyin böyük vitse-prezidenti Kristin Lindou bildirib.
 
K. Lindou əlavə edib ki, orta hesabla region ölkələrinin ÜDM-i 2017-ci ildə 2%, 2018-ci ildə isə 3% artacaq. "Cari ildə neftin bahalaşması neft ixracatı ilə məşğul olan region ölkələrinin daxilolmalarını artıracaq ki, bu da onlara bir sıra manevr imkanları verəcək", - deyə o bildirib.
 
Vitse-prezident qeyd edib ki, geosiyasi münaqişələr cari ildə də MDB ölkələrinin iqtisadiyyatına neqativ təsir edəcək. Buna misal olaraq K. Lindou Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların tətbiqini, o cümlədən Azərbaycanla Ermənistan arasında arabir vəziyyətin gərginləşməsini göstərir. "Bizim reytinqlərimizi alan MDB-nin 9 ölkəsindən yalnız Belarus və Qazaxıstan hərbi münaqişələrə cəlb olunmayıb", - deyə o bildirib.
 





12.01.2017    çap et  çap et