525.Az

Çağdaş Azərbaycan ədəbiyyatında detektiv: janrın mənzərəsinə bir baxış


 

Çağdaş Azərbaycan ədəbiyyatında detektiv: <b style="color:red">janrın mənzərəsinə bir baxış</b>

Detektiv ədəbiyyatı Azərbaycan ədəbiyyatında XX əsrin ortalarında meydana çıxdı ki, bu da Sovet dövrü Azərbaycan ədəbiyyatına təsadüf edir.

Azərbaycan ədəbiyyatında detektivin banisi törədilmiş cinayətlər və bu cinayətlərin hüquq-mühafizə orqanları tərəfindən açılmasını əks etdirən "Sahil əməliyyatı" povestinin, "Brilyant məsələsi", "Qara Volqa", "Şəhər yatanda" romanlarının müəllifi Cəmşid Əmirov hesab edilir. 60-cı illər Sovet dövrü ədəbiyyatında yazılmış detektiv əsərləri əsasən Sovet milis detektiv tipinə aid etmək olar. Azərbaycan ədəbiyyatında Cəmşid Əmirovun iz açdığı detektiv ədəbiyyatı "Hökm", "Qara mirvari", "Heç nə izsiz keçmir", "Əgər xəfiyyəsənsə" tetralogiyasının müəllifi Zaxar Abramov, "Gözəgörünməz döyüş" povestinin müəllifi Əkbər Əkbərov, "Gecə yarısında hadisə" povesti ilə Anar, "İstintaq" əsəri ilə Rüstəm İbrahimbəyov, "Zindan" əsəri ilə Çingiz Ələkbərzadə və digər ədiblər davam etdirmişdilər.

Çağdaş Azərbaycan ədəbiyyatında detektivin geniş yayılmasını müşahidə edirik. Bu özünü əsasən, siyasi, kəşfiyyat (şpion), kriminal, sosial-psixoloji, macəra, məişət və intellektual detektivlərin inkişafında büruzə verir. Detektiv həm realist, həm də postmodern ədəbiyyatında öz yerini tapmışdır. Maraqlı məqamdır ki, detektiv daha çox realist nəsrdə təmsil olunmuşdur. Bu da detektivin janr xüsusiyyətlərindən irəli gəlir. Lakin bir sıra hallarda, detektivlər drama xas janrlarda yaradılmışdır (məsələn, Rövşən Yerfinin "Həbsxana bənövşəsi" adlı pyesi, Füzuli Yavərin Aqata Kristinin "Bülbül Kotteci" hekayəsi əsasında işləmiş olduğu "Bülbül yuvası" pyesi və televiziya üçün işlənmiş "Bermud üçbucağı" pyesi).

Çağdaş Azərbaycan ədəbiyyatında realist üslubda yazılan əsərlər sırasında Çingiz Abdullayevin "Bir ümman nifrət", "Aşkar metamorfoza", "Andorra sevməli və ölməli yerdir", "Şübhəsiz metamarfoz" povestləri və "Mavi mələklər", "Prezident ovu", "İnsan ovu", "Hammurapi məcəlləsi" romanlarını, Qan Turalının "Prokurorun üç günü" povesti, Rövşən Yerfinin "Residivist" və "Qadın düşərgəsi" povestlərini, E. Axundova və İ. Nəcəfovun "Poliqrafistin ölümü" romanını, E. Axundovanın "Şüşə saray" romanını, Yusif Əhmədovun "Ələkeçməzlər-1", "Ələkeçməzlər-2", "Ələkeçməzlər-3" romanlarını, Vəkil Şükürovun "Qara Kəmər əməliyyatı" romanını, Eldəniz Əmirovun "Açılmayan səhər" romanını, Ənvər Seyidovun "Təlatüm" və "Gürzə" romanlarını, Elçin Əyyubovun "Yaquar üçün tələ" və "Cəhənnəmdə 45 gün" romanlarını, Elxan Elatlının "Arxalı canavar" romanını, Müşfiq Zeynalovun "Zerkalo Klara" romanını, Bəhrəm Mustafabəylinin "Zolotoy "Mujik" romanını, Ç. Ələkbərzadənin "Zindan" romanını, İ. Qarayevin "Sxodka" və "Budaqlar" romanlarını və s. detektiv nəsr nümunələri göstərmək olar.

Yuxarıda qeyd edildiyi kimi postmodern detektivlər Azərbaycan ədəbiyyatında az təmsil olunmuşdur. Maraqlı məqamdır ki, postmodern detektiv Çağdaş Azərbaycan ədəbiyyatında özünü əsasən roman şəklində büruzə verir. Lakin realist detektiv Çağdaş Azərbaycan ədəbiyyatında həm kiçik nəsr, həm də böyük nəsr janrları çərçivəsində inkişaf edir. Çağdaş Azərbaycan ədəbiyyatında postmodern üslubda yazılan əsərlər sırasında Nəcəf Talıbovun "Ekspedisiya", Vüsal Nurunun "Prezidentin qızı", Asiman Eyniyevin "Məxfi cəmiyyət (mason şifrəsi)" və İlqar Fəhminin "Aktrisa" romanlarına diqqət yetirmək olar.

Çağdaş Azərbaycan ədəbiyyatında realist detektivlər janr və bədii xarakteristikaların genişliyi ilə seçilirlər. Bir tərəfdən, povest və romanlara ayrılmasını qeyd etmək olar, digər tərəfdən isə macəranın və ya sənədliliyin aparıcı təsirini müşahidə etmək olar. Detektiv əsərlərdə hadisəlik şərti olaraq avantür (macəra) zaman və məkan ilə bağlıdır. Amma detektivin digər macəra roman növlərindən fərqi ikili süjetdən ibarət olmasındadır. L.O. Moşenskya haqlı olaraq detektivdə cinayət süjetini və istintaq süjetini müstəqil hesab edir. Əgər cinayət süjeti detektiv ədəbiyyatın macəra təbiətindən doğursa, onda istintaq süjeti bir tərəfdən qotik romana, digər tərəfdən isə elmi-bədii və elmi-fantastik ədəbiyyatın təsirinə meyillidir. Detektivdə istintaq süjeti sirli cinayətin açıqlanmasına həsr edilib, adətən faktlar bədii qəhrəmanların məntiqi təhlili vasitəsilə açıqlanır. Bu iki süjet arasındakı nisbilik detektivin macəra və ya sənədli ədəbiyyata daha yaxın olmasını müəyyənləşdirir.

Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv povestlər əsasən cinayətin və ya cinayətkarlığın daxili amillərinin açılmasına həsr edlilir. Qan Turalının "Prokurorun üç günü" povestində fabula aspirant Nazimin civə ilə zəhərlənərək öldürülməsi, mərhumun qələmə aldığı əsərin yoxa çıxması ətrafında qurulub. Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestində baş qəhrəman Rüstəmin kriminal-mafioz dəstəyə qoşularaq mürəkkəb həyatın ağuşuna düşməsi əks etdirilir.Rövşən Yerfinin "Residivist" povestində residivist hesab edilən məhkumun faciəli taleyinə işıq salınır. Rövşən Yerfinin "Qadın düşərgəsi" povestində isə cinayətkar qadınların acı taleləri, onların həbsxana həyatına sürükləyən səbəblər açıqlanır.

Bu fonda realist detektiv romanlar məzmun genişliyi ilə seçilir. Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv romanları bir neçə qrupa bölmək olar:

- siyasi detektiv romanı;

- kəşfiyyat (şpion) detektiv romanı;

- sənədli detektiv romanı;

- macəra detektiv romanı;

- cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar;

- penitensiar müəssisələrdəki həyatı təsvir edən detektiv romanlar.

E. Axundova və İ. Nəcəfov "Poliqrafistin ölümü" romanının müəllifidirlər. "Poliqrafistin ölümü" siyasi detektiv roman nümunəsidir. Romanda hadisələr 44808 nömrəsi altında səs salmış siyasi xarakter daşıyan sensasiyalı cinayət işi ətrafında qurulur. İ. Nəcəfovla həmmüəllif olmaq təsadüfi deyil. İ. Nəcəfov Respublika Baş prokurorunun müavini kimi bu cinayət işinin təhqiqatını nəzarətdə saxlayırdı. E. Axundovanın qələminə siyasi detektiv nümunəsi olan "Şüşə saray"əsəri də məxsusdur. Romanda təsvir edilən hadisələr 1992-1994-cü illəri əhatə edən siyasi hadisələrdir.

Çingiz Abdullayevin bir sıra romanları klassik kəşfiyyat (şpion) detektivlərinə aid etmək olar. Məsələn, Dronqo obrazı sırf kəşfiyyatçı (şpion) obrazıdır. "Prezident ovu" detektiv romanında rəhbərliyi tərəfindən Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilatın "X günü" adlı dəhşətli aksiya hazırlayacaqları haqqında məlumat əldə etmək kimi çətin tapşırıq alan Dronqonun xüsusi xidmət, hərbi və hüquqi biliklərə qadir olduğunun şahidi oluruq.

Sənədli detektiv romanlarda süjet xətti real, həyatda baş verən hadisələr ətrafında qurulur.Bu tip romanlarda cinayət süjeti, adətən, istintaq və məhkəmə sənədlərində əks olunan hadsələr ətrafında qurulur. Eyni zamanda, istintaq süjetinin əksi zamanı müəlliflər geniş bədii intrepritasiyaya yol verirlər. Bu bir tərəfdən, əməliyyat-axtarış materialları ilə müəllifin tanış olması məhdudiyyətlərilə əlaqəlidir, digər tərəfdən isə istintaq süjetinin inkişafında yazara müxtəlif variasalara müraciət etmək imkanından irəli gəlir.

Yusif Əhmədovun "Ələkeçməzlər-1", "Ələkeçməzlər-2", "Ələkeçməzlər-3" romanlar silsiləsində Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun fəaliyyətinin bədii interpetisiyası öz əksini tapmışdır. Əsərdəki hadisələr 1992-2006-cı illər Bakıda və əyalətlərdə baş verən müxtəlif kriminal hadisələri əhatə edir. Fabula "Qara kəmər" əməliyyatının materialları əsasında yaradılmışdır. Vəkil Şükürovun "Qara Kəmər əməliyyatı" sənədli-xronika əsasında qələmə alınmış eyniadlı detektiv romanında da 1994-2005-ci illərdə Hacı Məmmədovun başçılığı ilə paytaxtda silsilə ağır cinayətlər törətmiş mütəşəkkil dəstənın fəaliyyətini əks etdirir. Eldəniz Əmirovun "Açılmayan səhər" romanın fabulası da Hacı Məmmədovun başçılığı altında fəaliyyət göstərmiş cinayətləri xatırladır.

Məmməd Quliyevin bədii üslubda qələmə alınmış "Müstəntiqin etirafı" sənədli detektiv roman nümunəsi kimi maraq doğurur. Əsər müəllifin 1991-1993-cü illər ərzində, Azərbaycan Respublikası Baş Prokuroru yanında Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində, DQMV üzrə yaradılmış DİN, MTN və Respublika Prokurorluğunun Vahid İstintaq-Əməliyyat Qrupunun üzvü kimi fəaliyyət göstərdiyi dövrdə baş verən hadisələr əksini tapmışdır.

Uzun müddət məhkəmə orqanlarında çalışan, Ali Məhkəmədə və Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə hakim işləyən Ənvər Seyidovun konkret məhkəmə materialları əsasında yazılmış "Təlatüm" və "Gürzə" romanları da sənədli detektiv romanlara aid edilə bilər.

Elçin Əyyubovun ilk əsəri olan "Yaquar üçün tələ" əsəri detektiv elementli macəra roman nümunəsidir. Detektivdə gənc psixoloq təsadüfən narkobaronların pullarına sahib olur. Bundan sonra narkobaronlar onu ələ keçirmək üçün fəaliyyətə keçirlər. Qəhrəman möcüzəli şəkildə salamat qalır. Müəllifin digər "Cəhənnəmdə 45 gün" adlı romanı isə terrorçuluqdan bəhs edir. Əsərdə Azərbaycan, ABŞ, Rusiya, İsrail və Ermənistanın xüsusi xidmət orqanları təsvir edilir. Əsərdə ASALA terror təşkilatı haqqında məlumatlar diqqəti cəlb edir.

Elxan Elatlının "Arxalı canavar" romanında müəllif digər əsərlərində təsvir edilmiş keçmiş polis zabiti, hal-hazırda xəfiyyəlik edən Qambay Qasımlı obrazı ilə macəra və detektivlik sintez təşkil edir.

Cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar çox hallarda bioqrafiya janr formasına xas elementləri ilə səciyyələnir. Eyni zamanda bu tip romanlar əsasən, "əks" (çevrilmiş) formasında yaradılır. Yəni, cinayətkar əvvəlcədən bəllidir və cinayət süjetində sirrin açıqlanması amili sıfra endirilmişdir. Bu tip romanlar kifayət qədər saya malikdir, o cümlədən, Azərbaycan əbəbiyyatında. Müşfiq Zeynalovun "Zerkalo Klara" detektiv əsərində Azərbaycan tarixində məşhur qadın cinayətkarlardan biri olmuş Zerkalo Klaranın həyatından bəhs edilir. Zerkalo Klaranın əsl adı Klara Yusifzadədir. Tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açan qız, 3 yaşı olarkən atası repressiya qurbanı olur. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollanır. İmkansızlıqdan cinayət aləminə düşən və ilk dəfə həbsə 15 yaşında girən Klaranın ömrünün 32 ili dəmir barmaqlıqlar arxasında keçir.

Bəhram Mustafabəylinin "Zolotoy "Mujik" detektiv əsərində 1947-ci ildə bir kisə un oğurluğu üstündə 16 il həbs cəzası çəkmiş Əliyev Cəbrayıl Abasqulu oğlunun taleyinə işıq salınır. Əsərdə 27 il həbsxana həyatı yaşamış Cəbrayıl Əliyevin acınacaqlı həbsxana həyatı da əksini tapmışdır.

Penitensiar Müəssisələrdə həyatı təsvir edən detektiv romanların sayı çoxdur. Ç. Ələkbərzadənin sənədli-kriminal faktlara əsaslanmış "Zindan", İ. Qarayevin "Sxodka", "Budaqlar" detektivlərində həbsxana həyatının təsviri əsərlərin süjet xəttini təşkil edir. Çingiz Ələkbərzadənin əsəri məhkum olunmuş, həbsxana həyatı yaşamış müəllif məhsulu kimi maraq doğurur. Həbsxana divarları içində qələmə alınaraq oxucuya çatdırılmış detektiv əsərdə həbsxana həyatını, məhkəmə sisteminin ədalətsizliyi, məhbusların həbsxana həyatları, məhkumların həbsxana administrasiyası və əməkdaşları, həmçinin digər məhbuslar tərəfindən necə alçaldılmaları və bir insan kimi talelərinin sındırılmaları real həyat lövhələri ilə nəql edilir. İ. Qarayevin "Sxodka" və "Budaqlar" detektiv əsərlərində də həbsxana həyatında məhbus aləminin özünəməxsusluğunu, həbsxana mühitindəki həbsxana "prokurorluğu" və "məhkəməsinin" çirkin fəaliyyəti təsvir edilir.

Xüsusi qeyd etmək lazımdır ki, çağdaş Azərbaycan detektivi dünya ədəbiyyatında detektivə xas bütün tiplərini əhatə etmir. Belə ki, "qara" detektiv, "vəkil" detektivi, ironik (parodiya) detektivi kimi detektivlərə rast gəlmirik.

Azərbaycan postmodern ədəbiyyatında detektiv geniş yayılmamışdır. Buna baxmayaraq, detektiv xətti postmodern romanlarda müşahidə etmək olur. Məsələn, modelləşdirilmiş süjet xəttinə malik Şərif Ağayarın "Haramı" romanında əsərin əsas hadisələrini əks etdirən mətn (Rüstəmin Haramı ilə bağlı həyatı), on iki əhvalat (Səməndərin qoçaqlıqlarını əks etdirən əhvalatlar) və yeddi günü təsvir edən gündəlik (Rüstəmin gündəliyi) kimi  üç süjet xətti ilə inkişaf etdiyini görürük.

Qətl, qatilin axtarışı sırf "magik realizm" üslubunda qələmə alınmış Vüsal Nurunun "Prezidentin qızı" romanında əksini tapmışdır. Pirallahı adasında lənətlənən dostların (Anyuta, Qızıl, Ayşad, Aydın, Teymur, Elbrus) müəmmalı hadisələri müəllif irrealıqla reallığın fonunda açmağa cəhd göstərir.

Nəcəf Talıbovun "Ekspedisiya" əsəri postmodern detektiv ədəbiyyat nümunəsi kimi da maraq doğurur. Nüvə partlayışından sonra radiasiyalı zona, mutantlar, anomaliya tələləri, artefaktlar, stalkerlər əsərdə müəllif tərəfindən təsvir edilir.

Asiman Eyniyevin "Məxfi cəmiyyət (mason şifrəsi)" detektiv romanınıda postmodern ədəbiyyata aid etmək olar. Romanin süjet xətti beynəlxalq turizm agentliyinin rəhbəri Abbas Abdullayevin iki ildir şəhər meri olan, yalnız Tanrıya inanan deist, 35 yaşlı oğlu Rzanın oğurlanması ətrafında qurulub.

İlqar Fəhminin "Aktrisa" romanındakı hadisələr real həyat faktlarına əsaslanmasına baxmayaraq, roman postmodern nümunəsi kimi qəbul edilə bilər. "Aktrisa" detektiv əsərinin qəhrəmanları Cani və Aktrisadır. Detektivdə təsvir edilən qətlin istintaqını xəfiyyə - müstəntiq Eldar Əfəndiyev aparır. Detektivdə hadisələr yazıçı Rüfət Hüseynzadənin gündəliyinin oxunması ilə başlanır. Əsərdə o da müəyyən olunur ki, bank prezidenti Fətəliyevi və onun həyat yoldaşı Laləni qətlə yetirən yazıçı Rüfət Hüseynzadədir. İki qətldən sonra yazıçının özü də intihar etmişdir. Onun qələmə almış gündəliyi isə onun intiharından sonra ələ keçmişdir. Detektiv janrda qələmə alınmış əsərlərdə qatil cinayətkar kimi təqdim edilir. Onların cinayətini açmaq çətin olur. İ. Fəhmi qələmə aldığı bu əsərdə cinayət törədilən vaxt məlum olan faktlarla, sonradan ortaya çıxan faktlar arasında müvazinəti saxlamağa nail olur. Əsərdəki faktlar və dedektiv düşüncələr əsər boyu hissə-hissə, bərabər şəkildə çatdırılır.

Çağdaş Azərbaycan bədii detektivinin inkişafında əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, bir sıra mənfi amillər də özünü büruzə vermişdir. Belə ki, süjet qıtlığı, geniş oxucu əldə etmək məqsədilə əsərdə cinayətkarlığın təbliğ edilməsi, detektiv əsərlərın ədəbi dildən uzaqlaşması, obrazların dərindən işlənilməməsi, cinayət və istintaq süjet xətlərinin lazımi qədər işlənib ayrılmamasına yol verilir.

 





13.01.2017    çap et  çap et