525.Az

Auditoriyanı fəth etməyin yol xəritəsi


 

Auditoriyanı fəth etməyin yol xəritəsi<b style="color:red"></b>

Adətən adamın əlinə bir kitab düşəndə əvvəlcə onu vərəqləyir, içindəki yazıların sərlövhəsini nəzərdən keçirir və bununla da əlinə düşən o kitabın adama gərəkli olub-olmadığını elə həmin ilk gözgəzdirmədən müəyyən edir.

Xüsusilə indiki kitab bolluğunda, vaxtın çatışmadığı bizim çağda deyəsən bu “gözdənkeçirmə” üsulu çox köməyə çatır. Lap bu günlərdə BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül Niftəliyeva mənə bir kitab verdi və onun tematikası, məzmunu, istedadla yazıldığı barədə çox həvəslə danışdı. Könül xanım onu da bildirdi ki, o öz tələbələrini bu kitabın müəllifinin təlimlərinə aparıb və tələbələr o təlimlərdən çox razı qalıblar. Mən bu kitabı da əvvəlcə sadəcə gözdən keçirmək və əgər “mənə yararlı olarsa” prinsipi ilə vaxtım olacaq bir məqama saxlamaq istədim. Ancaq mən bu kitaba bir az diqqətlə baxandan sonra dərhal hiss etdim ki, onu başdan ayağa oxumağı sonraya saxlamaq olmaz. Çünki bu kitab həm mənim üçündür, həm də hər kəs üçündür.
 
Söhbət Rəşad Bayramovun “Sözünə güvən” kitabından gedir. Bu kitab auditoriyanı fəth etməyin (nitq istedadı ilə) on yolunu, on prinsipini təqdim edir. Doğrusu, kitabın lap üz qabığında oxucuya belə bir vəd verən bu əsəri həm də elə bu cəsarətinə görə vaxt ötürmədən oxumaq istədim. Əvvəlcə müəllifin ixtisası, peşəsi və belə bir kitab yazmaq səlahiyyəti məni maraqlandırdı. Kitabı çox inandığım və modern xarakteri ilə mənə yaxşı tanış olan “Parlaq imzalar” nəşriyyatı çap edib və mən yaxşı bilirəm ki, “Parlaq imzalar”, sözün həqiqi mənasında parlaq imzaları çap edir. Bu qənaətimlə “Sözünə güvən”i oxumağa başlayıram. Əvvəlcə şəxsən tanımadığım müəllif haqqında nəşriyyatın qeydlərinə baxıram.

Məlum olur ki, “Rəşad Bayramov korporativ kommunikasiya üzrə Azərbaycanda aparıcı ekspertdir. On beş ildən artıq davam edən karyerası ərzində o, mətbuat müşaviri, biznes - jurnalist, baş redaktor və xarici işlər üzrə menecer kimi fəaliyyət göstərib. O, dünyanın ən böyük və nəhəng enerji korporasiyalarından olan BP-də çalışmaqla şirkəti yeni əməkdaşlardan başlayaraq dövlət rəhbərlərinədək fərqli auditoriyalar qarşısında təmsil edib. Rəşad həmçinin uğurlu biznes təmsilçisidir. Onun təşkil etdiyi “Natiqliyin on sirri” və “Təsirli ünsiyyətin qanunları” təlim kursları biznes və akademik auditoriyaların rəğbətini qazanıb. Rəşad ABŞ-ın Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə magistr, Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr dərəcəsi alıb. Bu qısa peşə bioqrafiyasından göründüyü kimi, Rəşad Bayramov öz təhsilində dəqiq elmləri, texnologiya və iqtisadiyyatı filologiya ilə birləşdirib. Onun təhsilə bu yanaşması karyerasının uğurunu təmin edib və  “Sözünə güvən” kitabının meydana çıxmasını şərtləndirib.

Mən ilk növbədə b kitabın missiyasını müəllifin özünün aydın üslubda və səriştəli şəkildə təqdim etdiyi anonsvari mətni bu yazıya köçürməklə bildirmək istərdim: “Sözünə güvən” öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün yazılıb. Bu kitabda auditoriya qarşısında çıxışların on prinsipi izah edilir. Hər prinsip gündəlik həyatdan misallarla təsvir edilib və düzgün tətbiq üçün asan vasitələrlə zənginləşdirilib. Oxucular auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarını biləcəklər. Ən önəmlisi isə, onlar öz çıxışları ilə auditoriyanı hərəkətə gətirməyə qadir olacaqlar”.

Müəllifin bu ciddi vədləri özünü kitabda nə dərəcədə doğruldacaq, doğurdanmı Azərbaycan təfəkkür mühitində bir Karnegi ilə rastlaşacağıq? Doğrusu, mən “Sözünə güvən”i bu suallara cavab axtarmaq məqsədilə də oxudum və...

Gördüm ki, bu kitab özünü ifadə etmək istəyən hər kəsin karına gələcək. O da məlumdur ki, hər bir insanın - adi bir müəllimdən tutmuş akademikədək hər kəsin ürəyində özünüifadə - yəni ona vacib görünən auditoriyaya ötürmək istədiyi fikri və ya fikirləri olur. Digər tərəfdən, bir çox peşə sahibi var ki, vaxtaşırı auditoriya qarşısında olmağa məhkumdur və bu məqamda özünüifadə həqiqi bir problemə çevrilir. Bəs R.Bayramovun əsəri bu insanlara nə vəd edir? Rəşad Bayramov özü “Müəllifdən” adlandırdığı giriş sözündə göstərir ki, bu kitab təkcə siyasətçilərin meydanlarda minlərlə insanı ayağa qaldıran natiqlik səriştəsi haqqında yox, həm də dövlət və qeyri-hökumət təşkilatlarında vətəndaşlarla maarifləndirmə işi aparan mütəxəssislərin nümayiş etdirdiyi danışıq qabiliyyəti haqqında, təkcə iri transmilli şirkət rəhbərlərinin media və səhmdarlarla iri toplantıda nümayiş etdirdiyi natiqlik yox, həm də kiçik şirkətlərdə qrup iclaslarında gənc mütəxəssis tərəfindən layihənin irəliləyişini təqdim edərkən nümayiş etdirilən danışıq qabiliyyəti. Nəhayət, təkcə aktyorların dolu salonlar qarşısında səhnədən nümayiş etdirdiyi natiqlik yox, həm də tələbələrin müəllim və qrup yoldaşları qarşısında kurs işini təqdim edərkən nümayiş etdirdiyi danışıq qabiliyyəti haqqındadır.

İndi isə bütün bunları gerçəkləşdirmək üçün müəllifin təqdim etdiyi on prinsipə baxaq. Prinsiplərin birincisi auditoriyanı tanımaqla bağlıdır. Müəllif təklif edir ki, hər hansı bir yerdə çıxış edərkən ilk növbədə dinləyicilərinizin kim olduğunu öyrənin və mütləq nəzərə alın. Auditoriyanı düşündürən əsas problemin nədən ibarət olduğunu öyrənin. Və bu problemlərin həllində onlara necə kömək göstərməyin yollarını arayın. Müəllifə görə, hər bir çıxış dinləyicilərə - auditoriyaya uyğunlaşdırılmalıdır.

Kitab ikinci prinsipdə nitqin necə düzgün qurulması ətrafında tövsiyələr irəli sürür. Bu sırada giriş sözünün önəmi, auditoriyanın diqqətini cəlb etməyi, nitqin strukturu və kompozisiyası kimi detallara diqqətlə yanaşmağı öyrədir. Mən bu məqamda “öyrədir” lekseminin çox cəsarət və çox məsuliyyət tələb etdiyini bilə-bilə bu sözü işlədirəm. Çünki Rəşadın tövsiyələri - bir az da cəsarətlə desəm - təqdim etdiyi reseptlər elə maraqlı hekayətlər və illüstrativ faktlarla təqdim olunur ki, bütün bunlar öyrətməyə qadirdir. Məsələn, “Həyəcanınızı cilovlayın” adlandırılan üçüncü prinsip hər hansı bir auditoriya qarşısında çıxış etməyə hazırlaşan hər kəsin başına gələn və gələsi məqamlardır: çıxış etməkdən qorxmaq, ya çəkinmək. Müəllif hər kəsdə özünü göstərə biləcək bu hissdən can qurtarmağın yollarını çıxışdan əvvəl, çıxış günü, çıxış zamanı kimi məqamlarda nə etməyin lazım olduğunu müdrik bir peşəkarın təlimi kimi ortaya qoyur.

Yaxud, “Bədən dilindən istifadə edin” prinsipində jestlərin təsnifatı, bu jestlərin müsbət və mənfi cəhətləri ətrafındakı söhbət və bununla bağlı fakt materialı oxucuda bədən dilinin yaratdığı və yarada biləcəyi uğurlar haqqında dolğun təsəvvür yaradır.

“Səsinizdən düzgün istifadə edin” kimi beşinci prinsip bizə səsin vacibliyini, yaxşı səsin meydana çıxmasını, düzgün tələffüzə nail olmağın, hətta sükutun gücündən istifadə etməyin qaydalarını öyrədir.

Altıncı prinsip auditoriyanı söhbətə cəlb etməyin vacibliyini və onun yollarını, yeddinci prinsip nitq zamanı əyani misallarla auditoriyanı cəlb etməkdə xatırlana biləcək əhvalatların səmərəlilik koofisiyentini, səkkizinci prinsip auditoriyanın reaksiyasına diqqət və əhəmiyyət verməyin natiqə gətirdiyi mənəvi dividendi, doqquzuncu prinsip çıxışçının məkanı tanımağının vacibliyini, onuncu prinsip çıxış üzərində məşq etməyin qaydalarını öyrədir. Bu prinsiplərin hərəsi bir neçə müddəaya bölünür və hər müddəa prinsipin əsas göstəricilərini ortaya qoyur. Əlbəttə, mən bir yazıda bu prinsiplərin mahiyyətini tam açmaq niyyətində deyiləm, ancaq belə bir cəhəti qeyd etməyi mütləq sayıram ki, prinsiplərin hər biri qaldırdığı problemləri həm elmi, həm publisistik, həm də kütləvi bir üslubda təqdim etməklə, oxucunu məhz bu üç istiqamətdən maarifləndirir.

Sonda müəllif maraqlı bir “Yekun söz”lə çıxış edir. Bu yekun söz hər hansı bir münasibətləsə hər hansı bir auditoriyada nitq söyləyəcək hər kəsə ürəkdən danışmağı, dediyinə inanmağı, auditoriya ilə ikitərəfli ünsiyyət qurmağı, dinləyicinin “əlindən tutub” aparmağı, uğursuzluqdan qorxmamağı tövsiyə edir. Bunlar sadəcə tövsiyə deyil, müəllifin gəldiyi elmi qənaətlər və mənim postulatlar kimi qiymətləndirmək istədiyim müddəalardır. Məsələn, bu mətndəki “auditoriyanın düşüncələrinə hakim olmaq istəyən natiq ilk növbədə insanların ürəklərinə yol tapmalıdır”, yaxud, “hər çıxış eqo ilə mübarizədir: mən (natiq) vacibəm, yoxsa onlar (dinləyicilər)?” kimi məntiqi fikirləri postulat hesab etməmək də ədalətsizlik olardı.

“Sözünə güvən”in çox maraqlı strukturu var. Əlbəttə, bu struktur müəllifin aydın üslubuna aydınlıq gətirən məqamdır və bu məqamlarda  - hər prinsipin izahlarını daha da mükəmməlləşdirən faktlar maraq doğurur. Məsələn, deyək ki, təxəyyülün məhsulu olan adamlar barədə hekayətlər. Bu hekayətlərdəki personajların haçansa hansısa bir çıxış ərəfəsində keçirdiyi həyəcanları, uğurlu anların uğur gətirmə səbəbləri, uğursuz anların uğursuzluq səbəbləri və s. kimi illüstrativ faktlar qoyulan problemin daha dərindən qavranılmasına təkan verir. O cümlədən, müəllifin milli kino incilərimizdən gətirdiyi uğurlu misalları, ayrı-ayrı natiqlərlə, görkəmli sənət adamları ilə mövzuya bağlı müsahibələri təkcə mətnin strukturunu deyil, bütövlükdə əsərin kompozisiyasını tamamlayan detallar kimi çox maraqlı effekt yaradır.

Azərbaycanın müxtəlif elm və sənət adamlarının bu kitaba rəylərindən təqdim olunan fraqmentlər birbaşa əsərin mahiyyətini qiymətləndirən çox obyektiv fikirlər kimi oxucu marağına səbəb olmaqdadır. Bu rəylərdən bəzilərini xatırlatmaq istərdim:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Elçin Ağakişiyevin belə bir səmimi fikri kitabda yer alıb: “Həyatım boyunca rastıma çıxmış bütün böyük şəxsiyyətlərdə mövcud olan bir xüsusiyyəti seçməli olsa idim, onların insanlarla səmimi, təsirli, emosional danışıq qabiliyyətini seçərdim. Hansı sahədə fəaliyyət göstərməyinizdən asılı olmayaraq, əgər siz lidersinizsə, yaxud liderliyi qarşınıza hədəf qoymusunuzsa, bu kitab natiqlik bacarıqlarınızı təkmilləşdirməyə kömək edəcək. Onun strukturu intuitiv olaraq mənimsəniləcək şəkildə hazırlanıb və məzmunu asan başa düşülən dildə yazılıb. Kitabın özünəməxsusluğu ondan ibarətdir ki, orada ölkəmizə aid nitqlə bağlı bir sıra real vəziyyətlərə dair çoxsaylı misallar qeyd olunur və bu vəziyyətlərin öhdəsindən rahatlıqla gəlmək üçün məsləhətlər verilir. İstənilən auditoriya qarşısında çıxış etmək istəyən hər bir kəsə bu kitab tövsiyə olunur”.

Yaxud, Azərbaycan telemühitində istedadlı şoumen və aparıcı kimi tanınan Murad Dadaşovun fikrincə, “yaşadığımız mühit, aid olduğumuz çevrə və həyat tərzimizdən asılı olmayaraq, bu kitab ictimai nitq qabiliyyətinin inkişafı və təkmilləşməsində dəyərli bilgi mənbəyidir. “Nə söylədiyin deyil, necə söylədiyin vacibdir” ifadəsi bu kitabın ana xəttini təşkil edir”.

Bütün bunlardan sonra mən bir daha bu qərara gəldim ki, “Sözünə güvən” həqiqətən hər kəsə lazımdır. Bu gün Respublika Təhsil Nazirliyinin xüsusi qərarı ilə bütün universitetlərin bütün fakültələrində tədris olunan “Nitq mədəniyyəti” fənni üçün də bu kitab mükəmməl bir dərs vəsaiti rolunu oynaya bilər.

 





16.01.2017    çap et  çap et