525.Az

Mənəvi dəyərlər naminə, vətəndaş qayəsi ilə yaşanan ömür


 

FƏDAKAR QƏLƏM ADAMI MAYİS YANARDAĞIN 80 YAŞINA

Mənəvi dəyərlər naminə, vətəndaş qayəsi ilə yaşanan ömür<b style="color:red"></b>

İllərdir ki, biz AzTV-nin həyətində, radionun dəhlizində üz-üzə gələndə hörmət xatirinə dodaqucu salamlaşaraq ötüb keçirdik. Amma bir-birimizi əməlli-başlı tanımırdıq.

Bəzən bu hündür qamətli insan hətta salama da etinasız yanaşır, gözümün içinə baxa-baxa səssiz-səmirsiz yoluna davam edirdi. Sadəcə bilirdim ki, əvvəllər "Telefilm"də, sonra isə Radioda "Təhsil" redaksiyasında çalışıb, indi də kitabxananın müdiridir...

Milli Radionun 90 illik yubileyi ilə bağlı "525-ci qəzet"də ardıcıl bir neçə yazım işıq üzü görəndə qulağıma çatan ilk oxucu sözü o insandan oldu. Dedilər ki, Mayis Yanardağ səni axtarır, səni soraqlayır, "mən onu niyə tanımıram" deyir. "Xəbərlər" redaksiyasında gərgin iş rejimi olduğundan bir müddət yanına qalxa bilmədim. Bir aydan sonra Mayis Yanardağın iş otağının qapısını döydüm. Görkəmi ilə ətrafından seçilən, çiyninə düşən ağarmış saçları ilə sanki dərviş təsiri bağışlayan bu insanın qeyri-adi cəhətləri olduğunu hamı kimi mən də hiss etmişdim. Ancaq nədən belə imicdə olduğunu, bir ziyalının bu cür görkəmdə dolaşdığını, pərişan, dalğın, tərki-dünya halını dərk edə bilmirdim. Nə qədər ki, onu yaxından tanımırdım, Mayis Yanardağ mənim üçün adi kəslərdən, sıradan olan həmkarlarımdan, qocaman əmək veteranlarından, bir sözlə özünə sadəcə təxəllüs götürmüş adi yazarlardan biri idi. Elə ilk görüşümüzdə də gülümsər sifətlə yaxınlaşıb özümü təqdim etdim. Lakin bir az söhbətləşəndən sonra təəccüb dolu nəzərlərlə onu anlamağa çalışdım, fərqli birisi ilə qarşılaşdığımı lap yəqin etdim.

Qarşımda dərddən-ələmdən heykəlləşən bir qəhrəmanın taleyini gördüm. O özündən başladı, kim və nəçi olduğunu söyləmək istədi, amma bacarmadı. "Mən heç özüm bimirəm axı kiməm" deyib, özünü tanıtmaqda aciz qaldı. "Ailəmdən, aləmdən uzaqlaşaraq, mağarada tək yaşayışa can atan, Robinzon Kruzo kimi kimsəsiz adada qalmaq istəyən, dağların döşündə kaha qurub tək ömür sürən, bir sözlə "adam"lardan qaçıb "insan" axtarışına çıxan şüurluyam"-dedi...

Gözünü açdığı, uşaqlıqdan hafizəsində əbədiləşən ilk damın təsvirini cızdı. 12 yaşında olarkən heyranı olduğunu bir gözəli izləməsini, özündən yaşca böyük bir qıza, müəlliməsinə vurulduğunu, hər gün ona tamaşa etməsini xatırlatdı. Sonra sığındığı o damın üstünün aşılanmasını özünün ömrüylə, çiliklənmiş qəlbi ilə müqayisə edərək axan yağışın qəlbinə tökülən göz yaşı olduğunu sezdirdi.

Sığındığım o damdı,
Dam da yağışda damdı.
Ətraf tamam adamdı,
İnsan axtarıram mən... 

Dilə gətirdiyi bu misralarla nə demək istədiyini, insanlardam küskün olmasının səbəbini öyrənməyə çalışdım. Danışdıqca, xəyalında canlanan doğulduğu Zəngəzurlu günlərini yada saldıqca, hər yay köç etdikləri "Hacı Qaya", "Qazan göl", "Qırxlar" adlı dağların adını çəkdikcə, boya-başa çatdığı Qubadlını xatırladıqca, o yerlərin daha əlçatmaz olduğunu düşündükcə uşaq kimi kövrəlməsi ürəyimin başını göynətdi. Müxtəlif mövzularda qırıq-qırıq danışıqları, sözün birini qoyub, o birisinə keçməsi müsahibimi xəyalən daha da uzaqlara aparırdı. Ona görə də icazə istəyib stolunun üstündəki  müəllifi olduğu bir neçə kitabını götürdüm ki, bəlkə onun haqqında ətraflı nə isə öyrənə bildim...

Mayis Yanardağın indiyə kimi 6 publisistik kitabı çapdan çıxıb. Bu kitabları vərəqlədikcə haqqında düşündüyüm sullara aydınlıq gəldi. Sən demə, itirdiyi Zəngəzurun acısı, Qubadlının dərdi onun ürəyinə elə bir şırım çəkib ki, o dağların, yamacların, düzlərin həsrətindən ağzında dili-dodağı da quruyub.

O içindəki ağrılarını kitablarına köçürüb, düşündüklərini səmimi etiraf edib. O yerləri bir an belə unutmadığını dilə gətirib. Yaşadığı hər günün, şahidi olduğu, hafizəsində qaldığı hər məqamın kağıza həkk edilməsini düşünüb. Hətta röyalarda torpağı ilə bağlı gördükləri yuxularını da unutmaq istəməyib. Atasının məzarını ziyarət edə bilmədiyini qələmə alıb, onun ruhuna məktub ünvanlayıb, naəlac qaldığını etiraf edib...

Bir vaxtlar qonaq kimi qapısını döyən, süfrəsindən razı dönən şəhərdəki tanışlarının sonrakı laqeydliyindən inciyib. Qaçqın kimi pənah gətirdiyi bu şəhərdə ürəyi istəyən kimi qarşılanmayanda insanlığın itdiyini zənn edib. "Qaçqın", "köçkün", "yurdsuz-yuvasız", "didərgin", "evsiz-eşiksiz", "torpaqsız" və başqa, özünə yaraşdırmadığı adları yaşamağa məhkum olub.

Amma qolundan tutan, onu ayağa qaldıran insana da ömrü boyu dua edir. Ona dəstək olan, yaşamaq amalı verən bir ziyalının köməyini heç vaxt gizlətmir. Dəfələrlə mətbuatda yazıb: "...Ölüm mənə güc gəlib məni əbədi dünyaya aparmaq istərkən, taleyin hökmü ilə qəfil bir səs məni harayladı. O səs, o hiss mənə qol-qanad verdi... Mən parladım. O ilahi qüvvənin maddi-mənəvi qayğısı sayəsində 5-6 publisistik kitab dərc etdirdim. O səs mənə ilham verdi. Pusquda duran ölüm isə məndən qaçaq düşdü. Ömrümün son 25 ili o insan mənə dayaq oldu... Həmin  insan isə ömrünün yeniyetmə çağlarından bugünə kimi AzTV-yə bağlı olan, AzTV-nin indiki sədri hörmətli Arif Alışanovdur. Mən həyatımı o insana borcluyam... Bu yaxınlarda Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyi münasibətilə Cəmiyyətin bir qrup əməkdaşı hörmətli Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə fəxri adlara, orden və medallara layiq görüldü. Bundan mənim də payıma düşən medala görə ölkə başçısı cənab İlham Əliyevə və hörmətli sədr Arif Alışanova öz dərin minnətdarlığımı bildirirəm..."

Mayis Yanardağ haqqında tanınmış elm xadimləri, bir çox dəyərli ziyalılar gözəl fikirlər söyləyiblər. O fikirləri, deyilən sözləri oxuyanda belə qənaətə gəldim ki, görkəmli alimlərimiz məhz onun bu şəxsi keyfiyyətinə, vətən sevgisinə qibtə edib, əsl vətəndaş qayəsinə görə qarşısında baş əyirlər.

Mayis Yanardağ əməli ilə sözü düz gəlməyənləri görəndə özünə yer tapa bilmir. Onu daha yaxından tanımaq üçün kitablarını, xüsusən "Könül pıçıltıları"nı oxumaq kifayətdir. Beynində dolaşan suallara özünün adekvat cavabları ilə aydınlıq gətirmək istəyi, öz-özünə danışan bir yazarın daxilən düşüncəli dünyasından xəbər verir.

Əsirlikdə qalan uca dağlardan nigaran qalan jurnalist doğma obasının ətir qoxusunu hiss etmək üçün ömrünün bu vədəsində Babadağa, Şahdağa səfər edir. Dümtəkcə yerli bir bələdçinin (çoban) müşayiəti ilə hündürlüyə qalxır. Çobanlara bir az yaxın yerdə özünə çadır qurur, istədiyi kimi bir neçə gün tənhalıqda qalır. Gecələr vahiməli səslərdən ürpənsə də, ay işığı, qartal səsi dizinə güc, ürəyinə ümid verir. Ordan da Şahdağa, bir neçə gün məskən salmaq fikri ilə qədəm basır. Ancaq təbiətə daha da yaxınlaşdıqca qaysaq tutmuş yarasının sızıltısı təzələnir. Həmin an telefonu zəng edir. Eşitdiyi doğma səsdən kövrəlir. Biixtiyar gözündən yaş süzülür. Cavan bələdçi oğlan halı dəyişən qocaya "bəlkə geri dönək, siz deyəsən narahatsınız" deyib, onu fikrindən döndərməyə çalışır. İnsafən də razı olur, "birdən ürəyim də etibarsız çıxar" deyib geri, əzizlərinin, nəvələrinin yanına dönür. Beş il öncə 75 yaşında bir insanın hündürlüyə qalxması da hər kişinin işi deyil axı. Bu yaşda beyin qan dövranı adi halda belə yüksək olur, o ki qaldı zirvələrdə tab gətirəsən. Ancaq köhnə kişilərdən olması, vaxtilə at belində dolaşan birisinin yüksəkliyə can atması təbii görünür.

Ona görə də kitablarında Mayis Yanardağ deyir: "Elə zənn edirdim ki, əridəcək ahım dağları. Yox! Çox təəssüf: Əritdi dağların dağı məni".

İndiyə qədərki 80 illik yaşamı boyu gözəl ailə başçısı, oğul-uşaq, nəvə sahibi olan Mayis Yanardağ mehriban xanımı ilə xoşbəxt ömür sürüb, cəmiyyətimiz üçün layiqli övladlar böyüdüb. Lakin onun vətən nisgili, torpaq həsrəti və bir də o yerlərə qayıtmaq arzusu hələlik xülya göründüyündən ürəyinin ən ağır dərdidir...

İnsan o zaman yüngülləşər ki, dərdini deyəcək, ürəyini boşaldacaq bir məqamı olsun. Ağı desin, dərdini bayatıya çevirsin, qübarını, göynərtisini dilə gətirib, içindəki qəm yükündən xilas olsun. Mayis Yanardağ da beləcə bütün kitablarında sarsıldığı vətən itkisinin ağrılarını sözə çevirərək bir yazılı abidə yaratmağa çalısır ki, ürəyinə təpər olsun.

Düşüncələrini isə nəvəsi Aqşinlə bölüşür. Yazılarının üstündə nəvənin apardığı qeydlər ona daha da stimul verir və arada bir-birlərinin fikirləri ilə razılaşmasalarda hər halda ağrılı deyilən söz yerinə düşür.

Mayis Yanardağın bu il 80 yaşı tamam olur və yenə də onu tanıyanlar haqqında xoş söz deyib, könlünü ovundurmağa çalışacaqlar. Mən isə acizəm söz deməyə, hörmətli Mayis Yanardağ. Sizin çəkdiyiniz vətən acısını ovunduracaq bir söz deməyə hələki heç bir deyiləcək söz təsəlli ola bilməz. Hələlik söz acizdir bu məqamda. Allahdan isə sizə daha da yazmaq eşqi arzulayıram. Yazın ki, yad əllərdə qalan vətən torpağının hər qarışından, heç olmasa yavaş-yavaş yaddaşlardan silinən kənd-kəsəyimizin tarixi adlarından xəbərimiz olsun. Qələminizə qüvvət!

 





18.01.2017    çap et  çap et