525.Az

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”


 

PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ BİRLİYİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”<b style="color:red"></b>

Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə onun ölkəmizdə dini və etnik tolerantlığın – dözümlülüyün ənənələri, həmçinin qarşılıqlı xoşgörünün müasir səviyyəsi barədə fikirlərini öyrəndik. Bu mövzuda özünəməxsus düşüncə və mülahizələrini dilə gətirən müsahibimiz tolerantlığın ölkədə milli birliyin bərqərar olunması baxımından əhəmiyyəti, həmçinin dövlətin bu sahədə yürütdüyü siyasət, apardığı işlər haqqında da fikirlərini açıqladı. 

– Şahlar müəllim, istərdik əvvəlcə dini və etnik tolerantlıq, dözümlülük və qarşılıqlı xoşgörü anlayışları barədə, bunların mahiyyətilə bağlı fikirlərinizi açıqlayasınız.

– Hesab edirəm ki, tolerantlıq sözünün bizim dilə tərcümədə “dözümlülük” kimi götürülməsi, yəni bu kəlmənin arxasında duran münasibət real vəziyyəti düzgün əks etdirmir. Bizim bu fenomenə münasibətimiz türk dilində işlədilən “xoşgörülü” ifadəsinə daha yaxındı və ondan daha yüksəkdir. Azərbaycanda tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir. Bu səbəbdən də ölkəmiz bu istiqamətdə çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Misal kimi, illər öncə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və ya “XXI əsr: ümidlər və çağırışlar” devizli Beynəlxalq Humanitar Forumu yada salmaq olar. Hər iki forumun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edən Prezident bildirib ki, bu Forumun Bakıda keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan qədim dini və milli tolerantlıq ənənələrinə malikdir. Prezident bu fenomenə münasibətini belə ifadə edib: “Müxtəlif millətlərin və dinlərin nümayəndələri həmişə Azərbaycanda bir ailə kimi yaşayıb və dövlətin bərabər müdafiəsindən istifadə ediblər. Biz istəyirik ki, bizim təcrübəmiz öyrənilsin və başqa ölkələrdə maraq doğursun, çünki bu, nadir təcrübədir”.

– Tolerantlıq ilə milliliyin həmahəngliyi, sizcə, nə dərəcədə mümkün və vacibdir?

– Bunlar harmoniyada olanda tolerantlıq, Prezident İlham Əliyevin dediyi kimi “güc mənbəyinə” çevrilir. Bu tezisin təsdiqi üçün ABŞ və Böyük Britaniyanın təcrübəsini yada salmaq kifayətdir. Azərbaycanda tolerantlıq ənənəsi var. Yaxın tariximizdən bir neçə misal gətirmək istəyirəm. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin bir kəlamında deyilir: “Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır”.

Azərbaycanda yadelliyə, gəlməyə münasibət həmişə yaxşı olub. Ancaq tarixi təcrübə göstərir ki, bəzən lazım olandan daha çox tolerant olmaq bizə bəlalar da gətirir. Misal üçün, ermənilər bizim qədərindən artıq dözümlü davranmağımızdan sui-istifadə edərək, əvvəlcə bu torpaqlara qonaq qismində gəldilər, sonra məskunlaşdılar, daha sonralar isə torpaqlarımızı zaman-zaman ələ keçirə bildilər. Bu səbəbdən də dilimizdə “qoy özümə yer elərəm, gör sənə neylərəm” ifadəsi ictimai şüurda geniş yer alıb.

Beynəlxalq səviyyədə tolerantlıq anlayışına belə açılış verilir: “dözümlülük – ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”. Son onilliklərdə dünyada böyük dəyişikliklər baş verib. Bu hadisələr də tolerantlıq fenomenini diqqətdə saxlanılmasına və onun tarixi, elmi-fəlsəfi mahiyyətinin hərtərəfli araşdırılmasına ehtiyac duyulur. Bəşəriyyətin keçdiyi son elmi-texniki inqilablar dünyanı qloballaşdırdı. Yəni dünya dövlətlərini bir-birindən qarşılıqlı asılılıq halına gətirildi. İndi insanlar saatda 1000 km sürətlə yerlərini dəyişə bilirlər. Nəticədə müxtəlif əlamətlərə malik insanlar (dərinin rəngi, irq, cins, dil, din, siyasi, milli, sosial və sair) bir-birinə nüfuz edirlər. Yüz il öncə bu yerdəyişmələr təhsil və elm ocaqlarında baş verirdisə, indi bu müxtəlif sahələrdə – ticarətdə, beynəlxalq tədbirlərdə, müzakirələrdə baş verir. Müəyyən obyektiv və subyektiv səbəb ucundan miqrasiya etmiş insanlar, həyat səviyyəsi yüksək olan ölkələrdə gərgin hadisələrlə qarşılaşırlar. Bu hadisələri nizamlamaq üçün gəlmələrə yeni münasibət, dözümlü münasibət göstərmək reallığı yaranır. Bu yeni münasibətlər “tolerantlıq” adlanır. İndi bu məsələyə hüquq müstəvisində baxılır. Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda ta qədimdən mövcuddur və bu, mədəni dəyərə, əxlaq normasına çevrilib. Çünki qədim zamanlarda avropalılar elm dalınca Misirə, Babilistana, İrana səfər edirdilər. Dövlət daxilində müxtəlif millətlərin bir-birinə məhəbbətli, xoşgörülü münasibəti, bağışlamaq qabiliyyəti Qurani-Kərimdən gəlir. Misal üçün: “Əlbəttə, hər kəs (pisliyə) səbr edib qisası bağışlayarsa, onun bu hərəkəti şəriətcə çox bəyənilən əməllərdəndir”. Tolerantlıq İslam-türk dünyasında da geniş kök atmış fenomendir. “Allaha da qurban olum, onun qonağına da” misalı yad adama münasibəti göstərir. Bu gün Şərqdə ruhu olan tolerantlıq var, həm lokal, həm də qlobal mənada. İndi elmi-texniki tərəqqi dövründə bu məsələyə hüquq müstəvisində baxılır. Başqa cür desək, Qərbdə qlobal mənada millətlərarası tolerantlığın ruhu zəif olduğundan ona hüquq müstəvisində geniş yer ayrılır. Mövlanaya görə, xoşgörülü olmaq insanlarla əlaqə yaratmanın ən yaxşı yoludur. Ölkədə ümummilli birliyin əldə olunmasında dini və etnik tolerantlığın böyük rolu var.

– Yaxın keçmişə və müasir dövrə baxanda ümummilli ideyanın meydana gəlməsi, mövcudluğu barədə nələr demək olar?

– Keçən əsrin 90-cı illərində hamımızın qəbul etdiyi bir ideya var idi. Bu ideyanı həm iqtidar, həm müxalifət, həm yaşlı, həm də gənc nəsil, həm bitərəflər, həm də siyasi partiya nümayəndələri qəbul edirdi. Bu ideya müstəqillik ideyası idi. Hamı qəbul etdiyi üçün, bu ideya həm də ümummilli ideya idi. Əqidə birliyi nəticəsində Azərbaycan müstəqilliyini qazandı. Dövranın gedişi də bizə kömək oldu. İndi bizi inkişafa aparan, bütün əhalini səfərbər edən, ən əsası əldə etdiyimiz şirin nemət olan müstəqilliyi qoruyan yeni bir ümummilli ideyaya ehtiyacımız vardı. Çünki milləti qabağa birləşdirici ümummilli ideya apara bilər. Bu ideya o zaman ümummilli ola bilər ki, onu hamı: həm iqtidar, həm müxalifət, həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan həmvətənlər, həm bu gün yaşayanlar, həm də gələcək nəsillər qəbul etmiş olsun. Hamının qəbul edəcəyi ümummilli ideyanı formalaşdıran çox mürəkkəb və çətin problemdir. Əgər ideya ümummilli deyilsə, onu hamı qəbul etməyə və ictimai qüvvələr parçalana bilər.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





12.04.2013    çap et  çap et