525.Az

“Bir mətbuat konfransının tarixi” sənədli filmi təqdim olundu


 

EKRAN İŞİNDƏ 20 YANVAR FACİƏSİ İLƏ ƏLAQƏDAR HEYDƏR ƏLİYEVİN MOSKVADA MƏTBUAT KONFRANSI KEÇİRƏRƏK HADİSƏYƏ İLK SİYASİ QİYMƏTİ VERMƏSİNDƏN BƏHS OLUNUR

“Bir mətbuat konfransının tarixi” sənədli filmi təqdim olundu<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə “Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, deputatlar, media rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ə.Amaşov qeyd edib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Mixail Qorbaçovun tapşırığı ilə Sovet ordusu Bakıya daxil olaraq heç bir xəbərdarlıq etmədən qətliam törədib: “Bu misli görünməmiş ədalətsizlik idi. Bununla Azərbaycan xalqının suveren hüquqları pozulub. Bu faciənin təşkilatçılarının əsas məqsədi azərbaycanlıları qorxutmaq, onları müstəqilliyə gedən yoldan geri döndərmək idi”.

Mətbuat Şurasının sədri bildirib ki, bu tarixi ədalətsizliyə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib: “Heydər Əliyev faciədən bir gün sonra, yanvarın 21-də Moskvada mətbuat konfransı keçirərək Sovet hakimiyyətinə öz etirazını bildirib, hadisəyə siyasi qiymət verilməsini tələb edib.

Ümummilli lider öz məqsədinə nail olub. Bundan dərhal sonra müxtəlif xarici ölkələrin kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı xəbərlər yayımlanmağa başlayıb. Bununla da bütün dünya bu hadisədən xəbər tutub, əsl reallığı dərk edib. Çünki Sovet ordusu Bakıda törətdiyi qırğından xəbər tutulmaması üçün ilk növbədə dövlət televiziyasını sıradan çıxarmışdı. Lakin onların planları Heydər Əliyevin uzaqgörənliyi, nüfuzu və hadisəyə dərhal lazımi reaksiya verməsi səbəbilə alt-üst olub”.

Ə.Amaşovun sözlərinə görə, bu tədbiri keçirməkdə əsas məqsəd də həmin tarixi kadrları əks etdirən “Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatını keçirməkdir.

Daha sonra film tədbir iştirakçıları üçün nümayiş olunub.

 “Qulb studio” tərəfindən hazırlanmış “Bir mətbuat konfransının tarixi” sənədli filmində mətbuat konfransının iştirakçısı olmuş şəxslərin, habelə 20 Yanvar faciəsi ilə bağlı Bakıya səfər etmiş keçmiş SSRİ Ali Sovetinin deputatlarının, dövrün nüfuzlu ictimai xadimlərinin fikirlərinə geniş yer verilib.

Filmin təqdimatından sonra Milli Məclisin deputatı Musa Qasımlı çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinin həm acı, həm də şərəfli səhifəsidir. Filmin uğurlu alındığını deyən deputat bildirib ki, ekran işində həmin dövrün tarixi reallıqları öz əksini tapıb.

M.Qasımlı təklif edib ki, “Bir mətbuat konfransının tarixi” sənədli filmi xarici dillərdə dublyaj olunsun, yerli və xarici televiziya kanallarında nümayişi təşkil edilsin.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, deputat Cavanşir Feyziyev isə qeyd edib ki, film Azərbaycan xalqının müstəqilliyə gedən yolu, azadlıq mübarizəsi tarixinin təbliğ olunması baxımından kifayət qədər faydalı olacaq.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli öz çıxışında Heydər Əliyevin Moskvada təşkil etdiyi mətbuat konfransında cəsarətli nitqindən danışıb.

Sonda filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov ekran işinin necə ərsəyə gəlməsi barədə məlumat verib, 20 Yanvar faicəsi ilə bağlı Moskvada azərbaycanlıların təşkil etdiyi etiraz aksiyalarını xatırladıb.

Qeyd edək ki, filmin məsləhətçisi Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.

Ekran işində 20 Yanvar faciəsinin Moskvadakı əks-sədasından bəhs olunur.

Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirərək etdiyi qətiyyətli çıxış Moskvada yaşayan və təhsil alan minlərlə azərbaycanlını hərəkətə gətirdi. Həmyerlilərimiz etiraz mitinqləri təşkil etməyə başladılar. Bundan sonra SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri hadisəyə siyasi və hüquqi qiymət vermək üçün Bakıya gəldilər. 20 Yanvar hadisəsi ilə bağlı əsl həqiqətləri öz gözləri ilə görən nümayəndə heyətinin üzvləri ictimaiyyətə doğru məlumatlar çatdırmağa başladı və bununla da yanlış ictimai rəyi dəyişmək mümkün oldu.

Ceyhun ABASOV

 





20.01.2017    çap et  çap et