525.Az

Elmar Məmmədyarov xarici işlər nazirlərinin toplantısında iştirak edib


 

Elmar Məmmədyarov xarici işlər nazirlərinin toplantısında iştirak edib

BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iclasda təşkilatın səmərəliliyinin artırılması istiqamətində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov öz çıxışında hazırda təşkilata sədrlik edən Türkiyəyə və təşkilatın yeni baş katibinə uğurlar arzulayıb. Xarici işlər naziri təşkilat çərçivəsində səmərəli qərarvermə mexanizminin yaradılması və islahatların canlandırılmasını əhəmiyyətli sayıb. O, ötən Zirvə Toplantısında qəbul olunmuş QDİƏT-in İqtisadi Gündəliyinin icra olunmasının təşkilatın iqtisadi imkanlarının artmasına gətirib çıxaracağını, Gündəliyin icrası üçün xüsusi Fəaliyyət Planının işlənib hazırlanmasını zəruri hesab edib. Elmar Məmmədyarov çıxışında QDİƏT-in müxtəlif beynəlxalq təşkilatlarla dialoq və əməkdaşlığı alqışladığını, bu dialoqun xüsusi əhəmiyyətini nəzərə çatdırıb. Xarici işlər naziri QDİƏT-ə üzv ölkələrdə həlli uzadılmış münaqişələrin iqtisadi inteqrasiya meyllərinə mənfi təsir etdiyini və bu münaqişələrin həllinin vacib olduğunu da vurğulayıb.

S.QARAYEVA

 





28.09.2012    çap et  çap et