525.Az

Dualarla islandı göz yaşlarım


 

Dualarla islandı göz yaşlarım <b style="color:red"></b>

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

Səni anlatmaqdan doymadı içim. 

Hansı ki bəzən səcdədə; hansı ki, bəzən elə nə olduğunu bilmədən hıçqıra-hıçqıra hey ağlayır insan.

Dualarla islanır hey göz yaşlarımız. Bu halı eşqlə yaşamaq nə böyük nemətdir aşiqə; üsyana düşmədən şükür edə bilmək eşqə, həsrətə və ağrıya.

Bəzən quşlarla bir olur içim. Bu, həm eşqin mənə taxdığı qanadlardan, həm də ağlımı eşqdə itirdiyimdəndir hər halda.

Ağlımı başımdan alan sənsən, yar! Mən sənə aidəm; mən səninəm, lakin bunu Rəbbimdən başqası bilməsin, yar. Hələ bunu öyrənsə, qısqanclıqdan və paxıllıqdan çatlar cümlə əğyar.

Ah sevgili! Səninlə yuxunu gözlədim mən.

Sənsiz gözümə yuxu girmir ki. Eşqin bir tərəfi dərindən dərin, içindən-çölünə hüzün qoxuyan bir dibsiz quyu. Neyləyim yar; neyləyim mən sənsiz yuxunu?

Xüsusilə, gecələrin zindan kimi səssizliyində gözlərimi qapadanda qaradan qara; tutqundan tutqun bir dəhlizin içinə düşür içim; səssizliyin havaları ötür beynimin içində, gəmirdikcə gəmirir hüzün qurdları könlümü.

Gözlərimi bağlamağa qorxuram, yar!

Yuxusuzluğa tanış ürəyimin atəşi anbaan artır könlümdəki xarla. Keçər deyirəm, keçər amma keçmir ki, sevgili, artdıqca artır zamanla.

Şükrün və səbrin təsbehini çəkməsən dözülməz olar həsrətin. Olsun da, gülüm; ürəyimdəki atəşin sahibi sən deyilsənmi?

Səni anlatmağa doymadı içim. Səni düşünməyə və xəyal etməyə aldanmadı içim. Səninəm; yalnız səninəm deməyə də doya bilmədim; səni sevməyə də.

Görəsən, niyə hər söylədiyim həmişə ilk söylədiyim kimi olur məndə?

Sənə hər gəlişim bir ilk; səni hər görməyim izahsız bir həyəcan mənə?

Eşqinə və sənə doymadan öləcəyəm mən, amma sonsuzluğa doğuşum yenə sənə olacaq.

Könlüm və ruhum da göz yaşım kimi sənə duada. Yaylıq etdim şükrü özümə; ələmi üstələdim eşqə inancımla.

Keçəcək, əlbəttə, günlər, dəyişəcək mövsümlər, amma bitməyəcək, heç solmayacaq sevdamız. Sonsuz xoşbəxtlik diyarına bir gün mütləq qovuşacağıq.

Səmanın maviliyi ənginlik yükləyir ruhuma. Hər doğan günü vüsala bir addım sayıram ürəyimdə. Yuxusuzluq dərd deyil ruhuma, yalnız bədənim yorğun və yorğun.

Səhər çağı quşların səsində dinclik tapır ruhum; bir də səcdələrdə. Bilirəm eşqdə sevənlərə ayrılıq yox, amma bəzən dünya və həsrət çətin gəlir eşqə, aşiq könlümə.

Sevdanın ən nadir çiçəyisən sən, yar! Qoy dualarla islansın göz yaşlarım; yol olsunlar eşqə və şəfaət diləsinlər Mövladan.

Dualarımda deyilsənmi Rəbbimdən diləyim? Mən səni Allahın icazəsi ilə məhşərə qədər və sonra da həmişə sevəcəyəm. 

Əllərində Əlifi; gözlərində dünyanı
Görməkdir əsl nemət.
Dillərində duanı; saçlarında röyanı
Görməkdir əsl qiymət.

 





23.01.2017    çap et  çap et