525.Az

60 yaşın aydınlığı içində


 

60 yaşın aydınlığı içində<b style="color:red"></b>

Azərbaycan jurnalistikasında öz dəst-xətti, öz yeri olan istedadlı qələm dostum Tofiq Yusifovun 60 yaşı tamam olur.

Tofiq Sədrəddin oğlu Yusifov 1957-ci il yanvarın 25-də Şəki rayonunun Çayqaraqoyunlu kəndində doğulub. 1974-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə "Şəki fəhləsi" qəzetində müxbir kimi başlayıb. 1980-1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin ikinci, 1982-1985-ci illərdə isə birinci katibi vəzifələrində çalışıb. 1985-1987-ci illərdə Şəki Rayon XDS İcraiyyə Komitəsinin şöbə müdiri, 1987-1990-cı illərdə Şəki Rayonlararası Turizm İdarəsinin direktoru olub. 1980-1986-cı illərdə iki çağırış Şəki Şəhər Sovetinin deputatı seçilib.

1991-2006-cı illərdə "Səhər" qəzetinin şöbə müdiri, Azərbaycan-Türk İnformasiya Agentliyinin baş redaktoru, "Günay" qəzetinin şöbə müdiri, parlament müxbiri, baş redaktoru vəzifələrində çalışıb.

2002-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğul olan Tofiq Yusifov "Təfəkkür" Universitetinin professoru olub, Bakı Dövlət Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi üzrə mühazirələr oxuyub. Hazırda Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının dosentidir.

2012-ci ildə "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu" (1991-2004-cü illər) mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki (2015) və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (2016). 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Sənin haqqında, keçdiyin şərəfli yaradıcılıq yolu haqqında söz demək əslində illərin o üzündə qalmış unudulmaz gənclik günlərimizə qayıtmağımdı.

Sözün müqəddəsliyini qoruyan, onu ucaldan,  yaşadan, torpağa əyilən barlı budaq kimi qüdrətli sözün sehrinə əyilən əziz dostum, mən səni uzun illərdi ki, Azərbaycan jurnalistikasına namusla, şərəflə xidmət eləyən nadir qələm ustalarından biri kimi tanıyıram.

İnsan yaşa dolduqca nədənsə ilkinə, əzəlinə qayıtmaq istəyir. Bəlkə doğulduğumuz yerin-yurdun cazibə qüvvəsi, fikir dartımı, dünyadan köçənlərimizin, yetim qalmış yurd yerlərimizin ruhu, qaibanə səsidi bizi haraylayan, qoynuna çəkən.

Birlikdə sənin doğulduğun Çayqaraqoyunlu kəndinə getdiyimiz günlər yadıma düşür. Uzaqdan uşaq kimi yüyürə-yüyürə, qaranəfəs bizi qarşılayan, "boyuna qurban olum, ay qağa", - deyib qollarını boynuna dolayan ana əvəzi bacının sənə olan böyük sevgisini, bizə olan diqqət və qayğısını kənd adamlarının, qohum-qardaşın göstərdiyi hörmət və ehtiramı günü bu gün də unutmuram.

Başı qarlı uca dağların belindən gümüşü kəmər kimi açılıb düşən, qıvrıla-qıvrıla axıb gedən Çayqaraqoyunlunu ikiyə bölən dağ çayına salam verməyini xatırlayıram. "Bax, o dəyirman daşına bənzəyən qayanı görürsən, uşaq vaxtı orda oturar, ayaqlarımızı yelləyə-yelləyə suya salardıq, ləpələr ayağımıza sığal çəkərdi. Gördüyün o təpələrin döşündə quzu otarar, ulduzlara daş atardıq".

Sən xəyalında bu ucsuz-bucaqsız çöllərdə yerlə göyün birləşdiyi üfüqlərə doğru qaçan, qırmızı-qırmızı buludlara əl eyləyən o balaca oğlanı axtarırdın.

Deyirlər insanı doğulub boya-başa çatdığı torpaqda yerli-yataqlı tanımaq olar. Şəkidə sənə olan böyük hörmət və ehtiramı addımbaşı hiss etdim. Bunu sən Şəki şəhərində rəhbər vəzifələrdə çalışdığın zaman sadəliyin, nəcibliyin, xeyirxahlığın, alın tərinlə qazanmışdın. Şəhərdə gəzib-dolaşarkən insanların bizi israrla evlərinə dəvət etməsi, bizə göstərilən qonaqpərvərlik, xüsusilə yaşlı insanların şirin Şəki ləhcəsində dil-ağız etməsi, alxış yağdırması məni yaman kövrəltmişdi. Lakin düşünürəm ki, ən böyük məhəbbəti, sevgini sən istedadlı yazıçı-publisist qələminlə qazanmısan, əziz qardaşım.

"Səhər" qəzetində, Azərbaycan Türk İnformasiya Agentliyində, "Aydın sabah" qəzetində, "Fakt" İnformasiya Agentliyində, xüsusilə "Günay" qəzetində çalışdığın illərdə oxucular sənin necə həssas, duyğulu bir qələm adamı olduğunun canlı şahidi olmuşdular. Sənin adlar və soyadlarla bağlı can yanğısıyla yazdığın yazı ustadımız Bəxtiyar Vahabzadəni çox həyəcanlandırmış və o, mənə zəng edib: "Tofiq Sədrəddinoğlunun yazılarındakı vətəndaşlıq mövqeyi, hisslərin, duyğuların harmoniyası, milli təəssübkeşlik hissi mənim çox xoşuma gəlir, sözlərimi ona çatdır", - demişdi. Bəxtiyar müəllimin sənin yazıların barədə dediyi fikirləri həyatının ən böyük mükafatı adlandırmışdın.

Bəxtiyar müəllim tez-tez mənə zəng edir, "Günay" qəzeti səhifələrində getmiş ən yaxşı yazılar haqqında öz fikirlərini, ürək sözlərini bildirirdi.

O günlər "Günay" qəzetində çalışan əməkdaşların redaksiya ilə sıx əlaqə saxlayan istedadlı qələm sahiblərinin sanki yaradıcılıq yarışı keçirilirdi.

Şirməmməd Hüseynovun, Sabir Rüstəmxanlının, Elmira Axundovanın, Fazil Mustafayevin, Orxan Fikrətoğlunun, Tofiq Yusifovun, Eldar Quliyevin, Aqşin Kazımzadənin, Qalina Mikeladzenin və başqa qələm sahiblərinin rəngarəng yazıları dərc edilirdi. Bu yazılar arasında sənin rezonansa səbəb ola biləcək operativ yazıların xüsusilə diqqəti çəkirdi.

Hər şeyə anındaca qiymət verməyi bacardığını sübut edən kədərli bir epizod  yadıma düşür. Kəndimizin söykəndiyi təpələrin çiynində iki nəhəng çinar ağacı ucalırdı. Küləklərə, tufanlara sinə gərən, ildırımlarla, şimşəklərlə döyüşən bu qoşa çinarların yaşını ən ixtiyar qocalar belə xatırlamırdılar. Kölgəsində ağır-ağır karvanların diz qatladığı bu nəhəng, əzəmətli çinarlardan biri qəflətən yıxılmışdı. Kədərli, ürək dağlayan bir səhnəydi. Yıxılan çinarı o biri çinar iri, nəhəng qollarıyla saxlamış, torpağa sərilməyə qoymamışdı. Qəfil qəzaya tuş gələn, yıxılan çinarın dikəlməyinə dəli bir ümidlə o biri qoca çinar qolları arasına almışdı çinar qardaşını. Pıçıldayan yarpaqlarıyla sanki ağı deyirdi.

Mən bu əhvalatı sənə danışdığım günün ertəsi Zəngilanın çinar meşəsi haqqında unudulmaz bir yazı yazdın. Bu, mənə ağrılı, göynərtili bir hekayət təsiri bağışladı.

Sənin yazılarının hamısında istilik, hərarət, canlı həyatın bir parçası olub həmişə. Oxucu elə ilk andan səni özünə könül həmdəmi, dost, doğma bilib, yazılarının sehrinə, ovsununa düşüb.

Bu yazılardakı bənzərsiz sadəlik, səmimiyyət, gözəllik sənin uşaq kimi saf, kövrək, ufaq təbiətindən, xarakterindən, can yanğından və həm də böyük vətəndaşlığından gəlib.

Otağının da, ürəyinin də qapısı həmişə dost üzünə açıq olub. Ləyaqətli vətəndaş, prinsipial jurnalist, qayğıkeş dost, bənzərsiz ata, vəfalı ömür-gün dostu. Mən səni həmişə belə gördüm. Əmanətinlə, Fuadınla, Ayxanınla həmişə fəxr etdin, qürur duydun. Onlar da sənə baş ucalığı gətirdilər hər vaxt.

Bu gün pedaqoji sahədə qazandığın uğurları, zəngin jurnalistlik təcrübəni ali məktəb auditoriyalarında tələbə jurnalistlər nəslinə öyrətməyin də məni ürəkdən sevindirir.

Sənin istedadlı qələminin məhsulu olan Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesində mətbuatın həlledici roluna həsr olunmuş sanballı "Açıq cəmiyyət və mətbuat" kitabın gənc tələbə jurnalistlərə, mətbuat işçilərinə ən gözəl hədiyyədir.

Kitabın Azərbaycanda jurnalistika elminin intellektual hüdudlarını xeyli genişləndirəcəyini qeyd edən filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin yazdığı ön sözdə oxuyuruq: "Azərbaycan jurnalistikasında öz dəst-xətti, yeri olan Tofiq Yusifov bu kitabı zəngin faktik materiallar əsasında, yüksək elmi səviyyədə yazmışdır və kitab müasir mətbuatımızın praktikası, jurnalistikanın tədrisi üçün ciddi əhəmiyyətə malikdir. Müəllifin intellektual səviyyəsi və araşdırmaçılıq qabiliyyəti ona müasir jurnalistikamız üçün vacib olan bir mövzuda dəyərli tədqiqat işini, gələcəkdə publisistlərimizə sözügedən mövzularda örnək ola biləcək sanballı bir kitab, hətta gənc yazarların ali məktəblərdə istifadə edə biləcəyi dərs vəsaiti ortaya qoymağa imkan vermişdir".

Lap bu yaxınlarda çapdan çıxmış "Akademik Cəmil Əliyev" Elmi-bioqraftk monoqrafiyan kitab mədəniyyəti tariximizin unikal hadisələrindəndir.

İndi həm də babasan. Nəvə hənirinə, nəvə səsinə uçursan, özünü xoşbəxt sanırsan. Bu sənin alın yazın nəslindən, nəcabətindən gələn halal qismətindi.

Tanrının əli həmişə kürəyində olsun. Bu, rəhmətlik ananın alxısıdı. Heyif, çox heyif, o bu xoşbəxt oğullu, uşaqlı, nəvəli günlərini görmədi.

Qəm yemə, qardaşım! Hər ağızda bir dua, hər müdrik sözdə bir işıq, hər açılan sabahda bir ümid var. Dualarla tanrıya üz tutmaq, barlı budağa - müdrik sözə əyilmək, pıçıltı-pıçıltı açılan çiçəklər kimi səhəri dirigözlü açmaq, hər sözün üstündə şam kimi ərimək, min yol ölüb-dirilmək - budur sənin qismətin, tanrı mükafatın.

60 illik ömür yolunda kəsərli qələmin, uca sözün heç vaxt səni yarı yolda qoymadı, əziz dost!

Şərəfli yubileyin münasibətilə səni ürəkdən təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Zülfüqar ŞAHSEVƏNLİ

 





25.01.2017    çap et  çap et