525.Az

"Onlayn media, virtual informasiya mübadiləsi meydanı daha sərbəstdir"


 

"Onlayn media, virtual informasiya mübadiləsi meydanı daha sərbəstdir"<b style="color:red"></b>

İnternetin bütün dünyanı daha çox əhatə etdiyi, onlayn medianın yeni inkişaf mərhələsinə yüksəldiyi müasir dövrdə uğurlarla yanaşı, ciddi problemlər də ortaya çıxır.
 
Bu səbəbdən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının üçüncü iş günündə "Onlayn media və jurnalistika: çağırışlar və vəzifələr", "Kiberdiskriminasiyaya və onlayn nifrətə son qoymaq" adlı məruzələrlə bağlı müzakirələr keçirilib.

Müzakirələrə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ilk növbədə internetin, onlayn medianın getdikcə həyatımızın ayrılmaz parçasına çevrilməsindən danışıb.

O, deyib ki, möcüzələrin əhatəsində yaşayırıq və qeyri-adiliklərə o qədər adət etmişik ki, onlar bizi daha təəccübləndirmir: "Amma 30 il əvvəl dünya başqa cür idi və informasiyanın həmin dövrdəki hərəkət sürəti indiki ilə müqayisə edilə bilməz. Məktub yazıb göndərir, ünvanın uzaqlıq dərəcəsindən asılı olaraq günlər, bəzən həftələrlə cavab gözləyirdik. Qəzetə məqalə yazırdıq, radioya, televiziyaya veriliş hazırlayırdıq, bu beyin məhsullarının insanlara çatması xeyli zaman aparırdı. İndi az qala hər adam özü təkbaşına redaksiya, informasiya agentliyi ola bilir. Hər kəs evindən öz fərdi studiyasındakı kimi birbaşa efirə çıxa, internet resursları, sosial şəbəkə vasitəsilə hər cür nəzarətdən azad şəkildə sözünü, səsini dünyanın istənilən nöqtəsinə, milyonlarla insana çatdıra bilir".

R.Hüseynov bu çox faydalı olan texnoloji tərəqqi amillərinin müəyyən təhlükələr doğurmasına da diqqəti çəkib.

Bildirib ki, söz, fikir, ifadə azadlığı üçün ən ideal meydan mövcuddur. Amma bu ideal imkanın böyük qüsurları, hətta təhlükələri var: "İnformasiyanı yayan nə qədər obyektiv və ədalətlidir, əxlaqi baxımdan nə qədər dürüstdür, onun məqsədi nə qədər ziyansız və xeyirxahdır, yaydığı məlumatlar nə qədər həqiqətə uyğundur? Nəhayət, hər yaza bilənin media məkanında informasiya ötürücüsünə çevrilməsi İblisə xidmətə də asanca yönələ bilirsə, bu nəzarətsiz qulyabanı daha çox böyüdükcə, qüvvətləndikcə, sürətləndikcə nə vəd edir? Quruculuğa, yaratmağa, cəmiyyətin tərəqqisinə daha artıq xidmət, ya parçalayıcıya, dağıdıcıya, nifrət körpüsünə çevrilmək qorxusu. Təxminən elə atom enerjisi kimi - onun həm yaxşı, həm müdhiş üzü var. Lakin atom enerjisini, ondan istifadəni nəzarətdə saxlayan ümumdünya mexanizmləri yetərincədir. Bu nöqteyi-nəzərdən də internet, önləyən media - onlayn media, virtual informasiya mübadiləsi meydanı daha cilovsuz və tam sərbəstdir. Hər an həm də hər cür fəsadlar törətməyə qadir olan gücdür. Bunca universal, möhtəşəm bir güc əsl jurnalistin, alimin, yazıçının ixtiyarında ikən bəşəriyyətə işıq verə bilən nüvə enerjisidirsə, internet eyni rahatlıq və asanlıqla bir terror mərkəzinin, təxribatçının, mənəvi şikəstlərin iradəsi ilə istifadə olunanda kütləvi şəkildə tar-mar edən nüvə silahına bərabərdir".

R.Hüseynov Azərbaycanda azad internetin mövcudluğu üzərində dayanaraq bu istiqamətdə Avropada və dünyada mövcud olan problemlərin bizdən də yan keçmədiyini söyləyib.

Qeyd edib ki, Azərbaycanın bütün ərazisi azad internetlə təmin olunub:

"Ölkədə internet məkanının tam sərbəst olmasını səbəbsiz yerə yada salmır. Ayrı-ayrı ölkələrdə internetdən ciddi istifadə məhdudiyyətlərinin qoyulmasını şəxsən müşahidə edib. Lakin başqa yerlərdə olduğu kimi, ölkəmizdə də internetdən istifadədə, onlayn media vasitəsilə tirajlanan informasiyada saxtakarlığın, böhtanın, qızışdırıcılığın, təhqirin baş alıb getdiyini də görür. Mənşəyi naməlum profillər yaratmaq, yalançı adlarla cəmiyyəti çaşdıran məlumatları, məqalələri, video və audio süjetləri internet fəzasına ötürmək mütəmadi hal alıb. Bu, arzuolunmaz təmayüllərin qarşısını dərhal, qətiyyətlə və əsaslı şəkildə almağın təsirli mexanizmləri isə ortada yoxdur. Bir bloqqer internet efirinə çıxır, süjetlər yayır. Zahirən ağlabatan tənqid olduğunu sezirsən. Lakin bunu da görürsən ki, o, elə məxfi materiallardan, özünün heç də asanca əldə edə bilməyəcəyi videomateriallardan yararlanıb ki, bunu yalnız həmin bloqqerə xüsusi xidmət orqanları ötürə bilərdilər. Belə şübhələr varsa, dövlətin təhlükəsizliyi maraqları baxımından mütləq araşdırma aparılmalıdır.

Fəaliyyətində hansısa xüsusi xidmətlərlə əlaqələr olması ehtimalı ilə həmin bloqqer saxlanılanda, təhqiqat üçün müsahibəyə dəvət ediləndə əks-səda beynəlxalq təşkilatlardan gəlməyə başlayır. İnsan haqları üzrə qurumlar, jurnalist təşkilatları, çeşidli demokratiya təsisatları xorla həmin bloqqeri müdafiəyə qalxır, siyasi məhbus, vicdan məhbusu elan etməyə tələsir, məhz tənqidi dediyinə, yazdığına, yəni, ifadə azadlığından yararlandığına görə təqib edildiyini iddia edirlər.

Zənnimcə, belə hallarda tələsmədən, hissə qapılmadan hər konkret hal ayrıca araşdırılmalı, yalnız bundan sonra qərar verilməlidir. Onlayn media məhz bu halda da eyni müvəffəqiyyətlə həm konstruktiv, həm destruktiv rol oynamaq imkanına malikdir. Onlayn medianın yaşayıb inkişaf etməsi üçün yeganə doğru yol məsuliyyət duyğusunun daim artırılması, hər kəsin yalnız oxucu, dinləyici, tamaşaçı olaraq qalmaması, həm də hər kəsin ədalətli münsifə, insaflı redaktora çevrilərək prosesləri izləməsidir".

R. Hüseynov mövzu ilə bağlı mülahizələrini yekunlaşdırarkən internetin, onlayn medianın əslində bir sərvət olduğunu qeyd edib, onu mövcud sui-istifadə hallarından qorumağın zəruriliyini vurğulayıb: "İnternet, onlayn media bəşəriyyətin, hamımızın sərvətidir. Elə insanlıq naminə qoymayaq ki, sərvətimiz öz əleyhimizə işləyən dəhşətə çevrilsin".

Kamil HƏMZƏOĞLU

 





26.01.2017    çap et  çap et