525.Az

Professional təhsil ekspertləri institutunun formalaşdırılmasına ciddi ehtiyac var


 

Professional təhsil ekspertləri institutunun formalaşdırılmasına ciddi ehtiyac var<b style="color:red"></b>

Təhsil hamıya yaxın olan, hamının rəy söyləyə və qiymət verə biləcəyi sahə olsa belə, istənilən ölkədə, xüsusilə də bir sosial-ictimai-ideoloji sistemdən digərinə keçid dövründə təhsili olduqca həyati və zəruri edən, bütün inkişaf konsepsiyaları və islahatların ön cəbhəsi kimi qiymətləndirən, bu istiqamətdə ciddi addımlar atan, investisiyalar qoyan, dövlət proqramlarını realizə edən ölkələrdə olduqca obyektiv, müstəqil və professional təhsil ekspertləri institutunun formalaşması labüddür.

Gəldiyimiz bu qənaətin səbəbi onda deyil ki, 25 illik müstəqillik dövründə təhsilimizin Sovet ideologiyası və idarəçilik sistemləri buxovlarından, köhnə mexanizm və yanaşmalarından azad edilməsi, milli təfəkkür, maraqlar, ölkənin inkişaf konsepsiyası üzərində qurulması istiqamətində atılan ilk kövrək addımlardan, bu dövrdə Təhsil haqqında qəbul edilmiş iki qanundan (1994, 2009) tutmuş  Prezident sərəncamları ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" və onun mərhələli həlli üzrə "Fəaliyyət planı"na və s. tədbirlərədək hər bir addım təhlil edilmir, qiymətləndirilmir və əldə olunan nəticələr müzakirə edilmir.

Təbii ki, bu, elə deyil. 1998-ci ildən başlayan və əsasən orta təhsil sistemini əhatə edən üçmərhələli təhsil islahatları, Milli kurrikulumun yaradılması və tətbiqi, ali təhsilimizin Boloniya prosesinə qoşulması və Avropa təhsil məkanına inteqrasiyası yönümündə atılan addımlar, ali təhsil müəssisələrinin inkişafı ilə bağlı dövlət proqramları, bu istiqamətdə Milli Kvalifikasiya çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan müzakirələr, universitetlərlə əmək bazarı arasında əlaqələrin qurulması cəhdləri, təhsilin idarə olunması, yeni idarəetmə infrastrukturlarının yaradılması, müəllimlərin işə qəbulu, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, yaradıcı müəllimlərin əməyinin stimullaşdırılması, ümumi və tam orta təhsil üzrə məzunların biliyinin monitorinqi və qiymətləndirilməsi üzrə orta təhsil pilləsində aparılan çoxşaxəli tədbirlər diqqət mərkəzindədir.

Heç kəs birmənalı olaraq təsdiq edə bilməz ki, cəmiyyətin bütün təbəqələrini, hər bir fərdi əhatə edən təhsil kimi canlı və dinamik bir sahə ilə bağlı bu vaxtadək qəbul edilən bütün qərarlar uğurlu olub və gözlənilən nəticələr əldə edilib. Bu təbii proseslər hamı  tərəfindən normal qarşılanır və qarşılanmalıdır da. İndiki şəraitdə şahidi olduğumuz maarifçilik hərəkatı, təbii ki, XVIII, XIX və hətta XX yüzillikdə ayrı-ayrı dövrlərdə müxtəlif cəmiyyətlərin inkişafı  üçün vacib olan maarifpərvər hərəkatla müqayisəyə gəlməsə də, bu gün qloballaşan, sürətlə inteqrasiya olunan və artıq vahid informasiya  məkanı kimi qavranılan Yer kürəsinin konkret standartlar və meyarlar çərçivəsində təhsilə cəlb olunmasını tələb etməkdədir (hər bir ölkə və xalqın malik olduğu özünəməxsusluq istisna edilməməklə).

Narahatçılığa səbəb başqadır. Bizdə düzgün və qərəzsiz fikir hasil edib, təhsildə baş verən proseslər barədə adekvat ictimai rəyin yaranmasına xidmət edən institutlar və mexanizmlər formalaşmayıb. Bu isə təkcə təhsil sferasında çalışanlara və təhsilə cəlb olunanlara deyil, bütövlükdə cəmiyyətin və dövlətin özünə, bu sahədə qərar verən və qərarları icra edən strukturlara lazımdır. Bu, bəlkə də psixoloji bir problem və ya məqamdır. İndi istənilən sahə üçün elə rəylər formalaşdırılır ki, sanki tunelin sonunda heç vaxt işıq görünməyəcək. Axı, ola bilməz ki, bu qədər axtarışlar, yeni texnologiya və innovasiyalar, dövlət proqramları müəyyən qədər müsbət nəticələrsiz ötüşsün. Onda əldə etdiyimiz uğurları kimin adına yazaq? Özünü təhsil eksperti adlandıran bir neçə adam var ki, onların da adda-budda, epizodik rəyləri ilə tanış olanda adamı vahimə bürüyür. Mən kiminsə adını çəkmək istəmirəm. Bununla belə, müstəqillik dövründə səbatlı və obyektiv rəyləri ilə gündəmə gəlmiş bir-iki nəfərin adını söyləməyə bilmirəm: Asif Cahangirov, Arif Muradov, Şahlar Əsgərov...  Xaricdə təhsil alıb ölkəyə qayıtmış məzunlarımız arasında da özlərini təhsil ekspertləri kimi təqdim etmək istəyənlər var.

Şükürlər olsun ki, təhsil islahatlarının hazırlanması və icrası, milli təhsil tariximizlə bağlı xarici təcrübəni və ədəbiyyatları tədqiq edən, öyrənən mütəxəssislərimiz var. Belə adamlar Təhsil Nazirliyi aparatında, Təhsil İnstitutunda, Təhsil İşçilərinin Peşə Hazırlığı İnstitutunda, ali məktəblərimizdə, təhsil mətbuatında da var. Lakin onların səsi az eşidilir, müəyyən məsələlər ətrafında ciddi ictimai rəy və nikbin ruh yaratmağa və icra orqanlarının qəbul edəcəkləri qərarlara təsir etməyə gücləri çatmır. Gəl ki, özlərini təhsil eksperti adlandıran həmən o tək-tük adamlar ayda-ildə bir dəfə sensasiyalı fikirləri və rəyləri ilə gündəmə gəlirlər ki, onlarda da təhlildən və obyektiv qiymətləndirmədən çox qərəz, subyektivlik və ən pisi isə aqressiya duyulur. Bu aqressiya sensasiyalar ovunda olan üzdəniraq mətbuat orqanlarımızın və saytlarımızın əlində dəstavüza çevrilib vətəndaşları çaşdırmağa və zəhərləməyə başlayır.
 
Görəsən çətindirmi ki, qəzet və sayt hər hansı bir iddianı irəli sürən mənbə barədə, müzakirəyə çıxarılan və narahatçılığa səbəb olan problem ətrafında araşdırma aparsın, əks tərəflərin mövqeyini və əks fikirləri müstəqil mənbələrdən və respondentlərdən öyrənib düzgün nəticə hasil etməyə çalışsın və yalnız bundan sonra yazıları oxucuya təqdim etsin. Yəqin ki, müəllif, jurnalist etikası və mövqeyi deyilən anlayışların şəxsi maraqlardan çox milli maraqlar üçün düşünüldüyü hamımıza yaxşı aydındır. Biz bir gün bu həyatdan gedəcəyimizlə barışıb ölməzlik qazanmağı, yəni insanlıq, doğma torpaq, əzizlərimiz və sevdiklərimiz naminə şəxsi iddialarımızdan vaz keçib ictimai və ya sosial varlıq deyilən mövcudluğumuzun məsuliyyətini dərk etməyə çalışmalıyıq. Allah Üzeyir bəyə rəhmət eləsin! "Sən mənə iyirmi manat ver, onu qəzetimdə rüsvay eləyim" kəlməsini sanki tənqid və tənbeh üçün deyil, nümunə və yamsılamaq üçün buyurubmuş bizlərə. Saytlarımız yoxlanılmamış, təhqiredici və alçaldıcı  məlumatları elə sürətlə və həvəslə yayırlar ki, sanki məktəblərdə, universitetlərdə işləyən müəllimlər və oxuyan şagird və tələbələr xaricdən gətiriliblər. Nifrətlərinin dərəcəsini kontekstə uyğun gəlməyən, o haqda bircəcə cümlə belə deyilməyən başlıqlarla ifadə edirlər... Məşhur psixoloq Syuzan Foruardın "Emosional şantaj" kitabından hasil olan bir formulaya diqqəti yönəltmək istəyirəm: "Əgər sən mənim istədiyimi eləməsən - əzab çəkəcəksən". Baxın, çox vaxt ekspert, yəni müəyyən problemlərin araşdırılması üzrə rəyi tələb olunan adamlar rəy yox, daha çox şantaj müəllifi kimi mediada parlamağa can atırlar. Foruardın bir fikri də maraqlıdır ki, bu cür insanlar arzularına çatanadək çox vaxt hər cür yola getməni mümkün sayır və öz niyyətlərini faş eləməkdən belə çəkinmirlər...     

Xüsusilə də imtahan sessiyaları ərəfəsində universitetlər ətrafında mənfi rəylərin bilərəkdən ortaya atılması heç də həmişə yaxşı nəticələrə səbəb olmur. Deyək ki, adları  rüşvətxorluqda hallanan universitetlərlə bağlı başlıq verilir,  təhlildə və cədvəllərdə rüşvətxorluğa aid heç nə deyilmir, faktlar gətirilmir. Eləcə də bu il bağlanacaq universitetlərlə bağlı təhlillər. Maraqlısı odur ki, adı və məzmunu uyğunsuzluq təşkil edən, real vəziyyəti əks etdirməyən və ekspert yazısı sayılan bu materiallar onlarla saytlar tərəfindən təkrar-təkrar çap olunur. Bəlkə, ali məktəblərin özündə də günah var ki, onları təkzib verməyə, dedikləri sözə görə qanun qarşısında məsuliyyət daşımağa məcbur etməyə cəhd göstərmirlər. Onu yaxşı dərk etməliyik ki, xaricə beyin və maliyyə axınının səbəblərindən biri də milli təhsil sisteminə inamsızlıq və etimadsızlıqdan irəli gəldiyindən həm ali təhsildə çalışanlar, həm milli universitetlərin fəaliyyətinin monitorinqini aparanlar, həm də bu barədə yazanlar professionallığı və məsuliyyəti gözləməlidirlər. 

Son hadisələrə diqqət yetirək: "Təfəkkür" universiteti təhsil bazarında rəqabətə davam gətirmədi, abituriyentlər onu seçmədi, seçənlər də yarımadı və bağlandı. Bu, normal iş, əmək və təhsil bazarının tələbi idi.  "Qafqaz" universiteti təhsil və əmək bazarında öz çəkisi olan ali məktəb olsa belə, qardaş ölkədəki məlum hadisələrdən sonra onun taleyi barədə təsisçinin verdiyi qərarı kimsə dəyişdirə bilməzdi. Universitet rəhbərliyi və Təhsil Nazirliyi dərhal ləğvetmə komissiyası və İşçi qrup təşkil edərək, tələbə və müəllimlərin ölkənin ən aparıcı universitetlərinə köçürülməsi məsələsini həll etməkdədir. Lakin bu universitetlərlə bağlı məsələlər yekunlaşmamış ölkənin olduqca ciddi nüfuza, maddi-texniki bazaya və kadr potensialına, maliyyə sərbəstliyinə, ənənələrə malik bir sıra universitetlərinin bağlanma təhlükəsi ilə üzləşməsi mesajları ilə əhalidə narahatlıq və narazılıq yaratmaq həvəsi ortaya çıxdı. Birincisi, dövlət və ya özəl olmasından asılı olmayaraq, hər bir universitet hüquqi şəxsdir, maliyyə-təsərrüfat subyektidir. Bazarda özünü təsdiq edə bilməyəcəyi halda onsuz da kiminləsə birləşməyə və ya fəaliyyətini dayandırmağa məcbur olacaq. İkincisi, dövlət öz geosiyasi maraqlarına, insan resurslarının və iqtisadi inkişafının meyillərinə müvafiq olaraq müəyyən ali təhsil müəssisələrinin fəaliyyətini dəstəkləməkdə israrlıdır. Bunu təkcə ekspertlər yox, sadə Azərbaycan insanı da anlamalıdır. Bu, onun vətəndaşlıq borcudur.

Bakı Slavyan Universitetini təmsil etdiyim üçün onun barəsində deyilən fikrə münasibət bildirmək istəyirəm. Əgər on minlərlə insan bu gün rusdilli təhsilə üstünlük verib bağça, məktəb və universitetdə bu dildə təhsili seçirlərsə, yalançı vətənpərvərliklə təhsil rus dillində aparılan sinif və məktəbləri, Slavyan universitetini bağlatdırmaq çağırışlarına ehtiyac yoxdur. Normal vətəndaş cəmiyyətində hər kəz öz təhsilini, öz övladlarının təhsilini planlaşdırır və məqamı çatanda əlavə təhsil tədbirlərinə əl atır. Bu gün rus dilində təhsil xidmətləri şəbəkəsi mövcuddursa, rus dili müəllimləri, ibtidai sinif müəllimləri, tərbiyəçilər, psixoloqlar, rus bölmələri üçün digər fənn müəllimləri yetişdirən Bakı Slavyan Universitetinin fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən dəstəklənməli və təhsil ixtisasları şəbəkəsi genişləndirilməli, bu universitetin bazasında əlavə təhsil tədbirləri gücləndirilməlidir. Mən hələ respublikamızın Şərqi, Mərkəzi və Cənubi Avropa ilə siyasi-diplomatik, mədəni və iqtisadi əlaqələrinin genişləndirilməsinin zərurətindən irəli gələn tədbirlərdən danışmıram... Eyni fikri dünyaya çıxışımızı reallaşdıran ingilis dilində təhsilin vacibliyi barədə də söyləyə bilərik. Əsas məsələ odur ki, bütün bunlarla yanaşı,  ana dilimizin inkişafı, ana dilində təhsil məsələləri dövlətimizin dil və təhsil siyasətinin prioritet istiqaməti olaraq qalır və qalacaq da.

Elə Ulu öndərin sərəncamı ilə 2000-ci ildə keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universitetinin təsis edilməsi də təkcə regionda rusistikanın inkişafı və slavistikanın təşəkkül tapması ilə bağlı deyildi. Belə bir elm və tədris mərkəzinin fəaliyyətinin dövlət səviyyəsində dəstəklənməsi və profilinin genişlənməsi həm də dil və mədəniyyətimizin, mənəvi dəyərlərimizin MDB-də, geniş yunan-slavyan dünyasında yayılmasına və təbliğinə, Azərbaycanın diaspora təşkilatlarının dəstəklənməsinə, azərbaycançılıq ideyalarının və Azərbaycan həqiqətlərinin bütün dünyaya yol açmasına şərait yaratdı.

Bu gün Bakı Slavyan Universiteti Qafqazda ən böyük rusistika və slavistika mərkəzi kimi fəaliyyətini davam etdirir, azərbaycanşünaslıq, türk-slavyan əlaqələri, avrasiyaçılıq elmi istiqamətləri üzrə sanballı elmi tədqiqatlar aparır, xalqımızın malik olduğu multikultural dəyərlərin dünyada layiqincə tanınması və təbliği işinə xidmət edir, beynəlxalq elmi konfranslar keçirir. Yaxın və uzaq xaricdən gələn onlarla gənc Azərbaycan və rus dillərinə məhz bu universitetdə yiyələnərək, bakalavriat, magistratura və doktorantura səviyyələrində müxtəlif ixtisaslar üzrə keyfiyyətli təhsil alırlar.

Bakı Slavyan Universiteti respublikamızın böyük elmi-pedaqoji potensiala malik ali təhsil ocaqlarındandır. Universitetin professor-müəllim heyətinə 50-dən çox elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi, dosent daxildir.

Ondan çox ölkənin dövlət və hökumət başçıları, siyasi və dini xadimlər BSU-nun Fəxri doktorlarıdır.

BSU-nun Rusiya, Ukrayna, Bolqarıstan və Belarusda Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Universitetdə yaradılmış Rusiya, Ukrayna, Yunan,  Bolqar,  Polşa,  Türkiyə, Çex, Belarus, Alman, Fransız və İngilis dili tədris-mədəniyyət mərkəzləri tədris prosesinə və sadalanan ölkələrlə əlaqələrimizin möhkəmləndirilməsinə xidmət edir.

Xarici tərəfdaş universitetlərlə çoxsaylı əməkdaşlıq müqavilələri əsasında əcnəbi mütəxəssislər  BSU-da, bu universitetin pedaqoq və alimləri xaricdə işləməyə imkan əldə ediblər.

Təsadüfi deyil ki, Rusiya Federasiyasının prezidenti V.V.Putinə BSU-nun  fəxri doktoru diplomunun təqdimatı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev universitet kollektivinin fəaliyyətini yüksək qiymətləndirərək, professor-müəllim heyətini "millətimizin qaymağı" adlandırmışdı.

2016-2017-ci tədris ilinin əvvəlində universitetdə aparılmış əsaslı təmir işləri  bütün auditoriyaların, tədris-mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyaları və kafedraların maddi-texniki bazasını yenidən qurmağa, universitet idarəçiliyi və tədrisin təşkilində elektron idarəetməyə keçidə imkan yaradıb. Yeni linqafon və kompyuter otaqları təşkil olunub, 110 yerlik tərcümə avadanlıqları quraşdırılmaqla Akt zalı əsaslı şəkildə təmir edilib, foyeyə, tədris korpusunun girişinə, Universitet muzeyinə tam fərqli bir tərtibat verilib, Heydər Əliyev tədris auditoriyası yaradılıb. Tədrisdə keyfiyyətin təminatı, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində şəffaflıq və obyektivliyin gözlənilməsi, elmi-metodiki işlərin səmərəliliyinin artırılması, təcrübənin təşkili və əmək bazarı ilə münasibətlərin yaradılması, professor-müəllim və tədrisə yardımçı heyət üçün mütəmadi treninqlər rejiminin tətbiqi, insan resurslarının düzgün istiqamətləndirilməsi, tədris strukturlarının optimallaşdırılması  yönümündə ciddi addımlar atılmaqdadır.    

Universitet həyatında baş verən belə bir canlanma şəraitində ekspert məsuliyyətsizliyi və səriştəsizliyi üzündən tələbələri və onların valideynlərini narahat edən çoxsaylı suallara obyektiv cavablar tapmaq lazım gəlir. Humanitar siyasətimizin strateji nöqtəsi olan Bakı Slavyan Universiteti Ulu öndərin müdrik uzaqgörənliyi ilə təşkil olunmuşdur. Dövlətimizin və xalqımızın maraqlarına uyğun olaraq o, bağlana, hansısa universitetlə birləşdirilə və ya genişləndirilə bilər. Bununla belə, bu cür qərarların hansısa səriştəsiz və məsuliyyətsiz ekspert rəyi əsasında qəbul edilmədiyini hamının dərk etməsi vacibdir.       

Yəqin ki, söylədiklərimiz təhsil ekspertləri institutunun bugünkü real vəziyyəti, təhsil ekspertlərinin məsuliyyəti barədə müəyyən təsəvvür yaradır.

Bəs professionallardan ibarət belə bir institutun mövcudluğu bizə nə verə bilər? Hazırda təhsil ekspertlərini hansı məsələlər məşğul etməlidir?

1) Bütövlükdə təhsil sisteminin vəziyyətinin diaqnostik qiymətləndirilməsi, onun ölkənin mövcud və perspektiv sosial-iqtisadi potensialına müvafiq  inkişafı barədə rəylərin hazırlanması;

2) Ölkədə təhsillə bağlı qanunvericilik aktlarının qəbulu və tətbiqi  səviyyəsinin müəyyən olunması, işlək mexanizmlərin yaradılması ilə bağlı tövsiyələrin verilməsi;

3) 1998-ci ildən başlayaraq orta təhsil pilləsində aparılmış üçmərhələli təhsil islahatlarının, o cümlədən, Milli kurrikulum islahatının nəticələrinin monitorinqi, bu nəticələrin "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş istiqamətlərlə varisliyi və ardıcıllığı probleminin araşdırılması, "Fəaliyyət planı"nda göstərilən təhsil pilləsi üzrə planlaşdırılmış tədbirlərin icrasında nəzərə alınması üçün təkliflərin irəli sürülməsi;

4) Bütün təhsil pillələri və səviyyələri üçün tədris resurslarının, o cümlədən, elektron tədris vasitələri və bazalarının mövcudluğu, sistemləşdirilməsi, istismarı səviyyəsinin monitorinqi və mütəmadi olaraq müvafiq icra orqanları üçün məlumat və tövsiyələrin hazırlanması;

5) Ali təhsil müəssisələrinin Boloniya prosesinə qoşulması və Kredit sistemi ilə tədrisin təşkili qaydalarının tətbiqinin, eləcə də tələbə və müəllim mobilliyi  vəziyyətinin  monitorinqi , bu sistemin tətbiqi müddətində ortaya çıxan boşluqların yeni qanunvericilik aktları ilə aradan qaldırılması üçün təkliflərin verilməsi;  

6) Peşə hazırlığı sisteminin qaydaya salınması və təhsil pillələri arasında bağlılığın və ardıcıllığın təmin olunmasının, bu sahədə stimullaşdırıcı tədbirlərinin vacibliyinin gündəmə gətirilməsi;

7) Məzunların karyera inkişafı ilə bağlı vəziyyətin monitorinqi, ixtisas və istiqamətlərə uyğun iş dünyası, istehsal və xidmət sahələri ilə sıx əlaqələrin qurulması üçün konkret təkliflərin irəli sürülməsi;

8) Ümumi və tam orta təhsil pillələrində məzunların bölmələr üzrə sayının və təmayülünün ilbəil proqnozlaşdırılması və illik tələbə qəbulu planını proqnozlaşdırmaqda olan universitetlər üçün təklif və tövsiyələrin hazırlanması;

9) Biznes, istehsal, xidmət və sair sahələr üzrə ölkə və xarici iş dünyasıda  perspektiv inkişafın (o cümlədən, iş yerlərinin) proqnozlaşdırılması və bu işdə maraqlı olan universitetlərə konkret təkliflərin ünvanlanması; kurrikulumların hazırlanması, kompetensiyaların müəyyən edilməsi istiqamətində universitet-əmək bazarı münasibətləri üçün reseptlərin işlənməsi;

10) Təhsil ehtiyaclarının qarşılanması üçün ölkədə əhalinin artım səviyyəsi və surətinin, yerdəyişmə və suburbanizasiya meyllərinin (hətta bölgələr və şəhərlər üzrə) müəyyən edilməsi üzrə işin təşkili. Yoxsa rayonlarda və kəndlərdə son illərdə tikilmiş ikimərtəbəli və üçmərtəbəli məktəb binaları, bəzən də bağçalar şagird və məktəbəqədər yaşlı balaları gözlədiyi halda, Bakı və Sumqayıt məktəblərinin əksəriyyətində şagird sıxlığı normativləri (xüsusilə də ibtidai siniflərdə) 1.5, bəzən 2 dəfə keçir. Gecə-gündüz hansısa universitetlərin bağlanmasının vacibliyini car çəkən, ali məktəblərin gündəlik fəaliyyətində baş verən ən xırda və əhəmiyyətsiz məsələləri də şişirdən tanınmış pedaqoqlarımız, ata olmağa hazırlaşan gənc təhsil ekspertlərimiz bir az da bağçaların açılması, Bakıda yeni məktəb binalarının tikilməsi  zərurətindən danışsa, bağlanacaq universitetlərin binalarının məktəblərə və bağçalara verilməsini dilə gətirsələr, bəlkə də onların rəylərində bir fayda sezilərdi;

11) Orta təhsildə son üç ildə həyata keçirilmiş tədbirlərin təhlili və qiymətləndirilməsi, növbəti addımların atılması üçün konkret tövsiyələrin işlənməsi;

12) Geniş ictimaiyyətin susaraq müşahidə etməkdə olduğu və buradakı  qeyri-müəyyənliyə görə məsuliyyətin yalnız təhsil strukturlarının üzərinə qoyulmağa çalışıldığı tam orta təhsil pilləsindəki təhsil situasiyasına aydınlığın gətirilməsi və bu vəziyyətdən çıxış üçün növbəti mərhələlərdə düzgün qərarların verilməsi (elə təmayüllər üzrə fərqli tədris planlarının tətbiqi məsələsi ilə də bağlı) və təsirli addımların atılması məqsədilə təhlillərin aparılması, tövsiyələrin verilməsi və mükəmməl mexanizmlərin hazırlanması;

13) Orta məktəb iqtisadiyyatına aydınlığın gətirilməsi, məktəblərin müstəqil hüquqi şəxs kimi çıxış etmələri və sərbəst maliyyə fəaliyyətinə  malik olmaları üçün konkret mexanizmlərin irəli sürülməsi və təhsil qanunvericilik aktlarında təsbit olunmuş bu hüquqların və mexanizmlərin reallaşdırılmasına çağırışların ictimai rəyə gətirilməsi. Son üç ildə müəllimlərin və direktorların seçilməsi və yerləşdirilməsi, müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi, təhsilin idarə olunması, təchizat sisteminin qaydaya salınması məqsədilə görülən işlərin müsbət nəticəsi məktəblərin müstəqil hüquqi şəxs kimi çıxış etmələri və sərbəst maliyyə fəaliyyətinə malik olması üçün yaxşı zəmin yaradıb. Bu isə həm də orta məktəblərə ayrılan dövlət vəsaitinə qənaətə, dəbdə və genişlənməkdə olan özəl təhsil müəssisələri ilə rəqabətə imkan yaradar;

14) Orta və ali təhsil sistemlərinin fəaliyyətinin koordinasiyası istiqamətində görülən tədbirlərin qiymətləndirilməsi və pedaqoji internaturaların yaradılacağı ərəfədə bu yönümdə atılacaq addımların motivasiyası. Ali məktəblərin "İxtisas seçimi" layihəsi ilə məktəblərə getməsi, məktəblərin universitetlərə gəlməsi, professor-müəllim heyətinin sinif otaqlarına, buraxılış sinif şagirdlərinin universitet auditoriyalarına cəlb olunması, orta məktəb dərsliklərinin yaradılması və sair müştərək layihələrin işlənməsi üçün təklif və reseptlərin hazırlanması. Bütün məsələlərin başında kadr hazırlığı problemi, istedadlı gənclərin düzgün istiqamətləndirilməsi, onlara nəzəri biliklərlə yanaşı praktiki vərdiş və bacarıqların aşılanması məsələsi durursa, hələlik mövcud potensialdan, maddi-texniki bazadan istifadənin yolları barədə düşünməyi bacarmalıyıq. Əmək bazarının tələblərinə uyğun olaraq mühəndis kadrları hazırlayan universitetlərimiz hələlik gücləri çatmayan texnoparklar yaratmaq əvəzinə istehsal-istehlak, məişət və tikinti sahələrlə   işgüzar əlaqələr qura (məsələn, Neft və Sənaye Universiteti bu istiqamətdə ciddi addımlar atmaqdadır), pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan ali məktəblər məktəbəqədər və ümumi təhsil müəssisələri ilə əməkdaşlıq edə, ictimai və humanitar yönümlü gələcək mütəxəssislər isə müvafiq icra-idarəedici və bələdiyyə qurumlarına təhkim oluna bilər. Bu məsələnin tibb sahəsində həlli yolu bu gün bir nümunə kimi görünə bilər. Bir daha vurğulamaq istəyirik ki, bu məsələlərin həlli ölkədə insan resurslarının  və potensialının düzgün istiqamətləndirilməsi ilə bağlı olduğundan, ictimai fikir və rəydə daim narahatçılıq doğurduğundan ekspertlərin rəyinə və tövsiyələrinə həmişə ehtiyac var... Bizdə isə hər şey tərsinədir. Sanki ekspertlər camaatı qıcıqlandırmağa, təhsil sahəsinə etimadsızlıq yaratmağa üstünlük verirlər;

15) On ikiillik orta təhsil sisteminə keçidin planlaşdırılması ilə bağlı mövcud sistemin struktur və məzmununun mərhələli şəkildə yeni standartlara uyğunlaşdırılması məqsədilə xarici təcrübə də nəzərə alınmaqla orta təhsilin inkişaf konsepsiyasının işlənilməsi üçün təkliflərin verilməsi. Düzdür, 12 illik orta ümumi təhsilin struktur və mərhələləri barədə bir müddət müzakirələr getdi və rəylər irəli sürüldü, lakin keçid prosesinin elmi-pedaqoji-psixoloji problemləri gündəmə gətirilmədi;

16) Hazırda ali təhsilin magistratura, həm də doktorantura səviyyələrinə qəbulun aparılması, burada təhsilin və tədqiqat işlərinin təşkili vəziyyətinin monitorinqi və əldə edilmiş təcrübə, eləcə də xarici təcrübə əsasında yaxın gələcəkdə magistratura səviyyəsində dəyişikliklərin (qəbul, təhsilin müddəti və məqsədi, ixtisaslaşma məsələləri ilə bağlı) vacibliyinin əsaslandırılması;

17) Əmək bazarındakı situasiyaya, orta yaşlı  əhalinin əmək və təhsil ehtiyaclarına uyğun olaraq çevik və dəyişkən Əlavə təhsil konsepsiyasının işlənilməsinin və bu tədbirin vacibliyinin daim gündəmdə saxlanılması barədə rəylərin hazırlanması;

18) Milli pedaqoji fikrin inkişafı, pedaqoji irsin qorunması, Azərbaycan məktəbinin tarix və ənənələrinin öyrənilməsi, təhsilimizin inkişaf xüsusiyyətlərinə və meyllərinə, aparılan islahatlara müvafiq müstəqillik dövründə pedaqogika və psixologiya, tədrisin metodikası, müasir texnologiya və yanaşmaların tətbiqi      sahəsində əldə etdiklərimizin və edə bilmədiklərimizin təhlili. Burada mən xüsusilə paytaxtdankənar elm və təhsil mərkəzlərimizdə aparılan elmi və  elmi-pedaqoji tədqiqatların qiymətləndirilməsi, təhlili və yayılması məsələsinin vacibliyini vurğulamaq istəyirəm. Məsələn, ADPU-nin Şəki Filialında Firədun İbrahimov və Nurəli Çələbiyev kimi pedaqoq və psixoloq alimlərimiz əyalətdə fəaliyyət göstərmələrinə baxmayaraq, son illər pedaqogika, təhsilin metodikası və milli psixologiya üzrə olduqca  sanballı və orijinal kitablar təqdim ediblər. Bakıda nəşr edilmiş pedaqogika dərsliklərinin, "Seçilmiş əsərləri" çap olunmuş pedaqoq alimlərimizin sayını itirmişik. Axı sovetlər dövründə pedaqogika və psixologiya sahəsində milli ruhlu, mentalitetimizə uyğun yazılmış ali məktəb dərsliklərinin həsrətində olmuşuq.      

Göründüyü kimi, biz təhsil ekpertlərini narahat etməli olan və professional təhsil ekpertləri institutunun formalaşmasını şərtləndirən bir neçə vacib məqama diqqəti yönəltməyə çalışdıq, amma bu, problemlərin bir qismi idi... Yaxşı ki, ölkə Prezidentinin sərəncamı ilə Təhsil İnstitutu yaradılıb və mövcud strukturların bazasında genişləndirilməsi nəzərdə tutulub. Sadalanan bu və digər problemlərin ictimai rəyə gətirilməsi, düzgün rəy və tövsiyələrin verilməsində təhsil ekspertləri kreativ və pozitiv mövqe tuta və səmərəli fəaliyyətləri ilə seçilə bilərlər. Yazını Orta əsrlər Azərbaycan seirinin məşhur nümayəndəsi, əsərləri sufilik fəlsəfəsindən qidalanan Əvhədi Marağalının ibrətamiz bir kəlamı ilə bitirmək istəyirəm: "Əməlsiz elm ayağa çidardır". Gəlin elə düşünək, elə danışaq ki, əl-ayağımıza, əməllərimizə öz əllərimizlə çidar vurulmasın. 

 





26.01.2017    çap et  çap et