525.Az

Salam, dor ağacı!


 

Salam, dor ağacı!<b style="color:red"></b>

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru v.i.e.

Mən yurdumun tarlasında cuvardım,
Düşmən gəlsə, arx üstündən qovardım.
Yusiflinin qələmini suvardım –
Məmməd Araz mükafatı göyərdi...  

“Yusifli qardaşlarından ilk öncə Vaqifi tanımışam. Nəinki bir ailə, hətta bir kənd üçün bir ədəbiyyatşünası kifayət qədər yetərli bildiyimdən, ağlıma da gəlməyib ki, Vaqifin başqa bir ədəbiyyatşünas qardaşı da ola bilər. Cavanşiri tanıyandan sonra isə bir ailədən iki böyük ədəbiyyatşünasın çıxması faktı ilə barışmalı oldum.

“Rütbeyi-əqli”nin açıq-aşkar göründüyü əsərlərindən ilk öncə qardaşı Vaqiflə birgə yazdığı və Xalq yazıçısı Elçinin yaradıcılığının orijinal təhlilini verən “Bu nə sehrdir belə (Elçin haqqında əlli altı söz)” kitabını oxumuşam. Həmin kitab düz on il bundan qabaq yazılıb – 1999-cu ildə (məqalə 2009-cu ildə yazılıb – T.K.), yəni yüzilliyin və minilliyin qurtarhaqurtarında işıq üzü görüb. Burada nəsə bir mistika axtarmaq fikrindən çox uzağam, ancaq kitabın adı bəzi mülahizələrdə bulunmağıma səbəb olur.

Məlumdur ki, İslam Şərqində (elə Xristian Qərbində də) sehr, möcüzə haram sayılıb, yaxşı qəbul edilməyib, hətta Avropada orta əsrlərdə cadugərləri inkvizisiya tonqallarında diri-diri yandırmaqdan da çəkinməyiblər.

Ancaq Şərqdə haram sehrlə yanaşı, bir halal sehr anlayışı da olub ki, ən böyük söz ustalarının sənəti məhz halal sehrlə müqayisə edilib, bu cür yüksək qiymətləndirilib. Bir zamanlar böyük Xaqani öz müasiri və şagirdi Fələkini özünün “halal sehri” adlandırıb, “ətseyi-sehri-həlali-mən Fələki bud” deyərək onun vaxtsız ölümünə yanıb-yaxılıb.

Əlbəttə, adını çəkdiyimiz kitabda “böyük qardaş” sindromu da özünü göstərib (bir vaxt xalqımız da bu sindromdan az çəkməyib), yəni kitabdakı əlli altı məqalədən yalnız on ikisi Cavanşirin payına düşüb. Əlli altını on ikiyə böləndə təxminən dörd yarım eləyir. Yəni Cavanşir özündən on yaş böyük “öz qoçu qardaşının” hər dörd yarım sehrinə bir “sehirlə” cavab verib; amma necə cavab verib...”

lll  

Bu, mənim dörd il öncə Vaqif Yusiflinin qardaşı Cavanşir Yusiflinin 50 illik yubileyi münasibətilə yazdığım məqalədən bir səhifə idi. Budur, qarşısına heç kimin çöp uzada bilmədiyi fələyin çarxı nərilti-gurultuynan dolanıb, ilahi təqvimdəki “2013” rəqəminin üzərində durdu və bu minvalla Yusifli Majorun (Böyük Yusiflinin) 65 yaşı tamam oldu. Desəm ki, bu 65 ildə Vaqifin 65 kitabı çap olunub, bir qədər gerçəkliyə müğayir çıxmış olaram. Ancaq 17 rəqəminə nə söz və bunun da üstünə gəl... 1000-ə qədər irili-xırdalı məqaləni.

Sirr saxlamaqda məşhurluğuna görə “magila” ayaması almış bir dostumuzun qabiliyyəti məndə olmadığına görə, Vaqif Yusiflinin bir sirrini də açmaq istəyirəm.

Biz Akademiyanın Yasamaldakı yataqxanasında yaşayıb-yaradanda (təvazökarlıq bu milləti məhv edəcək!) aspirantlara gələn məktublar vestibüldə bir masanın üzərinə qoyulardı və o masanın üzərində ünvanı Vaqif Yusiflinin məşhur kalliqrafik xətti ilə yazılmış (onu da qeyd edim ki, Vilayət Quliyevdən sonra Vaqif Yusifli hüsnxətdə ikinci yeri tuturdu) və elə Vaqifin özünə ünvanlanmış bir və ya bir neçə zərf həmişə olardı. Vaqifi tanımayanlar düşünərdilər ki, əcəba, bu hərif özü-özünəmi məktub yazır? Ancaq bunun sirri belə idi ki, Vaqif Yusifli məktub göndərdiyi adamlara həm də bir boş zərf göndərir və zərfin üzərində öz ünvanını yazırdı ki, adresat xərcə və əziyyətə düşməsin... Əlbəttə, bu saysız-hesabsız məktubların mətnini də Vaqif Yusifli yaradıcılığının məhsuldarlığı balansına əkləsək (ərəbcə: əlavə etsək), heç şübhəniz olmasın ki, Vaqifin bu 65 illik ömrünün əsas məşğuliyyəti elə yazı-pozu, Mirzə Cəlil demişkən, “qara-qura” olmuşdur.

Xoş halına! Vahidin məşhur beytini təzmin etsək:

Eşqdə yazmaqdan özgə
bir əlamət görmədim,
“Abece”ni mən gedib
Məcnuna elan etmişəm!

Vaqif Yusiflini əlində qələm masa arxasında yazhayazda təsəvvür edərkən bir də Səməd Vurğunun “Vaqif” dramından Qacarın Şuşadakı musiqi məclisində xanəndələrin oxuduğu qəzəlin tapşırma beyti yadıma düşür:

Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır;
Düşər bir gün laçın könlün şeir-sənət marağından...  

Vaqif Yusiflinin araşdırmalarını oxuyanda məmnunluq duyğusu ilə adamın ağlına gələn ilk fikir belə olur: “Asan yazır.” Bu, qələm peşəkarlığının illər boyu Vaqif üslubuna gətirdiyi bir məziyyətdir. Ancaq asan yazmaq heç də yüngül yazmaq anlamına gəlmir. Sadəcə, Vaqif Yusifli tədqiq etdiyi materialı o qədər saf-çürük edir, o qədər bişirir, o qədər çeynəyir (sözün yaxşı mənasında!) ki, onu udmaq və həzm etmək asan olur.

Hər çətin asan olur,
Amma çətin asan olur...

Bu, həm də bir poetik üsuldur ki, Şərq poeziyasında ona “səhli-mümtənə” deyərlər. Yəni, ilk baxışdan yaradılması, ərsəyə gətirilməsi asan görünən, ancaq əslində isə çox böyük zəhmət və istedad, bilik və təcrübə tələb edən bir poetik obraz.  

Dün Füzuli arizin görgəc rəvan
tapşırdı can;Laf edib derdi ki, canım var! –
Əmanətdar imiş...

İlk baxışdan bu, çox sadə bir sözdür və hamı deyə bilər. Bəli, hamı deyə bilər. Ancaq heç kim deməyib və məhz Füzuli deyib.

Səhli-mümtənə. Vaqif Yusifli də ustadın bu üsulundan geniş istifadə edib, “düşvarı asan etməyə” çalışıb və çox vaxt da “tövfiq” – uğur ona yar olub; ən çox da çağdaş ədəbiyyatımızın, poeziyamızın, özəlliklə gənc müəlliflərin, debütantların dəyərləndirilməsində. Düzdür, Füzuli aşiqi Vaqif təpədən-dırnağa qədər klassik ədəbiyyat mütəxəssisidir; hətta mən deyərdim ki, handa bir mediyevistlə döş-döşə, kəllə-kəlləyə, buynuz-buynuza gələ bilər. Ancaq o da var ki, könlünü elmin nazlı dilbərinə verərkən gənc tədqiqatçının ağzını çağdaşlığa (bəlkə də dağ-daşlığa...) salıblar və hər iki səviyyə dissertasiyalarının mövzusu da məhz çağdaş ədəbiyyatla bağlıdır.

Verdin, Füzuli, könlünü bir nazlı dilbərə,
Göstərdi imtahan ki, o da bivəfa imiş...  

“Şeiri tənqid etmək – onu yazmaqdan daha çətindir”, – deyirdi Təbrizli Xətib babamız. Bəziləri “tənqid etmək” deyərkən yıxıb-sürüməyi, daşı-daş üstdə qoymamağı nəzərdə tuturlar. Ancaq əslində, “tənqid” ərəbcə “nəqədə” feilindən düzəlir ki, bunun da çoxsaylı mənaları arasında “seçmək, qiymətləndirmək” anlamları üstünlük təşkil edir. Vaqif Yusifli də bir tənqidçi kimi (bunun belə olduğuna isə Azərbaycan ədəbi-ictimai çevrəsində kimsənin şübhəsi olmasın gərək!) yıxıb-sürüməkdən, söküb-dağıtmaqdan daha çox, seçib-sonalayır, araşdırdığı poeziya örnəklərinin qiymətini verir. Bu baxımdan mən Vaqifi xeyirxah bir həkimə bənzədərdim. Ta qədimlərdən tibbdə belə bir şüar var: “Non noceo!” (Ziyan vermə!) Vaqif də öz tənqidçi “skalpelini” – qələmini ələ alarkən bu cür xeyirxah bir missiyanı öz yazıları üçün leytmotiv seçir: Zəif əsərləri pisləməkdənsə, güclü əsərləri tərifləmək, tədqiqat obyekti üçün düzgün seçim aparmaq. Azərbaycan nağıllarından birinin qəhrəmanının da məhz hər gün padşaha söylədiyi nəsihəti belə səslənirdi: “Ey padşah, sən yaxşılara yaxşılıq elə; pislərə öz pislikləri bəsdir!”

Xəsisliklə yazdığı hal tərcüməsində 1968-ci ildən bəri dövrü mətbuatda çıxış etdiyini göstərir. 1968, bu da 2013, eləyir 45 il. Bu 45 ildə Vaqif Yusiflinin dilindən və qələmindən həmişə xoş sözlər çıxıb, bu iki vasitənin köməyi ilə müsbət aurasını yan-yörəsinə yayıb. Onsuz da problemlərlə dolu olan həyata bir problem də artırmaq istəməyib. Elə təkcə buna görə Vaqif bir dost kimi, bir yoldaş kimi, bir həmkar kimi, nəhayət, xalqına və dövlətinə namusla xidmət göstərən bir yazar kimi sevilməyə, dəyərləndirilməyə (tənqid edilməyə...) layiqdir.

Kim bilir, bəlkə elə bu xidmətlərinə görə çərxi-kəcmədar bir neçə ay öncəki sınağından onu qalib çıxardı, taleyin ağır imtahanında “əla” qiymətlə dəyərləndirdi. Ancaq Allah insaf vermiş (fələyi deyirəm!) hamımızı əməlli-başlı həyəcana saldı, qorxutdu. Yenə şükür ki, hər şey yaxşı qurtardı...

Vaqif Yusiflini ədəbi dairələrdə çox adam “Azərbaycan” jurnalının baş redaktorunun müavini kimi tanıyır. Ancaq Vaqif həm də Alma-Mater Ədəbiyyat İnstitutunun Nəzəriyyə şöbəsinin aparıcı elmi işçisidir. Yəqin elə buna görədir ki, onun ədəbi-tənqidi araşdırmaları güclü elmi-nəzəri kontekstə söykənir. Bu baxımdan çağdaş ədəbi prosesin nəzəri problemlərinin araşdırılmasına həsr edilmiş əsərlərinin olması da təbiidir. Ancaq mən bu yazıların üzərində ətraflı dayanmaq şirniklənməsindən özümü birtəhər xilas edərək yalnız onu diqqətə çatdırmaq istəyirəm ki, Vaqif Yusifli aydın və sağlam təfəkkürlü bir alim kimi (bəs necə? Axı Ədəbiyyat İnstitutunun yetirməsidir!), məsələn, tutaq ki, modernizm və postmodernizm barədə bəzən bir-birinə daban-dabana zidd olan fikirlərin sofistik labirintində çaşıb qalmır, bədii əsərin həqiqi meyarını tapmaqda çətinlik çəkmir. Ona görə ki, hər şeydən öncə şeiri, həqiqi sənət əsərini qəlbinin sarı simi ilə duyub qiymətləndirə bilir, nəinki uydurma meyarların cəfəngiyyatı ilə.

Bu təfəkkür aydınlığı, ədəbiyyat biliciliyi Vaqif Yusiflinin təkcə yazılarında deyil, müxtəlif təyinatlı məclislərdə sinədən söylədiyi şifahi nitqlərində, irəli sürdüyü sanballı fikirlərində də özünü büruzə verir. Xüsusi halda mən onunla qarşı tərəf olduğumuz Azərbaycan Televiziyasının “Məclisi-üns” verilişlərini örnək gətirmək istərdim. Bu söhbətlərdə Vaqif özünü doğrudan da bir munis, dost kimi göstərir, ədəbiyyatımız haqqındakı zəngin biliklərini xəsislik etmədən bizimlə bölüşürdü və inşallah, qismət olsa, yenə də bölüşəcəkdir.

Sərrast və dərinmənalı ifadələr deməkdə yədi-beyza sahibi olan professor Vilayət Quliyev Vaqif Yusifli haqqında yazdığı məqalələrin birində onu “Ədəbiyyat gəmisinin dor ağacından baxan adam” adlandırmışdı. Əlbəttə, bu cür şivərək vücudla dor ağacına dırmaşmağa və oradan açılan ədəbiyyat panoramını seyr edib təsvir etməyə nə var ki! Hünər ona deyərəm ki, bəndeyi-həqir, ya da elə başqa bir canlı-cüssəli professor bu ağacın təpəsinə dırmaşsın. Ay dırmaşdı ha!

Bəlkə elə buna görədir ki, çağdaş ədəbi-elmi mühitimizdə Vaqif Yusiflinin öz təkraredilməz yeri, mövqeyi vardır. Baxmayaraq ki, doktorluq dissertasiyasını da bütün tay-tuşlarından və hətta özündən kiçiklərdən sonra müdafiə elədi. Bu gün o özü ədəbiyyat okeanında öz dor ağacını – qələmini qaldıraraq bir gəmi kimi üzməkdədir. Yuxusuz gecələrinin bir yalançıq çimirini alandan sonra hər səhər üzünə açılan xeyirli sabahlarda ilk salamını da bu qələm-dor ağacına verir. Bu sonuncu da onun salamını həmişə dərin bir ehtiramla almaqdan bir dürlü usanmır.

Salam, dor ağacı!

Və nə yaxşı ki, çərxi-fələyin dar ağacı onun salamını almadı. Bəlkə də rüşvət olmadığı üçün...

 





16.04.2013    çap et  çap et