525.Az

Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”


 

Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”<b style="color:red"></b>

PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR” 

Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə onun ölkəmizdə dini və etnik tolerantlığın – dözümlülüyün ənənələri, həmçinin qarşılıqlı xoşgörünün müasir səviyyəsi barədə fikirlərini öyrəndik. Bu mövzuda özünəməxsus düşüncə və mülahizələrini dilə gətirən müsahibimiz tolerantlığın ölkədə milli birliyin bərqərar olunması baxımından əhəmiyyəti, həmçinin dövlətin bu sahədə yürütdüyü siyasət, apardığı işlər haqqında da fikirlərini açıqladı.

– Yaxın keçmişə və müasir dövrə baxanda ümummilli ideyanın meydana gəlməsi, mövcudluğu barədə nələr demək olar?

– Keçən əsrin 90-cı illərində hamımızın qəbul etdiyi bir ideya var idi. Bu ideyanı həm iqtidar, həm müxalifət, həm yaşlı, həm də gənc nəsil, həm bitərəflər, həm də siyasi partiya nümayəndələri qəbul edirdi. Bu ideya müstəqillik ideyası idi. Hamı qəbul etdiyi üçün, bu ideya həm də ümummilli ideya idi. Əqidə birliyi nəticəsində Azərbaycan müstəqilliyini qazandı. Dövranın gedişi də bizə kömək oldu. İndi bizi inkişafa aparan, bütün əhalini səfərbər edən, ən əsası əldə etdiyimiz şirin nemət olan müstəqilliyi qoruyan yeni bir ümummilli ideyaya ehtiyacımız vardı. Çünki milləti qabağa birləşdirici ümummilli ideya apara bilər. Bu ideya o zaman ümummilli ola bilər ki, onu hamı: həm iqtidar, həm müxalifət, həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan həmvətənlər, həm bu gün yaşayanlar, həm də gələcək nəsillər qəbul etmiş olsun. Hamının qəbul edəcəyi ümummilli ideyanı formalaşdıran çox mürəkkəb və çətin problemdir. Əgər ideya ümummilli deyilsə, onu hamı qəbul etməyə və ictimai qüvvələr parçalana bilər.

Milli ideya tarixi taledə mühüm rol oynayır və Spenserə görə, milləti ideya yaradır. İdeya kütləni ələyib, millətə çevirir. Belinski də hesab edirdi ki, cəmiyyət üzərində möhkəm hakimiyyətə söz yox, ancaq ideya malikdir. Yəni ideya kütləni səfərbər edə bilər. İdeyanın gücünü biz keçən əsrin 90 –cı illərində gördük. Milli ideya siyasi özünüdərkdən sonra yaranır. Siyasi özünü dərk üçün, millət tarixi yol getməli, qurbanlar verməlidir ki, özünü dərk edə bilsin. İtilmiş torpaqlarımız, şəhidlərimiz verdiyimiz qurbanlardandır. Ayılmamağa haqqımız yoxdur. Qərb fəlsəfəsində də ideya inkişafın əsas mənbəyi və səbəbi hesab edilir. Çünki yeni milli ideya toplumu səfərbər etməklə yanaşı, ona ruh verir, siyasi fəaliyyəti istiqamətləndirən ideoloji müddəalar sistemi yaradır. Nəticədə milli birlik yaranır, dövlət isə qüdrətli olur. Milli ideya çox sadə ifadə olunmalıdır. Skotnikova görə, ideya nə qədər sadə olarsa, bir o qədər çox kütləyə hakim olar. Bu deyilənlərdən və tarixi təcrübədən ümumilli ideyanın səciyyəvi cəhətlərini və xüsusiyyətlərini formalaşdırmaq olar: bu, hamı tərəfindən qəbul edilməlidir, cəmiyyət üzərində möhkəm hakimiyyətə söz yox, ancaq ideya malikdir, ümumilli ideya xalqı millətə çevirir.

– Ölkəmizin qonşuları olan millətlər arasında milli ideya məsələsi hansı səviyyədədir?

–Əvvəlcə, “Qonşularımız da belə problemlə yaşayırmı” ? – sualına cavab axtaraq. Şimal qonşumuz “yeni rus ideyası” ətrafında baş sındırır. Köhnə rus ideyası beyinlərdə elə kök salıb ki, onu yenisi ilə əvəzləmək çətindir. Köhnə rus ideyası Hind okeanının isti suları kimi torpaqları tutmaqdır. Bunun üçün güclü olmaq lazımdır. Əsgəri gücün, hərbi gücün çox olmalıdır. Bu səbəbdən də katyuşa kimi, Kalaşnikov avtomatı kimi silahlar, atom və nüvə bombaları kimi kütləvi qırğın silahların bu qonşumuz icad edibdi. Axtarış yenə də bu istiqamətdə gedir. 2004-cü ildə “İzvestiya” qəzetinin yazdığına görə prezident Putinin sədrliyi ilə keçən Elm və Texnologiya Elmi Şuranın iclasında bütün qocaman akademiklər ”Oboronka”nı gücləndirməyi təklif etdilər. Otuz yaşlı cavan akademik Çernodub isə bir az da qabağa gedərək deyir ki, cənab prezident, Siz bizə pul verin, biz atom və kosmos proyektləri kimi masştablı layihələr həyata keçirək. Akademiklərin ikinci təklifi bu oldu ki, Universitetlər Akademik İnstitutlara birləşdirilsin. Məlumdur ki, bütün dünyada araşdırma mərkəzləri Universitetlərin nəzdində fəaliyyət göstərir. Rusiyada isə bunun tərsini istəyirlər. Adətən, Universitetlər açıq, Elmi tədqiqat mərkəzləri isə çox vaxt qapalı müəssisələrdir. Rus alimləri qapalı müəssisələrdə çalışmağa daha üstünlük verirlər. Çünki qapalı müəssisələrə dövlətin diqqəti daha çox olur. Beləliklə, Rusiyada da yeni rus ideyası elə köhnə ideyanın davamıdır: Silah düzəldib, torpaq tutub qüdrətli görünmək.

Kütləvi informasiya vasitələri tez-tez qeyd edirlər ki, ermənilərin diaspora təşkilatları bizimkindən güclüdür, mütəşəkkildir. Səbəbini də bunda görürlər ki, onların təşkilatlanma tarixi qədimdir. Arqumentə etirazım yoxdur. Məncə, tarixilik vacibdir, amma kafi şərt deyil. Əsas şərt budur ki, onların istənilən siyasi quruluşda, hamı tərəfindən qəbul olunan ümumilli ideyası mövcuddur. Dünyanın harasında yaşamasına baxmayaraq onları səfərbər edən ümummilli ideyaları var: “Dənizdən dənizə böyük Ermənistan” İdeya sadədir, cəlbedicidir və sadə ermənilər tərəfindən də başa düşülən, dəstəklənəndir. Bu ideya artıq əqidəyə çevrilib və öz işini görərək gündəlik həyatda işləyir. Onlar, ümummilli ideyanın xüsusiyyətlərinə uyğun olaraq, bu yolda həm ölümə gedirlər, həm də öldürürlər.

Digər bir qonşumuz gürcülərin əsas milli ideyası gürcü ruhunu, gürcü varlığını qorumaqdır. Bu qonşumuz XXI əsrin səciyyəsini, ruhunu düzgün tutublar. Bu əsrdə onlar bazara maddi məhsuldan daha çox, intellektual məhsul çıxarmaq niyyətindədirlər. Toplum az və unikal olduğundan tarixi məqamlarda ən amansız gücə qarşı çevik milli birlik nümayiş etdirilir. Məhv olmaq qorxusu, onları birləşdirir.

Yeri gəlmişkən qeyd edək ki, sanki qonşu gürcülər üçün xarakterik olan son qorxunun bizə “dəxli” yoxdur. Bəzi psevdopatriotların dediyi kimi, axı biz 40 milyondan çoxuq. Bu səbəbdən də dünyada gedən təlatümlərdən qorxumuz yoxdur. Özümüzü situasiyaya adekvat aparmırıq.

İndi də, bizim belə bir ideyaya ehtiyacımız varmı? Ümumilli ideya ən azı bizə ona görə lazımdır ki, əldə etdiyimiz şirin nemət olan müstəqilliyi qoruya bilək. Qloballaşma şəraitində bu, çox çətin bir problemdir. Bu problem bir də ona görə çətindir ki, biz, yumşaq desək, dost olmayan dövlətlərin əhatəsindəyik. Bizim yerləşdiyimiz geosiyasi məkan çox mürəkkəbdir. Heç uzaqda da dostlarımız çox deyil. Böyük Britaniya, Danimarka və ya Yaponiya kimi ada dövlətləri də deyilik. Deməli, siyasi mühit bizim üçün çox mürəkkəbdir. Yer kürəsinin bətnində olan neftin axırıncı litri çıxarılana qədər bu mürəkkəbliyin günbəgün artacağını düşünürəm.

Müstəqillikdən sonrakı dövr üçün bizim üçün ümummilli ideya nə ola bilər? Söhbət ideyadan və ələlxüsus milli ideyadan getdiyi üçün bu milli elitanın, ziyalıların öhdəsinə düşür. Bizə də milli birlik və uğrunda ölməyə qüdrətli dövlət lazımdır. Belə bir dövlətin yuxarıdakı şərtləri ödəyə bilən milli ideyasını ulu öndər Heydər Əliyevin fəlsəfəsi əsasında yaratmaq olar.

Amerikanın Qudzon İnstitutunun elmi əməkdaşı, politoloqu Enders Vimbuş Azərbaycanda olanda maraqlı bir fikirlə çıxış edib: “Əgər siz güclü olsanız, sizin düşməniniz də bunu bilər və öz strategiyasını dəyişər”. Fikrimcə, amerikalı politoloq açar fikir söyləyib. Bu fikri belə də ifadə etmək olar: Biz gücləndikcə ermənilər sakitləşəcək, biz zəiflədikcə ermənilər aktivləşəcək. Deməli, Azərbaycan üçün aparıcı ideya güclü dövlət, qüdrətli dövlət ideyası ola bilər.

Qüdrətli dövlət yaratmaq, düşməni (və ya düşmənləri) neytrallaşdırmaq və Qarabağ yarasını sağaltmaq üçün lazım olan  ümumilli ideya ulu öndər Heydər Əliyevin bəzi fəlsəfi fikirlərində əks olunub. Bir neçə misal gətirək: “Düşmənin Azərbaycanı parçalamaq, dağıtmaq, torpaqlarımızın bir qismini ələ keçirmək planlarının qarşısını almaq üçün, buna sinə gərmək üçün, bu planları pozmaq, Azərbaycanı qorumaq üçün hamının bir məqsədi olmalıdır”.

Bu fikirdən əxz edəcəyimiz nəticə bundan ibarətdir ki, düşmənin planlarını pozmaq üçün bizdə məqsəd birliyi olmalıdır. Məqsəd birliyi ümummilli ideya tərkib hissəsidir və güclü dövlətə aparan yoldur. Ümummilli ideyaya yol, milli birlikdən keçir. Bu niyyətlə də Heydər Əliyev məqsəd birliyinin vacibliyini diqqət mərkəzinə çəkib. Hesab etmək olar ki, ümummilli ideyanın mərkəzində məqsəd birliyi durmalıdır. Ulu öndərin bir fikri var: “Borcumuz odur ki, Azərbaycan müstəqil bir dövlət kimi daha da inkişaf etsin, daha da qüdrətlənsin, Azərbaycanın müstəqilliyi hər bir vətəndaş üçün xoşbəxtlik gətirsin, səadət gətirsin”. Buradan anlaşılır ki, hər bir kəsin xoşbəxt yaşamasının kökündə qüdrətli dövlət ideyası durur. Bu niyyət hamı tərəfindən qəbul olunandır və belə fikirlər Heydər Əliyev fəlsəfəsində çoxdur. Ancaq bu iki kəlam da ümummilli ideya sərhədlərini cızmağa kifayət edir. Ölkə əhalisinin və ondan kənarda yaşayan bütün azərbaycanlıların və həm də gələcək nəsillərin qəbul edəcəyi ümummilli ideya elə olmalıdır ki, o həm də ermənilərin ümummilli ideyasını neytrallaşdıra bilsin. İdeyanı güllələyəndə o ölmür, əksinə o daha çox beyinlərə yol tapır və populyarlaşır. İdeyanı öldürmək üçün ondan daha yaxşı ideyanı ortaya qoymaq lazımdır. Biz bunu formalaşdıra bilsək, onda düşmən tərəf onu “güllələyəcək”, bu isə bizim ideyanı daha qüdrətli edəcək və populyarlaşdıracaq.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





16.04.2013    çap et  çap et