525.Az

Yeni "Əkinçi"lər


 

“İRƏLİ” İCTİMAİ BİRLİYİNİN TƏŞKİL ETDİYİ "GƏNC ƏKİNÇİ 2" LAYİHƏSİ SONA ÇATDI

Yeni "Əkinçi"lər<b style="color:red"></b>

Təlimdən əvvəl... 

Orhan Pamuk "Yeni həyat" romanının ilk cümləsini tapanda bəlkə də düşünmürdü ki, bu sözlər çoxlarının karına gələcək. O cümlədən, biz "Əkinçi"lərin. Necə deyərlər, "bir gün bir səfərə çıxdıq və həyatımız dəyişdi..."

Mən xəbər tutanda ki, "İrəli" İctimai Birliyi Qubada jurnalistlər üçün dördgünlük təlim təşkil edəcək, bir az tərəddüd keçirdim. Getməyə dəyərmi? Bakının xaotik, yorucu ab-havası və insanın xəyalını buludsuz səmalara qaldıran qulaqkeyidici səs-küyü hərdən adamı elə sıxır ki, hətta şəhərdən kənarlaşmaq fikri də insana sakitlik gətirmir, təskinlik vermir. Bu qarışıq düşüncələr içərinsində təqribən otuz nəfərlik kollektivlə yola çıxmaq bir yandan çətin görünsə də, o biri yandan fürsəti dəyərləndirmək, sınamaq istəyi də vardı.

 "Gənc Əkinçi Akademiyası 2" layihəsi müxtəlif mətbuat orqanlarında, televiziya və agentliklərdə çalışan məsləkdaşları, habelə Jurnalistika fakültəsinin tələbələri və həvəskar jurnalistləri bir araya gətirirdi.

Nəhayət, 25 yanvarda Bakıdan yola düşdük. 

I gün 

Qubanın Amsar kəndində yerləşən "Cənnət bağı" otelində yüklərimizi boşaldıb otaqlarımızla tanış olduq. Otaq yoldaşım Vüsal Yalçınoğlu idman jurnalistidir. Beşillik jurnalistika təcrübəsi olan 22 yaşlı bu cavan oğlan mənimlə yaşıddır. Axşamları günboyu baş tutan təlimləri, konfrans və müzakirələri, əyləncəli proqramları birgə təhlil etmək olduqca maraqlı idi.

Saat artıq 11-i vurur. Səhər erkəndən yola çıxdığımızdan biz "Əkinçi"ləri tədbirli hesab etmək olar. Çox keçmədən konfrans zalında toplaşırıq və ilk görüşümüz reallaşır.

Açılışı Birliyin rəhbəri Mirhəsən Seyidov edir. O, bizlərə "İrəli" İctimai Birliyinin fəaliyyətindən və "Gənc Əkinçi Akademiyası"nın ikinci təşəbbüsündən söz açır. Daha sonra qonaqları təqdim edir və söz Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova verilir.

Əflatun Amaşov hazırda olduğumuz kənddə Abbasqulu Ağa Bakıxanovun doğulduğunu bildirir. Sonra "Əkinçi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetlərindən, Azərbaycan mətbuatının təşəkkülü prosesindən və dövlət müstəqilliyimizin əldə olunmasında milli mətbuatın rolundan danışır. Vətəndaş jurnalistikası və bloqerliyin müasir əsaslarını və durumunu şərh edən Ə.Amaşov dünya arenasında bu sahənin geniş vüsət aldığını deyir: "Artıq Avropada bloqerlər kütləvi informasiya vasitələrini idarə etmək gücünə sahibdirlər".

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli publisistikanı, informasiya siyasətini, bugünün və dünənin mətbuat-media problemlərini xarakterizə edir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev isə gənclərlə polemikaya girir, medianın milli və beynəlxalq platformada ümumi mənzərəsini canlandırır.

Yemək fasiləsindən sonra "Modern.az" saytının rəhbəri Elşad Eyvazlı araşdırma jurnalistikasından danışır. E.Eyvazlı televiziya kanallarını, demək olar, izləmədiyini, bütün məlumatları internet vasitəsilə əldə etdiyini deyir. Sonra müasir Azərbaycan mətbuatının böyük bir boşluq yaşadığını - araşdırma yazılara üstünlük verilməsinin zəruriliyini bildirir.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mətbuatımızın inkişaf etdirilməsi vacib olan tərəflərindən söz açır. Onun fikrincə, Azərbaycan qəzetlərinin reklam bazarı və büdcəsi olduqca aşağıdır. Bu məsələlərin həlli yollarını tapmaq isə yeni nəsil jurnalistlərinin üzərinə düşür.

Yazıçı Pərvin gənc jurnalistlərə mətbuata gəldiyi dönəmlərdən, ilk fəaliyyət illərindən, qəzet işinin çətin məqamlarından danışır. Deyir ki, bu yaradıcı sahədə uğur qazanmaq üçün ilk növbədə maddi gözləntilər yox, peşəyə olan məhəbbət önə çəkilməlidir.  

II gün 

Səhər yeməyinin ardından yenə konfrans zalında görüşürük. "Gənc Əkinçi"ləri ekspert Daşqın Rəcəbli qarşılayır. Proqramda isə "Səssiz fikir" var...

Bizlərə qısametrajlı filmlər təqdim olunur. İzləməli və beş ayrıca qrupda filmin təqdimatını hazırlamalıyıq.

Səssiz filmləri bir-bir mənalandırırıq. Yekunda Daşqın Rəcəbli filmlərin ideyası ilə bağlı məlumat verir.

D.Rəcəblinin moderatorluğu ilə "Xocalı soyqırımı" müzakirəsi də maraqlı keçir.

Günü Mirhəsən Seyidovun qızğın, qaynar və unudulmaz söhbəti ilə tamamlayırıq. 

III gün 

Üçüncü gün qonaqlarımız - təlimçilər Ellada Mustafayeva, Ramin Rzayev və Azər Həsrətdir.

E.Mustafayeva sosial şəbəkələr, informasiya təhlükəsizliyi barədə mühazirə deyir.

R.Rzayev informasiya texnologiyalarından istifadə üsulları barədə danışır.

A.Həsrət gənc jurnalistləri netiket qaydaları ilə tanış edir, elektron mühitdə davranış formalarından söz açır.

... Sonra "Xəmsə" bilik yarışı keçirilir və hər birimizin ürəyincə olur.

Beləcə, layihəmiz öz işini uğurla tamamlayır. 

IV gün 

Proqrama əsasən son gün tur təşkil edilməli idi. Ancaq Qubaya güclü qar yağır və "Əkinçi"lər ağır hava şəraiti ucbatından proqramda ixtisarlar edirlər.

Bakıya üz tuturuq.  

İştirakçılar nə düşünür? 

Modern.az saytının əməkdaşı Qafar Ağayev: "Tanınmış media ekspertlərinin mühazirələrini dinlədik, bilmədiyimiz məlumatları əldə etdik və ekspertlər suallarımıza aydınlıq gətirdilər. Bununla yanaşı, maraqlı insanlarla tanış olduq, fikir mübadiləsi apardıq. Təlimlər zamanı bəzi doğru bildiklərimizin əslində səhv olduğunu öyrəndik. Bu kimi tədbirlər jurnalistikada təcrübəli kadrların artmasına səbəb olacaq. Fikrimcə, "Gənc Əkinçi" layihəsinin məqsədi Həsən bəy Zərdabi adına layiqli jurnalistlərin yetişməsidir və layihə çərçivəsində qazandıqlarımız müxtəlif situasiyalarda köməyimizə çatacaq".

"AZƏRTAC"n əməkdaşı Pərvin Ələkbərov: "Peşəkarlardan dərs aldıq. Jurnalistika sahəsində təcrübəm daha da artdı. Gənc jurnalistlərlə müzakirələr apardıq, fikirlərimizi bölüşdük. Asudə vaxtlarımızı maraqlı keçirdik. İntellektual oyunlar oynadıq. Jurnalistlərlə bir araya gəlmək sevindirici idi".

BDU-nun Beynəlxalq Jurnalistika üzrə magistraturasında təhsil alan Jalə Səmədova: "İrəli"nin "Gənc Əkinçi Akademiyası"na ilk dəfə qoşulurdum. Qısa müddət ərzində jurnalistika sahəsində müxtəlif biliklər əldə etdik və biliyimizi dərinləşdirdik. Araşdırma jurnalistikası mövzusunda Elşad Eyvazlının, müasir mətbuatın bugünki vəziyyəti barədə Rəşad Məcidin, yeni media sahəsində Ellada Mustafayevanın, Kütləvi İnformasiya Vasitələrində texnikanın rolu barəsində Ramin Rzayevin çıxışı xüsusi yaddaqalan oldu. "İrəli" İctimai Birliyinin ikinci dəfə təşkil etdiyi "Gənc Əkinçi Akademiyası" mənə həm də yeni insanlarla tanış olmaq imkanı yaratdı. Layihənin davamlı olmağını istərdim".

Azadinform.az saytının əməkdaşı Rüstəm Əliyev: "Tədbirin keçirilməsini və təlimlərimizi çox bəyəndim.  Təşkilatçılıq yüksək səviyyədə idi. Kolleqalarımızla birlikdə toplanmağımız və təcrübələrimizi paylaşmaq bu işi daha effektiv etdi".

Sportarena.az saytının redaktoru Vüsal Yalçınoğlu: "Bir çox tədbirlərdə iştirak etmişəm. Amma ilk dəfə 27 gənc jurnalist ilə bir layihədə iştirakçı oldum. Bu layihənin mənə qazandırdığı çox şeylər oldu. İqtisadiyyat fakültəsini bitirmişəm. Amma jurnalistikaya marağım olduğu üçün bu peşəni seçmişəm. Bu layihə sayəsində bir növ jurnalistika təhsili almış kimi oldum. İnanıram ki, öyrəndiklərim gələcək karyeram üçün önəmli olacaq. Bundan əlavə, yeni tanışlıqlar, yeni dostlar və ən əsası da yaddaşımdan silinməyəcək anlarım oldu. Bütün bunlar üçün ilk növbədə "İrəli" İctimai Birliyinin hər bir üzvünə təşəkkürümü bildirirəm. Belə bir layihəni təşkil etmək və geniş auditoriyanın zövqünü oxşamaq hər kəsə nəsib olmur. Bu, onların peşəkarlığının göstəricisidir".

Müşfiq ŞÜKÜRLÜ

 





31.01.2017    çap et  çap et