525.Az

“İslam dininə xas tolerantlıq və xoşgörü anlayışı Nizami irsində geniş əks olunub”


 

“İslam dininə xas tolerantlıq və xoşgörü anlayışı Nizami irsində geniş əks olunub”<b style="color:red"></b>

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması ictimai birliyi növbəti “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı ilə görüş təşkil edib. Görüşün mövzusu “Nizami irsində islami dəyərlər” olub. Tədbiri giriş sözüylə açan birliyin sədri Solmaz Əmirli hər dəfə “Ziyalı ünsiyyəti” çərçivəsində ölkənin ən sanballı, dəyərli ziyalılarını ictimaiyyət nümayəndələri ilə görüşlərinin təşkilindən, bu zaman çox aktual mövzuların müzakirə olunmasından bəhs edib və bu dəfəki tədbirin dahi şairin 870 illik yubileyi çərçivəsində baş tutduğunu deyib. S.Əmirli bu gün dünyada islami dəyərlərin arxa plana keçirildiyi, islam dininin dünyanın bir sıra ölkələrində məqsədli şəkildə gözdən salındığı, terror vasitəsi kimi təqdim olunduğu və islamofobiyanın yayıldığı bir dövrdə, gənclərin milli və dini dəyərlərimizdən müəyyən mənada uzaqlaşdığı bir zamanda “Nizami irsində islami dəyərlər” mövzusunun aktuallıq kəsb etdiyinə əminliyini ifadə edib. 

Toplantıya dəvət olunmuş qonaq islami dəyərlərin fəlsəfəsindən, islamın əslində sevgi dini kimi meydana çıxmasından, dini və milli ayrı-seçkiliyə qarşı olmasından, islam əxlaqının fəzilətlərindən və bütün bunların dahi şair Nizami Gəncəvinin bədii irsində öz əksini tapmasından ətraflı söz açıb: “Nizami deyir ki, insan dayansa, tarix dayanar. Nizamiyə görə mömin insanlığı, yaxşılığı, sevgini çoxaldan adamdır.  Həzrəti Nizaminin anlayışına görə, insanı doğru yola yönəldən uca Allahdır. Şair bir misrasında “yol” sözündən istifadə edərək islam dininin, peyğəmbərlik anlayışının və Həzrəti Məhəmmədin  missiyasının mahiyyətini açıqlayıb.

Yəni öncə uca Allah bir insanın doğru yolda olmasına qərar verir, ilahi buyruqdan sonra insana (topluma) doğru yolun ölçülərini öyrədən kitab göndərir və insanlara bu kitabı öyrədən müəllim-peyğəmbər seçir. İslam dininə görə, doğru yol nemət, yəni ağıl, iman, iradə, elm verilmiş kimsələrin yoludur. Doğru yol bir ilahi lütfdür”.

Siracəddin Hacı Nizami irsində milli, dini və bəşəri dəyərlərin geniş işıqlandırıldığını bildirib: “Nizamiyə görə, əsl dəyərlər heç vaxt köhnəlmir. Bu, həm milli, həm dini, həm də bəşəri dəyərlərə aiddir. Ədalət, haqq, özündən başqalarına, səndən fərqli dəyərlərə tapınan insanlara sevgi də dəyərdir.  Sabah olmayan şeylərə də Nizami dəyər demir. Və Nizamiyə görə də dəyərin qaynağı Allahdır, Allahın qoyduğu ölçülərdir”.

Qonaq dahi şairin irsində Məhəmməd Peyğəmbərin dövrü ilə sonrakı dövrün fərqindən söz açıb: “(Bu köhnə) mülkü yenidən bəzə, cahanı elə təzələ/ Ki, bu (əməlin) səsi hər iki cahanı tutsun beytində Nizami Həzrəti Məhəmmədin dövrü ilə ondan sonrakı mərhələnin fərqini göstərmək və peyğəmbərin gəlişinin zəruriliyini anlatmaq üçün zidd anlayışlardan istifadə edib.  Birinci misranın mətninə daxil edilmiş sözlərə və bu sözlərin məna tutumuna baxaq: “köhnə mülk”, “yenidən bəzəmək”, “cahanı təzələmək”. Şair “köhnə mülk, dünya” deyərkən həm dünyanın köhnə, qədim olduğunu, həm də Həzrəti  Məhəmməddən sonra dünyanın nizamının pozulduğunu nəzərdə tutub. Şairə görə, dünya Həzrəti Məhəmməddən sonra uca Allahın müəyyən etdiyi, buyurduğu prinsiplərdən uzaqlaşıb, “köhnəlib” və təravətini, təzəliyini, ətrini itirib. Şairə görə, dünyanın yenidən gözəlləşməsi, islami dəyərlərlə idarə olunması üçün Həzrəti Məhəmmədin gəlişi zəruridir. Nizamiyə görə, bu elə bir vəzifədir ki, onu ancaq hz. Məhəmməd yerinə yetirə bilər. Bu nizamı pozulmuş dünyanı qaydaya salmaq işi elə önəmlidir ki, bu vəzifənin yerinə yetirilməsinin nəticəsi bu dünya və axirətdə qiymətləndiriləcək”.

Siracəddin Hacı Nizami irsində islamın bütün fəzilətlərinin öz əksini dolğunluğu ilə tapdığını qeyd edib. Qonaq doğru yaşam tərzinin bütün şərtlərinin İslamda və onun müqəddəs kitabında qeyd olunduğunu qeyd edib: “Əgər insanlar İslamın əsl mahiyyətini dərk etsələr onda dünyada nə dini, nə də milli təfriqə olmaz, insanlar qardaşlaşar, bir-birilərinə sevgi, xoşgörü, dözümlülüklə yanaşarlar. Nizami də irsində dəfələrlə qeyd edir ki, möminlər qardaşdır. Deməli islam elə bir dindir ki, insanları bir dini inanca gətirərək qardaşlaşdırır, milli dünyagörüş vahid ümmət adı altında formalaşır. Nizami də islami dəyərlərə söykənərək iman qardaşlığının qan qardaşlığından da önəmli olduğunu yazır. Deməli, buradan bu nəticə çıxır ki, əgər biz bir insanı qardaş hesab ediriksə, deməli, Somalidəki müsəlman da bizim qardaşımızdır. Yəni bir ayda 7 min somalili uşaq acından ölürsə, özünə müsəlman deyən insanın qəlbinin titrəməsi lazımdır, əgər imkanı varsa, əlinin cibinə getməsi, ona yardım etməsi lazımdır.  Bax, bu mərhəmət, sevgi dini olan islamın əsl mahiyyətidir. Müsəlman müsəlmanın qardaşı  olduğu üçün onun önündə məsuliyyət hiss etməlidir”.

İslamda tolerantlıq və xoşgörü anlayışının geniş vüsət tapdığını da qeyd edən Siracəddin Hacı bunun Qurani-Kərimdə də, eyni zamanda da Nizaminin əsərlərində ifadə olunduğunu deyib: “Bütün bunlar Nizami irsində geniş əks olunub. İslamda deyilir: Allahın mərhəmətini qazanmaq istəyirsinizsə, insanlarla xoş davranın. Heç bir insan və ya zümrə başqa bir insanı və zümrələri ələ salmasın, onları xor görməsin. Bəlkə onların ələ saldıqları sizdən daha yaxşıdırlar?”

Digər millətlərə, fərqli dinə malik insanlara da islamda zorakılıq yoxdur. İmana, islama dəvət də insanların öz istəyinə buraxılır. Nizami də bu kimi vacib mətləblərə diqqət ayırıb. Bir dəfə Həzrəti Məhəmmədin yanına müşriklərin (dinsizlərin) uşaqlarını gətirdilər. Peyğəmbər soruşduqda dedilər ki, bunlar kafir uşaqlarıdır. Bunları nökər kimi istifadə edəcəyik, qul kim satacağıq. Yəni, əshabələri bunlara bu sözlərlə istehza etmiş oldular, onları aşağılamaq istədilər. Peyğəmbərimizin onlara cavabı o oldu ki, bir zaman siz də kafir uşaqları deyildinizmi? Sizin də ata-babalarınız Allaha şərik qoşmurdularmı? Bax, bu əsl ədalətli davranışın, özündən fərqlilərə xoşgörülü münasibətin ideal təzahürüdür”.

Siracəddin Hacı Nizami irsindən gətirdiyi bədii nümunələr əsasında islami dəyərlərin fəlsəfəsindən, islamın hər zaman üstün fəzilətlərə sahib olmasından, İslamda insanlara, qeyri-millətlərə, qeyri-dinlərin nümayəndələrinə bəslənilən münasibətin yalnız dözümlü deyil, sevgiylə dolu,  xoşgörülü olmasından ətraflı danışıb.

Sonda qonaq görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sevinc MÜRVƏTQIZI

 





16.04.2013    çap et  çap et