525.Az

Çünki o, Cahangir Məmmədlidir!


 

Çünki o, Cahangir Məmmədlidir!<b style="color:red"></b>

...Həyatı boyu şan-şöhrətdən qaçan, sadə və təvazökar bir ömür yaşayan bu insan haqqında onun arzuladığı kimi mən də heç nə yazmazdım, ancaq son dövrlərdə bəzi sosial şəbəkələrdə onun ünvanına söylənilən hərcayı fikirlər məni bu yazını yazmağa məcbur elədi.

Məcbur oldum ki, yazam, ey pisi-yaxşıdan seçməyi bacarmayanlar, gözünüzü açıb bu dünyaya yaxşı baxın, yəni bu millətin ziyalısı o qədər çoxdur ki, siz onlardan biri ilə,bəlkə də ən yaxşılarından biri ilə belə kobud rəftar edirsiniz?! Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində dedi ki, sosial şəbəkələr hər şeyi kəsməyə qadir iti ülgücə bənzəyir. Ağıllı adamın əlində xəstə orqanı təşrih etmək, insanlığa xidmət etmək zorundadır, xəstə təxəyyüllü adamın əlində isə insanları şil-şikəst eləmək təhlükəsindədir. Bu gün həmin ülgüc bəzi hallarda nadan əlinə keçir və o, məsuliyyət daşımadan sağa-sola kəsə-kəsə gedir. Hərdən düşünürəm ki, etdiyi hərəkətə, yazdığı sözə görə bir azca məsuliyyət daşısaydı, yaxud bu addımın hansı fəlakətlərə apardığının həmin adam üçün fərqi olsaydı, yəqin ki, belə olmazdı.

...80-ci illərin sonunda Bakıda qəribə bir vəziyyət yaşanırdı. Şəhər bomboz və bomboş idi. Aləm bir-birinə qarışan şəhərdə nə polislər gözə dəyirdi,  nə də digər qanun keşikçiləri... Bundan yararlanan bəziləri hər cür qanun pozuntusu edir, sanki etdiyi hərəkətdən zövq alırdı. İndiki Bül-bül prospekti ilə yolu keçirdik. Yuxarıdan, yəni sirk tərəfdən gələn maşınlara baxıb yola çıxırdıq ki, dəniz tərəfdən üzü yuxarı gedən bir qırmızı maşının tormozunun səsinə diksindik. Biz ora-bura qaçıb canımızı qurtarsaq da, maşın dostlardan birinə toxundu və o, yerə yıxıldı. Qırmızı maşının sürücüsü indi sosial şəbəkələrdə şəbeh çıxardan cavanlara oxşayırdı, bizi günahkar hesab elədi: "Alə, bir o yan, bu yana baxun da..."  Soruşduq ki, axı sən niyə hərəkətin əksi istiqamətində sürürsən? Utanmadan cavab verdi ki, ömrüm boyu arzulamışam bu küçəni tərsinə sürüm. İndi baxan yox, tutan yox, sürdüm ki,  arzum ürəyimdə qalmasın". Bəs bu insanın taleyi necə olacaq, soruşanda əsl siması açıldı, "necə olacaq  olsun, mənə nə?"-dedi.  "Kimə deyirsiniz deyin, hara şikayət eləyirsiniz eləyin, onsuz da baxan olmayacaq",- deyib sürüb getdi... Hara,  hansı polis bölməsinə gedib şikayət etdiksə, o, deyən oldu, cavab verdilər ki, biz nə hayda, siz nə hayda...Doğrudan da baxan olmadı.

İndi sosial şəbəkələrdəki vəziyyət təxminən o zamankı küçələrə oxşayır. Kim necə istəyir sürür, nə istəyir eləyir, hansı qanunu istəyir pozur,  məsuliyyət yox, təhlükə yox, qorxu yox. Adətən, belə vəziyyətlərdən nadanlar yararlanırlar. Necə ki, o zaman da ağlı başında olanlar heç bir qanunu pozmurdu, vicdanı olanlar alışdıqları qaydalarla yaşayırdı, o biriləri isə "fürsət" hesab edib qanunu pozmaqdan sanki zövq alırdı, hər hərəkəti  özünə rəva bilirdi, kimi də vurub yıxsaydı vecinə də deyildi.

Yazını yaza-yaza ötən illərə qayıdarkən xatirələr silsiləsinə bir şirin xatirə də qoşulur.1974-cü ildə sənədlərimi indiki Bakı Dövlət Universitetinə verməyə gəlmişdim. Orta məktəbi yenicə bitirmiş, bura bələd olmayan biri kimi məni atam müşaiyət edirdi. O vaxtlar sənədləri BDU-nun idman zalında qəbul edirdilər. Böyük zal, müxtəlif fakültələr üçün sənədvermə yerləri, yüzlərlə abituriyent, müəllimlər, ara-sıra qayda yaratmaq istəyənlərin qışqırtılı tələbləri və s... Qısası, orta məktəbdən yenicə ayrılmış 16-17 yaşlı gənc üçün aura çox vahiməli idi. Sənədlərimi vermək istədiyim Filologiya fakültəsinin qarşısında böyük növbə var idi.  Həmin növbədən qayıdanda məni ovsunlayan bu vahimənin içində həsrətində olduğum bir isti baxış, səmimi münasibət, qayğılı rəftar, qılıqlı adam gördüm. Atam bayaqdan dayanıb onunla söhbət edirdi. Bu qısa müddətdə burada gördüyüm soyuq adamlardan, qışqıran gənc təşkilatçılardan, quru məmurlardan çox fərqli bir adam idi. Atam bizi tanış etdi: "Oğlum, bu, universitetin baş müəllimidir". İki məsələyə çox məəttəl qaldım: birincisi bu adam da müəllimdirsə, niyə o biriləri kimi qışqırmır, bizi başdan eləmək istəmir, kobudluq etmir. İkincisi, belə cavan, bir qədər çəlimsiz adam necə olur ki, bu boyda universitetin baş müəllimi olur? ( o vaxt elə bilirdim ki, "baş" sözü "ən başda olan" mənasındadır). Bu sualların cavabını illər ötəndən, mən universitetdə işləyəndən, kollektivi yaxından tanıyandan sonra dəqiq bildim: İkinci sualın cavabı sadə imiş: demə, baş müəllim pedaqoji statusdur, müəyyən müddətdən və xidmətdən sonra müəllimlərə verilən status. Birinci sualın cavabı xeyli mürəkkəb imiş: belə qəliz vəziyyətdə də insanlığı itirməmək, hər kəsə qayğı göstərmək üçün gərək çox yüksək mənəvi keyfiyyətlərə malik olasan. Həmin adamı mən sonralar da elə o vaxt gördüyüm kimi tanıdım, professor da oldu, kafedra müdiri də oldu, müxtəlif vəzifələrin, statusların sahibi də oldu, dəyişmədi, dünya dəyişdi, dövlət quruluşu, münasibətlər, meyarlar, əqidələr dəyişdi, ancaq o adam dəyişmədi: həmişə xeyirxah, alicənab, humanist, qayğıkeş, nəinki ətrafındakılara, tələbələrinə, tanımadığı adamlara da yaxşılıq etmək iqtidarında qaldı.  Çünki, o, bu dünyaya belə missiya ilə gəlib! Başqa cür ola bilməz! Bu elə şəxsiyyətdir ki, yuxarıda haqqında yazdıqlarım tərəfindən atılan heç bir ləkə, iftira ona yapışmaz, bu insan 75 il kişi kimi, mərd-mərdanə, çoxlarına nümanə olası ömür  yaşayıb. Çünki o, Cahangir Məmmədlidir!

 





09.02.2017    çap et  çap et