525.Az

Əhməd Qəşəmoğlunun şeirləri


 

Əhməd Qəşəmoğlunun <b style="color:red">şeirləri</b>

Bu oda yandıqca

Dünya şöhrətli alimimiz, dostum Rafiq Əliyevə
               
Qeybin bir payıdır əsl məhəbbət
Bütün kainatın nurundan gəlir.
Mələklər də ona eyləyir heyrət,
Ancaq saf qəlblərdə dinir, yüksəlir.

Burda bir hikmət var, sirri bilən yox
Çox vaxt nakam olur, tez gedir biri.
Gözdən yox olsa da, qəlbdə daha çox
Boy verir, nur verir onun yox yeri.

Gedənin yerində nur qalır, kövrək
Qalanı kökləyir müqəddəsliyə.
O nur şölə verir, canlıtək, titrək
Duatək qarışır bu yerə, göyə.

Əsl məhəbbətin məqamı uca
Insanlıq baş əyir bu ülviyyətə.
Daima bu oda belə yandıqca
Daha da layiqsən sonsuz hörmətə.

Bilmədim ki...

Mən də keçdim yer üzündən
amma kiməm?
bilmədim ki....
nə sirr imiş axı həyat,
                        bütün aləm?
bilmədim ki...

çox sirdə getdim dərinə,
can atdım, sonu görünə...
alimlərin hər birinə
ta nə deyəm?
                 bilmədim ki...

hər mənada neçə məna, 
hər məna çəkdi bir yana
düşdülər hey dondan-dona
mən nə geyim?
bilmədim ki...

kainata mehrab eşqdi?
çox vaxt məndən uzaq düşdü...
qəlbim
nuruyla görüşdü...
günüm, ayım?
bilmədim ki...

bu eşqdən o yana nə var?
sirlə dolu
                  qaranlıqlar...
Allah hökmü sonsuzluqlar
yerəm, göyəm?
bilmədim ki....

bildiyim bilirsən nədi?
-hər qəlb ahəngə təşnədi...
hələ yer üzü bilmədi?
bildim bəyəm?
bilmədim ki....

Qalx, qalx oğlum!

...indi bir dərs otağındayıq...
mən müəllim, sən tələbə....
ürəyim ağrıyır ,
kədər, qəm döyür məni
hər dəfə
baxdıqca sən tərəfə....
...hər doğulan körpə
bir yeni ümididir
ananın, atanın...vətənin...
niyə belə tənbəlsən,
məğmun gündəsən oğlum?

içində qımıl-qımıl dinən işığın
nurunu kim tapdadı?
kim bu günə qoydu səni?
səni kim vurdu oğul?...

toparlan, qalx oğlum
vətənə çox lazımsan,
anana, atana çox lazımsan.

gözəllər içində bir gözəl axtar...
qəlbində
qeyrətli, qüdrətli
bir igidə həsrəti
yatana çox lazımsan....

toparlan, qalx oğlum,
kül altından köz çıxantək
özünü çıxar indiyədək
başına gələn bəlaların içindən...
qalx!

qorxma!
sən işığa getdikcə,
işıq da sənə gələcək, oğlum...

Tonqal

Su tökülüb söndürülüb bu tonqal...
Kösöylərin tüstüsü
                   taleyindən küsülü...
Arada közlər var sönmək istəmir,
Hamısı bəmbəyaz külə bükülü.

H ansı sevda ilə bu alov axı
Gülü, gülüzarı oda tutmuşdu?...
Gözləyən yox idi, onu bu vaxtı,
Niyə tale onu, bura atmışdı?

Şamtək ilk şöləsi boy verən vədə
Bir çiçək də onu  çiçək bilirdi,
Hərdən zarafatla gələrək hədə
Odu oda yaxıb naz da edirdi...

Alov dilimləri qalxdı, boy verdi
Ləçəkləri qarsdı zərif çiçəyin...
Qorxuyla, təlaşla üz-üzə durdu
Gördü ki, od alır teli, birçəyi...

İlahi çiçəkdi, adi deyildi
Göylərin  hökmüylə sular töküldü,
Div kimi heybətlə qalxan tonqalın
Bir anda şux qəddi sındı, büküldü.

Vədəsində

Nə gözəl gəlmisən ömrümə mənim?!
sanki bir pöhrəsən yaz vədəsində...
ögeylik ömrümə olmuşdu qənim
yaxşı ki, gəldin sən öz vədəsində.

xəyallara gedib, duruxma belə,
üstünə nur yağır, karıxma belə,
bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.

sən haqqa aşiqisən, mən  sən  lələ,
sübhdə bal arısı qonmaz hər gülə.
üzündən birçəyi tez ol, dəstələ
dön mənə gülümsə tez, vədəsində.

Zarafat şeiri

Səhv etdim çatıldı qaşı,
əlində var tapancası
lüləni tutdu üzümə
durub baxdım naşı-naşı.

Güllələdi, güllələdi
Tamam qanıma bələdi
Sonra şirin təbəssümlə
Yarama məlhəm elədi.

Ah! qəlbim bunu bilmirmiş...
Yar yarası şirin imiş!
Qurşunlar naz qəmzə ilə
Gör sinəmi necə deşmiş?!
Allah versin insafını!
Yazıq yuyur günahımı...
Düşüb ölsəm əzizləsin
Hər ağrımı, hər ahımı....

Yağış, bəlkə sən, mənsən?

Xəbərin varmı yağış
Səni sevən kimdi, kim?
Özü bir nur yağışı
Mənim qəlbimə hakim.

O sənin vurğunundu
Mənsə onun vurğunu.
Yağış kim qurub belə
Bu ilahi qurğunu?

Bəlkə mən yağış olum?
Bir dəfə də sən, mən ol.
İndi o uzaqdadı
Həsrətə tapaq bir yol.

Bir narın yağış olub
Oxşasam onu doğma.
Bəlkə bir nur yayılar
Ruhuna  lap dop-doğma?

Yağış, bəlkə sən onun
Ayrılıq həsrətisən?
Indi bu ilahiliklə
Mənə nəsə deyirsən...

Ümidimə yağ, yağış
Ümidim pöhrələsin.
Qəlbinə güman düşsün,
Eşqimlə cilvələnsin.

Yağış, bəlkə də elə
Sən elə mən özümsən?...
Yarın uzaqda deyə
Sən yazıq da dözmürsən...

Bu nə dəlilikdi?..

Ay məni yer üzündə
qəmzəsi xoş olan hər yaranmışa,
                             çiçəyə, böcəyə belə...
qısqanan zalım,
bu nə dəlilikdi,
             qadanı alım!

mənim hər yanımda sənin nurun var...
o nurun önündə, qısqandıqların
günəşin önündə  yoxa çıxan qar.

hətta yuxuda da
ruhumda ruhun,
gülsəm təbəssümüm,
                ahımda ahın...
dünyada deyiləm, eşq aləmində
nur dolu üfüqdən qalxır sabahım.

sənin sədaqətin keçilməz səddim,
onun hər şöləsi bir məlakədi.
sənə etibarsız olsa bir anım
insanlıq adına yaman,  ləkədi...

baxışın aləmə yaraşıq verir,
sanki yaylım-yaylım nur səpələyir,
səni bircə anlıq nigaran etsəm
qəlbim döyür məni, məğmun eyləyir...

səninlə ömrümə yaraşıq gəlib,
səninlə bu aləm dindirir  məni,
mənə etibarın olmayan vədə
həyat gözdən düşür, öldürür məni....

mənim hər yanımda sənin nurun var...
o nurun önündə, qısqandıqların
günəşin önündə  yoxa çıxan qar.

Özünü danlama

Ovçuda qaydadır vurar şikarı,
Vurduğun o ovun halın sor barı.
Gəl gör, qanı axır, düşüb qalıbdı
Üstünə tökülür tənhalıq qarı...

Oxu sən atmadın, günah kamanın,
Ox dəydi, qəlbimin kəsdi amanın.
Özünü danlama, bir işdi oldu,
Bilirəm əlaca yoxdu gümanın.

Fani yer üzünün belə tövrü var,
Kim kimə ovçudu, kim kimə şikar...
Sənə qurban olmaq bir uca məqam
Şikayət etməm ki, bu günah olar.

O körpələr

Bizim eşqimizdən
gözləri qara, işıqlı
gözəl körpələr doğulmalıydı...

amma
kədərli şeirlər doğuldu...

sevgidən doğulan körpələr
nurdan doğulur,
nur yayır dünya üzünə....

o körpələrin səsinə həsrət qəlbim
gümandadı, səsdədi...

yaşım da ki, yaşın kimi
ürək açan deyil,
                    yol üstədi...

Aşiq olmaq xətamı?

Özünü elçi saldım sənin öz qəlbinə mən,
Bir xoş xəbərin olsa, qurbanam sənə həmən.

Səni göndərdim ona ilahi təmənnaya,
Getdinmi, danışdınmı? Məni aldımı sayə?

İncimə, inanmıram demisən dediyimi,
İndi o bilir məgər, atəşə girdiyimi?

Üzündə bu nur varsa, qəlbin bir nur aləmi
Qəlbində  sirli tellər oda salıb sinəmi.

Ey Xətaiyə aşiq! Aşiq olmaq xətamı?
Qəmzənlə al canımı, əfv elə bu xətamı...

Yer üzünə gələli, mən sənə yol gəlirəm.
Bu Əhməd kimdi axı, bəyəm özüm bilirəm?

Dünən

Dünən apardın məni, ərşin eşq zirvəsinə
Şahım günah yazdımı bu qafil köləsinə?

Yeddi gözəl nurundan boy verdi şahım özü
Nədən bu gəlib düşdü dövrün bu vədəsinə?

Hər yandan şeir yağır,
nə sirli bir yağmurdu
Hər misra heyran qalıb şahımın cilvəsinə.

Göy səmada ağ bulud - şəfəqlərə nazlanan
Orda nəğmən qarışıb mələklərin səsinə.

Şəfəqtək axma belə,
baxma belə, yıxma belə...
Qorxur ki düşə Əhməd  sözünün tənəsinə...

Elçi

Nuruna nurum aşiq, nurumun elçisiyəm,
Qarşında nə gündəyəm?!
Bilmirəm ki, nə deyəm...

Ey ilahi, hüsni mələk, yaraşıqsan dünyaya
Bir söz də tapammıram,
qəlbimdə ah-vaydayam.

Bir gözəl pəri kimi, qızılgüldən də gözəl
Ürəyim də gəlməz ki, bu sirri-sehrə qıyam.

Başının üstündəki sabahını dindirdim,
Sən də bir dindir məni,
görmürsən nə haldayam?

Heyran  qəlbimin nuru, nurunla bir səmada
Bax hələ hər tərəfə, hardasansa ordayam.

Ağ buludlar üstündə şəfəqlər gör nə deyir?
Bir dinlə qəlbini sən,
görmürs ən mən hardayam?

Hərdən inciyib Əhməddən,
sən onu dara çəkmə
Onsuz da pərişanam,
ümidləri dardayam.

 





11.02.2017    çap et  çap et