525.Az

Londonda üç gün - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

Londonda üç gün - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Yanvarın 24-də Böyük Britaniyanın paytaxtında Azərbaycanımızın, tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin dünyada tanıdılması, təbliğ olunması yolunda çox mühüm bir tədbir keçirildi, “Azərbaycanı və Qafqazı öyrənən Böyük Britaniya Fondu”nun təqdimatı oldu.

Fondun yaradalımasının əsas təşəbbüskarı və Azərbaycan tərəfindən rəhbəri Milli Elmlər Akademiyamızın müxbir üzvü professor Nərgiz Paşayevadır. Bu təqdimat münasibətiylə Londona Azərbaycandan  bir dəstə ziyalı  da dəvət olunmuşdu. Nərgiz xanımın  dəvətiylə mən də  təqdimatda iştirak etdim.

Bakıyla London arasında vaxt fərqi 4 saatdır və “AZAL”ın uçağı   bizi  yanvarın 24-də İngiltərənin baş şəhərinə  çatdıranda gecənin yarısı idi. Böyük  Holland  rəssamının adını  daşıyan “Rembrant” otelində yerləşdik. Otelimiz  dünyanın ən böyük sənət və dizayn muzeyi - Viktoriya və Albert muzeyiylə üzbəüz idi. Səhəri gün tədbir də bu muzeydə keçiriləcəkdi. Tədbir axşama nəzərdə tutumuşdu, 25-də axşamı gözləmədən elə gündüz üçümüz - akademik Vasim Məmmədəliyev, gənc tarixçi professor Altay Göyüşov və mən bu muzeyə  baş çəkdik. Bu  ilk növbədə xalqımızın bu muzeydə  saxlanan nadir  sənət incisi “Şeyx Səfi” xalçasını yenidən seyr etmək arzusuyla bağlı idi. Vasim də, mən də Londonda daha əvvəllər də olmuşduq - bu şəhərin  əsas  yerlərini  - Parlaman binasını, Kral sarayını, Vestminser abbatlığını, Taueri, Müqəddəs Pavel kilsəsini, Hayd parkı, K.Marksın dəfn edildiyi  Hayqet məzarlığını, “Madam Tüsso muzeyi”ni, Viktoriya - Albert muzeyini və bu muzeyin bizimçün ən dəyərli eksponatını Şeyx Səfi xalçasını görmüşdük.… Altay isə bu möcüzə - xalçanın şəklini yox, əslini ilk dəfə görürdü. Yeri gəlmişkən, bir müddət ABŞ-da Los-Anjelosda işləmiş çox məlumatlı gənc tarixçi, professor Altayla  tanışlıqdan, ünsiyyətdən məmnun qaldım.

Yaxşı yadımda qalmışdı ki, xalı muzeyin birinci mərtəbəsindədir və ilk dəfə gördüyümdə divardan asılmışdı. İndi də  birinci mərtəbədədir, amma divardan asılmayıb, yerə sərilib və bu bəlkə xalıyçün daha təbiidir. Səfəvi xalçasının başına dolana-dolana  düşünürdüm ki, xalqımızın əsrlər boyu yaratdığı  sərvətlər sırasında “Şeyx Səfi xalçası” da  poeziyada Nizami, Nəsimi, Füzuli irsi, rəssamlıqda Sultan Məhəmməd miniatürləri, memarlıqda  Qız Qalası, Mömünə Xatun türbəsi, Şəki Xan Sarayı, musiqidə muğam dəstgahları  kimi sənətimizin zirvələrindən, şah əsərlərindəndir. Böyük qürur hissiylə xalının   yanında vurulmuş lövhəylə tanış oluruq. Lövhədə göstərilir ki, bu xalça XVI əsrdə Azərbaycanın (məhz Azərbaycanın!) Ərdəbil şəhərində toxunub.

Şeyx Səfi xalçası dünyanın ƏN böyük xalçasıdır, Viktoriya və Albert muzeyi dünyanın ƏN böyük muzeyidir. Oksford Universiteti dünya universitetləri arasında Birinci sayılır. 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzi də  Oksford Universitetinin nəzdindədir.  Nərgiz xanım danışırdı ki, adətən Viktoriya və Albert muzeyində bu sayaq tədbirlər keçirilmir, yaxud nadir hallarda keçirilir, amma Oksford  Universiteti yüksək nüfuzlu təqdimatın məhz burda   keçirilməsinə imkan  yaratdı.

Yanvarın  25-də axşam  saatlarında muzeyə  indi dəbdə olan sözü işlətsək VİP müsafirlər  toplaşmışdı, Lordlar, Britaniya hökumətinin  üzvləri, səfirlər,  Oksford Universitetinin rəhbərliyi, şərqşünas alimlər, jurnalistlər və təbii ki, Azərbaycan nümayəndələri. İngilis dilində çıxış edən  Nərgiz Paşayeva- Azərbaycanın tarixi, mədəniyyəti haqqında  ətraflı  məlumat verdi, yeni yaranan fondun ölkəmizin daha geniş tanınmasında oynayacağı  vacib roldan danışdı. Çıxış böyük maraqla dinlənildi.

İngiltərədə Şərqə maraq  ilk növbədə   Doğuda böyük müstəmləkələri olan Britaniya imperiyasının siyasi məqsədləriylə bağlı idi. Amma ciddi peşəkar alimlər bu məqsədlərdən  asılı olmayaraq Şərq tarixini, ədəbiyyatını dərindən tədqiq etmək baxımından elmə böyük xidmət göstərmiş  olduqları da  danılmaz həqiqətdir. Məşhur ingilis alimi Vilkinson Gibb beşcildlik monumental tədqiqatın - “Osmanlı şeir tarixinin” müəllifidir. Kitab “Osmanlı şeiri tarixi” olsa da bir bölümü “ Azərbaycan şairləri” adlanır və bu bölümdə o cümlədən, Füzulidən geniş bəhs  edilir.  Gibbdən gətirəcəyim alıntı olduqca önəmlidir:

“Azərbaycan türkcəsi, Osmanlı İstanbul Türkcəsi və Orta Asiya cağataycası arasındadır, fəqət birinciyə olan yaxınlığı ikinciyə olandan daha fazladır. Bir Batı türkü, Osmanlı şivəsinə aşina bir özəlliklə Füzulinin yazdığı hər hankı bir şeyi oxumaqda heç bir zorluq çəkməyəcəkdir daha öncədən xüsusi bir çalışma olmadıqda Nəvaininkiləri anlamaqda  zorlanacaqdır. Füzulinin  özü də Divanın önsözündə dilinin Osmanlı və Cağatay türkcəsindən fərqli olduğunu söyləyir”.

Bu gün İngiltərədə Azərbaycana maraq artıq çətin yollardan keçərək öz istiqlalını qazanmış müstəqil dövlətə, onun keçmişinə və indisinə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına olan maraqdır. Lordlar Palatasının üzvü lord Maykl Qermanın dediyi kimi  “Azərbaycanın sehri ondadır ki, çoxları bu ölkəni yetərincə tanımır.Tanıyanda isə buranın nə qədər cazibədar, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən, bəşər mədəniyyətinə və mənəvi mirasına  unikal töhfələr bəxş etmiş  diyar olduğunu görürlər. Ona görə də  bu ölkə haqqında bilmək, onun tarixini, mədəniyyətini, dünya mədəniyyətinin inkişafına töhfəsini öyrənmək çox vacibdir. Britaniya fondunun yaradılması Azərbaycanın  bütün bəşəriyyətdə  dəyərini dünya ictimaiyyətinə çatdırılması üçün mədəni -tarixi zərurətdir”.

 Çıxış edənlər də əsasən bu səpkidə danışırdılar, yeni yaranan fondun ölkəmizi  tək İngitlərədə yox, dünyada tanıtmaq yolunda  görəcəyi işləri xüsusi vurğulayırdılar. Çıxışçılar bu sahədə Nərgiz Paşayevanın gördüyü mühüm işləri, onun bu yöndə ardıcıl, inadcıl  və səmərəli fəaliyyətini təqdir  edirdilər.

Çıxışçılardan bir neçəsi ingilis yumorunu da nümayiş etdirərək deyirdilər ki, İngiltərənin məziyyətləri çoxdur, amma ictimai binaları yetərincə qızdıra bilmirik. Gülüşlərə səbəb olan bu sözlər salonun soyuq olmasına işarə idi. İngiliscə çıxışları anında səlis Azərbaycan dilinə  sinxron şəkildə (bu isə asan deyil) çevirən Fuad Axundovun səriştəsini qeyd etməyə bilmərəm.

Fuad Axundovu Bakı Televiziya kanallarında İçəri şəhər, köhnə Bakı haqqında maraqlı verilişlərin müəllifi və aparıcısı kimi tanıyırdım. Təəssüf ki, bu verilişlər davam etmir. Fuadın  Şövkət xanım Məmmədovaya həsr olunmuş verilişində   mən də çıxış etmişdim. Neçə ildən sonra Londonda  görüşdük. Bakı Universitetində bacım Fidanın tələbəsi olduğunu bilmirdim. Bu barədə özü dedi mənə.

Tədbirin sonunda istedadlı gənc skripkaçı Elvin Qəniyev və ustad Alim Qasımov uğurla çıxış etdilər. Alimin nadir ustalığı muğam sənətindən bu qədər uzaq olan  ölkədə, başqa musiqiyə alışmış yabançı  mühitdə belə  heyranlıqla qarşılanması və alqışlara qərq olunması əsl sənətin sərhədsizliyini bir daha sübut edir.

Belə səfərlərin bir əhəmiyyəti də ondan ibarətdir ki, səfər zamanı  illərdən bəri tanıdığın həmvətənlərini   daha yaxından tanıyırsan.

Vasim Məmmədəliyevi görkəmli şərqşünas, ərəb dilinin mükəmməl bilicisi və uzmanı, İslam tarixinə dərindən bələd olan  alim kimi tanıyırdım. Muğamla maraqlandığını da bilirdim, amma bu səfərdə Vasimin iki  cəhəti  mənimçün kəşf oldu. Vasim  muğam sənətini elə incəliklərinə qədər bilir,  hansı muğamdan hansına hansı yolla keçməsini  göstərir, güşələri, pərdələri elə sıralayır, ta qədimlərdən bu günə qədər ən müxtəlif xanəndələrin, tarzənlərin, kamança çalanların  ifa tərzini, üslub özəlliklərini elə səciyyələndirir ki,  yalnız mən yox, muğam ustadı  Alim də təəccüb qalırıq. Vasimin məni heyrətləndirən başqa  cəhəti də şeir yaddaşıdır.Torpağı sanı yaşasın belə şeir hafizəsini mən yalnız  rəhmətlik Zəlimxanda görmüşdüm.  Amma Vasim tək Azərbaycan, türk şairlərini yox, farsca, ərəbcə şeirləri də dəqiqələrcə  əzbər deyə bilir.

Alimlə söhbətlərimiz də unudulmazdır. Bu xanəndə tamamilə yeni tərzdə oxuyur - deyənlərə cavab olaraq onu söyləmək olar ki, bəli, o yeni  tərzdə oxuyur, amma bu üslub ən qədim muğam ustadlarımızın boğazlarından bəhrələnir. Alim özü də bunu dönə-dönə etiraf edib.

Otelin foyesində oturmuşuq, Alim cib telefonunu qoşaraq Cabbar Qaryağdıoğlundan, Seyid Şuşinskidən başlayaraq bir çox qədim mügənnilərin ifalaranı səsləndirir və öz sənətinin hansı təməllər üzərində yüksəldiyini əyani şəkildə nümayiş etdirir.

Alimin bir yaxşı cəhəti də ondadır ki, oxuduğu sözlərə çox tələbkardır. Şirvan şairlərindən Bahar Şirvaninin, Bihudun qəzəllərini oxumağı da tövsiyə edirəm Alimə. Bu qəzəllərin də yer aldığı “Min beş yüz ilin oğuz şeiri” antologiyamı ona göndərəcəyimi boyun oluram.

Vasimin nəzəri, Alimin  praktik şəkildə verdikləri  muğam dərslərinin bir əhəmiyyəti də onda oldu ki, adını eşitdiyim böyük bir sənətkarın ifasını ilk dəfə Alimin cib telefonundan dinlədim. Söhbət Güney Azərbaycanın məşhur  klassik muğam ifaçısı Əbülhəsən xan İqbal Azərdən gedir. Onun haqqında “Qobustan”da yazı vermişdik, tərifini eşitmişdim, amma səsini uzaq Londonda  dinləməli oldum. “Qobustan”da  haqqnda ilk dəfə iri yazı verdiyimiz müğənnilərdən biri də Hacıbaba Hüseynov idi. Onun ifasını  çox bəyənirəm. Qocaman  xanəndə bu yazıdan  xeyli təsirlənib mənə bir şeir də həsr edib Rafael Hüseynov vasitəsiylə göndərmişdi. Nə yaxşı ki, Alim də Hacıbabanın sənətini yüksək dəyərləndirir və onun tələbəsi olmasıyla fəxr edir. Hacıbaba Hüseynoyla bağlı məzəli əhvalatları isə Alim televiziya verilişlərinin birində  danışdığı üçün bir daha burda təkrar etmirəm. Böyük kaman ustası Habil Əliyevin məzəli sözlərindən danışdıqları isə  soyuq London iqliminin də vətənimizin duzlu  zarafatlarının istisini  çatdırırdı bizə...

Londondan xoş ümidlərlə ayrılırıq. Güman edirik ki, Azərbaycanı və Qafqazı öyrənən fond bu coğrafiyanın tarixi, mədəniyyətiylə bərabər ağrılı problemləriylə də tanış olacaq. Dama-dama göl olar - deyiblər, addım-addım, pillə-pillə  İngiltərəyə, Qərbə həqiqəti, xalqımızın ən böyük bəlasını - Qarabağ dərdini  çatdıracayıq və gec- tez dünya bu ədalətsizliyə qarşı səsini ucaldacaq.

“AZAL”ın möhtəşəm aerobusu məşhur Xitrou hava limanından axşam saatlarında qalxır. Gecə boyu uçuruq və səhər çağı  vətən torpağına enir. Bakıda bizi  Sabah gözləyir...

 





12.02.2017    çap et  çap et