525.Az

Əsl xalq qəhrəmanı haqqında kitab


 

Əsl xalq qəhrəmanı haqqında kitab<b style="color:red"></b>

Rus yazıçısı Vladimir Nabokovun sözüdür: “İnsanın ən qısa tərcümeyi-halı başdaşına yazılan rəqəmlərdir”. Tərcümeyi-hal öz yerində, bəs onda həmin insanın keçdiyi ömür yolunu, özünü həsr etdiyi məramı hardan öyrənək?

Adətən, Vətən yolunda həyatından belə keçməyə hazır olanlar barədə əsərlər yazılır, onların adları əbədiləşdirilir. Ötən ilin aprel döyüşlərində şəhid olan hər bir hərbçimiz belə şan-şöhrətə və diqqətəlayiqdir. Ona görə də həmin qəhrəmanlardan birinin - polkovnik-leytenant Raquf Orucovun keçdiyi ömür yoluna işıq salan “Murov qartalı” kitabı nəşr edilib.

Nəfis şəkildə çap olunmuş “Murov qartalı” kitabında həyatını müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda mərdlik və mübarizlik nümunəsi göstərən, hələ sağlığında haqqında əfsanələr yaranmış  igid kəşfiyyatçının keçdiyi döyüş yolunun ayrı-ayrı epizodları öz əksini tapıb. Kitabın  “Ön söz”ündə deyilir: “Bu kitab şərəfli zabit ömrü yaşamış bir şəhid haqqındadır...

Elə ömür ki, hər səhifəsinə bir qəhrəmanlıq əfsanəsi yazılıb...

Bu əfsanələr bəzən gerçəkliyin hüdudlarını keçsə belə, onun peşəkar hərbçi keyfiyyətlərinin sərhədlərindən kənara çıxmır...

Hərbçi taleyini isə o özü seçmişdi...

Bəlkə heç müharibə olmasaydı da, bu peşəyə yiyələnəcəkdi, qəlbində Vətən sevgisi, əlində silah xalqına, ölkəsinə, dövlətinə xidmət edəcəkdi...

Amma onun gəncliyi də, cavanlığı da müharibə dövrünə düşdü. Həm də elə bir müharibə ki, alovları doğma torpağını, elini-obasını, evini-eşiyini bürüdü...

Bu müharibənin sağalmaz yaraları daim onun cismində və ruhunda qövr etdi, onu hər an düşməndən qisas almağa, itirdiklərini geri qaytarmağa, bunun üçün hünərlə, cəsarətlə mübarizə aparmağa səslədi...

O, əsl döyüşçü kimi yaşadı və düşmənlə üzbəüz döyüşdə şəhid oldu!

“Biz öz torpağımızdayıq, irəli!” - döyüş dostları komandirin onları düşmən üzərinə əks-hücuma məhz bu sözlərlə qaldırdığını xatırlayırlar.

Döyüş dostlarının yaddaşlarında və ürəklərində əbədi yaşayacaq o Komandir şəhid polkovnik-leytenant Raquf Orucovdur...”

Kitabın müəllif-tərtibçiləri Elşən Əliyev və Elxan Salahov keçən il aprelin 1-dən 4-dək Qarabağda Azərbaycan Ordusunun xüsusi təyinatlılarının işğalçı erməni quldurlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatının qəhrəmanlarından olan kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun iştirak etdiyi bir sıra döyüş əməliyyatları barədə söhbət açırlar. Kitab igid kəşfiyyatçının həyat və döyüş yolundan bəhs edən oçerklərdən ibarətdir. Müəlliflər qəhrəmanı yaxından tanıyanların xatirələri işığında bu yolun ayrı-ayrı məqamlarının bədii-publisistik mənzərəsini canlandırmağa çalışıblar.

Həmin oçerklərdən birində mürəkkəb və sıldırım dağ yolları ilə düşmən arxasına keçib 11 gün ölüm təhlükəsi ilə üz-üzə qalaraq üç ermənini girov götürərək sağ-salamat geri qayıdan hərbçilərin şücaətindən danışılır. Həmin müddətdə kəşfiyyat dəstəsinin üzvləri olmazın məhrumiyyət və çətinliklərlə üzləşsələr də, 80 kilometrdən artıq yol qət edərək əlidolu qayıdıblar. Yeri gəlmişkən onu da qeyd edək ki, hərbi xidmətdə olduğu 20 ildən artıq müddətdə o, həmişə düşmən mövqeləri, hərbi texnikası və canlıl qüvvəsi barədə mühüm məlumatlar gətirməklə yanaşı bir dəfə də olsun girov - kəşfiyyat dili ilə desək, “dil” gətirməmiş geri dönməyib.

Cəbhənin ən çətin və mürəkkəb istiqamətində - Murovdağda xidmət göstərən Raquf Orucovun kəşfiyyatçı bioqrafiyasında belə igidlik nümunələri çox olub.  Onun iştirak etdiyi əməliyyatlar barədə şəhid polkovniklə birgə xidmət etmiş hərbçi dostların xarirələri kitaba daxil edilib. Lakin bununla yanaşı kitabda ötən aprel-avqust aylarında Raquf Orucov haqqında bir sıra nüfuzlu qələm sahiblərinin çap və elektron mediada dərc etdirdikləri məqalə və oçerklər də öz əksini tapıb. Şəhid zabitin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduqca təsirli esse və xatirələr isə bunların arasında xüsusi yer tutur.

“Murov qartalı” kitabında igid kəşfiyyatçının müxtəlif illərdə çəkdirdiyi, həmçinin onun xatirəsinə həsr olunmuş anım tədbirlərində lentə alınmış şəkillərdən ibarət 32 səhifəlik foto-albom qəhrəmanın həyatının bəzi anlarını canlandırır.

 Kitab ölkəmizin inşaat sektorunda uzun illərdən bəri səmərəli fəaliyyəti göstərən “Azİmport” MMC-nin yardımı ilə işıq üzü görüb.

Qəhrəmanlar və onların əməlləri heç vaxt ölmür. Əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucov öz xidmət müddətində çoxlu mərdlik və qorxmazlıq nümunəsi göstərib, hərbçilər arasında böyük hörmət və nüfuz qazanıb. “Murov qartalı” Azərbaycanın hərb tarixində şərəfli yer tutan aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn cəsur zabitin kəşfiyyatçı ömrünü əbədiləşdirən nümunələrdən biridir.

 





13.02.2017    çap et  çap et