525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda) 

Azərbaycan Məclisi-Məbusanında

(keçən nömrədən mabəd)

Yusif Əhmədov - (Bitərəf) Bələdiyyə idarəsi tərəfindən istənilən 7 milyon borc xüsusunda bəncə qabaqcadan bir qərar qət etməli idi.

Bu pulu o vəqt tamamilə verməli idi. Gənə də verilsin. Şimdiki izahatdan məlum oldu ki, şəhərin ayda 3 milyon manat xərci var. Təbii böylə borclar ona kifayət etməz. Bir şəhərin ki ayda 3 milyon xərci ola, böylə məbləğlər də onun ehtiyacı ödəmməz. Vəqtin əhəmiyyətini də bir nəzərə alıb ətraflı düşünməlidir ki, nə kibi bir vəqtdə yaşıyoruz, nə vəqt və nə üçün borc istənilir.

Mulumunuzdur ki, şəhərin varidatı bir neçə şeydən ibarətdir. Məsələn, imarətlərdən, ticarətdən və sairədən. Ticarət şimdi bilmərrə yoxdur. Ümum ticarət dairələri bağlanıbdırlar. Şəhər də bunlardan varidat ala bilməz. Bir də xəstəxanələrdir ki, qabaqlarda orada yatanlardan müəyyən xərc alınırdı. Bir para səbəblərə görə imdi o da alınmıyor. Bir neçə mənbə də var ki, inqilab içində olduğumuzu nəzərə alsaq, nə səbəbə onlardan varidat alınmadığı təbii görülər. Bən öylə güman ediyorum ki, ərz etdigim səbəblərə görə əski mədaxil gətirən yollar kamilən kəsilmiş olduğundan bələdiyyə idarəsinin əvvəlcə istəmiş olduğu 3 milyon verildigi kibi imdi istədigini də vermək lazımdır. Qulluqçuların maaşını nəzərə almalıdır. Məruzədən məlum oluyor ki, ayda bir milyon 450 min manat olmaq üzrə bələdiyyə qulluqçuların məvacibi 18 milyon oluyor. Xidmətçilərə bu maaş verilməzsə, şəhərin bütün işləri yatar. Hələ bələdiyyə xidmətçilərinin maaşı sair qulluqçulardan azdır. Bunu da nəzərə almalıdır.
 
Mənim yadımdadır bir yerdə hökumət üzvlərindən birisi bələdiyyə məclisi əzasından birini məzəmmət edib diyordu ki, işləmiyorlar, şəhəri təmiz saxlamıyorlar, fəaliyyətsizlik göstəriyorlar. Əgər bu fəaliyyətsizlik pulsuzluqdan isə hökumətə müraciət etsə, hökumət bələdiyyə idarəsinin ehtiyacını təmin eylər. Təklif olunan məbləğ çox degildir. O şey ki, ehtiyaclarıdır, onu istiyorlar. Bələdiyyə idarəsində bən də varam. O qeyri bir çarə bilmiyor. Zəruri ehtiyacı üçün pul istiyor. Həm də müavinət degil, borc istiyor. Şəhərin 36 milyon manat xərci var. Əlbəttə 4 milyon vermək ilə ehtiyacı rəf etmək olmaz. Buyururlar ki, şəhər iş görmüyor. Hankı idarə layiqilə iş aparıyor ki, o da apara bilsin.

Əlbəttə şəhərin borcudur mədaxil yerlərini gözləsin, lakin bir haldayız ki, bir ay sonra nə olacağını bilmiyoruz, keçmişi də gördük. O sədəmələr ki, dəymişdi imdi onun acısını çəkiriz. Bən təklif ediyoram istənilən 4 milyon verilsin. Verilməsə bələdiyyə idarəsi bağlanacaqdır. Buna da təbii heç bir fraksiya razı olmaz. Onun bağlanması digər idarələrə də çox təsir edər. Bir də ərz etməliyəm ki, qlasnıların vəkalət müddəti qurtarmışdır. Şimdi yeni qlasnılar seçmək lazımdır. Təbii bu xüsusda müzakirat olacaq və əminəm ki, tezlik ilə bələdiyyə qanunu verilər, bən dübarə təklif ediyoram 4 milyonluq qərz verilsin. Yalnız borcun hankı varidatdan ödənəcəgini bilmək lazımdır. Natiqlərdən birisi təklif ediyor ki, bu məbləğ qaytarılmaq üzrə verilsin. Bən diyoram ki, böylə bir üsul yoxdur. Pul verilsin nəinki 3 ilə 6-9, hətta 12 ilə verilsin, amma müavinət təriqilə yox, borc təriqilə.

Sədr - Söz Əhməd Cövdət əfəndinindir.

Əhməd Cövdət - (Sosialist) Əfəndilər! Aşurov cənabları doğru buyurdular ki, imdi nəinki hökumətlər, hətta bələdiyyə idarələri də ya borc edib, ya pul kəsməklə yaşıyorlar. Çünki böyük müharibə nəticəsi iqtisad və ticarət işlərinə suyi-təsir etdigindən hər şey öz adi halını qeyb edib yolundan çıxmışdır. Bir tək Bakı bələdiyyəsi degil, qeyri bələdiyyə idarələrinin də halı fənadır. Bunların bu halına görə borc istəməgə həqləri də vardır. Bizim fraksiya da Bakı bələdiyyəsinə veriləcək 4 milyon borcun əleyhinə degildir. Bu borc verilməlidir. Hərgah biz bu borcu verməsək, parasızlıq üzündən cəmaəti təmin edən müəssisələr qapanmağa məcbur olar. Fəqət bu müəssisələr füqərayi-kasibə ehtiyacatını rəf etməgə çalışdığından bağlanmalarına yol verməməlidir. Şəhər idarəsinə kömək eləmək hökumətin borcudur. Fəqət biz buna iktifa etmiyoruz. Ağa Aşurov cənabları doğru buyurdular ki, bu borclar hardan veriləcək. Şəhər idarəsi bu borcları geri verə bilməyəcəkdir. Burasını əlbəttə nəzər-diqqətə almalıdır. Əhmədov cənabları dedi ki: bugünki gündə ticarət yoxdur. Ona görə də şəhər idarəsinin mədaxili azalmışdır. Fəqət tamamilə də böylə degildir. Doğrudur ticarət əvvəlki qərar ilə degildir. Ticarətin bir qismi dayanıbdır. Lakin əvəzində bəzi yeni ticarətlər artıbdır. Deməli ticarətdə bir dəyişiklik olmuşdur ki, o da möhtəkirlikdir. (Alqış).

Şəhər idarəsində demokratiya nümayəndələri olmadığından orada oturanlar haman möhtəkirlərdən vergi almağı özlərinə sərf bilmiyorlar. Çünki qismən kəndiləri bu işlə məşğuldurlar. Odur ki, bu cür nümayəndələr öz ciblərindən pulu çıxarıb bələdiyyə sandığına qoymazlar. Şəhər idarəsində demokratiya nümayəndələri oturmalıdırlar. Lakin biz onu da demirik ki, demokratiya nümayəndələri orada oturmaq ilə işlər büsbütün yaxşı gedər. Təbii bir qədər qüsur olacaqdır. Bu qüsurlar Gürcüstan-Ermənistanda olduğu kimi burada da olacaqdır. İqtisadi həyat fəna olduğundan həyat demək qeyri-mümkündür. Lakin heç olmasa həyatımızı adi hala tərəf çəkmək lazımdır ki, bunu da ancaq demokratiya nümayəndələri edə bilərlər. Ona görə də tezliklə demokratiya nümayəndələri şəhər idarəsinə keçməlidirlər. Şəhər idarəsinin demokratik əsas üzrə qurulması  xüsusundakı uzlaşma tezliklə qövldən-felə gətirilsin.

Şəhər idarəsində oturan nümayəndələrin vəqti bitdigindən yeni demokratik seçkilər üsulu parlamana təqdim edilsin ki, tezliklə hər yerdə bu üsul ilə bələdiyyə idarələri təsis olunsun. Hər yerdə bu cür bələdiyyə idarələri təsis edilmişdir. Hətta Gürcüstanda bələdiyyələrin ittifaqı da vardır ki, bizim bələdiyyə ittifaqımız ilə münasibata girişmək istiyorlar. Bu xüsusda bizə müraciət edib Azərbaycanda bələdiyyə idarələri ittifaqı olub-olmadığını soruşmuşlar. Fəqət bizdə nəinki bələdiyyələr ittifaqı bəlkə demokratik üsul ilə təsis edilmiş bir bələdiyyə idarəsi də yoxdur. Hökumət burasını nəzərə almalıdır. Və ikinci zemstvo idarələrinin təşkili üçün qanun tərtib verib parlamana təqdim etməlidir. Bundan başqa bələdiyyə seçkiləri hazırlayan komisyonda yeni bələdiyyə üsulu hazırlayıb parlamana təqdim etsin. Bildigimə görə yeni seçkilər üsulu hazırlayan komissiyaya seçkilər üsulu hazırlanması yanvarın 29-da həvalə olunmuşdur. Lakin bu gün fevralın 25-də haman komisyonun hələ birinci iclası dəvət edilmişdir. Bu komisyon tezliklə işlərini qurtarıb seçki üsulunu parlamana təqdim etməlidir. Bizim fraksiyamız ələlümum bu borcun hələligə verilməsini qəbul edir. Bununla bərabər ümid edir ki, yeni bələdiyyə idarəsi seçkiləri qanunu tezliklə parlamana təqdim olunar.

Sədr - Söz Heybətqulu Məhəmmədbəyovundur.

Heybətqulu - (İttihad) Burada keçmiş natiqlər söylədilər ki, şəhərin varidatı məsələsində guya bələdiyyə idarəsi iqdamatda bulunmuyor. Necə ki məlumdur, Bakı bələdiyyəsi köhnə qanun ilə varidatı alıyor. Burada dedilər ki, ərzaq naziri pobudni zbor alır, bu pulu nədənsə bələdiyyə almıyor. Əgər makulat nəzarəti böylə şey edibsə, o, öz tərəfindən edibdir. Son zamanlarda bu həqq şəhərdə idi. Keçən ildən isə ərzaq nəzarəti əlinə almışdır. Şimdi gərək yeni bir qanun olsun ki, əvvəlkiləri bələdiyyə idarəsi öz əlinə alsın. Bu qanunu da şəhər özü verə bilməz. Bunu gərək qabaqda olan Milli Məclis edə idi, ya gərək indiki parlaman etsin. Bələdiyyə necə ola bilər ki,  xuddaravərdə gedib pul istəsin. Buyurdular ticarətxanələrdə xərc alınmayıb. Bu xüsusda ərz edərəm ki, bələdiyyə idarəsinin ixtiyarı yoxdur ki, yeni xərclər qoysun, necə ki məlumdur promıslovı naloq hökumətin xüsusi varidatıdır. Bələdiyyə böylə işlərə qarışmaz. Geridə qaldı traktirni məsələ. Bunu da ümum üçün deyə bilərəm ki, 1919-cu il üçün yalnız kazinodan 280 min naloq alınır, həmçinin metropol və qeyriləri var.

Bələdiyyənin əsl daxodu isə dəhyekdir ki, bu da evlərin mədaxilindən alınır. Keçmiş Kerenski hökuməti müvəqqəti qanun verərək o (dəhyeki) birə iki artırıb (dəhyek) əvəzinə imdi igirmi prosent alınır, bu vergiləri artırmağa şəhərin qanunən ixtiyarı yoxdur. Necə ki müvəqqəti qanuna görə rəsmən o xərcləri də kiralərə artıra bilməzlər, öz aralarında nə cür artırarlarsa, o başqa məsələdir. Burada şəhərin topraq məsələsidən də bəhs olundu. Bilirsiniz ki, bu topraq məsələsi cəncəlli bir məsələdir. Əksəriyyət ilə bu topraqlar füqərayi-kasıbların əlindədir. Onun da icarəsini birə on və ya igirmi dəfə artmağı bələdiyyə edə bilməz. Əvvəla bu bələdiyyəyə yaraşan şey degil, ikincisi qeyri-mümkündür. Ola bilər 2, 3, 4 dəfə artırılsın, bununla da varidat bir, ya bir yarım milyon artar ki, bu da 40 milyon məxaricə təfavüt etməz. Və bir də diyorlar ki, yer məsələsi var. Diyorlar şəhər ondan 2 milyon mədaxil edə bilər. Onu da deyə bilərəm ki, Çəmbərə kəndində bu yerdən igirmi altı uçastok var. Əgər bələdiyyə bu yerdə oturanlara kupçı versə, bir milyon mədaxil edər. Bu bir milyonun da əvəzinə yarım milyonunu xərc edib haman yerdə bir para küçələrin açılması üçün lazım olan yerləri sökəcəkdir. Bu da mümkün degil, hərgah şəhər istəyə ki, mədaxil və məxarici bərabər etsin, gərək məxarici əksiltsin. Şəhər bu saat 2000-ə qədər xəstə saxlıyor, onları qovmaq olmaz. Nə qədər məktəbləri var. Məktəblərdə şagirdləri var, bu məktəbləri bağlaya bilməz. Məxaricləri də əksiltmək olmaz. Ən az məvacib də alan bələdiyyə qulluqçularıdır. Süpürgəçilər və sairləri 500-dən artıq məvacib ala bilmiyor.

Bir də söylüyorlar ki, Duma demokratik üsul ilə seçilsin. Bu da bələdiyyənin öz vəzifəsi olmayıb, parlamanın hüququdur. Parlaman bu işi yapar, hökumətə verər. Hökumət də bu barədə bələdiyyəyə təbliğat ilə layihə hökmünü icra etdirər. Təklif edirəm layihə qəbul olunsun. Nə qədər çox vəqt verilsə, bələdiyyə öz işlərini yaxşı apara bilər. Hərçənd 4 milyon ilə iş düzəlməz. Bir də deyirlər bələdiyyənin indiki zamanda ən böyük mədaxil pulu sudur. Bu da budkalardan vedrəsi cəmaətə 3 qəpikdən buraxılır. Deməli, hər bir budkadan gündə 45 manatlıq su barıxılır. Su buraxan xidmətçilərin məvacibi isə gündə 35 manatdır. Bələdiyyə idarəsi suyun da qiymətini artıra bilməz. Edə bilməz ki, cəmaətə 10 qəpikdən vedrəsi su versin. Bir də evlərdə 5, 6, 7 qəpik artırmaqla şəhərin mədaxilinə heç bir şey olmaz. Şəhərin mədaxil yolları qeyri olaraq tapsın və bu mədaxili artırmaq üçün hökumət bələdiyyə idarəsinə yeni qanunlar tənzim edilərək ixtiyar versin.

Sədr - Söz Soltan Məcid Qənizadənindir.

Qənizadə - (İttihad) Mətləb burada şəhərə borc vermək xüsusundadır ki, şəhərə 4 milyon verilsin, ya yox? Şəhərin işi çətindir. Bu məsələ ətrafında danışılan sözlərin bir çoxu yersizdir. Burada bələdiyyə idarəsinin demokratik üsulunda olub-olmaması barəsində danışdılar. Ona qarşı deyərdim ki, əlbəttə bizim bələdiyyə idarəmiz demokratiçeskidir. Çünki demokratik əsası ilə seçilibdir. Hökumətimiz cümhuri-demokratik olduğundan bələdiyyə idarəsi də demokratik olmalıdır. Əgər degilsə də, parlaman qaidə və qanun qoymalıdır ki, öylə də olsun.
 
Qaldı ki, diyorlar guya şəhər bir şikəst olub alacağını qaytara bilməyəcək, ona ianə verək. Bu doğru degildir. Çünki şəhər həyatı bu saat təbii yolundan çıxmışdır. Şəhər qeyri vəqtdə ki özünü dolandırırdı, imdi dolandıra bilmir. Bu hal həmişəlik degildir. Şəhərin imdiki halı xəstə bir cismə oxşar ki, sağ olarkən özünü dolandıra bilirdi, amma imdi xəstə olduğundan müvəqqəti özünü dolandıra bilmir və müavinətə möhtacdır. Fəqət o xəstəyə çörək lazım olduğu kimi şəhər idarəsinə də əmələ həqqi, məktəb, xəstəxanə, su və qeyri cəmaətin ehtiyacını rəf edən idarələr üçün məvacib verməgə para lazımdır. Bələdiyyə idarəsi bu paraları Bakı və Bakı ətrafında olan əhali üçün sərf edir. Bakı bələdiyyəsi, Gəncə bələdiyyəsi bunları biz hökumətdən ayrı bir şey hesab edə bilmərik. Bunlar hamısı səltənin bir parçasıdır. Ələlxüsus Bakı bələdiyyəsi, şəhər idarəsi saxladığı məktəb və xəstəxanə və qeyrilər səltənətin özünündür. Hərgah biz bələdiyyə idarəsinə pul verməyib, bizim işimiz degil, deyərsək bələdiyyə idarəsi də deyər ki, mədaxil olmadığından məktəbləri və xəstəxanələri və qeyriləri bağlıyoram. Onda hökumətin özünün borcudur ki, bağlanmış məktəb və xəstəxanələri açsın, su yoxsa gətirsin. Və qeyrə. Madam ki, şəhər idarəsi özü bu barədə çalışmaq istiyor və onun üçün də müvəqqəti müavinət diliyor. Biz bunun qabağında təşəkkür etməliyik. Ayrı söz ola bilməz.

Hər halda hökumətin borcudur ki, bələdiyyə idarəsinə kömək etsin. Hətta istibdad hökuməti də bu xoşbəxt şəhərə kömək ediyordu. Bələdiyyə idarəsi 4 milyon ki, müvəqqəti borc istiyor, burada ayrı mübahisə lazım degildir. Təşəkkür ilə bu borcu verməliyik. Nəinki faizsiz, bəlkə ianə surətində verməlidir. Bu qədər neft və ticarət sərvətinə malik olan şəhər idarəsinə özünü düzəldənə qədər arxayın olub borc verməmək olmaz. Bu borc gərək verilə və heç şərt zad lazım degildir.

Sədr - Təklif var ki, məsələyə etiraz olmadığından müzakirat qət olunub səsə qoyulsun. Bu barədə 4 təklif var, etiraz yoxsa axırıncı söz məruzəçiyə verilib sonra səsə qoyulsun. Buna etiraz yoxsa, qəbul olunur. Axırıncı söz məruzəçiyə verilir.

Yenə var.

“Azərbaycan”, 4 mart 1919, №128

Sədəmə - toqquşma
Xuddar - ehtiyatlı
Avərd - gətirən, vuruş
Dəhyek - onda bir

(Ardı var)

 





13.02.2017    çap et  çap et