525.Az

Hamımız Vətənin əsgəriyik


 

Hamımız Vətənin əsgəriyik<b style="color:red"></b>

Onu çoxdan tanıyıram, könül dünyasına yaxşı bələdəm. Həkimdi, xəstələrin sıxılcımlarına ortaq olan həkimdi. Hərdən düşünürəm: həkim olmasa, şair olardı Şahin, həkim olmasa, şair olmasa, bəstəkar olardı.

Şairliyi də, bəstəkarlığı da həkimliyi qədər bəyənilir; duyduqlarını şeirləşdirir - şairdi, duyduqlarını musiqiləşdirir - bəstəkardı. Şeiri də, musiqisi də ürəyi kimi Vətənə köklənib. Dönməz inam yiyəsidi. Azərbaycan əsgərinə “İgid əsgər, möhkəm dayan!” - deyir, torpaqlarımız işğaldan azad edilsin deyə hamımıza “Çağırır Vətən!” - deyir, pilotlarımızın uçuşlarını sözlə, musiqiylə uğurlayır - “Şahin”lər deyir, şəhidliyi dövlətçiliyimizin yaşamına, torpaqlarımızın işğaldan azad edilməsinə çağırış bilir - “Cənab leytenant” - deyir, hərdən düşüncələrinin kövrəkliyinə təslim olur - “Yollar yordumu səni?” - deyir. Bu sayğılı sorğunu özünə də ünvanlayır, millətsevərlərə də... Sonacan nəfəs dərməmiş pıçıldayır: “Yollar bizi yora bilməz, yormağa qüdrəti çatmaz...”. Xalqa, millətə deyir. Min-min illərin tarixinə söykənib deyir... 

Musa oğlu Şahin həkimdi...

Musa oğlu Şahini sözü, musiqisi, başlıcası Vətənə sevgisi Şahin Musaoğlu eləyib. Qəlbinin səsini yazır Şahin; Masallının Qızılavar kəndindən başlayan yolun dönməz yolçusunun qəlbinin səsi Azərbaycan əsgərinə, torpağımıza, Vətənimizə köklənib.

Bənzərsiz təbəssümündə sezilməsi çətin olmayan bir qəhər də var. Bu qəhər torpaq qoxuyur - işğal olunmuş torpaqlarımızın qəhəridi, közü kül altda qalmış ocaqlarımızın, söndürülmüş çıraqlarımızın qəhəridi, tanıdığı-tanımadığı şəhidlərimizin yarıda qırılan ömürlərinin qəhəridi. O qəhərdə 20 Yanvarın da rəngi var, 26 fevralın da, 1 aprelin də, 29 oktyabrın da...

Şahin - həkimdi, Şahin - şairdi, Şahin - bəstəkardı.

Eyni təxəyyülün üçlü təzahürü vətəndaş Şahin Musa oğlu Əbilovun ruhunun işığından süzülür. Bu işıq görənə, duyana könül xoşluğudu, ruh rahatlığıdı. Yusif Mirzəyevə yazmışdı “İgid əsgər”i. Onda Goranboy əməliyyatının qələbə sevincini yaşayırdıq. Yusif döyüşlərə qayıdacaqdı. Şahin kapitan Yusif Mirzəyevi “İgid əsgər”lə uğurladı; “Hamımız əsgərik, hamımız Vətənə əsgərik” - deyirdi Şahin. O gözəl, o bənzərsiz, o duyğusal mahnını Yusifin timsalında Azərbaycan əsgərinə yazmışdı. Bu müraciət Şahin Musaoğlunun Vətən sevgisindən - Vətənə sevgisindən boy göstərmişdi. “İgid əsgər, möhkəm dayan” Azərbaycan əsgərinə inam çiçəyinin ləçəyidi. Lələtəpənin, Bayraqtəpənin sinəsinə sığal çəkən yellərə qarışan, o yellərin can köynəyinə dönən inam indi daha qətiyyətlidi, daha dönməzdi.

Şahin Musaoğlu hərbçi olmasa da özünü ordumuzun əsgəri bilir. Ordumuzun uğurları onun da ürəyini telləndirir, onun da könül dünyasının səyyarəsinə dönür...

Birinci batalyon ordumuzun ilkinlərindən oldu. Müharibənin ağırlığı ilkin olaraq onun çiyinlərinə düşdü, ilk ağrılarını o çəkdi; uğursuz Daşaltı əməliyyatına birinci batalyon cəlb edilmişdi. Neçəsi şəhid oldu, neçəsi yaralandı. Şahin bunları kövrəkliklə xatırlayırdı. Qurbanın, Bəhramın, Seyidağanın, Füzulinin, Heydərin, Elmanın... yana-yana danışdıqlarını Şahin yana-yana yaşayırdı. Göz yaşlarının ürəyinə axdığını duymaq, hiss eləmək çətin deyildi. Dinləyirdi - qaşları çatılırdı, xatırlayırdı - ürəyi uçunurdu; uçunan ürəyinin giziltisi misralaşırmış, misralar musiqiləşirmiş. Ürəyindən nələr keçdiyini “Birinci batalyon” yazılana kimi kimsə bilmədi. “Birinci batalyon” şəhidlərə elegiya oldu, qazilərə təsəlli. “Birinci batalyon”u həm elegiya kimi dinlədik (dinləyirik), həm də inam kimi. İnamımız şair inamına oxucu inamıdı, bəstəkar inamına dinləyici inamıdı. Bədii təfəkkürdən, ruhdan süzülüb gələn, ruhumuza qarışan, ruhumuzda yaşayan duyğudu “Birinci batalyon”...

Vətənpərvərlik Şahin Musaoğlunun ömürlüyünün qayəsidi; Vətən istəyərsə küləyə dönüb yarpaq da titrədər, selə dönüb gərəksiz daşları axıdar da, yağışa dönüb çilənə də bilər, şimşəyə dönüb çaxa da bilər... Nə eləsə Şahin kimi eləyər.

Vətənin küləyi, seli, yağışı, şimşəyi... də olmağa hazırdı, “mamır olub” Vətənin “qayasında mamır kimi bitməyə də”. Şahin Vətənin oğludu. Şahin Musaoğlu Vətən üçün yaşayanlardandı. Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlunun “ən sadə, mürəkkəb cümləsinin də əzəl mübtədası” Vətəndi. Yazarların hər əsərini Vətənə xidmət kimi dəyərləndirir Şahin Musaoğlu. Yazıçılar Birliyi Müdafiə Nazirliyi ilə fəaliyyətini ona həvalə edib. Orduya sevgiylə sözə sevgi bu fəaliyyətin uğurunun ağ işığı olacaq, şübhəsiz. Şübhəsiz ki, sözümüz Vətənin (və deməli, sözümüzün!) keşiyini çəkənlərə daha böyük həssaslıqla, sayğılarla çatacaq. Sözümüz “İgid əsgər, möhkəm dayan!” deyəcək, “Çağırır Vətən!” deyəcək...

... Şahin Musaoğlu sözün əsgəridi. Söz Vətən üçündü; Şahin Musaoğlu Vətənin əsgəridi...

Şahinin Əzizi əzizimizdi, Ziyası ziyamız...

...”İgid əsgər, möhkəm dayan!”, “Çağırır Vətən!” - müraciətləri həm də bizlərə ünvanlanıb, bizlərin sırasında Musa müəllimin oğlu Şahinə (həkim Şahinə, şair Şahinə, bəstəkar Şahinə, birmənalı şəkildə vətəndaş Şahinə) - Şahin Musaoğluna ünvanlanıb...

Şahin Musaoğlu da varlığıyla inanır ki, Azərbaycan əsgəri Ali baş Komandanın əmrinə müntəzirdi. Torpaqlarımız işğaldan azad ediləcək!..

 





13.02.2017    çap et  çap et