525.Az

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib” (davamı)


 

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib” <b style="color:red">(davamı)</b>

PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”

Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə onun ölkəmizdə dini və etnik tolerantlığın – dözümlülüyün ənənələri, həmçinin qarşılıqlı xoşgörünün müasir səviyyəsi barədə fikirlərini öyrəndik. Bu mövzuda özünəməxsus düşüncə və mülahizələrini dilə gətirən müsahibimiz tolerantlığın ölkədə milli birliyin bərqərar olunması baxımından əhəmiyyəti, həmçinin dövlətin bu sahədə yürütdüyü siyasət, apardığı işlər haqqında da fikirlərini açıqladı.

– Fikirlərinizdən belə anlaşılır ki, bizim bundan sonra əsas ümummilli hədəfimiz “qüdrətli dövlət” ideyası olmalıdır?

– Bəli, bizim üçün ümummilli ideya Danimarka üçün, Norveç üçün, Yaponiya üçün nədirsə, o ola bilər. Düşünürəm ki, bu dövlətlər üçün də ümummilli ideya – “qüdrətli dövlət” ideyasıdır. Beləliklə, yuxarıda söylənilən fikirlərin işığında ölkəmizin gələcəyinə baxanda hesab etmək olar ki, “Qüdrətli dövlət” ideyası bizim üçün ümummilli ideya ola bilər. Çünki bu, həm də son yüz ildə itirilmiş torpaqların qaytarılması arzusu, niyyəti deməkdir. Yuxarıda qeyd edildiyi kimi “milləti ideya yaradır”. Qüdrətli dövlət ideyası, qüdrətli xalq və qüdrətli fərd yarada bilər. Bu ideya bir çox dövlətlərin milli ideyasının əsasını təşkil edir və dövləti atributlarda öz əksini tapır. Bunun üçün dünya dövlətlərinin gerblərinə (milli rəmzlərinə) baxmaq kifayətdir. Oxuya bilsək, hər dövlətin ümummilli ideyasının ruhu öz gerblərində əks olunub. Dünya dövlətlərinin çoxunun dövlət rəmzlərində (xüsusi ilə də gerbində) qüdrət və güc simvolları olan tac, şir, pələng, qılınc, əjdaha, qartal və bunun kimi elementlərdən istifadə edirlər. Torpağın ən güclü canlısı şir və pələng, səmanınkı isə qartal olduğundan, bunlardan daha çox istifadə olunur. Hətta ermənilər bir az da qabağa gedərək Nuhun gəmisi kimi mifik elementlərdən də istifadə ediblər. Milli arzuları reallaşdırmaq üçün Azərbaycan qüdrətli dövlətə çevrilməlidir, bu qüdrət onun dövləti rəmzilərində əks olunmalıdır. “Qüdrətli dövlət” ideyası altında ölkəmizin rəmzlərinə, pul sikkələrinə yenidən baxılmasına ehtiyac duyulur. Belə ki, ölkənin bugünkü xəritəsini sikkələrə vurulması itirilmiş torpaqların qaytarılması ideyasını reallaşmasını çətinləşdirir və “Qərbi Azərbaycan” hərəkatının fəaliyyətini zəiflədir.

Yaşadığımız informasiya əsri əvvəlki əsrlərdən çox fərqlidir. Fiziki qələbədən fərqli olaraq, informasiya əsrində bir dövlətin başqa dövlət üzərində qələbəsi ilk anda görünməzdir və qələbənin (və ya məğlubiyyətin) nəticəsi isə 10-20 ildən sonra görünə bilər.

Hazırda ölkəmiz çox inkişaf edir. İqtisadi uğurlar göz qabağındadır. Məzmun zənginliyi formada, rəmzlərdə öz əksini tapmalıdır. Bu iqtisadi inkişaf milli ruhun inkişafına səbəb olmalıdır.

– Siz daha çox təhsil sahəsi problemləri ilə də məşğul olursunuz. Ümummilli ideya və təhsil mövzularından paralel şəkildə danışmağınızı istərdik. Bunlardan biri digərini hansı səviyyədə şərtləndirir?

– Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Tam yerində ifadə olunub. Bəli, qüdrətli dövlətə gedən yol keyfiyyətli təhsildən keçir. Ona görə dünya dövlətləri sanki, keyfiyyətli təhsil uğrunda yarışırlar. Təhsil xəzinəsi özündə olan bir varlıqdır. Bunu görməmək qəbahətdir.

Qüdrətli dövləti qurmaqdan ötrü iki şərt önəmlidir: keyfiyyətli məhsul istehsal etmək və keyfiyyətli qulluq göstərməyi bacarmaq. Hər iki şərt keyfiyyətli təhsildən keçir. Keyfiyyətli təhsil olmasa, nə keyfiyyətli məhsul istehsal etmək, nə də keyfiyyətli qulluq etmək mümkündür. Ancaq rəqabətə davamlı məhsul dünya bazarında özünə yer tapa bilər. Çalışmalıyıq ki, əvvəla, öz bazarımızda digər dövlətlərin mallarını rəqabət yolu ilə sıxışdıraq. Sonra çalışmalıyıq ki, qonşu dövlətlərin bazarında məhsul sataq və beləliklə dünya bazarına yol tapaq. Keyfiyyətli qulluq (təhsil, səhiyyə, turist və mədəniyyət xidmətləri) ölkəni cəzbedici edər və bölgənin mədəniyyət mərkəzinə çevrilər. Turizm sahəsinin fəlsəfəsində yeni mədəniyyətlə tanışlıq durur. Biz yüksək mədəniyyət təqdim etməyi bacarmalıyıq. Əlbəttə, rahatçılıq da vacibdir. Ancaq bunlar məqsəd deyil vasitədir. Mədəni təqdimat cəzbedicidir. Həm keyfiyyətli məhsul istehsalı, həm keyfiyyətli xidmət təhsildən neqativ halların (rüşvətin) sıxışdırılmasını tələb edir. Azərbaycanda yaxşı orta məktəblər var. Bu məktəblərdə rüşvət yoxdur. Ölkəmizdə keyfiyyətsiz təhsil verən məktəblər də az deyil. Bu məktəblərdə rüşvətin olmamasını inkar etmək mümkün deyil. Çünki inancıma görə keyfiyyət ilə rüşvətin hasili sabitdir. Keyfiyyət artanda, rüşvət azalar. Rüşvət artanda isə keyfiyyət azalır.

Əgər biz rəqabətə davamlı keyfiyyətli məhsul istehsal və keyfiyyətli xidmət göstərmək istəyiriksə, toplumun mədəni və intellektual səviyyəsini yüksəltməyə diqqət yetirməliyik. Son on ildir ki, dünya bu işə fövqəladə diqqət yetirir. On ildir ki, Avropa ömür boyu təhsil siyasəti aparır. Bu cəmiyyətlər bizdən fərqli olaraq düşünürlər ki, cəmiyyətdə ali savadlıların sayı nə qədər çox olarsa, cəmiyyətin orta intellektual səviyyəsi də bir o qədər çox olar. Bu səbəbdən də onlar Universitetlərin giriş qapılarını gen açır, çıxış qapılarını isə daraldırlar. Sadəcə, onlar bilirlər ki, akademik mühitdən nə qədər çox gənc keçərsə, sonda (diplom alıb almamasından asılı olmayaraq) o gənclərin səviyyəsi, bu mühiti keçməyənlərdən qat – qat yüksək olar. Sovet dövrü ilə müqayisədə Pribaltika ölkələrində ali məktəblərə tələbə qəbulu 300 % çox artırılıbdır. Dünya sürətlə dəyişir. Qonşu dövlətlər və iqtisadi – sosial vəziyyət də sürətlə dəyişir. Bizim təhsilimiz bu dəyişikliklərə cavab verməlidir. Ölkədə mükəmməl təhsil siyasətinə ehtiyac duyulur. Təhsil siyasəti dövlət siyasətinin əsas və prioritet hissəsi olmaqla bərabər, dörd aspekti –siyasəti, iqtisadiyyatı, sosial sferanı və təhsilin özünü üzvü şəkildə bir-biri ilə bağlayır. Ancaq belə olanda təhsil sahə maraqlarından çıxar və ümummilli marağa xidmət edər. Təhsil siyasəti – bəşəri inkişafın ümumi meyillərini nəzərə alaraq, təhsil sahəsində ümummilli maraqları qorumaq və inkişaf etdirmək missiyası daşıyır. Belə olanda Azərbaycan qüdrətli dövlətə çevrilər və nəticədə bizim dövlətin müstəqilliyi ulu öndər Heydər Əliyevin arzu etdiyi kimi “dönməz, əbədi və sarsılmaz” olar.

– Heydər Əliyev irsinin, fəlsəfəsinin araşdırıcılarından, bu mövzu ilə bağlı mətbuatda mütəmadi çıxış edən filosof kimi Heydər Əliyevin ümummilli ideya və milli birlik fəlsəfəsinə yanaşma tərziniz, fikir və düşüncələriniz oxucularımız üçün də maraqlı olardı.

– Milli ideya tarixi taledə mühüm rol oynayır. Spenserə görə milləti ideya yaradır. Milli ideya milli özünüdərkdən sonra yaranır. Belinski də hesab edirdi ki, cəmiyyət üzərində möhkəm hakimiyyətə söz yox, ancaq ideya malikdir. Qərb fəlsəfəsi də ideyanı inkişafın əsas mənbəyi və səbəbi hesab edir. Rus filosoflarından Solovyev, Berdyayev və İlin “yeni rus ideyası” axtarışını zaman-zaman diqqət mərkəzində saxlayıblar. Çünki yeni milli ideya toplumu səfərbər edir, fəaliyyəti istiqamətləndirən ideoloji müddəalar sistemi yaradır, nəticədə milli birlik yaranır, dövlət isə qüdrətli olur. Milli ideya çox sadə ifadə olunmalıdır. Skotnikova görə ideya nə qədər sadə olarsa, bir o qədər çox kütləyə sahib olar. Bizə də milli birlik və qüdrətli dövlət lazımdır. Belə bir dövlətin asan başa düşülən milli ideyasını ulu öndər Heydər Əliyevin fəlsəfəsində axtarmaq lazımdır. Bu milli ideyanın ümummilli (yəni, bütün siyasi qüvvələrin və gələcək nəsillərin də qəbul edəcəyi) ideyaya çevrilməsi üçün ictimai-siyasi institutlar Heydər Əliyev fəlsəfəsinə əsaslanaraq öz töhfəsini verməlidirlər. Qüdrətli dövlət qurmaq üçün əvvəlcə, dövrü düzgün səciyyələndirmək, düşməni və ya düşmənləri neytrallaşdırmaq və Qarabağ yarasını sağaltmaq lazımdır.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 

 





19.04.2013    çap et  çap et