525.Az

"Tarixi şəxsiyyətlər"


 

"Tarixi  şəxsiyyətlər"<b style="color:red"></b>

Azərbaycanın söz məkanında özünəməxsus yeri olan dərgilərdən biri də "Tarixi şəxsiyyətlər"dir.

Bugünlərdə dərginin 35-ci sayı işıq üzü görüb. Məlumat üçün bildirim ki, beynəlxalq ictimai-siyasi jurnal kimi nəşr olunan bu dərgi özünün hər sayını tarixin bir tanınmış insanına həsr edir. O tanınmış şəxslər  oxuculara təqdim  edilir ki, onların barəsində hər gün oxumaq, hər gün yeni nələrsə öyrənmək maraqlıdır, həm də özünü tərbiyə baxımından dəyərlidi.

Bugünlərdə işıq üzü görmüş "Tarixi şəxsiyyətlər"in 35-ci sayı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Bəri başdan deyim ki, kifayət qədər böyük ictimai nüfuzu olan, təkcə respublikamızda deyil, həm də dünyada özünün kəskin müsahibələri, hadisələrə qətiyyətli yanaşması, cəsarətli addımları ilə seçilən Türkiyə Respublikasının prezidenti barəsində  bu gün hər kəs istənilən informasiyanı bir həssaslıqla qarşılayır, bir böyük maraqla oxuyur. Elə yazı masamın üzərində olan "Tarixi şəxsiyyətlər"in 35-ci sayındakı fotogörüntülər özü-özlüyündə  qardaş məmləkətin prezidenti barəsində artıq fikir formalaşdırır. Jurnalın yaradıcı heyəti demək olar ki, bu sayda Rəcəb Tayyib Ərdoğanın simasında həm də oxucunu Türkiyə ilə təmasa gətirir. Bu məmləkətin qısa tarixi, təhsili, idmanı, turizmi, hətta mətbəxi barəsində bilgilər verir. Burada həmçinin o da vurğulanır ki, Türkiyə prezidenti öz ictimai-siyasi fəaliyyəti ilə ekspertlərin, siyasi şərhçilərin, eləcə də media mənsublarının diqqətini çəkmiş və ötən il o, İlin adamı seçilmişdi. Qeyd etmək yerinə düşər ki, təkcə qardaş məmləkətdə deyil, həmçinin ölkəmizdə Rəcəb Tayyip Ərdoğanın bir dövlət başçısı kimi fəaliyyəti maraqla izlənilir və həmişə gündəmdədir.

Çox maraqlıdır ki, dərginin bu sayı Türkiyə Cümhuriyyəti prezidentinin həyat yolunu da özünəməxsus şəkildə izləyib və yaradıcı kollektivin yekun rəyi ilə "Rəcəb Tayyib Ərdoğan vətən və millət qarşısında vətəndaş-şəxsiyyət borcunu yetərincə, ləyaqətlə ödəyən, milli-mənəviyyata və Türk-İslam mənəvi dəyərləri üçün yaddaş ömrü yaşamağa layiq, dünyanın istənilən guşəsində görünə biləcək müdriklik, kamillik və aqillik zirvəsi olduğu üçün, həmçinin 15 iyul 2016-cı il hadisələrində göstərdiyi misilsiz cəsarətə və Türkiyə Cümhuriyyəti qarşısındakı danılmaz xidmətlərinə görə, "Tarixi şəxsiyyətlər" jurnalı Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanı "2016-cı ilin adamı" mükafatına layiq görmüşdü". Göründüyü kimi, dərgi həm də siyasi hadisələri qiymətləndirmək, təqdim etdiyi şəxsiyyətin ölkə həyatındakı yeri ilə yanaşı, dünya siyasətindəki mövqeyini də  qabartmağı peşəkarlıqla yerinə yetirmiş və bununla da öz üzərinə götürdüyü missiyanın mahiyyətinə sədaqətini büruzə vermişdi.

Son olaraq düşünürəm ki, "Tarixi şəxsiyyətlər"in 35-ci sayı da oxucuların maraq dünyasında öz izini açacaq.

Əbülfət MƏDƏTOĞLU

 





16.02.2017    çap et  çap et