525.Az

Yaponiyada Azərbaycanla bağlı növbəti seminar


 

Yaponiyada Azərbaycanla bağlı növbəti seminar <b style="color:red"></b>

Fevralın 14-də Yaponiyanın paytaxtı Tokionun Ota qəsəbəsində yerləşən məktəbdə Hokkaydo Universitetinin konfliktologiya üzrə doktorantı, hökümət təqaüdçüsü, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov Azərbaycanla bağlı növbəti seminar keçirib.

Seminar zamanı yaponiyalı məktəblilərə Azərbaycan dili, mədəniyyəti, tarixi, insanları, ictimai-siyasi həyatı haqqında geniş məlumat verilib.

Ə. Məmmədov qeyd edib ki, ilk dəfə Azərbaycan adı altında dövlət 1918-ci ildə yaradılıb: "Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi uzun sürməsə belə, milli ideyanın formalaşmasına güclü təkan verib. 1991-cı ildə Sovet İttifaqının zəifləməsi və süqut etməsi ilə azərbaycanlılar yenidən müstəqillik əldə ediblər. Bu dəfə də ilk illər çox ağır keçib. Torpaqların 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin qeydə alınması, ölkə daxilində hakimiyyət uğrunda gedən qızğın mübarizələr, ölkəni parçalamağa yönəlmiş daxili üsyanlar və sair xoşagəlməz hadisələr yeni müstəqillik əldə etmiş bir dövlət üçün çox çətin imtahan idi. Lakin bununla belə bu dəfə Azərbaycan xalqı əzmkarlıq göstərməklə öz müstəqilliyini qoruyub saxlamağa nail olub. 1993-cü ildə Sovet İttifaqı dövründə də Azərbaycana uzun illər rəhbərlik etmiş, dünya səviyyəli lider, zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tənəzzüldən inkişafa doğru çətin, amma şərəfli böyük bir yola qədəm qoydu. Sevindirici hal ondan ibarətdir ki, bu yolda həm Azərbaycan rəhbərliyi, həm də onun xalqı üzüağ və şərəflə çıxmağa nail oldu. 1991-1994-cü illərdə bir çox böyük dövlətlər Azərbaycana qarşı iqtisadi təkləmə siyasəti yürütsələr də, artıq 90-cı illərin sonlarına doğru Azərbaycan yalnız qonşuları üçün deyil, həm də dünyanın aparıcı dövlətləri üçün ən əsas strateji partnyor mövqeyinə qədər yüksəlməyə nail oldu".

Həmyerlimiz bildirib ki, 2000-ci illər ərzində Azərbaycanın dünya çapında gözəçarpan, sürətli inkişafı tarixə qızıl hərflərlə yazılıb: "Azərbaycanın zəngin neft yataqlarından qazanılan gəlirlər sayəsində ölkədə kənd təsərrüfatı və turizm sahəsi də böyük inkişaf yoluna qədəm qoyub. Təsadüfi deyil ki, məhz 2000-ci ildə Azərbaycanın paytaxtı Bakıda Yaponiya səfirliyi fəaliyyətə başlayıb. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, qonşu Ermənistan-da Yaponiya səfirliyi 15 il sonra, 2015-ci ildə açılıb. Bunun özü Yaponiya hökümətinin Cənubi Qafqaz regionunda Azərbaycana verdiyi müstəsna dəyərin və hörmətin bariz nümunəsidir".

Qeyd edək ki, proqram çərçivəsində Sinqapur, Tailand, İndoneziya, Hindistan və Perudan olan xarici tələbələr də öz ölkələri haqqında məlumatlar verib, fikir mübadiləsi aparıblar.

Ceyhun ABASOV

 





16.02.2017    çap et  çap et