525.Az

"Hakimlərin sayının və maaşlarının artmasına ehtiyac var"


 

"Hakimlərin sayının və maaşlarının artmasına ehtiyac var"<b style="color:red"></b> "Hüquq sistemində islahatlar davam etməlidir. Prezident İlham Əliyev də məsələnin aktuallığını nəzərə alaraq, hüquq islahatlarının davam etməsi ilə bağlı sərəncam imzalayıb. Ölkəyə investisiyaların qoyulması həm də qanunun aliliyinin təmin olunmasından asılıdır".
 
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibəsində deyib.
 
Deputat bildirib ki, prezidentin cəzanın humanistləşdirilməsi ilə bağlı sərəncamı yerinə düşür: "Mən bəzi məsələlərlə bağlı daha humanist cəzalar olmasını təklif etmişəm. Məsələn, dünya hazırda marixuanadan istifadəyə görə cinayət məsuliyyətini aradan qaldırır. Amma Azərbaycanda bir adamın üzərindən şəxsi istehlak həddindən bir qədər çox, məsələn, 5 qram marixuana tapılsa, ona cəza təyin edirlər. Adam hər dəfə də gedib marixuana alanda özü ilə analitik tərəzi aparmalıdır ki, 4 qramdan çox olmasın? Çünki 0,5 qram çox olanda bu, artıq şəxsi istehlak yox, satış məqsədli sayılacaq və cəza təyin ediləcək.  Yəni hamımız bilirik ki bu qeyri-realdır. Həbsxanalarda olanların az qala yarısı marixuanaya görə həbs olunanlardır. Azərbaycan dövləti rəsmən qoşulduğu beynəlxalq konvensiyalarla qəbul edib ki, narkomaniya cinayət deyil, xəstəlikdir. Narkomanı müalicə etmək lazımdır, tutub həbsxanaya göndərmək yox. Bu tipli hallara görə qanunvericiliyin humanistləşdirilməsi lazımdır".
 
Q. Həsənquliyev deyib ki, Azərbaycanda əksər hallarda az ağır cinayətlərə, yaxud alternativ sanksiyalı normalara görə həbs qətimkan tədbiri seçilir: "Qanunvericilikdə həmin hala görə azadlıqdan məhrumetmə, islah işi, cərimə var, lakin əksər hallarda məhkəmə ən ağırını-azadlıqdan məhrumetmə növündə həbs qətimkan tədbirini seçir. Bəlkə buna növbəti prosesdə cərimə təyin olunacaq, indidən bunu niyə həbs edirsən? Çox vaxt da bunu onunla əsaslandırırdılar ki, qaçıb istintaqdan gizlənə bilər. İndi  sərəncamda qeyd edilir ki, elektron vasitələr, yəni qola, ayağa taxılan xüsusi qolbağılar vasitəsilə ev məhbusluğunu təmin etmək mümkün olacaq. Yəni həmin şəxs evdən kənara çıxdıqda nəzarət edən orqan bunu biləcək. Ona görə də həbs qətimkan tədbirlərinin sayı kəskin azalacaq".   
 
Deputat xatırladıb ki, ABŞ təcrübəsində ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkənlərin saxlanıldığı müəssisələrə böyük torpaq sahəsi ayrılır: "Biz ABŞ-da olarkən bu təcrübə ilə tanış olduq. Həmin torpaq sahəsində onlar tərəvəzlər əkirdilər, donuz saxlayırdılar. Həmin ərazi tikanlı məftillərlə əhatə olunub, atın üzərində də silahlı nəzarətçilər dayanmışdılar və məhbuslar burda işləyirdilər. Bu işlərdə çalışmaqla həmin adamlar müəyyən vərdişlərə yiyələnirlər, bütün günlərini boş oturmaqla keçirmirlər. İkincisi, onlar işləməklə pul qazanırlar, hətta ailələrinə də kömək edirlər. Üçüncüsü, nəzarətçilərin saxlanılmasından tutmuş özlərinin xərcləri dövlətin üzərində deyil, çünki məhsul istehsal edirlər. Biz onların plantasiyada necə işləməklərinin də şahidi olduq".
 
Sərəncamda o da var ki, sahibkarlar məhbusların xidmətlərindən istifadə edə, iş qura bilərlər. Beləliklə, məhbuslar işləməklə həm də ailələrinə vəsait göndərə bilərlər. 
 
Deputat deyib ki, şəxsiyyət əleyhinə törədilən cinayətlərdə humanizm prinsipi dövlət tərəfindən tək cinayəti törədənə münasibətdə nəzərə alınmamalıdır, bu, həm də zərərçəkmişə münasibətdə olmalıdır: "Yəni mənim söylədiyim humanizm prinsipləri şəxsiyyət əleyhinə törədilən cinayətlərə aid deyil".
 
Deputat cəzaların yüngülləşdirilməsi ilə bağlı dəyişikliklərin qeyri-şəffaflıq hallarının artmasına təsiri ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Azərbaycanda hüquqi aktlarında sanksiyaların yuxarı və aşağı həddi arasında fərq çoxdur, bir çox hallarda da hakimlər bundan sui-istifadə edirlər.
 
Eyni zamanda hakimləri seçən, vəzifədə irəli çəkən, hakimlərlə bağlı təqdimat verən qurumun başında icra orqanının başçısı, ədliyyə naziri durur: " Məhkəmə-Hüquq Şurası haqqında qanunun da birinci maddəsində qeyd edilir ki, bu qurum hakimlərin özünü idarəetmə orqanıdır. Bir hakimiyyət orqanının özünü idarəetmə orqanının başında dövlətin başqa qanadının nümayəndəsi dayanır. Düzdür, mən hər dəfə bunu qaldıranda deyirlər ki, hakimlərin cəzalandırılması ilə bağlı məsələ qaldırılanda Məhkəmə-Hüquq Şurasında səsvermədə yalnız hakimlər səs verirlər, digərləri iştirak etmirlər. Ancaq bu, nəyi dəyişir? Söhbət ondan gedir ki, o iclası aparan da, rəhbərlik edən də icra qurumunun rəhbəridir. Məhkəmə-Hüquq Şurasında vəkillər, prokurorlar, millət vəkilləri də var".
 
Deputat deyib ki, Məhkəmə-Hüquq Şurası hakimlərin özünü idarəetmə orqanı olduğu üçün yalnız hakimlərdən ibarət olmalıdır. O, həmçinin hakim və vəkillərin sayının artırılmalı olduğunu da deyib: " Bir nəfər mənə bildirdi ki, Ali Məhkəmədə şirkətə pul ödəməli olan şəxs şirkətlə razılığa gəlib ki, imkanım yoxdur, istəyirsən, məni tutsunlar, yalnız ayda 200 manat ödəyə bilərəm. Şirkət də razılaşıb ki, ayda 200 manat olmaqla, o pul qaytarılsın. Heç şirkətin nümayəndəsi də məhkəməyə gəlməyib. Hakim isə marağı nədirsə, inadkarlıq edir ki, bəri başdan 7 min manat pulun yarısını həmin şirkətə ödəməlisən. Vəkil və ittiham olunan hakimə yalvarır ki, şirkətlə ayda 200 manat ödənilməklə bağlı razılıq əldə olunub. Hakim isə qeyd edir ki, əgər ayın 1-ə qədər pulun yarısını ödəməsən, apelyasiya məhkəməsinin qərarını ləğv edib, səni həbs edəcəyəm. Çox təəssüf ki, belə hallar var".
 
Q. Həsənquliyev, həmçinin, şəffaflığın artırılması üçün hakimlərin maaşına da yenidən baxılmasını zəruri hesab edir: "Hakimlərin sayı və maaşları artsa, o halda biz ədalətli qərarların sayının artmasının şahidi olacağıq".
 





16.02.2017    çap et  çap et