525.Az

Penitensiar sahədə yeni "yol xəritəsi"


 

"PREZİDENT İLHAM ƏLİYEVİN MÜVAFİQ SƏRƏNCAMI İLƏ MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏ HUMANİTAR YANAŞMA ORTAYA QOYULUB"

Penitensiar sahədə yeni "yol xəritəsi"<b style="color:red"></b>

Azərbaycanda hüquqi islahatların yeni mərhələsi başlayır.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb.

Sözügedən sərəncamı zəruri edən bir sıra şərtlər var. Ekspertlərin verdiyi məlumatlara görə, Azərbaycan Respublikasında dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili zərurətə çevrilib. Çünki məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. Bundan başqa, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən, iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbsqəti-mkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir.

Sərəncamın məqsədi isə cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: birincisi, məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri, ikincisi, qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs-qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qət-imkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının prezidenti kənar təsir hallarının tam istisna olunması üçün yalnız qanunun tələblərinin rəhbər tutulmalı olduğunu məhkəmələrin diqqətinə çatdırıb.

Sərəncamı aktual edən digər məqamlardan digərləri penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsidir.

Bütün bu istiqamətlər üzrə kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək. Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün "yol xəritəsi" olacaq.

Məsələ ilə bağlı fikirlərini bildirən siyasi şərhçi Arzu Nağıyev qeyd edib ki, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamı və sənəddən irəli gələn məsələlər ölkə rəhbəri tərəfindən atılmış humanist addımlardan biridir".

O, SİA-ya bildirib ki, bu gün elə cinayət növləri var ki, bu cinayətlərə görə həbs qət-imkan tədbirinin seçilməsi heç məqsədə müvafiq sayılmır: "Yəni, cəmiyyət üçün o qədər də qorxu yaratmayan bəzi cinayətlər var ki, məhkəmədən əvvəl bunun hər hansı araşdırılması gedən vaxtı onun həbs edilməsi heç də düzgün deyil. Çünki bu, əsasən iqtisadi cinayətlərlə bağlıdır. İnsan üçün ən mühüm məsələ azadlıqdır. Məhz azadlığın da qabağını almaq və onu həbs etmək, uzun müddət pentensiar sistemdə bunların saxlanılması özü çətin anlar yaşadır. Bunun həm iqtisadi, həm də digər mənəvi tərəfləri var. Məhz bütün bunları nəzərə alaraq, dünya hüquq sistemi ilə uzlaşmaq üçün bu, vaxtında atılmış addımlardan biridir. Eyni zamanda, hansısa cinayəti etmiş şəxslər haqqında müəyyən qərar verən orqanlarda korrupsiya faktlarının da qarşısını ala bilərlər. Bu gün kiminsə icraedici orqanlara, məhkəmələrə təsiri və həmin şəxslərin həbsi ilə bağlı atdıqları addımlar var. Məhz buna görə də bu məsələ bir sıra qaranlıq məqamlara işıq gətirmiş olar və bunların qarşısı alınar. Bundan başqa, dünya standartlarına uyğun olaraq məhkəmədə və yaxud məhkəmə qərarından sonra müxtəlif cinayətlərdən yayınma proseslərinin qarşısını almaq üçün həbs edilməyən şəxslər müəyyən elektron formada onların izlənməsi, yerlərinin müəyyən edilməsi istiqamətində də addımlar atılmalıdır".

Milli Məclisin deputatı Rövşən Rzayev isə hesab edir ki, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamı və sənəddən irəli gələn məsələlərlə bağlı humanitar yanaşma ortaya qoyulub".

Onun sözlərinə görə, burada başlıca olaraq alternativ cəzalardan söhbət gedir: "Yəni, hər hansı bir cinayət törədilibsə və bu cəmiyyətdən təcrid olunmaya bilirsə, təcrid olunmamaq mümkündürsə, ona yanaşma məhz bu istiqamətdə olacaq. Beləcə, cəza çəkən adamların bir daha cəmiyyətə qayıtmağından ötəri müəyyən məsələlər həllini tapacaq. Yəni, bu çox vacib məsələdir. Düşünürəm ki, bu öz bəhrəsini verəcək. Eyni zamanda, o, cəzaların nəzarət mexanizmi də yaradılıb. Təbii ki, o də Ədliyyə sistemində bir yenilikdir. Ümumilikdə bunlar hamısı gələcəkdə ümumi mövcud olan proseslərə öz töhfəsini verən işlər olacaq".

Ceyhun ABASOV

 





17.02.2017    çap et  çap et