525.Az

İstanbulda III Dünya Turizm Forumu keçirildi


 

Binəli Yıldırım: “Kimlərsə Türkiyənin turizm sənayesini gözdən salmaq, turizmi baltalamaq üçün çalışırsa, bu fikirlərdən daşınsın”

İstanbulda III Dünya Turizm Forumu keçirildi<b style="color:red"></b>

Fevralın 16-da İstanbul şəhərindəki Kongres Mərkəzində 25 ölkənin turizm nazirlərinin iştirakı ilə keçirilən III Dünya Turizm Forumu maraqlı çıxışlar və müzakirələrlə yadda qaldı.

Forumda turizm sənayesi təmsilçiləri ilə yanaşı, dünyanın nəhəng şirkətlərinin, ictimai-siyasi xadimlərin iştirakı tədbirin əhəmiyyətini daha da artırdı.

"Dünya Turizminin Davosu" adlandırılan Forumun rəsmi açılışında çıxış edən Türkiyənin Baş naziri Binəli Yıldırım çox önəmli bəyanatlar verərək qardaş ölkənin turizm potensialı, turizmin inkişafında təhlükəsizlik və sabitlik amillərinin rolu, Yaxın və Orta Şərq regionunda baş verən siyasi-hərbi təlatümlərin turizm sənayesinə təsirləri və digər məsələlər barədə danışdı. Bildirdi ki, dünyada sülh və sabitliyin bərqərar olunması beynəlxalq turizmin əsas inkişaf istiqamətlərindəndir. Türkiyədəki sabitliyi pozmaq istəyən qüvvələrin çirkin planlarına diqqət çəkən B.Yıldırm bəzi ölkələrin Türkiyənin turizm sənayesini gözdən salmaq niyyətlərindən danışdı: "Kimlərsə turizmi baltalamaq üçün çalışırsa, bu fikirlərdən daşınsın. Türkiyən dünyada təhlükəsizlik, sabitlik məsələlərində Avropanın ən təminatlı ölkəsidir. ABŞ, Fransa nə qədər inanılası ölkədirsə, Türkiyə o qədər etibarlı dövlətdir".

Baş nazir B.Yıldırım bildirdi ki, turizm həm də insanlar arasında dostluq, qardaşlıq, humanistlik vasitəsi və mədəniyyətlərarası bir körpüdür: "Turizmə iqtisadi baxışla qiymət vermək düzgün deyil, turizmi bütün tərəflərdən qiymətləndirmək lazımdır. Turizm, ilk növbədə mədəniyyətlərin görüşməsidir, birləşməsidir. Biz Türkiyə olaraq turizmi mədəni qarşılıqlı əlaqələrin güclənməsi, millətlərin bir-birinə qovuşmasına güc qatan bir dəyər kimi görürük. Turizm beynəlxalq münasibətlərin möhkəmlənməsinə, müxtəlif cəmiyyətlər arasında güclü əlaqələrin qurulmasına əhəmiyyətli bir vasitə kimi öz töhfəsini verir. İqtisadi və siyasi əlaqələrin inkişafı baxımından da turizm fəaliyyətinin yaxşı rolu vardır. Biz istəyirik ki, turizm insanların yaxınlaşmasında, qardaş olmasında, regional və qlobal sülhün təmin edilməsində dəstəkverici olsun".

Son dövrlər İstanbulda baş verən terror hadisələri nəticəsində bu qədim mədəniyyət və sivilizasiya mərkəzinin möhtəşəmliyinə kölgə salmağa çalışanlara mesaj verən B.Yıldırım qeyd etdi ki, İstanbul dünya mədəniyyət irsinin ən görkəmli əsərlərinə sahibdir: "Dünyada ən çox diqqət mərkəzində olan şəhərlərinin içərisində də İstanbulun adı çox hallanır. İstanbul dünyanın açıq hava muzeyidir, 5 qitənin səsini, dadını, duzunu özündə əks etdirir. Bu şəhər əsrlərin zəngin xatirələrini özündə daşıyır. İstanbul Avropanın mədəniyyət paytaxtına çevrilir, Avrasiyanın mərkəzi bu şəhərdən Bu, tarixin təkrarıdır".

Dünya Turizm Forumunun prezidenti Bulut Bağcı bu cür qlobal forumun 3-cü dəfə təşkli olunduğunu xatırladaraq tədbirin turizm dünyası, Türkiyə və digər ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) prezidenti Başaran Ulusoy qardaş ölkənin son illər turizm sahəsində ciddi inkişaf yolu keçdiyini bildirərək "Türkiyə yalnız qonaq qəbul edən bir ölkə deyil, həm də yaxşı müştəri məmnuniyyəti, qonaqpərvərlik nümunəsi göstərən ölkədir" dedi. Ölkədə siyasi sabitliyin gətirdiyi iqtisadi sabitlik nəticəsində Türkiyəyə turist axınının artdığına toxunan B.Ulusoy Avropa İttifaqı tərəfindən ikili standartların tətbiqindən narahatlığını dilə gətirdi. Türkiyəyə əsassız olaraq viza tətbiq edilməsi barədə Aİ-nin tələblərini anlamaqda çətinlik çəkdiyini ifadə etdi. Onun "Türkiyə viza tətbiq olunacaq ölkə deyil, gün gələcək bizə viza qoyanlara Türkiyə viza qoyacaq" bəyanatı tədbirdəki iştirak edənlərin böyük əksəriyyətinin razılığı ilə qarşılandı. B.Ulusoy Türkiyənin turizm sahəsində dünya lideri olmaq niyyətini də açıq bəyan etdi. Vurğuladı ki, dövlət ölkəyə gələn turistlərin sayının artması üçün bütün imkanlardan istifadə etməkdədir. Hər il ölkəyə təxminən 30-35 milyon turist gəlir və onun 14 milyon nəfəri İstanbulun payına düşür. Son 15 ildə Türkiyəni ziyarət edənlərin sayı 12-13 milyon nəfərdən 40 milyona, ölkənin bu sahədəki gəlirləri isə 12,5 milyarddan 31,5 milyard dollara çatıb. Turizmin sürətli inkişafı məqsədilə Türkiyədə nəqliyyat infrastrukturu sürətlə inkişaf etdirilir. Hazırda ölkədə 55 müasir aeroport fəaliyyət göstərir. İndi İstanbulda üçüncü böyük aeroport inşa edilir.Hazırda Türkiyə turizm üzrə dünya liderlərinin ilk üçlüyünə daxil olmağa çalışır. Hökumətin hədəfi turizmdən daxil olan gəlirləri qarşıdakı iki-üç ildə 50 milyard dollara çatdırmaqdır. 2023-cü il üçün isə hədəf kimi gəlirləri 86 milyard dollara çatdırmaq planlaşdırılıb.

Türkiyənin turizm və mədəniyyət naziri Nəbi Ovçu forumun dünya turizminin inkişafı və yeni layihələrin başlanması baxımından əhəmiyyətindən bəhs etdi. O, Türkiyənin ecazkar təbiəti, zəngin mədəniyyət nümunələri, möhtəşəm səyahət məkanları barədə danışdı. Qeyd etdi ki, Türkiyə Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayır, ölkədə turizmin bütün sahələri dünya turistlərinin marağındadır.Türkiyənin Bodrum, Antalya kimi cənub sahilləri, qış turizmi istəyənlər üçün Uludağ, Kartalkaya kimi xizək mərkəzləri və təbii gözəllikləri ilə əfsanəyə bənzəyən Qara dəniz yaylaları bura ayaq açan hər kəsi valeh edir. Dünya incilərindən olan İstanbul, eləcə də, İzmir və digər onlarla şəhər Türkiyəni turizm sektoruna böyük faydalar verən bir ölkəyə çevirib.

Beynəlxalq tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən iştirakçılara ölkəmizin turizm potensialı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər, o cümlədən 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, ötən ilin iyununda təşkil olunan "Formula-1" Qran-pri yarışı, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları turizmin inkişafı üçün də mühüm zəmin yaradır. Həmçinin turizmin əsas amillərindən olan elektron vizanın tətbiqindən, yeni hotellərin açılmasından, bu sahədə beynəlxalq əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən də bəhs edildi.

Öz işini panel iclaclarla davam etdirən Forumda çıxış edən turizm şirkətinin nümayəndələrinin məruzələrində səslənən əsas fikirlər bundan ibarət oldu ki, bu cür forumlar turizmin qlobal sülhə töhfə verməsi, fərqli mədəniyyətlər arasındakı ünsiyyəti artırması, ölkələr və xalqlar arasında qardaşlıq üçün çox əhəmiyyət daşıyır.

Hər bir ölkənin turizm şirkəti, turizm siyasəti ilə məşğul olanlar həm də könüllü bir sülh elçisi sayıla bilər və onlar turizmin bu missiyasının genişlənməsinə çalışmalıdır.

Forum çərçivəsində ölkələr arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, 2017-ci ildə "İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli"nin qeyd edilməsi və digər məsələlər müzakirə olundu. 20 ölkədən 150-dək beynəlxalq məruzəçi dinlənildi. "Tourism 100" adlı təqdimatla dünyanın 100-dək nəhəng turizm şirkətinin adı açıqlandı.

 





20.02.2017    çap et  çap et