525.Az

Azərbaycanın xaricidilli mediası: yeni çağırışlar və perspektivlər


 

Azərbaycanın xaricidilli mediası: <b style="color:red">yeni çağırışlar və perspektivlər</b>

Azərbaycanın xaricidilli mediası: yeni çağırışlar və perspektivlər

Bugünlərdə Milli Məclisdə aparıcı KİV-in rəhbərləri ilə parlament rəhbərliyi arasında keçirilən görüşdə çıxışlar zamanı ölkəmizdə xaricidilli media ilə, xüsusən müxtəlif dillərdə olan saytların maliyyələşməsi ilə bağlı fikirlər səsləndirilib.

Azərbaycanda xarici dildə nəşr olunan mətbu orqanlardan danışarkən, ilk növbədə mətbuat tariximizi nəzərdən keçirmək lazımdır.

Belə ki, uzun müddət Zaqafqaziyanın inzibati və mədəniyyət mərkəzi Tiflis şəhəri olduğundan mətbuat və ədəbiyyata da bu öz təsirini göstərmişdir. Bakıda rus dilində ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid məlumatlar Tiflisdə çıxan qəzetlərdə əks olunurdu. XIX əsrin 20-ci illərində Zaqafqaziyada ilk mətbu orqan “Tiflisskiye vedomosti” qəzeti (1828-1832) olub. 1828-ci ildə rus dilində nəşr olunmağa başlayan bu qəzet 1829-cu ildə gürcü dilində, 1832-ci ildə Azərbaycan dilində buraxılmışdır. Azərbaycan dilində qəzet “Tiflis əxbarı” adlanırdı. “Zakavkazskiy vestnik” qəzeti isə 1841-ci ildə rus dilində nəşrə başlamışdır. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılıb. Qəzet Azərbaycan dilində “Qafqazın bu tərəfinin xəbəri” adı ilə 1845-ci ildə nəşr olunmağa başlayıb”. Azərbaycanda çıxan ilk rusdilli qəzet isə “Bakinskiy listok” hesab edilir. İlk nömrəsi 1871-ci il martın 19-da nəşr olunub. Ümumiyyətlə, 1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbu orqan fəaliyyət göstərib. Onlardan 20-si rus dilində, 15-i gürcü dilində, təəssüf ki, elə o qədər də - 15-i erməni dilində, 3-ü isə Azərbaycan dilində olub. Əgər ayrı-ayrı cəmiyyətlərin və təşkilatların rəsmi nəşrlərini nəzərə alsaq, bu rəqəm 69-a çatar. Ümumiyyətlə, XIX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan mətbu orqanlar tatar, rus, gürcü, erməni, fars, türk dillərində olub. Təbiidir ki, bu hal həmin dövrdə çar Rusiyasının apardığı siyasətin tərkib hissəsi kimi təzahür edirdi və bu, “Əkinçi”nin nəşrinədək davam etdi. Azərbaycan milli mətbuatımızın banisi, maarifpərvər ziyalı Həsən bəy Zərdabinin zəhməti ilə ilk azərbaycandilli qəzetimiz məhz XIX əsrin sonlarında işıq üzü görməyə başladı. Sovet dönəmində isə xarici dildə heç bir mətbu orqan olmayıb. Həmin dövrdə turistlər üçün müxtəlif Avropa dillərində buraxılan müxtəlif bukletləri nəzərə almasaq, belə nəşrlər ümumiyyətlə mövcud deyildi. Hal-hazırda Azərbaycanda mövcud olan xaricidilli medianın təsnifatını təxminən belə verə bilərik:

1. Qəzetlər (Konkret hər hansı xarici dildə nəşr olunan, auditoriyası əcnəbi vətəndaşlar olan media orqanları – misal üçün: hazırda ölkəmizdə mütəmadi olaraq nəşr olunan ingilisdilli “Azernews” və fransızdilli “Le Carrefour” qəzeti (maliyyə çətinliyi üzündən elektron versiyada çıxır) )

2. Saytlar (xaricidilli qəzetlərin elektron versiyaları, məsələn www.lecarrefour.az saytı Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” qəzetinin elektron saytıdır) və informasiya agentilikləri (Müxtəlif dillərdə fəaliyyət göstərərək Azərbaycan dilində gündəlik yayımlanan xəbərlərin xarici dillərə tərcüməsini təqdim edən informasiya agentlikləri (Azertac, APA və sair) və saytlar Azvision və digərləri)

1. Sosial media (Sosial mediada təmsil olunan ölkənin xaricidlli media orqanlarının müvafiq səhifələri, məsələn https://www.facebook.com/lecarrefouraz-511472305699363/ ). Qeyd etmək yerinə düşərdi ki, ölkəmizin təbliğatı baxımından bu sahədə daha aktiv fəaliyyətə ehtiyac vardır.

Təbii ki, xaricidilli KİV-in mövcudluğu və fəaliyyəti Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən hadisələri, uğurları, tarixi məsələləri beynəlxalq səviyyədə yaymaq, milli-mənəvi dəyərlərimizin, ümumilikdə ölkəmizin təbliği baxımından çox vacib və əhəmiyyətlidir. Çünki müasir dünyada gedən proseslər öz təzahürünü qlobal informasiya müharibəsinin gedişində daha qabarıq üzə çıxarır. Bu baxımdan ölkəmizdə xaricidilli medianın üzərinə həm də daha böyük yük düşür. Nəzərə alınmalıdır ki, məhz xarici dilli mediamızın sayəsində uzun illərdən bəri xaricdə güc toplamış erməni diasporunun birbaşa təsiri altında fəaliyyət göstərən, dövlətimiz əleyhinə hər zaman qarayaxma kampaniyası aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkün ola bilər. Bu baxımdan, ölkəmizdə xarici dildə yayımlanan media qurumlarına diqqətin artırılması, belə media qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafı ilə bağlı dəfələrlə təkliflərin müvafiq qurumlar tərəfindən diqqətdə saxlanacağına inanmaq istərdik. Bu sahənin xüsusi diqqətdə saxlanılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz mövqeyini  çıxışlarında mütəmadi olaraq səsləndirir: “ … Biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır.”

İnternet media, o cümlədən xaricidilli  qəzetlərin elektron versiyaları, saytlar vasitəsilə, xüsusən sosial mediada Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi məsələlər, Ermənistanın xalqımıza qarşı apardığı etnik təmizləmə siyasəti, ermənilərin yalançı, xain “qonşuluq” siyasəti bütün dünya ölkələrinə çatdırılmalıdır. Qeyd etmək lazımdır ki, hazırda bu istiqamətdə 9 ildən çoxdur ki ölkəmizdə fəaliyyət göstərən fransızdilli “Le Carrefour” qəzeti sosial şəbəkələrdə və qəzetin saytı vasitəsilə yüksək səviyyədə iş aparır. Qəzetin sosial şəbəkələrdə, o cümlədən Twitter və Facebook səhifəsində paylaşılan materiallara erməni və ermənipərəst istifadəçilər tərəfindən ölkəmiz əleyhinə paylaşımların edilməsi bu istiqamətdə işlərin mütləq aparılmalı olduğunu sübut edir. Necə deyərlər, düşmən həmişə iş başında və pusqudadır. Təbii ki, bu cəhdlərin qarşısı alınmalı və daim  ölkəmizin müsbət imicinə xələl gətirməyə cəhd edən hər bir hərəkət, hər bir paylaşım və ya şərhə layiqli cavab verilməlidir. Bütün bunlar tutarlı, əsaslandırlımış və jurnalist etikasına uyğun tərzdə yerinə yetirilməlidir. Bunun üçün isə, xaricidilli media orqanlarında, sözügedən redaksiyalarda əməkdaşların yüksək dil biliyi, həmçinin tariximizi, milli-mənəvi dəyərlərimizi dərindən bilməsi, həmin jurnalistlərin vətənpərvər olmaları da şərtdir.

Azərbaycanın təbliğatında xalqımızın milli-mənəvi dəyərlərinin, tariximizin, adət-ənənələrimizin təbliğatı mühüm yer tutmaqla bərabər, ən əsası bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin beynəlxalq mediaya çatdırılması da olduqca önəmlidir. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğuladığı kimi, “… Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. …”

Dövlətimiz, Milli Məclis, media və QHT-lər, xüsusən Heydər Əliyev Fondu, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən çox böyük işlər görülür. Milli Məclisdə bu günlərdə səsləndirilən fikirlərə dəstək verilməsi, xaricidilli mediaya ayrıca yanaşma nümayiş etdirərək, ölkəmizdə məhz xaricidilli elektron KİV-in inkişafı zəruridir. Təbii ki, burada həqiqətən illərdən bəri bu sahədə fəaliyyəti olan, konkret işlər görən, Azərbaycanın təbliğatı ilə, Ermənistan-Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında əməyi olan media ilk növbədə diqqətdə saxlanmalıdır. Çünki həm PEŞƏKARLIQ, həm də TƏCRÜBƏ baxımından bu daha məqsədəuyğun olardı. Belə olarsa, Azərbaycanda yeganə fransızdilli “Le Carrefour” qəzetinin elektron versiyası www.lecarrefour.az saytı da diqqətdən kənarda qalmayacaq. Buna əminliyimiz çoxdur.

 





21.02.2017    çap et  çap et