525.Az

Qənbər Şəmşiroğlunun şeirləri


 

Qənbər Şəmşiroğlunun <b style="color:red">şeirləri</b>

QARABAĞ ŞİKƏSTƏSİ

Bir xalq kimi, bir milləttək,
Biz sevirik "Şikəstə!"ni.
Bu ellərdə qoca, cavan
Hamı sevir bu bəstəni.
Bu nəğməni
Oxuyanlar çox olubdu.
Yaddaşlarda çox qalıbdı.
Təkrar olmaz kaman səsi,
Qarabağın Şikəstəsi.

İnciməsin xanəndələr,
Bu incini yaxşı bilən danəndələr.
Ötüb keçsə neçə illər,
Ötüb keçsə qərinələr,
Təkrarlanmaz Xanın səsi.
Qarabağın Şikəstəsi.
"Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi-
Qarabağın Şikəstəsi."

Bu sözləri mən demirəm,
Vurğun deyib, o söyləyib.
Gözəlliyi hərarətlə Vurğun sezib.
Onu gözəl şərh eləyib.
Demirəm ki, oxumurlar.
Xeyli çoxdu oxuyanlar.
Xana xeyli oxşayanlar.
Yenə təkrar eləyirəm:
İnciməsin xanəndələr,
Bu incini yaxşı bilən danəndələr.
Şikəstəni Xan oxuyub.
Lap Kreml Sarayında
Kəlmələrdən gül toxuyub,
Şikəstəni Xan oxuyub.

Yadımızdan çıxarmayaq,
Həm də insafsız olmayaq,
Qarabağda "Heyratı"nı usta Yaqub,
Şikəstəni Xan oxuyub!
Şikəstəni Xan oxuyub!

Yanvar, 2017

SƏN ALLAH

Xeyli vaxtdır uzaqlaşıb getmisən,
Bu qədər uzaqda gəzmə, sən Allah!
Bilirsən ki, həsrətini çəkirəm,
Çətindi, həsrətə dözmə, sən Allah!

Adını ucunda saxlayan diləm,
Şəninə nəğmələr deyən bülbüləm.
Yolunun üstündə çiçəyəm, güləm,
Gəzəndə tapdayıb əzmə, sən Allah!

Dağların qoynunda, dağlar elində
Qərq oluram qınaqların selində.
Arzum olub əlin olsun əlimdə,
Əlimi əlindən üzmə, sən Allah!

Nə gəzib dolanıb, gəzirsən gendə,
Bu qədər nainsaf olarmı bəndə?!
Hansı zaman söhbət məndən düşəndə
Qaş çatıb dodağın büzmə, sən Allah!

Bəhanə taparsan bilmirəm nəyi,
Yerli-yersiz eləyirsən gileyi.
Bilib-bilmədiyin sadə hər şeyi,
Belə ipə-sapa düzmə, sən Allah!

ÖMÜR VƏ ÖLÜM

Ömür Allah payıdır,
Canlılara bəxş olur
Vaxt ilə, müddət ilə.
Ölüm isə qərardır:
Hökm ilə, qüdrət ilə.
Həm də bu qanunları
Heç kəs dəyişə bilməz.
Güc göstərmək istəsən
Səmtini də dəyişməz.

Əgər vaxtı çatdısa
Əzrail olur hazır.
Xüsusi tapşırıqla
Mələklər qərar yazır.
Ömür hədsiz şirindir,
Qədrini bilmək gərək.
Ağlı olan kimsələr
Bəhrəsini görəcək.
Həm ömrü, həm ölümü
Görüb keçir canlılar.

Amma bəzi nadanlar
Bunu çətin qanırlar.
Özlərini cahanda
Hədər, baqi sanırlar.
Həm ömrü, həm ölümü
Xəlq eləyən varlıq var.
Bu qanunlar deyir ki,
Başa düşün adamlar!
Başa düşün adamlar!

Yanvar, 2017

DEMƏZLƏR

Dədə demək indi dəbə düşübdü,
 Hər "mənəm" deyənə dədə deməzlər.
Əgər el vermirsə, bu kamil adı,
Nə dilə gətirər, nə də deməzlər.

Gərək qəbahətin düz qana insan,
Qərar elindisə, nə səmir, nə səs.
Xahişin mənası əbəsdi, əbəs,
Söz keçmirsə heç bir yerdə deməzlər.

Məhəng yoxsa qiymətli daş seçilməz,
Paslı dəmir tül pərdəyə bükülməz,
Xalq deyirsə, üzdən həya tökülməz,
Abır-ismət gedə-gedə deməzlər.

GÜC QALMAYIB

Baxmaq üçün gözəllərə
 Gözümdə güc qalmayıb.
Arxasınca getmək üçün
 Dizimdə güc qalmayıb.
Neyləyim ki, yaxın gəlsin,
Heç özüm də bilmirəm.
Kəsərsizdir söhbətim də,
Sözümdə güc qalmayıb.

Ətrafıma boylanıram,
Hanı, mən tək olanlar?!
Ürək tutan görüş üçün
Canı oda salanlar.
Əli bir yana çatmayıb,
Qovrulanlar, yananlar.
Qınamıram mən heç kəsi,
Özümdə güc qalmayıb.

Bir balaca soyuq olsa,
Qulunc olur kürəyim.
Qalın paltar, isti geyim,
Gərəyimdi, gərəyim.
Yalvarıram, yoncuyuram,
Zorla vurur ürəyim.
Qənbəri məzəmmət etməyin,
Nəbzimdə güc qalmayıb.

QIZLARIN

Məhləmizdə bir dəstədi, maşallah,
Biri incə, biri qönçə qızların.
Oğulsansa düz danışma, səhv elə,
Çıx əlindən pələng-pəncə qızların.

Bilirəm ki, Fainadır komandor,
Səbinə qoçaqdır, oddur, alovdur,
Yeganə işini layiq tutandı,
Hamısı igiddir, məncə qızların.

Dilarə pəhləvan, qoçaqdır, qoçaq,
Bəstəboy Humaydı, rəfiqə bacı.
Rübabə qaşını çatır qıyqacı,
Xəyalında xoş düşüncə, qızların.

Kimdən eşitsələr artıq hədələr,
Onu gərək pambıq kimi didələr.
İstəsən ki, sənə qulluq edələr,
Qazan rəğbətini öncə qızların.

Xoşagəlməz əməllərdən qaçarlar,
Buyuranda qanadlanar, uçarlar,
Qənbər üçün geniş süfrə açarlar,
Vardır hünərləri encə qızların.

Aprel, 2016

OLMUŞAM

Başımı yastığa qoyanda balaca nəticəm üzümün ağ tüklərinə toxunub sual verdi:
-Baba, tüklərin niyə ağ və uzundur?

Ağ tüklərin tarixi var, ay bala,
Mən də sizin kimi uşaq olmuşam.
Duman kimi dərələrə çökmüşəm,
Dağların belinə qurşaq olmuşam.

Yurda düşüb alaçıq da qurmuşam,
Quzuların mələşinə durmuşam,
Köhlən minib cıdır vaxtı yormuşam,
Cavanlıqda xeyli qoçaq olmuşam.

Elm öyrənməyə cəldliyim olub,
El-oba içində mərdliyim olub,
Bir az ciddiliyim, sərtliyim olub,
İndi pilədən də yumşaq olmuşam.

May, 2016

VERMİSƏN

Nə deyim İlahi, özün bilərsən,
Bizi xəlq edərək ömür vermisən.
Bu boyda dünyanı xəlq etmək üçün
"Kün!"- deyə bir kəlmə əmr vermisən.

Dil-ağız da verdin, kamal da verdin,
Boy-buxun da verdin, camal da verdin,
Söz kimi bir cahi-cəlal da verdin,
Dözümlü olmağa səbr vermisən.

18 min aləm nicatlı etdin,
Özün qüdrətinlə imdadlı etdin,
Kimini uçmağa qanadlı etdin,
Kimiyə yem üçün xəmir vermisən.

Birinə bəxş etdin pay gözəlliyi,
Buyurdun aləmə yay gözəlliyi,
Birinin üzünə ay gözəlliyi,
Birinin üzünə kömür vermisən.

Bəzini yaratdın mülayim, həlim,
Qalır qayğısına obanın, elin,
Bəzini xəlq etdin verməyə zülm,
Qəlbinə polad, ya dəmir vermisən.

May, 2016

EY TÜRK OĞLU

Ey türk oğlu, qeyrətə gəl,
Nəslinə qoy böyük heykəl.
Sənə böhtan deyənlərə,
Sənə düşmən deyənlərə,
Sübut eylə hünərinlə
Soyqırımı nə deməkdir.
Onlar çoxdan göstəriblər
Soyqırımı necə olur.
Od-ocaqlar necə sönür,
Ev-eşiklər viran qalır.
Sarıqamış döyüşündə,
Çanaqqala döyüşündə
Türklər necə qırıldılar,
Nələr insan yox oldular.

İndi çoxdu erməniyə züy tutanlar,
Sarıqamış qırğınını unudanlar.
Züy tutanlar eşitsinlər,
Artıq türkün haqq səsini.
Onlar baxsa da görməzlər
Xocalı faciəsini.
Onlar yumub gözlərini
Qəsdən bilməz göstərirlər.
Nə Şamaxı, nə Qarabağı
Bir desinlər, görən varmı
Züyçülərin heç vicdanı?!

Onlar niyə bilmirlər ki,
11 yaşlı Ülviyyəni
Diri-diri basdırdılar
Ağdabanda.
Musanı da yandırdılar
Yanar odda.
Bəs hardaydı haqq-ədalət
O zamanda.
Köçəryanın fitvasilə
Qarət olub yandırıldı
Böyük bir kənd Ağdabanda.
Onda görən niyə heç kəs
Olmadı bənd.
Bu qətliama, bu divana-
Görən hara baxırmışlar
Züy tutanlar görən onda?!

Görünməmiş bir vəhşilik:
Ermənilər bu qətliama
Sevinirdi.
Meyitlərin üzərində
Oynayırdı.
Şadyanalıq eləyərək
Al-qırmızı geyinirdi.
Ağdabanda neçə ana
Oğul deyib mələyirdi.
Dağlar-daşlar
Bu dəhşətli faciədən inləyirdi.

Ey türk oğlu, qeyrətə gəl,
Düşmənlərə sən güc göstər.
Nəslinə qoy böyük heykəl!

EVİN ABAD

Qalın qarı yara-yara
Bir köç gəlib düşdü bura.
Tez açdılar barxanasın,
İki kürək çıxardılar.
Süpürdülər qalın qarı,
Kiçik alaçıq qurdular.
Komalaşıb oturdular,
Alaçığın daxilində.
Burdan keçən bir ağsaqqal
Düşənlərdən etdi sual:
- Siz kimsiniz, hardan belə
Gəlmisiniz bu yad elə?
Cavan oğlan ona dedi:
- Biz çox uzaqdan gəlmişik,
Bu yeri abad görmüşük.
İstəyirik bir ev tikək,
Bu ev olsun bizə kömək.
Ağsaqqalsa belə dedi:
- Bura yurddu, bura məskən,
Evin abad, ay ev tikən!
Evin abad, ay ev tikən!

2016

KÖHNƏLMİŞƏM

Ay təlatüm edən könlüm,
Tərlanmısan, köhlənmisən?!
Ayrı düşüb dostlarından
Düşünmə ki, təklənmisən.

Elə bil ki, sirri bilib,
Nadan gəda mənə gülüb.
Ürəyimə vəhi gəlib,
Bir balaca səhvlənmişəm.

Lənətullahlar qudurub,
Şeytan qəlbini doldurub.
Yenə düşmən baş qaldırıb,
Cəng etməyə köhnəlmişəm.

2016

QALIB

Çay daşdı, apardı düşərgələri,
Yerində çubuqdan alaçıq qalıb.
Meşə ətəyində quraşdırılmış,
Heç nəyə yaramaz bir uçuq qalıb.

Düşərgə düzəltmək dəbdi bölgədə,
Başqa birisi də gəlib bəlkə də...
Yəqin istəyirmiş tikə, düzəldə,
Bacara bilməyib, yarımçıq qalıb.

Sağ sahildə xeyli çoxdu düzənlər,
Axşam-səhər seyr edərdi gözəllər.
Bir tərəfdə sel gətirmiş xəzəllər.
Bir tərəfdə ya daş, ya palçıq qalıb.

Bu tayda kol-koslu yamaclar idi,
Amma işlədilən düz yollar idi.
Çaydan addamağa körpü var idi,
Körpü yoxa çıxıb, yol açıq qalıb.

Qənbər təbiətlə etmə zarafat,
Dilini həmişə saxla farağat.
Sən də xeyli müddət gəzmisən babat,
İndi fikrin niyə dolaşıq qalıb?

 





23.02.2017    çap et  çap et