525.Az

Müasir anlamda qadın və gender bərabərliyi problemi


 

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Müasir anlamda qadın və gender bərabərliyi problemi<b style="color:red"></b>

Gender bərabərliyi - bütün fəaliyyət sferalarında kişi-qadın bərabərliyidir   

Çağdaş dövrdə "gender bərabərliyi" mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir.

Cinsi ayrı-seçkilik daha çox idarəçilikdə və söz sahibi olmaq məqamlarında özünü büruzə verir. Belə halların olmaması üçün ölkə vətəndaşlarının cins, irq, din, milliyyətindən asılı olmayaraq qanun qarşısında bərabər olduqları və eyni məsuliyyəti daşıdıqlarını bilmək vacibdir.

Gender bərabərliyi cəmiyyətdə daha çox qadınlara qahmar çıxmaq, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində bunlar tamam fərqli anlayışlardır. Çünki sadalananlar hüquqi yox, etik müstəvidən yanaşmadır. Qadınların çox zaman haqlı narazılıqları, kişilərinsə idarəçilik iddiaları gender bərabərliyinin şərtlərinə əməl olunmamasına yol açır, nəticədə balans pozulur. Qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı üçün də mühüm addım sayıla bilər.

Əksər dünya ölkələrində bu sahədə bir çox qanunlar qəbul edilib. Hər hansı fiziki və cinsi özəlliyinə görə fərqlər qoyulmasına görə müəyyən addımlar atılıb, mühüm beynəlxalq sənədlər müəyyən edilib.

Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Bütün bunların əksər hissəsi Sovet dövründə gerçəkləşsə də, bu nailiyyətlərin əsas hissəsi müstəqillik dövrünün payına düşür. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Bu prosesi daha da sürətləndirmək üçün bir sıra qanunlar qəbul edilib, tədbirlər planı həyata keçirilib və keçirilməkdədir.  

Gender bərabərliyi üçün atılmış uğurlu addım 

1998-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamları, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman Heydər Əliyevin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 2006-cı ildə ölkəmizdə qəbul edilən "Gender bərabərliyinin təminatı haqqında" qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan olunub. 

Yeni meyarlarla zənginləşən gender siyasəti 

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin "Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur.

Ölkəmizdə elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır.

Respublikada qadın hərəkatının geniş vüsət almasında, sistemli fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi qayğıkeşlik və insanpərvərlik keyfiyyətlər Mehriban Əliyevanın timsalında təcəssüm tapıb. O, Azərbaycan qadınını YUNESKO və İSESKO kimi mötəbər qurumlarda layiqincə təmsil edir, ölkəmizi xaricdə tanıtmaq yolunda mühüm işlər həyata keçirir. 

Vəzifədə olan yüzlərlə qadın 

Mövzumuzla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya bunları danışıb:

Qadınlara yaradılmış şərait, ölkəmizdə qadınlara göstərilən münasibət və qayğı, eyni zamanda qadınların daxili istedadı, ağlı, zəkası, biliyə, təhsilə, mədəniyyətə olan hədsiz marağı Azərbaycan qadınını yüksəklərə qaldırmışdır. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin qadınlara sonsuz sevgi, diqqət və qayğısı Azərbaycanda qadın hüquqlarının reallaşdırılması və gender bərabərliyinin təmin olunması üçün geniş imkanlar açılmış, mühüm qanunlar qəbul edilmişdir.

Qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da  qoşulduğu BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyev 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında”  Sərəncam vermişdir.

Gender siyasətinin həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin əsas məqsədləri - qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılması olmuşdur.
2000-ci ilin mart ayında Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” üzrə fərman imzalamışdır. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələləri üzrə məsul şəxslər təyin olunmuşlar.

Heydər Əliyev siyasətinin uğurlu varisi, ölkə Prezidenti İlham Əliyev də bu strategiyaya sadiq qalaraq ölkədə gender balansının qorunub saxlanılması istiqamətində həm qanunvericilik bazasında, həm də praktiki yönümdə yeni islahatlara imza atmışdır.

Prezident İlham Əliyev qərarqəbuletmədə qadınların sayının artırılmasını prioritet məsələ kimi ön plana çəkmişdir. Qərarqəbuletmədə qadınların iştirakına nəzər salsaq görərik ki, Azərbaycanın Qanunvericilik Hakimiyyəti olan Milli Məclisdə 2005-ci ildə keçirilən Parlament seçkilərində qadın deputatlar 11% idi, 2010-cu ildə keçirilən seçkilərdə bu rəqəm artaraq 16%-ə, 2015-ci ildə isə 17%-ə çatmışdır. Həmçinin Parlament sədrinin 3 müavinindən 1-i qadındır.  Milli Məclisdə  15 komitə var, onlardan 2 komitənin sədri qadındır.

Mərkəzi İcra Hakimiyyəti orqanlarında 3 nazir müavini (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi , Səhiyyə Nazirliyi) , 1 Komitə sədri (AR Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi), İnsan Hüquqları üzrə Müvəkkil (Ombdusman) qadındır. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti baş nazirin müavini,  Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) qadındır. Rayon və şəhər İcra Hakimiyyətlərinə nəzər salsaq görərik ki, bir icra başçısı (Abşeron rayonu  icra başçısı) qadındır. Əvvəlki illərdə icra hakimiyyəti başçılarının  qadın müavinləri 35 nəfər idi, hal-hazırda 71 nəfərə çatmışdır. Yerli özünü idarəetmə orqanları olan Bələdiyyələrdə də təmsil olunan qadınların sayı artmışdır. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 4137 nəfər (26.5%) bələdiyyə üzvü, 302 nəfər (17.7 %) bələdiyyə sədri qadın seçilmişdir. 2014-cü ildə isə bu rəqəm artaraq, bələdiyyə üzvü qadınların sayı 35 % olmuşdur. Təhsil və Səhiyyə sahəsində çalışanların 80%-ni qadınlar təşkil edir. Ali Təhsil ocaqlarından dördünün rektoru qadındır. (İnşaat və Memarlıq Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialı, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikah, məişət zorakılığı, qadın hüquqları, ailə problemləri,  gender məsələlərinin həlli ilə məşğul olur və bu problemlərin aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirir, gender bərabərliyini təbliğ edir.

Komitə Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə 2008-ci ilin 16 yanvar tarixində imzalanmış “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi , BMT-nin Qadınlar üçün İnkişaf Fondu (UNİFEM)  ilə “Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda” layihəsi , BMT-nin Əhali Fondu və Qərb Universitetinin nəzdində fəaliyyət göstərən Gender Araşdırmaları Mərkəzi ilə birlikdə “Milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi” layihəsi,  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və “Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti”nin ilə  “Məcburi köçkünlər və sığınacaq axtaran şəxslər/qaçqınlar arasında cinsi zorakılığın aradan qaldırılması layihəsi    (2008-2013),  BMT-nin Əhali Fondu ilə birgə Azərbaycan Respublikasında doğulmuş uşaqların cinsə görə nisbətinin pozulmasına həsr olunmuş tədqiqat, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi”  regional proqramı çərçivəsində “Məişət zorakılığı və Qadın hüquqları” üzrə layihə,  “Erkən Nikahlara Yox” , “Qadınlara Qarşı Zorakılığa YOX” və sairə maarifləndirici layihələr həyata keçirmişdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  yerli və beynəlxalq QHT-lərlə ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan Respublikasında qadın problemləri ilə məşğul olan 200-ə yaxın QHT mövcuddur.
Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edilmişdir. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.
Adı çəkilən Qanunun 3-cü maddəsi həm də birmənalı olaraq, müəyyən sahələrdə qadınların xeyrinə bəzi müsbət ayrı-seçkilik tədbirlərinin görülməsini nəzərdə tutur.
Bununla həmin maddə aşağıdakıların ayrı-seçkilik xarakterli olmadığını şərtləndirmiş olur:
• qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar; (Gender bərabərliyinin (kişi və qadınların) təminatları haqqında” Azərbaycan Respublikası Qanunu, 10 oktyabr 2010-cu il,maddə 3 )
• kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış; (maddə 3.2.2.)
• kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya yaşı; (maddə 3.2.3.)
• Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması; (maddə 3.2.4.)
• kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması; (maddə 3.2.5.)
• gender bərabərliyinin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlərin həyata keçirilməsi. (maddə 3.2.6.)
Qadın hüquqlarının müdafiəsi, məişətdə, xüsusilə qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından 22 iyun 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” AR Qanununun mühüm əhəmiyyəti vardır. Qanunun preambulasında göstərildiyi kimi “bu qanunun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüuqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılkığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir ”.

Azərbaycan ailəsinin möhkəmləndirilməsi, milli adət-ənənələrin müdafiəsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə 29 dekabr 2012-ci il tarixli,  800 nömrəli “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının Fərmanı qəbul etmişdir. Həmin Konsepsiyaya əsasən “Azərbaycan ailəsi Strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması və təsdiqi nəzərdə tutulub. Həmin sənədlərin qəbulu ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu təsdiqləyir.

Gender bərabərliyi ilə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili Jalə Əliyevanın fikrincə, Azərbaycan qadını müasirliyi, müstəqilliyi ilə yanaşı, həm də Şərqi təmsil edir:

"Bilirsiniz ki, Şərqdə daha çox kişilər dominantdır, əksər qadınlar tabe olmaq üçün tərbiyələndirilirlər.  Son illərdə gender bərabərliyi mövzusu xüsusən qabardılır. Düzdür, bu müəyyən mənada qıcıq doğura bilər, amma hesab edirəm ki, cinsi ayrı-seçkiliyi azaltmaq, cinslərarası balansın bərpası üçün vacibdir.

Təsəvvür edin ki, hələ də ailələrdə qız övladı ilə oğlan övladı arasında fərq qoyulur. Bəzən selektiv aborta belə əl atılır. Məncə, bütün bunların qarşısını almaq üçün daha çox maarifləndirici tədbirlər həyata keçirmək lazımdır". 

Gender bərabərliyi və feminizm 

Psixoloq Elnur Rüstəmov gender bərabərliyi anlayışını lokallaşdırmağın əleyhinədir:

"Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, dövrün, sivilizasiyanın tələbidir. Qərb ölkələrindən qaynaqlanır və bu gün Azərbaycan cəmiyyətinə sirayət etməkdədir. Bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir. Əslində sözügedən anlayışlar tamam fərqlidir. Feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayırımçılığın əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir".

"Qadınlar və kişilər qanun qarşısında bərabərdir, amma..."

Vəkil Zülfiyyə Bayramova məsələyə hüquqi tərəfdən yanaşıb:

"Qadınlar və kişilər qanun qarşısında bərabərdir, amma yeganə istisna qanunvericilikdə qadına ömürlük həbs verilməməsidir. Qalan bütün məsələlərdə məsuliyyət bərabərdir".

Z.Babayeva ölkədəki gender bərabərliyinin göstəricisindən məmnun deyil:

"Ər evindən meyitin çıxmalıdır": yanlış stereotiplər...

"Cəmiyyətimizdə xeyli stereotip var. Yazılmamış qanunlar kişilərə daha çox meydan verir. Adicə qadın ailə quranda "ər evindən meyiti çıxmalıdır" deyilir, yaxud qadınların təhsil almasına qarşı çıxılır. Bunlar yanlış düşüncə tərzidir".

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl hesab edir ki, gender bərabərliyi bir çox sahələrdə təmin edilmir:

"Azərbaycanda gender bərabərliyi qanunvericilik cəhətdən təxminən 80 faiz yaxşı vəziyyətdədir.

Qanunlarda bəzi çatışmazlıqlar olmasına baxmayaraq ümumilikdə gender bərabərliyinin təminatına şərait yaradır.

Təəssüf ki, bu məsələnin icrası ilə bağlı ciddi problemlər var. Buna görə də gender bərabərliyi bir çox sahələrdə təmin edilmir". 

"Xalqımıza xas kişi mühafizəkarlığı "sahibkarlığa" çevrilməməlidir"  

Ailədaxili gender bərabərliyinə də toxunan Şəhla İsmayıl bildirir ki, düzgün yanaşma sayəsində həll edilməyəcək problem yoxdur:

"Ailə qurulmasında hər iki tərəf könüllü olmalı, məsuliyyət daşımalıdır. Gənclər ailə qurmazdan əvvəl ailə həyatı və bərabər hüquqlar barədə maarifləndirilməli, gender stereotiplərini gözdən keçirməlidirlər.

Xalqımıza xas kişi mühafizəkarlığı "sahibkarlığa" çevrilməməlidir. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, bir-birini dinləməyi bacarmalıdır. Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Ailə qurduqdan sonra iqtisadi azadlıq, xüsusilə də qadının iqtisadi azadlığı çox mühümdür. Hətta ailə qurmazdan əvvəl bu məsələ müzakirə olunmalıdır. Tədqiqatlar göstərir ki, işləyən qadın ailədə evdar qadından daha rahat mühit yaradır, burada anlaşma şəraiti daha əlverişli olur".

Reallıq göstərir ki, gender bərabərliyinə təkcə qanunların qəbulu ilə nail olmaq mümkün deyil. Bunun üçün həyatın bütün sahələrində qadınlarla kişilərin bərabər mövqeyinə nail olmaq lazımdır. Çünki bərabərlik həm də cəmiyyətdə demokratiyanın göstəricisidir.

İki mənfi bir-birinə vurularsa...

Bütün bunlarla yanaşı bu sahədə problemlər də kifayət qədərdir. Ən böyük çatışmazlıqlarımızdan biri önyarqı, digərisə başqa baxışları, prizmaları öz baxış bucağımızla eyniləşdirmək, ümumiyyətlə, məsələyə birtərəfli nəzər nöqtəsi sərgiləməkdir. Əgər bu iki mənfini bir-birinə vurub, müsbət nəticə ala bilsək inanın ki, hər şey yoluna düşəcək. Ola bilsin, heç nə düzəlməsin, amma hər şey yaxşı olacaq.

C.ŞÜKÜROV

 





28.02.2017    çap et  çap et