525.Az

Millət vəkili Gülər Əhmədovayla bağlı qalmaqaldan yazdı


 

Millət vəkili Gülər Əhmədovayla bağlı qalmaqaldan yazdı

Milli Məclisin üzvü Sahib Alıyev deputat Gülər Əhmədova barəsində yayılan qalmqallı videomateriala münasibət bildirib. Modern.az xəbər verir ki, Sahib Alıyev özünün Facebook səhifəsində bununla bağlı status yazıb. Sahib Alıyev parlamentdə Gülər Əhmədova ilə yanaşı əyləşir. Deputatın həmkarı ilə bağlı məsələyə münasibətini olduğu kimi tədim edirik.

- Əgər desələr ki, “ay camaat, sabah şəhərin baş meydanında, məsələn, Əhməd adlı soydaşımıza əldə etdiyi uğurlara görə ölkənin ən böyük ödülü veriləcək, buyurun gəlin, həm onun sevincinə şərik olun, həm də bilin, görün hansı hərəkətlərinə görə bu cür şərəfləndirilir”, onda ora yüz adam toplaşa, ya toplaşmaya. Gələnlərin də çoxunu Əhmədin dost-tanışı, qohum-əqrabası təşkil edəcək. Onların da bir hissəsi ödülləndirilənin sevincinə şərik çıxmaq üçün deyil, sadəcə, dəvətdən boyun qaçırmaq mümkün olmadığıdan orada yer alacaqlar. Və toplaşanların əksəriyyəti «yazıq Əhməd bu mərtəbəyə qalxmaq üçün çox zəhmət çəkmişdi, halalı olsun» demək əvəzinə, buna küsənəcək.

Amma əgər bildirilsə ki, sabah şəhərin baş meydanında Əhmədi asırlar, onda ora yüz nədir, azı on min adam üz tutacaq.

Gələnlərin də çoxunun qırışıqları açılacaq, bu ölüm səhnəsinin təntənəsinə bürünəcəklər. Sonra da gördüklərini bir az da üstünü bəzəyib tanıdıqları hər kəsə çatdırmağa can atacaqlar ki, məncə, bunun özündə də bir gizlin həzz elementi var.

Dələduzluğu ölkədə heç kimə sirr olmayan bir bazar adamının (“bazar adamı” deyəndə mən bazarda alver edib bir tikə çörək pulu qazananları deyil, mənəviyyatını satanları nəzərdə tuturam) yaydığı videoya və ondan sonra yaşananlara sosial şəbəkələrdə, eləcə də mediada verilən şərhlər də göstərir ki, bu, min il bundan əvvəl də belə idi, indi də o cürdür, yəqin, gələcəkdə də vəziyyət dəyişməyəcək. Çünki içərisində quzğunluq gəzdirən insanların sayı simurqluq gəzdirənlərdən qat-qat çoxdur. Elə o səbəbdən də birinin hörmət-izzətə minməsindənsə, hörmət-izzətdən düşməsi daha cəlbedici görünür.

Mən bunları yazmaqla nə çoxluqdan fərqləndiymi gözə soxmaq, nə də yıxılana acıdığımı diqqətə çatdırmaq fikrində deyiləm. Qabartmaq istədiym ayrı şeydir. Kimliyindən asılı olmayaraq, hər kəs etdiyi hərəkətə görə cavab verməlidir və verir də. Əgər haqq-ədalət istəyiriksə, maraqlarımıza toxunsa da, toxunmasa da, hamımız buna təbii baxmalı, anlaşıqlı yanaşmalıyıq. Təbii olmayan, anlaya bilmədiyim, daha doğrusu, anlamaq istəmədiyim kimsə yıxılanda, ona acımağı bir qırağa qoyuram, bundan dərs çıxarmaqdansa, sevinib toy-bayram etmək, hətta tez-tələsik ondan faydalanmaq eşqinə düşməkdir. Məncə, belələri «Yazıqlar olsun» sözlərini yıxılandan daha çox haqq edirlər…

 





30.09.2012    çap et  çap et