525.Az

“Dəmir ledi” əfsanəsi


 

tarixə qovuşur, amma M.Tetçer həqiqəti yaşayır

“Dəmir ledi” əfsanəsi <b style="color:red"></b>

professor                                   

Mən onu ilk dəfə 1992-ci ilin payızında  Bakıya səfəri zamanı “Gülüstan” sarayında yaxından görmüşdüm. Adamları maraqla seyr edən sərt baxışları, replikalara ani reaksiyası, üzündən əskik olmayan təbəssümü, qətiyyətli səsi və bir də əsl kübar xanımlara xas olan incə davranışı  yadımda qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP şirkətinin məsləhətçisi kimi Bakıya xeyli ümidlər doğuran səfərindən geniş reportaj hazırlamışdım. Xəbərlərin gecə buraxılışında isə ayrıca şərhlə çıxış etmişdim. Şərhin yadımda qalan təxmini motivi bu idi ki, ingilisləri Bakıya çəkib gətirən neft qoxusudur və xanım Tetçerin də səfəri 1918-ci ildə ingilislərin yarımçıq qalmış niyyətlərini gerçəkləşdirmək üçündür. Belə yanaşmaya “mız” qoyan olmadı. Onda məmləkətimiz gerçək müstəqilliyin eyforiyasını yaşayırdı, televiziyada da azadlığın hüdudları kifayət qədər geniş idi...

lll

Böyük Britaniya tarixində ilk və yeganə qadın baş nazir, son 150 ildə ən uzunömürlü hökumətin başçısı olmuş  Marqaret Tetçerin adı ötən əsrin axırlarında bütün dünyada bir əfsanə kimi dolaşırdı.  Avropada onu güzəştsiz siyasət cəngavəri sayırdılar, Amerikada ondan heyrətlə danışırdılar, digər qitələrdə, xüsusən üçüncü dünya ölkələrində isə bu ingilis xanımına, sadəcə qibtə və həsədlə baxırdılar. Mediada və siyasət mərkəzlərində ona əbəs yerə “Dəmir ledi” ləqəbini verməmişdilər. O, ənənəvi siyasətin gücünə və özünün polad iradəsinə arxalanaraq bütün fəaliyyəti boyu yaddaşlardan silinməkdə olan orta əsr İngiltərəsinin möhtəşəm obrazını dirçəldib təqdim etməyə çalışırdı. İnadkarlığına və sərtliyinə görə siyasətçilər onu, həm də “parlaq tiran” (H.Macmillan) və “İngiltərədə ən yaxşı kişi” (R.Reyqan) adlandırırdılar.

M.Tetçerin “Şər imperiyası” adlanan SSRİ-dən zəhləsi gedirdi, sovet sistemini və kommunizmi bütün Avropa üçün böyük təhlükə sayırdı. Lakin M.Qorbaçov “yenidənqurması”ndan sonra münasibətlər bir az ilıqlaşmışdı. Sovet ictimaiyyəti ilk dəfə onunla 80-ci illərin axırlarında üz-üzə görüşə bildi. M.Tetçer həmin dövrdə Moskvaya səfərə hazırlaşırdı, həmin səfər ərəfəsində isə Mərkəzi Televiziya Böyük Britaniyanın baş naziri ilə bir müsahibə hazırlamışdı.

Həmin müsahibəni televiziyada sovet ideologiyasını tərənnüm edən dörd nüfuzlu siyasi icmalçı aparırdı. Qeyri-bərabər döyüşə bənzəyən və etik qaydaların tez-tez pozulduğu bu müsahibə mənim heç yadımdan çıxmır. Kişilər bəhsə-bəhsə girərək xanım Tetçerə suallar yağdırır, protokol müsahibəsinin hədlərini keçərək onunla mübahisəyə  girişir, Qərbin demokratiya dəyərləri barədə baş nazirin arqumentlərini “heçə çıxarmağa” çalışırdılar. Bu qeyri-bərabər “döyüşdə” Tetçer nə qədər gözəl, ağıllı və məğrur görünürdü. O, briqada üsulu ilə üzərinə tökülmüş sovet jurnalistlərinin hücum xarakterli suallarına ağılla, təmkinlə, məntiqlə və həm də onu bir az da gözəlləşdirən təbəssümlə cavab verirdi. Uzun illər sovet adamlarına “mənfur” imperializmin dayaqlarından biri kimi təqdim edilən dövlətin təmsilçisi tamaşaçıların gözü qarşısında sülh göyərçini kimi qanad açıb uçurdu. O, ingilis hiyləgərliyi ilə deyil, dərin ağlının, zəkasının işığı ilə insanların qəlbini fəth edirdi. Həmin illərdə Tetçer təkcə ekran müsahibəsi ilə yox, Moskvaya səfəri, bu səfərin gedişində qeyri-standart davranışı ilə də sovet adamlarının gözündə böyük siyasətçi obrazını təsdiqlədi.

Hakimiyyətə gələndən iki il sonra, 1981-ci ildə keçirilmiş ictimai rəy sorğusunda məlum oldu ki, M.Tetçer Britaniya tarixində ən az sevilən baş nazir imiş (rəqibləri onu cəmiyyəti varlılara və kasıblara bölməkdə ittiham edirdi, lakin sonralar o, qaza, neftə, polada, telefona, hava yollarına dövlət monopoliyasını ləğv edərək bu sahələri özəlləşdirdi). Ancaq bircə il keçdi və Argentinaya qarşı Folklend müharibəsini udandan sonra onun Mühafizəkarlar partiyası parlament seçkilərində çox parlaq qələbə qazandı. Məhz bu müharibə onun siyasi bioqrafiyasında və İngiltərənin müasir tarixində möhtəşəm səhifəyə çevrildi.

Xanım Tetçer, bu müharibədə, sözün əsl mənasında, qibtəediləsi qətiyyət, güclü xarakter və tükənməz enerji nümayiş etdirdi. Folklend sahillərində Britaniyanın iki hərbi gəmisini batırması Argentinaya baha oturdu. Tetçer bütün hərbi-dəniz donanmasını və ölkə kəşfiyyatını ayağa qaldıraraq, müstəmləkəçi əcdadlarının ruhunu dirçəltdi. O, təkcə Argentinanı dizi üstə qoymadı, həm də onunla gizli əlaqəsi olan Avropa dövlətlərinin gözünün odunu aldı, ilk növbədə Peruya gəmivuran raketlər satmış Fransanı divara dirədi, qos-qoca Mitteranı hədələdi, NATO üzrə müttəfiqlərinə sərt mesajlar verdi. Qarşı tərəfə gizli rəğbətinə görə SSRİ-ni də cavabsız qoymadı. Nəticədə artıq 1982-ci ilin iyulunda Britaniya Folklend adalarına yenidən sahiblənmişdi.

lll

Xanım Tetçeri ikinci dəfə 1995-ci ilin oktyabrında ABŞ-da gördüm. BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gəlmişdi. O vaxt az qala bütün dünya BMT-yə toplaşmışdı və sanki görkəmli siyasətçilərin qeyri-adi paradı idi. Tədbirdə iştirak edən keçmiş sovet liderlərindən – Eduard Şevardnadze və Heydər Əliyev də burada diqqət mərkəzində idilər. Azərbaycan prezidenti H. Əliyevin həmin günlərdə C. Meycor, J.Şirak, İ.Rabin, U.Kekkonen, M.Olbrayt kimi nəhəng siyasət adamları ilə görüşləri indi də bir kino lenti kimi gözlərim önündən gəlib-keçir. İqamətgahı Nyu-York otellərinin birində yerləşən H.Əliyevlə görüşə xanım M.Tetçer də gəlmişdi.  Görüşün təxminən 5-6 dəqiqəsi jurnalistlərin iştirakı ilə keçdi, sonra bir xeyli çəkən qapalı söhbət oldu. Görüş bitəndən sonra baronessa Azərbaycan jurnalistlərilə müsahibəyə razılaşdı. Otelin kiçik dəhlizində səslənən və hərəsi bir batman gələn sualların çoxluğuna baxmayaraq, əslində buna müsahibə demək olmazdı. Açıqca hiss olunurdu ki, siyasətçi xanım sadəcə xətrimizə dəyməmək üçün bizi yola verirdi, o səbəbdən də bütün sualları ümumi sözlərlə, həm də qısa cavablandırırdı, heç bir ciddi mətləbə toxunmurdu. Mən əlimdə mikrofon onunla lap üzbəüz dayanmışdım, “Dəmir ledi”nin üz cizgilərini, gözlərində bir anlığa parlayıb-sönən qığılcımları, sualları dinləyərkən bəzən təəccüblə qaşlarını çatmasını, soyuqqanlı davranışını və bir də çoxmənalı siyasətçi təbəssümünü rahatca müşahidə edirdim...

Britaniyanın baş naziri C.Kameron M.Tetçerlə vida mərasimində onu böyük lider, böyük baş nazir və böyük britaniyalı adlandırdı. Bəli, 87 il ömür sürmüş, bir çox siyasi burulğanlardan məharətlə keçmiş baronessa, həqiqətən böyük ölkənin böyük lideri idi. Onun şərəfli siyasi bioqrafiyası ölkəsi üçün başucalığına çevrildi, çünki  bütün varlığı ilə sevib-xidmət göstərdiyi xalqının tarixdən qaynaqlanan milli qüruruna yeni və silinməz çalarlar  əlavə edə bildi. Baronessa təkcə Britaniya siyasi həyatında deyil, dünya siyasi tarixində bütöv bir mərhələ oldu.

Xanım Tetçer dövlət idarəçiliyi və siyasət sahəsində bir çox dəyərlər yaratdı, həm də Qərbin az qala unudulmuş dəyərlərini gün işığına çixararaq onlara yeni həyat verdi. Bütün bunları o, “Dövləti idarəetmə sənəti” kitabında əks etdirib, müddəalar vardır. Tetçerə görə, məhz şəxsiyyətə, onun ləyaqətinə hörmət, mülkiyyətin toxunulmazlığı, müstəqillik və azadlığın qorunması, hüquqi zəmin, demokratiya kimi dəyərlər Avropanı hökmran mövqeyə çıxarmışdı. Ona görə də ağıllı və düşünülmüş hüquqi təminat həm cəmiyyət, həm də iqtisadiyyat üçün misilsiz əhəmiyyət kəsb edir.  O, dövlət – vətəndaş münasibətlərinə də çox orijinal yanaşaraq hesab edir ki, dövlət cəmiyyətdən fərqlidir. Dövlət insanların ağası deyil, nökəridir, ona görə də  dövlət hökmranlıq etməməli, yalnız xidmət etməli olduğuna inanmalıdır.

Müasir dünya üçün aktual olan “hərb və sülh” məsələsinə də demokratiya prizmasından yanaşması Baronessanın orijinallığı sayılır. Onun bu barədə irəli sürdüyü müddəalar çox əhəmiyyətlidir. M.Tetçer bütün ölkələrdə və qitələrdə demokratiyanın bərqərar olmasını ölkəsinin xarici siyasətinin əsas qanunu və üstəlik də fundamental aspekti hesab edir. Eyni zamanda “Dəmir ledi”yə görə, ağlabatan və sabit beynəlxalq qayda, yalnız millətlərə və milli dövlətlərə hörmət üzərində qurula bilər. Bunsuz sabitlik həmişə qala bilər.

Əlbəttə, demokratiya və idarəçilik haqqında o siyasətçilərin fikirləri qəbul edilir ki, onlar öz fəaliyyətləri ilə bu müdrikliyi nümayiş etdirirlər. Yəni sözləri ilə əməlləri arasında fərq yoxdur. Müasir dünya tarixində bir epoxa olmuş M.Tetçer məhz o siyasətçilərdəniydi ki, haqqında danışdığı dəyərlərə sadiq idi, bəzəkli şüarlar yox, tarixi dəyərlər yaradırdı. Tarix də ona görə tarixdir ki, öz səhifələrində, məhz belə nəhənglərə qucaq açır, onları həm əfsanə, həm də həqiqət kimi yaşadır.

 





23.04.2013    çap et  çap et