525.Az

Ramiz Məmmədzadənin şeirləri


 

Ramiz Məmmədzadənin <b style="color:red">şeirləri</b>

“Yaddan çıxmaz Qarabağ!”
(Ağabəyim Ağa)

AĞDAM MƏSCİDİ

Eh, bəxtəvər günlərimiz vardı...
Biz - məhəllə uşaqları
Ağdamın birinci məktəbində
   oxuyardıq.
Bir az şuluq olsaq da
  fikrimiz dərsdədi.
Qoşa minarəli Ağdam məscidini
   hər görüncə
özümüzü yığışdırardıq,
  yolumuzun üstəydi.
Öyrəşmişdik azançı
Mustafa kişinin
  zil səsinə,
Qarabağlı ləhcəsinə.
Məhərrəmlik günlərində
Camaatın harayından
Göylərin bağrı çatlardı.
Bu məscidin
   Məhəmməd Ağa dünyası,
Mirheydər Ağası vardı...

Birlikdə ömür sürərdik,
Yaşayardıq bəxtimizi.
Amma nədən qara fələk
Qara günə saldı bizi.
Od ələndi çölə, dağa
Bu Kərbala müsibəti
Hardan gəldi Qarabağa?!
Mənim ana məscidim!
And yerim, imanım, dinim,
İgidlərin tabutunu
Çiynində saxladığını gördüm.
Xocalı həlak olan gecə
  ağladığını gördüm...
Yox! Belə getməz qəti!
Mən cəngərə, intiqama
Çağırıram milləti!
Mənim uca məscidim,
 Adına and olsun,
Gəlirik!
Səmalardan şahin kimi enəsiyik!
Gəlib sənin başına dönəsiyik!
Kərpicinə, qumuna,
  daşına dönəsiyik!
Arifin büllur səsi boğazında,
Ramizin sarı simi qollarında
Bütün Azərbaycan
  Qarabağ yollarında. ..
Gəlirik!
Səni başımız üstə  qaldırasıyıq
  üzü Günəşə sarı.
Sənin qoşa minarəndən
Səpiləcək
 bəxtimizin duaları.
Bilsin bütün məscid
  qardaşların
Gəlirik!
 Adın haqqı Gəlirik!!!
FAYTONÇU ÇƏRKƏZ KİŞİNİN ATLARI

Bir payız səhəri
  ova gedib
Evinə qayıtmayan...
İtib-batan,
 yoxa çıxan
Faytonçu Çərkəz kişinin
Atlarını yuxuda gördüm
  dünən gecə...
Özü də necə?
Atlar kişniyə-kişniyə
  qaçırdılar,
Üz tutmuşdular meşəyə, dağa...
Gedirdilər
Çərkəz kişini axtarmağa...

QƏSSAB MƏŞƏDİ NƏRİMAN

Cənnət Turşsu yaylağında
Qəssab Məşədi Nəriman
Alaçıq qonşumuzdu.
Özündən çox-çox cavan
Xanımının yanaqları
Qiyaslı gilasıydı -
  ulduz-ulduzdu.
Dişi quzu kəsməzdi,
Kim harasından istəsə
  əsirgəməzdi.
Qəribə şakəri vardı -
Müştəridən pul almazdı.
Adlarını dama-dama
  dəftərinə yazardı.
Deyərdi ki, yay qurtarır
  nə qalıb ki,
Onsuz da hamının
  evinədir yolları.
Ağdama qayıdanda
Özləri gətirəsi,
verəsidi pulları...

ZABUTA XALA

Şuşada, mehmanxana müdiri
Zabuta xala
Ağdamlı uşaqlara
  yer verməzdi.
- Ağdamlılar nadincdir,
xətakardır - deyib
  kiriməzdi.
Bir ətirli yay günü
  Rəhmətlik Oqtay
Pasportundakı
  “Ağdam” sözünə
Əl gəzdirib,
“M”-nı pozub,
  “Ş” eləmişdi...
Zabuta xala bunu bilmişdi.
... Ha yalvardıq-yaxardıq
Zabuta xala
 pasportu qaytarmadı.
Bütün yayı
Dilimizdən düşmədi
“Zabuta xala” adı...
Eh, hardan yadıma
  düşdü söhbəti
Gör neçə ilin, ayın...
Elə o vaxtdan
Zabuta xalada qaldı
 Pasportu cənnətlik prokuror Oqtayın...
KƏRRAR MÜƏLLİM

Əl atıb
Bu qaynar avqustun
Köynəyini parçalamaq
  istədim
Hirsimdən, acıqan...
Qəflətən səsini eşitdim
Bizim Kərrar müəllimin
Turşsu yaylağımızdakı
  alaçıqan:
- “Ay uşaqlar, hardan belə,
hara belə,
Gəlin, qonağım olun!..”

NÜBAR XALANIN OĞLU REY

Ürəyim partladı axı,
Mənə təsəlli üçün
Bir kəlmə tapın, deyin!
O günü eşitdim ki,
Qaraağacı qəbirstanlığında
Qəzəbindən qapqara qaralıb
Qara bir qurda dönüb
  başdaşı
Qonşumuz Nübar xalanın
  oğlu Reyin...
... Hər gecə
Başını qaldırıb üzü göylərə
        qara tüstülü səslə ulayır...

FAĞIR ƏLFİ

“Keçəl” İsanın
Süd kimi ağappaq qızını
Götürüb qaçan
Qara Əlfini
Yaman aldatdı
  o canıyanmış...
Off! Necə də aldatdı,
Onun yanında
  şeytan yalanmış...
... Tək bircə gündən sonra
O qız qayıtdı geri
  sevinə-sevinə...
Fağır şofer Əlfini apardılar
  cəza evinə...

RAC KAPUR

O qəşəng bir qız idi
Ulduz idi, Ay parçasıydı
  desəm azdı.
Kölgəsinin işığına,
Hüsnünə, yaraşığına
  söz olmazdı.
Qızlar ondan sormuşdular
Kimi tutur ürəyin...
Bir görün nə söyləmişdi
O qənirsiz dağ çiçəyi:
- Hanı mən deyən adam, hanı?
Gərək gəzək dünyanı?
Yenə bir Rac Kapur kimi
Birisi olsaydı əgər
Fikirləşməyə dəyər...
Qızlar ona gizlicə
  Rac Kapur deyərdilər,
Zarafata salıb ağzını əyərdilər...
Onda biz tələbəydik.
Fikrət Sadıq demişkən
Bir az eləydik,
Bir az da
 elə-beləydik...
O vaxtlar saya gəlməz
  istəklərimiz vardı,
Toza dönüb dağıldıq...
Tale aldadıb bizi
  arxasınca apardı...
Günlərin bir günündə
Küçələrin birində
Mən o gözəli gördüm,
Gözəl də qocalmışdı...
Ad yaddaşım xarab olub,
Dilim ucunda adı.
O günlərdən çox keçib
  məni tanımadı...
Gedirdi,
Ayağını sürüyə-sürüyə,
Gedirdi,
Sağına, soluna
  baxa-baxa...
Mənə elə gəldi ki,
O, hələ də Rac Kapuru axtarır...
  işi qalıb Allaha...

YALAN UYDURMUŞDUM

Suyunun işığı göz qamaşdıran
Sevdası daşlarda çiçək açdıran,
Kürü cilvələnib şərqi qoşduran
Xəzəri-xəzinə
  bu Vətən-mənim!

Kiməsə simsarım, kəsimdir-dedim,
Sərçənin cik-ciki səsimdir-dedim.
Bir ovuc buğdaya bəsimdir-dedim
Bir quş dimdiyindən
  düşən dən-mənim.

Dünya bir heç imiş, heç, heçə bilsən,
Olum var, ölüm var, seç, seçə bilsən.
Mən ki günahkaram var, keç, keçə bilsən,
Yalan uydurmuşdum:
  - Guya sən - mənim...

ADSIZ ŞEİR

Yaddaşımın quyusu quruyub,
Yollar yorub ayaqlarımı...
Bir də ayılıb gördüm ki,
Özüməm elə
Özümə qalan dövlətim, varım...
Gündüzlərim
Suya dönüb axıb gedir.
Səhərinə nə qalıb ki,
  gecələrimin...
Göy qübbəsi-həmin,
Ulduzlar-həmin, kainat-həmin...
Amma nə sən həminsən,
  nə mən-həmin...
Biz bu nağılvari ömürdə
  səninlə-şərik.
Yəqin ki, qapısını
Eyni vaxtda örtüb
  gedə bilmərik...
Torpaq həmişə oyaqdı
Hava təki, su təki
  yatmaz
Bizləri gözləməkdə...
Torpağın əlləri-ətəkdə...
... İstəyirəm yanımdaca olasan,
   ruhum,
Başqasıyla
  soyuq olar...

Yanvar-fevral 2017,
Şüvəlan

 





04.03.2017    çap et  çap et