525.Az

Bakıda tatar dilində qəzet - Əlimərdan bəy Topçubaşovun məqaləsi


 

Cümhuriyyətə aparan yollar: həqiqi milli mətbuat sorağında

Bakıda tatar dilində qəzet - <b style="color:red">Əlimərdan bəy Topçubaşovun məqaləsi</b>

Bu yaxınlarda haqq dünyasına qovuşmuş böyük Azərbaycan dostu, polyak əsilli amerikan tarixçisi Tadeuş Svientixovskinin dəqiq müşahidə etdiyi kimi, XX əsrin əvvəllərində Rusiya imperiyasında müsəlman əhalisinin, eləcə də Azərbaycan türklərinin dini toplumdan- ümmətdən aydın məqsəd və məramlı millətə çevrilmə prosesində mətbuat müstəsna rol oynamışdı.

Məhz mətbuatın ayıldıcı, birləşdirici və səfərbəredici gücü nəticəsində Azərbaycan cəmiyyəti 1905-ci ildən sonra qeyri-adi inkişaf yolu keçmiş və xalqı 1917-ci il fevral inqilabına bəlli tələblərlə, ən başlıcası isə bu tələbləri həyata keçirmək gücü və əzmi ilə gətirə bilmişdi.

Təbii ki, çarizm ideoloqları mətbuatın gücünə yaxşı bələd olduqlarından ilk bəhanədə bağladıqları “Əkinçi”dən sonra dörddə bir əsr ərzində Azərbaycan ziyalılarının bütün təkidli tələb və xahişlərinə, siyasətə qarışmamaq, maarifçilik və mötədillik vədlərinə baxmayaraq ana dilində qəzet, yaxud məcmuə nəşrinə inadla razılıq verməmişdi. Bu baxımdan uzun illərin sükut buzunu sındıraraq 1903-cü ildə nəşrə başlayan “Şərqi-rus” qəzeti Azərbaycan ziyalıları arasında son dərəcə böyük ümidlər doğurmuşdu. Lakin bir neçə il bundan öncə “525-ci qəzet” səhifələrində dərc olunmuş “Üç aqilin davası” adlı polemik yazımda da göstərdiyim kimi, həmin ümidlər tezliklə puça çıxmışdı - “Şərqi-rus”un sözün həqiqi mənasında ümummilli qəzetə çevrilə bilməyəcəyi hər kəsə aydın olmuşdu.
 
Nəticədə, “Əkinçi” ilə qırılmış milli mətbuat ənənələrini davam etdirmək vəzifəsi “Həyat” qəzetinin üzərinə düşmüşdü. Çox rəmzi və qanunauyğun adla nəşrə başlayan bu qəzet yalnız bir sıra yeni nəşrlərə həyat verməmiş, həm də siyasi maarifçilik məktəbinə, türkçülük, milliyyətçilik və milli hüquqlar uğrunda mübarizə tribunasına  çevrilmişdi. “Həyat”ın naşiri Əlimərdan bəy Topçubaşovun, şərikli redaktoru Əhməd bəy Ağayevin “Şərqi-rus”la prinsipial polemikasının əsasında da mətbuatda münasibətdə yüksək milli-mənəvi tələblər dayanırdı. Ə.Topçubaşovun polemikaya ictimai tələbkarlıq və ziyalı yanaşmasının təzahürü olan məqaləsinin tərcüməsini təqdim edirəm. Təbii ki, burada “tatar dili” dedikdə Azərbaycan türkcəsinin nəzərdə tutulduğunun əlavə şərhə ehtiyac yoxdur.  

Vilayət QULİYEV

Şəhərimiz yeni mətbu orqanla zənginləşir: İndiyə qədər Tiflisdə tatar dilində nəşr olunan “Şərqi-rus”  Bakıya köçür.

Bilindiyi kimi,  qəzet həm də naşiri kimi tanınan Məhəmməd ağa Şahtaxtinskinin redaktorluğu ilə 1903-cü ilin martından çıxmağa başlayıb.

Yerli dildə yeni mətbu nəşrin meydana gəlməsi bəlli səbəblərə görə böyük səbirsizliklə gözlənilirdi. Bu da təbii ki, ümumilikdə mətbuatın xalqın maariflənməsi işindəki əvəzsiz rolu ilə bağlıdır.

Bizim müsəlmanların mədəni geriliyinə baxmayaraq, əslində, fikrimizi daha  dəqiq etsək, məhz həmin gerilik səbəbindən onlara öz dillərində qəzet nəşrinin  son dərəcə vacibliyi və zəruriliyi çoxdan hiss olunurdu. Son vaxtlar isə özünü  getdikcə daha təkidli şəkildə büruzə verməyə başlamışdı. Qafqaz müsəlmanları mədəni inkişaf baxımından onları xeyli qabaqlamış xalqlarla qonşuluq şəraitində yaşayırlar.  Təbii ki, müasir mərhələdə onlar da daxili və xarici əlaqələr nəticəsində həyatın yeni axınlarının, yeni təmayüllərinin səmərəli təsirinə məruz qalırlar. Bu səbəbdən müsəlmanlar, ilk növbədə isə onların ictimai şüura malik kəsimi indiyə qədər ana dilli mətbu orqanın meydanda olmaması səbəbindən  xalq kütlələrinin tərəqqisinə ciddi maneə yarandığını başa düşməmiş deyildilər. Həmişə, hər yerdə, ən əsası isə yalnız ziyalı, açıqfikirli müsəlmanlardan deyil, hər kəsdən   eşidirdik ki, yerli dildə mətbu orqan ərsəyə gəlməyənə qədər istər hökumətin, istərsə də cəmiyyətin və ayrı-ayrı şəxslərin maarifin yayılması ilə bağlı xeyirxah təşəbbüslərinin heç biri arzu olunan nəticələri verməyəcək. Çünki mahiyyət etibarı ilə belə təşəbbüslərin toxumları faydalı sayılsa da, onların səpiləcəyi tarla kimsənin bələd olmadığı naməlum bir ərazi kimi qaldığından  ilk növbədə onun mətbuat vasitəsi ilə alaq otlarından təmizlənməsi, yumşaldılması və yararlı hala gətirilməsi son dərəcə vacib idi. Çünki məhz mətbuat belə məqamlarda ictimai fikrin ifadəçisinə çevrilir, bölgənin və xalqın həyatını, tarixini işıqlandırır. Eyni zamanda mədəni, iqtisadi və məişət baxımından mövcudluğun güzgüsü rolunda çıxış edir. 

Ətalət hissinin bütün təsirinə baxmayaraq müsəlmanlar instinktiv şəkildə bu həqiqəti başa düşmüşdülər. Onlar  şəraitin hökmü altında, özlərindən asılı olmayan səbəblər üzündən qaranlıq, sirlərini çözə bilmədikləri bir məmləkətdə yaşamağa məhkum edildiklərinin fərqində idilər. Ona görə də başları üzərindəki tutqun səmada görünən ən təsadüfi, nadir işıq şüalarını da böyük acgözlüklə yaxına gətirməyə, üstlərinə çəkməyə çalışırdılar. 

İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-1877-ci illərdə Bakıda, “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun nəşr etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayırlar. Zənnimcə, onlar adı çəkilən qəzetin bəzi yazılarının məzmununu ötəri də olsa yada salmaqla Qafqaz müsəlmanlarının içərisinə düşdüyü durğun, iylənmiş bataqlığın qısa müddətdə necə hərəkətə gəldiyini, anadilli mətbu nəşrin canlı, həqiqi sözlərinin müsəlman kütləyə necə oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə biribirinin ardınca meydana çıxan digər tatar qəzetlərinin - “Ziya” və “Kəşkül”ün ictimai fikrə təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan silinməyib. Əlbəttə,  öz növbəsində həmin qəzetlər cənab Ünsizadənin  deyil, nisbətən daha bacarıqlı adamların əlinə düşsəydilər, gətirdikləri fayda da böyük olardı. 

Bağçasaray şəhərində “Tərcüman” qəzetinin nəşrə başlaması isə bizim müsəlmanların həyatını xüsusi ilə parlaq bir nur kimi işığa qərq etdi. İyirmi ildən artıq müddət ərzində  Rusiyanın 30 milyonluq müsəlman əhalisinin tatarca  yeganə mətbu orqanı kimi  bu qəzetin üzərinə  mühüm və şərəfli rol düşmüşdü.  Maarifçi əqidəli, millətini sevən, yorulmaq bilmədən, ən başlıcası isə səmərəli şəkildə xalq işi üçün çalışan “Tərcüman”ın naşir və redaktoru İsmayıl bəy Qasprinskinin xidmətlərinə də layiqincə qiymət verilməlidir.

Bizim qəzetimiz (“Kaspi” nəzərdə tutulur - V.Q.) “Tərcüman”ın müsəlmanların tərəqqisinə göstərdiyi son dərəcə səmərəli təsirə öz səhifələrində indiyə qədər az yer ayırmayıb. Odur ki, təkrara yol verməyəcək və yalnız bu cəhətinə diqqət yetirəcəyik ki, müxtəlif bölgələrdə yaşayan, vahid türk-tatar köklərinə malik  qohum xalqların maraq və mənafeyini qorumaq kimi mürəkkəb  vəzifə yalnız bir mətbu orqanın öhdəsindən gələ biləcəyi iş deyildi.

Lakin buna baxmayaraq dörddə bir əsrə yaxın müddət ərzində Krımda çıxan qəzet tatar dilində (ruscaya tərcüməsi ilə birlikdə) yeganə kütləvi nəşr kimi qalmaqda davam etmişdi. Kazanda, Peterburqda və digər yerlərdə yeni  qəzetə icazə almaqla bağlı təşəbbüslərin heç biri  səmərə verməmişdi. 

Qafqazda qəzet nəşri ilə bağlı göstərilən cəhdlərin taleyi də eyni dərəcədə kədərli olmuşdu. Maraqlıdır ki, rədd cavabı alanlar yalnız müsəlmanlar deyildi. Məsələn, Qori müəllimlər seminariyası tatar şöbəsinin inspektoru, indi haqq dünyasında olan Çernyayevski də eyni münasibətlə üzləşmişdi.

Ana dilli qəzet nəşri məsələsində yalnız bu son vaxtlarda Məhəmməd ağa Şahtaxtinskinin bəxti gətirib.

Cənab Şahtaxtinskinin tatarca qəzet nəşrinə icazə alması xəbərini sağlam düşüncəyə malik bütün müsəlmanlar sevinclə qarşıladılar. “Kaspi” də birincilər sırasında yeni əməl qardaşı “Şərqi-Rus”a xeyir-dua verdi, müsəlman əhalini ictimai həyatın yenilənməsi, inkişafı baxımından xalqın anladığı  dildə mətbuat  kimi qüdrətli vasitəyə yiyələnməsi münasibəti ilə təbrik etdi.

Lakin çox təəssüf ki, həm biz, həm də mütaliə həvəskarı olan müsəlman cəmiyyəti tezliklə ruh düşkünlüyünə qapıldı. Cənab Şahtaxtinskinin rəhbərliyi altında çıxan, üstəlik də bu qədər arzulanan, səbirsizliklə yolu gözlənən qəzetin qətiyyən ümidləri  doğrultmadığı meydana çıxdı. Öz növbəmizdə bunu mətbuat vasitəsi ilə açıqlamaq məcburiyyətində qaldıq. Doğrudur, yeni qəzetin yalnız yerli həyat faktlarını işıqlandırılmasına ciddi etiraz bildirməmişdik. Bizim nəzərimizdə daha  çox narahatçılıq doğuran məsələ onun ilk gündən seçdiyi yol idi. Həmin yolun, həmin dəsti-xəttin isə elə başlanğıc mərhələdən müsəlman cəmiyyətinin ayıq, açıq fikirli kəsiminin  ictimai-siyasi meylləri ilə uyğun gəlməməsi heç kimə sirr deyildi. Biz də bu faciəli yanlışlığı diqqətə çatdırmalı məcburiyyətində qaldıq. Səhvlər üzərində dayanmayacağıq. Düşünülmüş çap siyasətinin olmaması, cənab Şahtaxtinskinin redaksiyanın ünvanına göndərilən yazıların hamısını heç bir seçim aparmadan, ağına-bozuna baxmadan qəzetinin səhifələrinə doldurması üzərində durmayacağıq. Müsəlman cəmiyyətinin tamamilə haqlı olaraq cənab Şahtaxtinskinin nəşrinə göstərdiyi soyuq münasibət, habelə onun rəhbərliyi altında mətbu orqan kimi “Şərqi-rus”un uğradığı müvəffəqiyyətsizlik sözlərimizə ən yaxşı dəlil-sübut sayıla bilər.

Təbii ki, cənab Şahtaxtinskinin qəzetin istiqamətinin köklü şəkildə dəyişəyi ilə bağlı son bəyanatı meydana çıxmasaydı, biz belə bir nəşrin Bakıya köçürülməsini alqışlamaqda çətinlik çəkərdik. 

Xatırlatdığım bəyanat “Şərqi-rus”un səhifələrində dərc olunub. Burada cənab Şahtaxtinski keçmiş səhvlərini etiraf edir. Fikrimcə, bu səmimi etiraf ona başucalığı gətirir. Bütünlükdə, buraxılan səhvləri, xüsusən də belə təsadüflərdə yol verilən yanlışlıqları  etiraf etmək heç vaxt gec deyil. Cənab Şahtaxtinskinin birmənalı bəyanatına inanmamağa  heç bir əsasımız yoxdur.

Eyni zamanda etiraf etməliyəm ki, “Şərqi-rus”un üzərinə götürdüyü vəzifəni bundan sonra layiqincə yerinə yetirəcəyinə ən yaxşı və ən etibarlı təminat əməkdaşımız Əhməd bəy Ağayevin  yaxından iştirakıdır.

Əhməd bəy Ağayevin iştirak səviyyəsi “Şərqi-rus”un redaksiya məsələlərini və nəşrin  gündəlik işlərini əhatə edəcək. 

“Kaspi”nin oxucuları cənab Ağayevi yaxşı tanıyırlar. Həm də publisist fəaliyyəti ilə o qədər yaxından tanışdırlar ki, bu barədə əlavə məlumat verməyə heç bir lüzum qalmır.

Onun dərin biliyi, vəzifə borcuna sonsuz məhəbbəti, müdafiəsinə qoşulduğu mütərəqqi ideyalarla bağlı canlı, enerjili qələmi  yeni anadilli qəzetin müsəlmanların maarifi və tərəqqisi yolunda əzmlə irəliləyəcəyinin, onlar üçün yaşadıqları gerçək həyatın - bütün tələbləri və çatışmazlıqları, bütün sevincləri və kədərləri ilə mövcudluğun güzgüsünə çevriləcəyinin sarsılmaz təminatıdır.

Amma onu da unutmayaq ki,  “Şərqi-rus” sadəcə bir qəzetdir və onun   üzərinə düşən yüksək vəzifəni layiqincə yerinə yetirə bilməsi üçün müsəlman cəmiyyətinin davamlı yardımı zəruridir. Bu yardım isə həm maddi, həm də mənəvi səciyyə daşımalıdır.

İnanırıq ki, müsəlmanlar köməyini əsirgəməyəcək və bu yolla da hər şeydən öncə özləri üçün son dərəcə zəruri olan tatar dilində qəzetin mövqelərini  möhkəmləndirməsinə, müsəlman cəmiyyəti qarşısındakı vəzifəsini yerinə yetirməsinə imkan yaradacaqlar. Biz  yeni mənəvi qardaşımız saydığımız “Şərqi-rus”a  bu yolda uğurlar arzulayırıq.

“Kaspi”, № 18
23 yanvar 1905-ci il.

Rus dilindən tərcümə edən Vilayət Quliyev

 





06.03.2017    çap et  çap et