525.Az

Ehtiyat üçün boş saxladığımız yer


 

Ehtiyat üçün boş saxladığımız yer<b style="color:red"></b>

Fərli-başlı komfortdan, müasir dizayndan uzaq, "Nuh əyyamından qalma" adi çayxanadır. Şəhər səs-küyündən, maşın get-gəlindən nisbətən uzaq olduğuna görə bu cəhətdən azca üstünlüyü var.

Çayxananın qarşısında indiyə qədər adını bilmədiyimiz meşə ağaclarından təbii bir çardaq əmələ dəlib ki, bu da isti yay günlərində bura müştəri cəlb edən vacib şərtlərdən biridir. Yaşıl çardağın altına düzülən dəmir oturacaqlar da ən azı çayxananın yaşı qədərdir, plasmas stollar da elə gözoxşayan deyil. Ancaq çayxananın bir sıra özəllikləri də var ki, biz bu məkandan əl çəkə bilmirik. Söhbətin bu yerində çayçının adını çəkməsək, bizim tərəfimizdən ən azı insafsızlıq olar. Adı Orucdur. Bu çayxana da ona rəhmətlik atasından qalıb. Obyekti "müasirləşdirmək" xatirinə içində və çölündə yüngülvari kosmetik işlər görüb. Amma bunlar əsas deyil. Əsas odur ki, Oruc müştəri stoluna gətirdiyi stəkanları necə silirsə, stəkanlardan adamın üzünə işıq düşür. "Berqa", ya "Çempion", hansı çaydan dəmləyirsə, onu da bilmirik, stəkanı dodağa yaxınlaşdıranda, adamın burnuna keçmiş hind, ya seylon çayının ətri dəyir. Çayçı və çayxana haqqında bu qədər.

Burda hamı öz yerini tanıyır. Mərkəzi hissədə Mahmud, Məcid domino oynayır, Əlican, Ağasadıq, Valeh, Nizami hansısa məsələlər barədə müzakirələr aparırlar. Biz stolumuzu domino, nərd səsindən bir az uzaq olsun deyə yaşıl talvarda həm küləkdöyən, həm də nisbətən gur kölgəlik olan tərəfə çəkirik. Stol arxasında adətən dörd nəfər otururuq.

Uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə işləmiş, ehtiyatda olan polkovnik-leytenant Mirzə Cəfərov, idman ustası, Əməkdar məşqçi İsmayıl Həşimov, Sovet dövründə "Spartak"cəmiyyətinin sədri işləmiş təqaüdçü Bələd Səfərov(ona tay-tuşları Təklə Bələd də deyirlər), bir də mən... Şənbə günləri qonaqlarımız olur. Əməkdar jurnalist, bir vaxtlar "İzvestiya"qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, sonralar daha yüksək vəzifələrdə işləmiş Şamil Məcidov ata yurduna baş çəkmək, həm də özü demişkən, bir az hava almaq üçün Bakıdan Şirvana gəlir. Belə olanda stolları birləşdiririk. Şamilin yaxın dostları Əkbəri, Qalibi də, demək mümkünsə, çay dəstgahına dəvət edirik. Bunlar indi olur, amma cəmisi üç il bundan əvvəl bizim çox da böyük olmayan məclisimizin başqa bir - son dərəcə əziz - üzvü də var idi. Ondan ötrü hər dəfə ehtiyat üçün boş oturacaq saxlayardıq. İşdir, ehtiyat oturacaq olmasaydı, Orucun çayxanasının tinində öz ağayana, ləngərli yerişi ilə bizə yaxınlaşanda ya İsmayıl, ya Bələd cəld ayağa qalxıb öz yerlərini ona təklif edirdilər. İsmayıl da, Bələd də öz ustadları, himayədarları, müəllimləri kimi ona xüsusi hörmət edir, xətrini əziz tuturdular.
 
Bu adam adını çəkdiklərimin hər ikisinin taleyində xüsusi rol oynamışdı. Tofiq Xəlilov 30 ilə yaxın müddət ərzində Əli Bayramlı Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləmişdi. SSRİ İdman Ustası idi. Hərçənd o dövrdə bu adı qazanmaq çətin olsa da, idman ustası normasını doldurub onun nişanını yaxasında gəzdirənlər çox idi. Tofiqin ustalığı isə xüsusi bir özəllik olduğu üçün hamısından fərqlənirdi. Məsələ onda idi ki, Tofiq əsgəri xidmətdə olduğu illərdə Yunan-Roma güləşi üzrə SSRİ İdman Ustası adını almış, ustalıq vəsiqəsini isə ona şəxsən 3 dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Kojedub təqdim etmişdi. Əlbəttə, indiki cavanlara belə bir hadisə adi görünə bilər. Biz yaşda olanlara isə məlumdur ki, o dövrdə bu, adi iş deyildi və Əli Bayramlı kimi balaca bir əyalət şəhərində, heç şübhəsiz ki, rezonans doğurmalı idi. Və doğurdu da...1962-ci ildə ordudan tərxis olunandan cəmisi bir il sonra Tofiq qeyd etdiyim məsul vəzifəyə sədr seçildi.

Çox güman ki, bu yazını səbr edib bura qədər oxuyanlar sədrin vəzifədə olarkən idmanın inkişafında əldə etdiyi nailiyyətlər barədə statistik rəqəmlər gözləyəcəklər. Belə rəqəmlər saysız-hesabsız olsa da, niyyətimdə belə şey yoxdur. Böyük Nazim Hikmət deyirdi ki, şəhərlər şairləriylə tanınır. Daha geniş götürsək, ədibləriylə. Bir az mübahisəli görünsə də, qəbul etmək olar. Deyək ki, Altayı Vasili Şukşinə, Sibiri Valentin Rasputinə, İsmayıllını Musa Yaquba görə tanımaq mümkündür. Ümumiyyətlə, şəhəri, kəndi, yaşayış məkanını kimlər tanıda bilər? Məsələn, bir şəhərdə beş elmlər doktoru, beş əmək qəhrəmanı ola bilər, həmin şəhəri heç bir titulu, filanı olmayan adi bir el ağsaqqalı, yaxud bir maşın ustası, hətta təbir caizsə, uzun illər türmədə yatan bir "avtoritet" tanıdar. Hörmət deyilən şey elə bir insani keyfiyyətdir ki, yalnız onun sayəsində sayılıb-seçilir, ad-san qazanır, xətir-hörmət sahibi olursan. Elə buradaca qeyd-şərtsiz deyirəm: indiki Şirvan, o vaxtkı Əli Bayramlını uzun illər respublikada tanıdan, bu şəhərə ən çox hörmət qazandıranlar bu şəhərin idmançıları və idmana rəhbərlik edən Tofiq Xəlilov olub.

Altmışıncı illər, demək mümkünsə, Azərbaycan futbolunun çiçəkləndiyi dövr, bizim də cavanlıq çağımız idi. Çoxumuz iş yerimizdə stolun üstünə Anatoli Banişevskinin, Valeri Hacıyevin, Bruxtinin, Qryazevin, daha kimlərin şəkillərini düzmüşdük. İndiki dilnən desək, onların fanatları idik. Və belə günlərin birində Əli Bayramlıda Tofiq Xəlilovun toyu olur, görürük ki, Əhməd Ələsgərov başda olmaqla, "Neftçi"nin bütün heyəti toyda iştirak edir. Yenə deyirəm, həmin dövrü indiki ilə müqayisə etməyək. Yaxud da edək. Analoji vəzifələrin sahibini istər respublikada , istər elə öz şəhərimizdə hansımız tanıyırıq? Komitə sədri respublikada tanınmış idman ustalarını Əli Bayramlıya dartıb gətirirdi. O vaxt bol suyu olan Hacıqabul gölünün sahilində idmanın avarçəkmə növü üzrə baza yaratmışdı. Məşqləri idman ustası Valeri Kaçalov aparırdı. O dövrə aid başqa misal: Əli Bayramlının "Energetik" futbol komandası respublika birinciliyinə gedəcəkdi, komandanı yarışa məşhur furbolçular Kamil Eynullayev, Tofiq Axundov hazırlayırdılar. "Energetik" sonralar respublika çempionu oldu ki, bu da şəhərin idman tarixində yaddaqalan hadisələrdən biri idi.

Vədimə əməl edib Tofiq Xəlilovun sədrliyi dövründə Əli Bayramlı idmanının nailiyyətləri barədə danışmayıb başqa mətləblərə keçmək istəyirəm.

Onunla cəmisi bir-iki saat stol arxasında oturmaq, sözün əsl mənasında, istirahət idi. Ulu Tanrı bu adama hərtərəfli istedad vermişdi: fiziki gücdən əlavə, dərin yumoru, xoşu gəlməyən adama kinayəli epitet demək qabiliyyəti, qonaq qarşılamaqdan zövq alıb onun qulluğunda dayanmaq bacarığı vardı. Təbiətə bir Məcnun sevgisi var idi onda... Bu tərəflərin təbiəti elə də gözoxşayan olmasa da, o, buralarda saysız-hesabsız gözəlliklər kəşf eləmişdi. Ətraf Mişoğdağ, Qırovdağ, bir az o tərəfdə Haramı dağlarının elə yarğanı, yamacı, gədiyi, dərəsi, künc-bucağı yox idi ki, həmin yerləri tanımamış olsun. Hansı fəslin hansı ayında harada nə bitir, kəklik, turac, digər çöl quşları hansı sututarda gecələyir, hansı qayalıqda yem axtarır, hamısını əzbər bilirdi. Əla çölçülüyü var idi. Əlindən rəssamlıq da gəlirdi. Ovladığı quşların rəsmini yaradırdı. Onunla xeyli müddət ov yoldaşlığı etmiş Mirzə Cəfərov danışırdı ki, Tofiq ocaq çatıb balıqdan şorba, kəklikdən, turacdan buğlama, ördəkdən, qaşqaldaqdan kabab bişirəndə, adam bu təamların ləzzətindən doymaq bilmirdi. Şamil Məcidov başqa bir hadisəni xatırlayır:

- Səhər-səhər evimizin qarşısında dayanıb gün ərzində hara gedəcəyimi, nə iş görəcəyimi fikirləşirdim. Tofiqlə rastlaşdım. Salam-kalamdan sonra ürəyimdən keçənləri elə bil gözümdən oxudu, "otur maşına" dedi. Bir neçə kilometr getdik. Maşını elə yerdə saxlatdırdı, gözümə inanmadım. Hər tərəf yaşıllıq, laləlik idi. Quşların uçuşu, cəh-cəhi bu mənzərəyə xüsusi çalar verirdi. Sanki əli ilə qoymuş kimi, hardansa bir xeyli göbələk yığıb gətirdi. Ocaq qaladı, göbələkləri közün üstünə düzdü. Maraqlı söhbətləri, tanıdığımız adamlar barədə yumor dolu lətifələri çöldə açılan süfrənin ləzzətini birəbeş artırdı.

Xəlilovlar ailəsində altı qardaşdan Tofiq üçüncü, Kamal dördüncü idi. Erkən gənclik illərində Kamal da idmanın güləş növü ilə məşğul idi və İsmayıl Həşimov kimi o da respublika çempionu olmuşdu. Sonralar ingilis dili üzrə tərcüməçi-mütəxəssis, həm də pedaqoq kimi məşhurlaşmışdı. Son dərəcə təmənnasız, təmiz, demokratik ruhlu bir ziyalı idi. Səmimiyyətinə, qonaqpərvərliyinə görə saysız-hesabsız dost-tanışı vardı. Ən maraqlısı isə bu idi ki, Kamal öz dostlarını Əli Bayramlıya gətirib onları ovçu qardaşı Tofiqlə tanış etməkdən, Tofiq vasitəsi ilə dostlarına "ov qonaqlığı" təşkil etməkdən xüsusi zövq alırdı. Qonaqlıq məsələsində qardaşlar öz aralarında, demək mümkünsə, xüsusi sistem tərtib eləmişdilər. Məsələn, deyək ki, əziz bir insanı qarşılayıb onu restoranda, yaxud evdə qonaq eləmək qonaqlığın standart formasıdır. Tofiqlə Kamala görə, kimsə təbiətin qoynuna çıxıb Kür sayına tamaşa eləmək, Kürqırağı toğay meşələrdə xəzələ dönən yarpaqların üstündə addımlamaq, əlindən gəlirsə, güllə atıb quş ovlamaq, sonra səksöyül toplayan adamlara kömək eləyib ocaq qalamaq, bu ocaqda bişən kababdan dadmaq imkanı qazanırsa, bu olur əsl qonaqlıq. Bu qonaqlıq yaddaşa yazılır, əsl ləzzət, əsl istirahət kimi xatirəyə həkk olunur. Bu qonaqlardan bir çoxu elə təbiətin qoynunda Tofiqin ovçuluq məharətinə, çölçülük qabiliyyətinə heyran olmuş, onunla dostlaşmışdı. Ən çox Vaqif Səmədoğludan, Sabir Azəridən danışar, onların çölçülüyünü, ovçuluğunu ürək dolusu tərifləyərdi.

Belə bir qonaqlıqda mən də iştirak etmişəm. Doxsanıncı illərin əvvəllərində böyük qazax şairi, azərbaycanlıların etibarlı dostu Oljas Süleymenov Bakıya qonaq gəlmişdi. Deyəsən, məşhur türkoloqumuz Aydın Məmmədovun dəvəti ilə... Bu elə vaxt idi, həm Almatıda, həm də Bakıda Sovet qoşunları yüzlərlə insanı gülləbaran etmişdi. Bakıda gərgin keçən görüşlərdən sonra Aydın Məmmədov və onun çevrəsi hörmətli qonağa, yüngülvari də olsa, bir istirahət təşkil etmək qərarına gəlirlər. Kamal müəllim qonaqlığı öz boynuna götürür. İstirahət günlərindən birində Kamal öz yaxın dostları - tanınmış dilçi alimlər Kamil Vəliyev və Kamal Abdulla ilə birlikdə Oljas ağanı Əli Bayramlıya qonaq gətirdi. Xəlilovların yeznəsi Əlisanın aynabəndində stol açıldı. Tofiqin böyük qardaşı, jurnalist Möhsüm müəllim, inşaatçı-mühəndis Lazər Həsənov, biz hamımız Oljasa maraqla qulaq asırdıq. Almatı faciəsindən danışır, Qazaxıstanda rəhbər vəzifələrdə işləmiş Brejnevdən, Kunayevdən xatirələr yada salır , arada şeir deyirdi. Bir qədər keçəndən sonra Tofiqin təklifi ilə maşınlara əyləşib Kürqırağı toğay meşələrə üz tutduq. Qış fəsli olsa da, hava xoş idi. Talada quru otların üstünə palazlar sərildi. Oljas tüfəngi çiynindən asıb meşədə gəzişsə də, quş gözə dəymirdi. Zarafatla "bəxtim gətirmədi" deyə bardaş qurub palazın üstündə oturdu. Qazax yurtlarında, görünür, buna adəkərdə olmuşdu. Bizlərdən heç kəs bacarmadığı halda, o, üç saatdan çox bu vəziyyətdə - bardaşqurma otura bildi. Kamil Vəliyev, Kamal Abdulla yenə də Oljasla dilçilikdən, türkologiyadan, ədəbiyyatdan söhbətə başladılar. Oljas ağanın maraqlı lətifələri məclisə xüsusi ləzzət qatırdı. Toğayda təkəmseyrək güllə səsləri eşidilirdi. Və bu səslər tamam kəsiləndən sonra Tofiq yenicə ovladığı bir neçə yaşılbaşla məclisə yaxınlaşdı. Hamı təəccüb içində idi. Oljas ovçunun məharətindən təsirlənmişdi. Zarafatla: "Tofiq əkə, bugünümüzün Kurbaşısı sənsən" - dedi. Hamımız ayağa qalxıb, səksöyül, yulğun dalınca getdik. Ocaq qalamaq lazım idi...

Bu, bircə xatirədir, amma Tofiqlə bağlı onlarla belə şirin xatirə var. "Xatirə" sözü dilimə gələndə, kövrəldim. Artıq bir neçə ildir ki, Tofiq bu dünyada yoxdur. Daha öz ləngərli, ağır addımları ilə Orucun çayxanasının tinində görünmür. Bizsə yenə stol arxasında otururuq. Elə ilk stəkandan sonra kimsə mütləq Tofiqdən maraqlı bir xatirə yada salır. Qəribə hissdir. Ondan ötrü ehtiyat üçün saxladığımız yer, adama elə gəlir ki, hələ də yanımızdadır. Özü gəlib oturmasa da...

Bir də ki, elə bu dünya da ehtiyatda saxlanan boş yerə oxşayır: gəlib oturur, sonra da... çıxıb gedirik. 

 





08.03.2017    çap et  çap et