525.Az

Poyludan Amerikaya qədər...


 

XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏNİN "NABAT XALANIN ÇÖRƏYİ" POVESTİNİN İNGİLİS DİLİNDƏ NƏŞRİNİN TƏQDİMATI OLUB

Poyludan Amerikaya qədər...<b style="color:red"></b>

... Bu əsər ilk dəfə "Azərbaycan" jurnalında çap ediləndə mərhum Xalq yazıçısı Süleyman Rəhimov müəllifə deyib ki, "yaxşı əsərdir, amma teleqram yazıbsan, çox qısadı, gələcəkdə qalın roman edərsən..."

Amma müəllif nə o vaxt, nə də sonralar həmin "teleqram"ı qalın roman eləmək fikrinə düşüb. İlk dəfə necə çap edilibsə, eləcə də saxlayıb, ayrıca kitab şəklində buraxdırıb, "Seçilmiş əsərləri"nə daxil edib, xarici dillərə tərcümə etdirib. Anasının xətrinə, min bir əziyyətlə övlad böyüdən bütün anaların şərəfinə...

Bir də ingilis dilində olmasını istəyib. Və uzun illərdən sonra əsər bu dilə də çevrilib.

Söhbət Xalq şairi Nəriman Həsənzadənin avtobioqrafik "Nabat xalanın çörəyi" povestindən gedir. O povestdən ki, dul bir qadının min bir əziyyətlə böyüdüb başa çatdırdığı yeniyetmə sonralar Azərbaycanın xalq şairi olub. O Xalq şairi övlad böyütmək üçün müharibə illərində əzablar çəkən bir azərbaycanlı xanım obrazı, bir azərbaycanlı ANA obrazı yaradıb. Və illərdən bəri bu obraz minlərlə oxucunun - gəncin və yaşlının öz anası qədər əzizinə çevrilib, "Nabat xalanın çörəyi" sayəsində...

Bu günlərdə Azərbaycan Dillər Universitetinin Amerika mərkəzində povestin ingilis dilində nəşrinin təqdimat mərasiminə toplaşanlar məhz "Nabat xalanın çörəyi"nin ətrini hiss eləyiblər. Xalq şairi səmimiyyətlə etiraf edib ki, bu gün də o çörəyi yeyir. Tədbirdə çıxış edən başqa bir alim-oxucu bir az obrazlı şəkildə "hamımız Nabat xalanın çörəyini yeyirik" deyib.

Povesti ingilis dilinə "ADA" Universitetinin Təhsil İnstitutunun proqram mütəxəssisi Elnur İmanbəyli tərcümə edib. Tərcümənin redaktəsi üzərində Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva, amerikalı redaktor Sinsiya Mörfi və Qlazqo Universitetinin tələbəsi Cakob Ksabay işləyiblər.

Tərcümənin redaktorlarından biri, ADU-nun dosenti Şəhla Nağıyeva təqdimat iştirakçılarına layihə haqqında məlumat verib.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb, poeziyamıza insanın ruhuna, mənəvi aləminə dinclik gətirən misralar bəxş etdiyini xüsusi vurğulayıb. O, N.Həsənzadə yaradıcılığının Azərbaycanda çox sevildiyini, bunun qüdrətli şairin poeziyasına, şəxsiyyətinə verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Professor şairin "Nabat xalanın çörəyi" əsərinin ingilis dilinə tərcümə olunmasını Azərbaycan ədəbiyyatının dünya miqyasında layiqincə təmsil olunması baxımından əlamətdar hadisə adlandırıb.

Bu fikirləri povesti ingilis dilində ilk oxuyanlardan biri -  "ADA" Universitetinin Təhsil fakültəsinin müəllimi Hərri Mkərsi davam etdirərək deyib ki, həqiqətən də, bu əsər çox koloritli, obrazlarla zəngin bir əsərdir: "Mən ingilis dilində bu koloriti hiss elədim və mənim üçün yeni olan bir mədəniyyətlə tanış oldum. Burda orijinalın dilinin sadəliyindən danışdılar. Mən qeyd edim ki, əsərin dili elə ingilis dilində də sadə və oxunaqlıdır".

Görünür, ingilisdilli oxucu bununla ədəbiyyatşünas alim Məti Osmanoğlunun çıxışını tamamlamaq istəyib. Çünki Məti Osmanoğlu bir az əvvəl povestin ədəbi məziyyətlərindən danışmaqla yanaşı bir məqamı da xüsusi vurğulamışdı ki, fikir veribsinizsə, orijinalın dili olduqca sadə və anlaşıqlıdır. Bu əsərdə işlənən cümlələrin əksəriyyəti 4-5 sözdən ibarətdir. Belə qısa və yığcam cümlələrlə bir insan ömrünün keşməkeşlərini bu qədər obrazlı çatdırmaq Nəriman Həsənzadənin nasir kimi də böyüklüyündən xəbər verir.

Digər çıxış edənlər isə zəngin milli koloritə malik belə bir əsərin ingilis dilinə tərcüməsinin çətinliklərinə toxunublar, tərcüməçilərin uğurunu xüsusi qeyd ediblər.

Hətta o da xatırlanıb ki, əsərdə "müharibə" sözü işlənməyib, amma povestdə hadisələrin məhz İkinci Dünya müharibəsi illərində cərəyan etdiyini duymamaq mümkün deyil. 

Tənqidçi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal Nəriman Həsənzadə poeziyasının zənginliyindən danışıb, Əməkdar İncəsənət Xadimi, rejissor Ağalar İdrisoğlu, eləcə də teatrşünas Atabala İsmayıloğlu şairin dram əsərlərinin məziyyətlərinə toxunub, Cənubi Azərbaycan əsilli şair Aqşin Ağkəmərli N.Həsənzadə poeziyasının Arazın o tayında da sevildiyini və məşhur olduğunu, şairin kitablarının dəfələrlə çap edildiyini diqqətə çatdırıb. Şair Qəşəm Nəcəfzadə ustad sənətkar haqqında xatirələrini bölüşüb. ADU-nun Amerika Mərkəzinin əməkdaşı Aytac Miskərli əsərin oxucuda yaratdığı ovqatdan bəhs edib. 

Kitabın tərcüməsini öz üzərinə götürən Elnur İmanbəyli belə bir əsərin ərsəyə gəlməsində əməyi olduğundan qürur duyduğunu bildirib. Tərcümənin məziyyətləri barədə son sözün ingilisdilli oxucuların deyəcəyini söyləyib.

Bundan sonra ingilisdilli oxuculardan daha birinin, kitabın redaktoru Sinsiya Mörfinin Amerikadan göndərdiyi video-müraciəti səsləndirilib. Amerikalı redaktor belə bir layihədə iştirak etməkdən məmnunluq duyduğunu söyləyib, bir azərbaycanlı qadının və ananın keçirdiyi hissləri yaşadığını bildirib, deyib ki, müəllifin sadə dillə ifadə etdiyi böyük həqiqət oxucunu ofsunlayır.

Deməli, "Nabat xalanın çörəyi" - "Auntie Nabat's bread" ingilisdilli oxucunu da heyran edə bilib. Bu isə o deməkdir ki, şair istədiyinə nail olub. İndi Nabat xalanı Amerikada, İngiltərədə və başqa ölkələrdə də yaxından tanıyacaqlar. Ən başlıcası isə Nabat xalanın bir vaxtlar ucqar Poyluda bişirdiyi çörəyin ətri uzaq-uzaq ellərdə hiss ediləcək. Tərcümənin keyfiyyəti barədə təqdimat mərasimində səsləndirilən fikirlər belə deməyə əsas verir. 

Sonda Xalq şairi Nəriman Həsənzadə povestin ingilis dilinə tərcüməsində və nəşrində əməyi olanlara, mərasim iştirakçılarına və ADU-nun rəhbərliyinə minnətdarlığını bildirib. Və şeir oxuyub. Elə Nəriman Həsənzadə üslubunda. Kövrək və həzin şeir...

 





08.03.2017    çap et  çap et