525.Az

Teatr rəssamlığımız: dünən və bu gün


 

Teatr rəssamlığımız: <b style="color:red">dünən və bu gün</b>

1873-cü il martın 10-da Bakıda M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşaya qoyulması ilə başlanan milli teatr tariximiz nədənsə həmin günü səhnənin tərtibatını həyata keçirən adamın adını özündə yaşatmayıb.

Bunun obyektiv və subyektiv səbəblərlə bağlı olması da ən azı ehtimal olunandır. Belə ki, o vaxt bu tərtibat klassik tutuma malik olsaydı, yəqin ki, icraçı-rəssamın adı tarixə düşər və zaman-zaman xatırlanardı. Olub-olmamağı sona qədər dəqiqləşdirilməyən həmin tərtibatın zamanında tamaşanın ümumi estetikasına hansı əlavə bədii-estetik dəyər bəxş etməsi nə qədər qaranlıq qalsa da, müasir dövrdə teatr tamaşasını tərtibatsız təsəvvür etmək sadəcə mümkünsüzdür. Bu gün tamaşanın çox vaxt uğurunu şərtləndirən yaradıcılıq məsələlərindən biri məhz onun tərtibatıdır, desək, yanılmarıq. Rəssamların da iştirakı ilə ərsəyə gətirilən bir çox tamaşaların yüksək mükafatlara layiq görülməsində də onların tərtibatlarının daşıdıqları estetik yükün duyulası rolu olmuşdur. Bu gün ali təhsil ocaqlarında teatr-dekorasiya sənəti sahəsində çalışacaq rəssamların hazırlanması da səhnəqrafiyanın əhəmiyyətinin duyulmasının ifadəsidir.

Teatr-dekorasiya sənəti tariximizin arxada qalan illərini xatırlamalı olsaq, onda əvvəlcə teatr tamaşalarında rəssamın iştirakı barəsində ilk məlumatın 1908-ci ildə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında baş rolu oynamış Hüseynqulu Sarabskinin verdiyini qeyd etməliyik. O, müasirlərinə həmin tamaşanın tərtibatının, sonralar həm də rəssam kimi tanınacaq, Əli bəy Hüseynzadə (1864-1940) tərəfindən yerinə yetirildiyini söyləmişdi. Sonradan Tiflisdə professional təhsil alan Bəhruz bəy Kəngərli (1892-1922) Naxçıvana qayıtdıqdan sonra buradakı teatr tamaşalarının tərtibatı ilə məşğul olmuşdu. İyirminci illərdə Bakıda rəssamlıq məktəbi açılandan sonra isə Azərbaycanda bu sahədə davamlı fəaliyyət göstərən rəssamların sayı çoxaldı. Həmin dövrdə Bakıya Rusiya teatrlarından dəvət olunan və bu sahədə təcrübəsi olan əcnəbi rəssamlar da çalışırdılar. İyirminci əsrin birinci yarısında bu sahədə fəaliyyət göstərənlər arasında Ə.Əzimzadə, R.Mustafayev, S.Yefimenko, H.Mustafayev, daha sonrakı dövrdə isə N.Fətullayev, İ.Axundov,Y.Toropov, İ.Seyidova, B.Əfqanlı, S.Şərifzadə, Ə.Almaszadə, Ə.Fətəliyev, R.Məmmədov və s. rəssamlar olmuşlar. Ə.Əzimzadənin "Ölülər" (C.Məmmədquluzadə) komediyasına, R.Mustafayevin "Koroğlu" operasına (Ü.Hacıbəyli), "Danabaş kəndinin məktəbi" (C.Məmmədquluzadə) və "1905-ci ildə" pyeslərinə, İ.Seyidovanın "Sevilya bərbəri" (C.Rossini) "Sevil" operalarına (F.Əmirov), Ə.Almaszadənin "Gülşən" Baletinə (S.Hacıbəyov), Ə.Fətəliyevin "Aşıq Qərib" (Z.Hacıbəyov) və "Əsli və Kərəm" (Ü.Hacıbəyli) operalarına, N.Fətullayevin "Vaqif" (S.Vurğun) pyesinə, İ.Axundovun "Hacı Qara" (M.F.Axundzadə) komediyasına verdikləri bədii tərtibatlarda dramaturq və rejissor yozumunun təsirini artıra biləcək bədii-emosional məziyyətlərin qabarıqlığı tamaşaların duyulası rəğbət qazanmasını şərtləndirmişdir.

XX əsrin ikinci yarısında rəngkarlıq və qrafika ilə məşğul olan rəssamların teatr-dekorasiya işlərinə cəlb olunması, tamaşalara yeni və özünəməxsus estetik məziyyətlər bəxş etmişdir. M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov və E.Aslanovun teatr tərtibatları bu baxımdan maraq doğurur. T.Salahovun "Koroğlu" operasına (Ə.Fətəliyevlə müştərək), V.Şekspirin "Hamlet" və "Antoni və Kleopatra", C.Cabbarlının "Aydın" pyeslərinə verdiyi tərtibatlarda "sərt üslub"un estetikası ilə səsləşən əzəmət və romantikanın tamaşanın emosionallıqla qəbuluna güclü təsiri olub. M.Abdullayev və E.Aslanovun "Leyli və Məcnun" (Ü.Hacıbəyli) operasına çəkdikləri dekorasiyaların isə nakam məhəbbət dastanının lirik-psixoloji məqamlarının tamaşaya duyğulandırıcı tutumda çatdırılmasında əvəzsiz rolu vardı. F.Əmirovun "Nəsimi dastanı" və "1001 gecə", Q.Qarayevin isə "Yeddi gözəl" baletlərini T.Nərimanbəyovun tərtibatı olmadan təsəvvür etmək sadəcə mümkünsüzdür, desək, yanılmarıq.

Ötən əsrin səksəninci illərində, eləcə də müstəqillik dövründə bir çox gənclərin - N.Bəykişiyev, E.Məmmədov, Q.Məmmədov, T.Tahirov, S.Haqverdiyeva, E.Sərxanoğlu, N.Səmədova, M.Əliyev, T.Qorçiyev və İ.Məmmədov kimi yaradıcıların respublikanın müxtəlif teatrlarında səhnəyə qoyulan əsərlərin bədii tərtibatlarında iştirakları həmin tamaşaların geniş tamaşaçı rəğbəti qazanmasında rolu böyük olub. Bu tərtibatlarda isə artıq səhnəqrafiyanın ənənə və müasirliyin qovşağını özündə əks etdirən bədii ifadə vasitələrinin tətbiqini görmək mümkündür. Bunlar müasir cəmiyyətin estetik tələbatına və zövqünə cavabın ifadəsi olaraq, həm də teatra yönəlmiş olan tələblərə adekvat olan bədii-mənəvi qaynaq kimi qəbul olunurlar.

Bakıda "Qadın xoşbəxtliyi"

sərgilənib

Martın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Moskvada yaşayan həmyerlimiz, Rusiya Federasiyasının Əməkdar rəssamı Əsgər Məmmədovun "Qadın xoşbəxtliyi" adlı fərdi yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş olunub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Rəssam haqqında ətraflı məlumat verən natiq bildirib ki, 1945-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açan Ə.Məmmədov Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1971-76-cı illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutu üzrə Rejissorluq fakültəsində təhsil alıb və cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələnib.

O, 1976-90-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışıb, 15-ə qədər sənədli, bədii və cizgi filminə quruluş verib. SSRİ Kinematoqrafiya Birliyinin üzvü seçilib.

Gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan rəssam Mərzili kəndində şəxsi qalereyasını yaradıb, lakin 1993-cü ildə kəndin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 200-ə qədər rəsm əsəri yandırılaraq məhv edilib. Sonradan Moskvada fəaliyyətə başlayan rəssamın dəfələrlə müxtəlif ölkələrdə fərdi yaradıcılıq sərgiləri açılıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssamın zəngin yaradıcılığa malik sənət adamı kimi tanındığını söyləyib.

Diqqətə çatdırılıb ki, rəssam müasir dünyanın aparıcı rəssamlıq məktəblərindən biri olan Rusiya akademik rəsm məktəbinin yetirməsidir. Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda hiss olunur. Rəssamın bir çox əsərləri poeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasından yaranıb.

Bildirilib ki, Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da var. O, poeziyanın və musiqinin vurğunudur. Rəssamlıq sənətinin portret, mənzərə və natürmort janrlarına yeniliklər gətirməyə səy göstərən Əsgər Məmmədovun ustalığı əsərlərində aşkar şəkildə görünür.

Daha sonra Əsgər Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgiyə baxıblar.

Sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunur. Bu əsərlər füsunkarlığı ilə diqqəti cəlb edir. Rəssamın yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Onun boyakarlıq sənətində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlənmiş rəsmləri var.

Qadın xoşbəxtliyinin tərənnüm olunduğu sərgi martın 10-dək davam edəcək.

 





10.03.2017    çap et  çap et