525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda)

Azərbaycan Məclisi-Məbusanında 15-ci iclas 

Altı martda Məclisi-Məbusanın növbəti iclası vaqe olmuşdur.

Sədr - İclası açaraq ibtida sabiq Seym üzvü və Milli Şura müavini-sədri Mirhidayət Seyidov ilə general mayor Süleyman Əfəndizadənin vəfat etmiş olduqlarını xəbər verərək mərhumların ailələrinə təziyət teleqrafı çəkməgi və tərəhhüm ruhu üçün parlamanın ayağa qalxmasını təklif ediyor. (Hamı qalxıyor). Və teleqraf çəkməgə Heyəti-rüəsayı vəkil ediyorlar.

Bədə Hacı Kərim Sanilinin doğru intixab edilməməsi həqqində şikayət varid olduğu bildirilərək mandat komissiyasına veriliyor.

Sonra Yusif Əhmədzadəyə 3 həftə məzuniyyət verilməsi həqqindəki ərizəsi qəbul olunur.

Üçüncü növbədə mükəlləfiyyəti-əskəriyyə həqqində daxiliyyə nəzarəti tərəfindən təqdim edilmiş layihə bilamüzakirə ləvayehi-qanuniyyə, etibarnamə komisyonuna veriliyor.

Növbədə “İttihad” fraksiyasının təklifidir. Bu fraksiya öz daxilindən Məclisi-Məbusana bir müavini-sədr seçilməsini istiyor. Bir qədər danışıqdan sonra bu məsələ gələn iclasa buraxılıyor.

Növbədəki məsələ Azərbaycan Məclisi-Məbusanının nizamnaməsi müzakirəsidir. Nizamnamənin fəsli oxunaraq yerdə qalanı gələcək iclasa buraxılıyor.

Bundan sonra patentlərin artırılması və spirt və tənbəki aksizlərinin təzayidi həqqindəki qanun layihələrinə baxılaraq bir qədər mübahisə nəticəsində əksəriyyəti-ara ilə hər iki layiheyi-qanuniyyə qəbul olunur. 

Dağıstan həqqində 

Nəhayət Rəisi-Vükəla Xan Xoyski həzrətləri növbədən xaric söz alaraq Denikinin hücumu münasibətilə Dağıstanın vəziyyəti və Azərbaycanın rəftarı həqqində məlumat verərək bəyan ediyor ki:

“Bu münasibətlə Dağıstan hökuməti-cümhuriyyəsinin Azərbaycandakı siyasi nümayəndəsi martın 5-də bizə böylə bir məktub yazdı:

Nazir həzrətləri!

Şimali Qafqasiya və Dağıstan millətləri Rusiya inqilabının yaxşı vəqtlərində azad və asudə olaraq öz xahişlərilə bir siyasi ittifaq əmələ gətirərək istiqlaliyyət elan və hökumət, həm parlaman təşkil etmişdirlər.

General Tomson 27 noyabr 1918-də Cümhuriyyət hökuməti naminə bir məktub yazaraq Dağıstan istiqlal və hökumətinin müttəfiqlər tərəfindən sülh konfransının qərarınadək qəbul edildigini bildirmişdi.

Buna baxmayaraq könüllü ordu dağıstanlıların müttəfiqlər komandanlığına etimadından bilaistifadə bolşevizm ilə mübarizə bəhanəsilə əhdi-şikənanə bir surətdə cümhuryyət daxilinə soxulmuşdur. Şimali Qafqasiya millətləri könüllü ordunun təcavüzkaranə məqsədlərini gördükdə öz qeyzini saxlaya bilməyərək hökumətin xahişinə rəğmən əldə silah olaraq könüllü ordu müqabilinə çıxmışdır.

General Lyaxovun Terski - Dağıstan layihələri baş naçalniki təyin edilməsi Cümhuriyyət hökumətinə ümuri-idarədən vaz keçib Dağıstan qoşunlarını buraxması təklif edilməsi, dağıstanlılar ittifaqını mili parçalara ayırmaq layihəsi, könüllü ordunun təkmili üçün dağıstanlılardan güc ilə əskər aparılması cəmaətin qaramal və məkulatının güc ilə əlindən alınması (həczi) bunların həpsi könüllü ordu tərəfindən cəmaətin hüququna təcavüz və onların həyatını və Şimali Qafqasiya millətlərinin tərəqqi və təalisi üçün lazım olan şəraiti təhdiddən ibarət hərəkətlərdir.

Hökumətin xüsusi tapşırmasına görə cənab nazir bununla könüllü ordunun hərəkati müqabilinə qəti və ciddi surətdə protesto ediyorum.

General Denikinin ordusunun Dağıstanda qalması nəticəsi olaraq cəmaətin fəlakəti və qan axıdılması müqabilinə kəndi tərəfimizdən lazımi tədbirlər görmək üçün bu xüsusu nəzəri etinanıza ərzlə bunu da əlavə ediyoram ki, əgər könüllü ordu ilə münasibətimiz bir nizamə salınmasa hökumətim cümhuriyyətinin səlaməti və Şimali Qafqasiya, həm Dağıstan millətlərinin mövcudiyyəti-cismaniyyəsini müdafiə uğrunda müsəlləh müqavimətindən belə geri durmayacaqdır.

Etiram və übudiyyətimin qəbulunu rica edərim.

Azərbaycan hökuməti nəzdində Qafqasiya Cəbəlyun ittifaqı hökuməti-cümhuriyyəsi nümayəndəsi bu məktubu aldıqdan sonra Xan Xoyski həzrətləri general Denikinin barəsində müttəfiqlər komandanı general Tomsona böylə bir nota göndərmişdir:

Bakıda olan müttəfiqlər qüvvəsi komandanı general Tomson cənablarına. Azərbaycan hökuməti keçən gün martın 5-də Dağıstan hökumətindən surəti təqdim olunan bir məlumat almışdır. Bu məlumatdan görünür ki, könüllü ordu Dağıstan Cümhuriyyəti daxilinə soxulub hökumətə iş başından çəkilmək və bütün ordunu buraxmaq təklifində bulunmuşdur. Bununla bərabər eyni zamanda könüllü ordu nümayəndələri könüllü ordudan ötrü Dağıstan əhalisindən ibarət əskəri dəstələr təşkilinə və əhalinin qaramalını və ərzaq işlərini həcz etməgə başlamışlar. Könüllü ordu ali nümayəndələrinin general Denikin ilə bərabər dəfəhlər ilə verdikləri elanlara istinadən Qafqasiya əhalisi zənn edə bilər ki, könüllü ordunun məqsədi Rusiyada olan bolşevizm və hərc-mərclik ilə mübarizədən ibarət olub azadlıq arzusunda olan və istiqlaliyyətləri Avropa və Amerika hökumətləri tərəfindən etiraf edilən millətlərə təcavüz etmək degildir. Bu nöqteyi-nəzərlə Azərbaycana dost olan Dağıstan əhalisinin müstəqil hüquqlarına təcavüz etmək işləri Azərbaycan hökuməti tərəfindən protestosuz qala bilməz. Bununla bərabər Azərbaycan hökuməti bu zəndədir ki, hazırda Şimali Qafqasiya və Dağıstan əhalisi qarşısında durmuş Rusiya inqilabi-əzimənin fütuhatını təhdid edən təhlükə bu yaxın gələcəkdə Qafqasiyayı bir hərc-mərclik və qan dəryasına döndərər ki, bunun da nişanələri Qara Dəniz sahilində Soçi nahiyəsində görünmüşdür.

Bu şərait üzrə Azərbaycan hökuməti öz qövmi olan Dağıstan əhalisinin öz həyatını və müqəddəs istiqlaliyyətini müdafiə etmək işində hücum edən irtica qüvvələr əleyhinə qeyri-müsavi mübarizədə sakit duramaz. Buna görə Azərbaycan hökuməti hər bir qüvvəsilə bu ağır dəqiqədə Dağıstan əhalisinin köməginə getməgə özünü borclu bilir.

Azərbaycan daxilində müttəfiq dövlətlər baş nümayəndəsi olmağınız sifətilə bu barədə siz alicənabə xəbər verib bütün Qafqasiyayı tuta biləcək yanğını və qan tökülməsini bərtərəf etməkdən ötrü insaniyyət naminə təkidanə sizdən xahiş edirəm ki, general Denikinin könüllü ordusu tərəfindən Dağıstan Cümhuriyyətinə edilən hərəkatı dayandırmaq və onların Dağıstan Cümhuriyyətindən tezliklə kənar edilmələri üçün ən qəti tədbirlər görəsiniz.

Sizdən xahiş edirəm ki, öz binagüzarlıqlarınız barəsində məni də xəbərdar edəsiniz.

Kəmali-ehtiram ilə Rəisi-Vükəla və xariciyyə naziri Fətəli xan Xoyski.

“Azərbaycan”, 10 mart 1919, № 133

Həcz - müsadirə 

Düz yol

Neçə gün əvvəl qəzetəmizdə şayiət cümləsindən olaraq bir xəbər dərc edilmişdi ki, bizim türk sosialistlərimiz öz taktikalarını dəyişib xarici sosialistlər əsasını qəbul etmək fikrindədirlər.

Baisi-məlalımız olan bu xəbər parlaman sosialistlər ittifaqı sədri cənabları tərəfindən təkzib edilməklə məlalımız rəf edilib əvəzində xoşhal olduq. Və bu əsilsiz xəbərin qəzetəmizdə nəşr edilməsindən dolayı izhari-təəssüf etməklə bərabər bəyani-etizarda bulunmağı dəxi lazım gördük.

Fəqət sosialistlərimizin rus dilində nəşr edilən “Zarya” qəzetəsi - bəyani-etizarımıza iltifat etməyib, bizə istehza təriqilə kinayələr etməgi rəva görür və bu məsələ dolayısı ilə yazılmış baş məqaləsindən əzcümlə böylə anlaşılır ki, guya “türk” “Azərbaycan” qəzetəsi dəxi “Müsavat” partiyasina mənsub firqəvi bir qəzetə imiş.

Bu axırki fəqərə barəsində bunu bəyan etməgi lazım bilirik ki, qəzetəmiz partiya qəzetəsi degildir. Vətən istiqlalı yolunda çalışmaqdan ibarət olan, məsləki xüsusi firqəvi proqram daxilində məhdud degildir.

Bu məslək genişligi, hər bir partiyanın Azərbaycan istiqlalına kömək yolu ilə denilən sözlərini və görülən işlərini qəzetəmiz sütununda təmcid və təqdir edib xəlq arasında nəşr və təmiminə böyük yol verir.

Qəzetəmizin yazılarına göz yetirməkdə olanlar şübhəsiz bunu biliyorlar. Ancaq burasını heç də gizləmirik ki, mövcud partiyalarımız arasında Azərbaycan istiqlalını kəmalınca - beduni-haşiyə arzu etmək və bu yol uzunu gedərkən sağa və sola dönmək tərəddüdündən azad olub da rast bir istiqamət üzrə getmək qəsdini yalnız bir “Müsavat” firqəsində müşahidə etdigimizdən, bu firqəni istiqlal xadimlərindən ən sadiqi hesab edib, onun fikir və arzularına qəzetəmizdə kəmali-məmnuniyyət ilə yer verməgi özümüzə borc bilirik.

Keçək əsl mətləbə:

“Zarya” qəzetəsi burasını bilməlidir ki, fövqüzzikr xəbəri biz durduğumuz yerdə öz-özümüzdən ixtira etməmişdik və qəsdimiz də böylə bir əsilsiz xəbər buraxmaqla meydana “sensatsiya” salmaq degil idi. Müxbirimiz bu xəbəri bir yerdən eşitmişdi və xəbər sosialistlərimiz partiyasının taktikası gedişinin bizcə baisi-əndişə olan başqa bir yola çönməsi kimi calibi-etina bir fəqərə olduğundan çap etməgi lazım bildik ki, bunun doğru olub-olmadığını sosialistlərimizin öz ağzından eşidək.

Bu təşəbbüsümüzdə müvəffəqiyyət hasil oldu. Sosialistlərimiz dilləndilər və dillənib də xəbərin yalan olduğunu sözlə bəyan edib, bizi xoşhal etdilər.

Fəqət... bir var ki, “söz” ola, bir də var ki, “iş” ola.

İştə bu “iş”, yəni sosialistlərimizin bu axırki günlərdə müşahidə etməkdə olduğumuz bir para rəftarı haman xəbərin təkzibə rəğmən tamamilə yalan olmadığını isbat etməkdədir. O rəftarın təfsilatından dəlil olmaq üzrə bəhs açmağı hələlik yersiz hesab edib, ümumi olaraq bu rəftara işarə edirik ki, xarici sosialistlərinin Azərbaycan istiqlalı əsasına meyl edəcəgini arzu edib gözlədigimiz bir halda, biləks bizim sosialistlərimizin o tərəfin ümum Azərbaycan istiqlalı tərəfdarlarınca qeyri-qabil qəbul ədd edilən əsasları tərəfinə mail olduqlarına müşahidə edirik və bu da o zamanda ki, bu xaricilər könüllü ordusunun kəlləmizdən getməsinə və öz əllərində saxlamaqda olduqları flotun tərksilah edilməsinə qarşı Azərbaycan istiqlalına və məmləkətimizin asayişinə heç də müvəffəq olmayan bir nəzər ibraz edib, təkrar bizi inandırdılar ki, bunlardan vətənimiz xeyrinə bir mənfəət gözləmək öküzdən süd ummaq boş bir arzudur.

Bu səbəbdən o sosialistlərin bizə yaxınlaşması gözlənildigi halda, bizim sosialistlərimizin onlara tərəf meyl etməsi fəqərəsini “Vperyod” kimi qəzetələr təbrik edib kəmali-xoşnudi ilə alqışlarsa, bizim qəzetəmiz bu xüsusda ancaq təəssüflər izhar edə bilər.

Hacıbəyli Üzeyir
“Azərbaycan”, 10 mart 1919, № 133

(Ardı var)

 





13.03.2017    çap et  çap et