525.Az

Paris - könülü və xəyalı fəth edən şəhər


 

Paris - <b style="color:red">könülü və xəyalı fəth edən şəhər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Parisin sosial həyatına, sakinlərinə gəldikdə, yenə də şəhər digər paytaxtlardan xeyli dərəcədə seçilir.

Burada küçədə harasa tələsən, həm də əlində zənbil olan qocalara tez-tez rast gəlinir. Düzdür, Parisdə Yaponiyada və ya Çinin Haynan adasında olduğu kimi yaşı yüzü keçmiş və fəal həyat tərzi ilə seçilən adamlar ya olduqca azdır, bəlkə də, yoxdur. Lakin görünür, şəhərin ahıl sakinləri hansısa bir diskomfort hiss etmirlər. Şəhər turistlərlə doludur, ona görə də küçələrdə yerli sakinlər çoxluğu ilə yanaşı, axı Paris dünyanın ən sıx əhalisi olan şəhərlərindən biridir, turistlərə, əcnəbilərə tez-tez rast gəlmək olur. Muzeylərdə isə onların əsl axını ilə üzləşməli olursan. Otuz il əvvəldə olduğuna nisbətən çinli turistlər daha çox nəzərə çarpır. Filippinli turistlər isə, əsasən, ABŞ-dan gələnlərdir. Dünyanın hər yerində olduğu kimi, burada da çox sayda yapon turistlərini görmək mümkündür.

Şəhərdə avtomobil hərəkətinin sakitliyinə, qaydalara riayət etməsinə həsəd aparmaq olar. Burada maşını sürətlə idarə etmək həvəskarlarına rast gəlmirsən, bizim təkər üstündəki dəlisovların sirk ustalığının eybəcərliyi onlara gedib çatmamışdır. Şəhərdə və şəhərdən Versala ya da Şarl de Qoll aeroprtuna gedən yolda maşınların sürətinə nəzarət edən monitorlara da rast gəlmirsən, deyəsən Fransa yol polisi monitor virusuna sirayətlənməmişdir. Londonda müşahidə etdiyim səhnə burada da təkrar olunurdu, avtomobillər suyun altından çıxıb, aramla üzən delfinləri andırırdılar. Sürücülər piyadalara hörmətlə yanaşırlar, piyadalar da əsasən sui-istifadə hallarına yol vermirlər. Az sayda velosipedçilər, Amsterdamla və Pekinlə müqayisədə onlar burada seyrək nəzərə çarpırlar, döngələrdə maşınların, iri avtobusların hərəkətindən hansısa bir təhlükə hiss etmirlər, küçədə isə onların ayrıca yolları vardır. 

Parisdə səkiləri zəbt etmək dəbi də yoxdur. XVI əsr İngiltərəsində qoyunların adamı yediyi bəyan edildiyi kimi, burada yaşayış binalarının səkiləri yeməsi, udması hallarına rast gəlmirsən. Restoranların pəncərələrinin qarşısındakı kiçik ərazilərdə xırda stollar, divan tipli skamyalar, stullar qoyulur. Parislilər payızda, soyuq havada da küçədə oturub, kofe, şərab içməyi, nahar etməyi sevirlər. Varlı restoranlar və kafelər stolları yağışdan qoruyan talvarlara elektrik peçləri quraşdırdıqlarından, yuxarıdan aşağı adama rahatlıq verən hərarət dalğasını qəbul edirsən. Fransız şərablarının çox sayda növü və yüksək keyfiyyəti onlara olan meylin azalmamasına, bəlkə də güclənməsinə səbəb olur. Ona görə də əbəs deyildir ki, dünyada şərabdan söhbət düşəndə, fransız şərabı və digər şərablar sözlərini işlədirlər. Çünki fransız şərabları ilə nə italyan, nə ispan, nə də Kaliforniya şərabları müqayisəyə davam gətirə bilmir.

Fransız şərabları kimi fransız parfümeriyası da dünyada özünə rəqib tanımır. Odekolon fransız sözü olub, hərfi mənada “ Köln suyu” deməkdir, Köln isə alman şəhəridir, deməli ilk dəfə orada istehsal edilmişdir. “Un parfum français” ifadəsi fransız duxiləri mənasını verir. Dünyanın hansı guşəsində yaşamalarından asılı olmayaraq bütün qadınlar bu ölkədə istehsal olunan ətirlərə üstünlük verirlər. Fransız duxilərinə vurğunluğa görə çox asanlıqla Qadın İnternasionalı yaratmaq olardı və onda ən azı milyonlarla qadın birləşərdi. 

Fransız mətbəxi də zəngin çeşiddə olan çox dadlı xörəkləri ilə seçilir. Parisə gəldiyimiz ilk günü restoranda səfər yoldaşlarım məşhur milli xörək sayılan soğan şorbasını yemək istədilər. Şorbadan sonra mən digər milli xörək kimi əsasən qaz ciyərindən hazırlanan paşteti- “fua qra”nı təklif etdim, lakin bu seçim dostlarımda gözlədiyim təəssüratı yaratmadı. Bu təkliflə onu əsas götürmüşdüm ki, necə olur ki, ABŞ-ın Dövlət katibi Çin paytaxtında olarkən Pekin's duck- “Pekin ördəyi”ni yeməyi ilə öyünür, Parisdə biz əcnəbilər tərəfindən fua qra-ya buna bənzər bir münasibət göstərilməsin. Ona görə də fua qra barədə bildiklərimi söyləməyə başladım. Çünki fua qra istehsalı yalnız fransızlara məxsusdur, necə ki, xamon (bu, qaxac edilmiş donuz bududur) ispanların inhisarındadır. Fua qranın adından göründüyü kimi (ikinci sözdən) yalnız piyli qaz ciyərindən hazırlanır. Belə qazlar xüsusi qaydada yetişdirilir. Onlar elə kökəldilir ki, qara ciyəri piy basır və o həddən artıq böyüyür. Bu stadiyada qaz kəsilməsə, o hökmən öləcəkdir. SSRİ Xarici Ticarət nazirinin müavini N. Smelyakovun “İşgüzar Amerika (mühəndisin qeydləri)” kitabı  1970-ci illərdə çox populyar idi. Müəllif ideoloji məhdudiyyətlərə məhəl qoymadan Qərbin müsbət cəhətlərini ustalıqla  təsvir edirdi. O, Fransada belə bir qaz fermasında olanda, “ferme” sözü “ferma” kimi fransız dilindən başqa dillərə keçmişdir, ətrafda gölməçə olmadığından təəccüblənib, bunu iş adamından soruşduqda, fermer cavab vermişdi ki, o, idmançı deyil, xörək üçün xammal hazırlayır. Elə də ağılsız  deyildir ki, yemi göldə üzəndə enerji sərf etməyə versin, onun yemi hesabına qazlar yalnız kökəlməlidirlər. Fua qra konservləşdirilərək bankalarda bütün dünyada satılır.

Ümumiyyətlə, fransızlar mətbəxdə ağla gəlməyən inqrediyentlərdən istifadə edirlər. Ət xörəyinin yanında boşqaba nazik qatla yayılmış şabalıd sıyığına rast gəlirsən. Fransızlar metafora seçməyi də çox  ustalıqla bacarırlar. Onlardan bütün dünyaya yayılan “a lya furşet” ifadəsi ayaq üstə verilən, yüngül ziyafətə deyilir. “Fourchette” sözünün mənası “çəngəl” deməkdir, “a la fourchette” isə qaşıqsız, bıçaqsız süfrə hazırlamaq deməkdir, əsasən isə ayaqüstə verilən kiçik ziyafət kimi başa düşülür.  Çünki ayaqüstə bir əllə yalnız boşqabı, digər əllə isə yalnız çəngəli tutmaq mümkündür. Belə ziyafətə əslində çox yaxşı termin tapılmışdır. Yaxud Fransanın cənubi-şərqində Aralıq dənizi boyu uzanan Fransız Rivyerasını “Cote d'Azur” - Lacivərd sahili adlandırırlar, bu söz həm də Cəvahirət sahili mənasını verir. Bu zolaqda Nittsa, Kann, Antib kimi məşhur kurortlar yerləşir və onlar Aralıq dənizi sahilinin cəvahirətə bərabər sayılası yerləridir.

Bizim heç də qısa müddətə də olsa fransızlara çevrilmək fikrimiz yox idi. Lakin səfər dostlarımdan birinə restoranın içində yox, küçədə oturub nahar etmək, daha çox isə açıq havada kofe və Evian mineral suyunu içmək xoş gəlidi. Bu qaydada o, elə bil ki, türk kofesi içirdi. Bu xüsusiyyəti ilə o, qardaşımı xatırladırdı. Böyük qardaşım xarici ölkələrə səfər etdikdən və ya oralarda yaşadıqdan sonra həmin xalqların təsirindən uzaqlaşa bilmirdi. Misirə səfərdən sonra onların o vaxtlar bizdə az tapılan “Spartakus” odekolonunu çox tərifləyir, misirlilərin ondan qədərindən artıq istifadə etdiklərini danışırdı. Yaponiya isə ona suşini və tunets balığını tanıtdırmışdı. Əfqanıstanda və Səudiyyə Ərəbistanında yaşadıqda və işlədikdə hətta dari və ərəb dillərini öyrənə bilmişdi. Səfər dostumu onunla bir mühüm cəhət də birləşdirir. Hə ikisi uzun müddət həkim işləməklə, öz sahələrində yaxşı ad-san qazanmışdılar, indi də çox hallarda bunun əks-sədası eşidilir.

Parisdə bizi təəccübləndirən cəhətlər az deyildi. Şəhərdə nə polis, nə ajan gözə dəymirdi. Küçələrdə onları görmək istəyi az qala Xəzər sahilində pinqvini müşahidə etmək cəhdinə bərabər idi. Luvr yaxınlığında əlində avtomat silah olan üç xüsusi təyinatlı əsgəri gördük. Müşahidə etdiyimiz həmin cəhətlərdən digəri, fransızların milli çörəkləri olan bagetə bağlılıqları idi. Saysız-hesabsız çörək növləri arasında ona üstünlük verirlər. Küçədə əllərində uzun bageti aparanlar, onun ucunu qırıb, gedə-gedə ya özləri yeyir ya da yanlarında uşaqları olanda onlara verirlər. Bagetin bir ucu daim qırılmış olur.

Parislilər çox mədəni və qayğıkeşdirlər, bir şeyi soruşduqda, harasa tələsmələrinə də baxmayaraq, hər cür kömək göstərməyi özlərinə borc bilirlər, hansısa ünvanı tapmaq üçün bunu xahiş edənin yanına düşüb xeyli məsafə qət etməyə də hazırdırlar. Dilə azacıq tanışlıq isə fransızlarla ünsiyyəti daha faydalı və səmimi edir. Şəhər çox sayda irqlərin, millətlərin nümayəndələri ilə dolu olduğundan, Babil həngaməsini andırır. Bibliyada təsvir ediləndən bircə fərq orasındadır ki, burada yaşamağa gələnlərin hamısı bir dildə - fransız dilində danışsalar da, allahın qəzəbindən qorxmurlar, çünki onlar Bibliyadakının əksinə əvvəllər çox müxtəlif dildə danışmışlar, yalnız  müstəmləkəçiliyin qoyduğu təməl hesabına bu dilə yiyələnmişlər. Müstəmləkəçilik xalqları əsarətdə saxlasa da, onların çoxuna, ən azı savadlı adamlarının hamısına Avropa dillərini bəxş etməklə, müxtəlif dilli çox sayda tayfaların vahid dil hesabına birləşib, milləti meydana gətirməsinə şərait yaratmışdı. Fransızlar isə ölkələrinə yaşamağa gələn əcnəbilər axınına və digər çətinliklərə baxmayaraq öz dəyərlərindən imtina etmədilər. Onlar millətçilik xəstəliyinə tutulmadılar. İstər ada ölkəsi olan Haitidən, istər Şimali Afrikanın ərəb ölkələrindən - Əlcəzair, Mərakeş və Tunisdən, istər Cənubi-Şərqi Asiyadan - Hind-Çin yarımadasından gələnlər - vyetnamlılar, laoslular, kambocalılar, Afrikadakı Seneqaldan və ya Konqodan (Brazzavil) olanlar təmiz fransız dilində danışdıqlarından, çox asanlıqla Parisin sosial həyatına inteqrasiya olunurlar. Onlar əsasən xidmət işlərində çalışırlar, lakin yaxşı qazandıqlarından, vətəndəki valideynlərinə də maddi yardım göstərmək imkanına malik olurlar. Cənubi-Şərqi Asiya xalqlarında isə valideynlərə çox yüksək hörmət bəslənilir.

Şəhərin Şimal vağzalı rayonunda çox sayda türklər yaşayırlar, bura hətta “Kiçik Türkiyə” də deyirlər. Restoranlarda, kafelərdə, bistrolarda, pablarda argentinalıya da, polyaka, ukraynalıya da rast gəlmək mümkündür. Türk qızları isə əsasən mağazalarda işləyirlər. Dini, milli, irqi ayrı-seçkilik halları gözə dəymir. İslamçı terrorçular Parisdə terror hadisələri törətsələr də, fransızlarda islam dini mənsublarına, ərəblərə qarşı hansısa bir diskriminasiya halları, nifrət hissləri əmələ gəlməmişdir. Cəmiyyət, millətçi sağ partiyanın lideri Marin Le Penə şovinizm tipli bəyanatlarına görə kəskin cavab verir, respublikanın dəyərlərinin sarsılmaz olduğunu bildirir. Zəncilərə gəldikdə, onlar burada özlərini çox sərbəst aparırlar. Onların davranışlarında heç bir təşviş, xof elementi hiss olunmur. Yəqin bu cəhətlərinə görədir ki, Fransaya dünyada hörmətlə, heyranlıqla yanaşırlar. Əgər Fransa bir ölkə kimi milli mənşəyindən asılı olaraq yalnız öz vətəndaşlarının yaşadığı bağlı diyara çevrilsə, artıq Fransa olmayacaqdır. 

(Ardı var)

 





13.03.2017    çap et  çap et