525.Az

“Həvəskar”ın peşəkarlığı


 

“Həvəskar”ın peşəkarlığı<b style="color:red"></b>

Şeir yazmaq, bütün qarşısıalınmaz daxili (mənəvi-ruhi) tələbatı ilə birlikdə, nə qədər ağrılı prosesdirsə, kiməsə oxunması, çap etdirilib cəmiyyətə çatdırılması, əslində, ondan da ağır, məsuliyyətli bir işdir.

Təbiidir ki, insan öz hisslərini, yaşantılarını, dünyaya, həyata emosional münasibətlərini kiminləsə bölüşdürmək istəyir. Və  bölüşdürür də... Ancaq bu, hamıya müyəssər olmur ki, onları poetexnoloji modellərlə, poeziyanın təsirli, yadda (və həmişəlik dünyada!) qalacaq dili ilə desin. Hər sahədə olduğu kimi burada da bir həvəskarlar var, bir də peşəkarlar...

Adəm Asnının şeirlərilə tanış olduqdan sonra ona, özünün təvazökarlıqla israr eləməsinə baxmayaraq, “həvəskar” deməyə dilim gəlmədi. Adəm Asnı şairdir...

Giley dolu, tənə dolu sözlərin
Sinəmə çəkdiyi dağına qurban.
Çatma qaş altında ahu gözlərin
Qarasına qurban, ağına qurban.


Adəm  zəngin etnoqrafik, etnocoğrafi yaddaşı olan qələm adamıdır.

“Allah sənə rəhmət eləsin, ustad Şəhriyar”  epiqrafı ilə başlayan “Xatirə” şeirində  yazır:

O barlı-bəhrəli yaşıl bağların,
Hər daşın andığım uca dağların,
Doğma kəndimizin - Qarabağların
Qoynunda yenidən uşaq olaydım,
Yenidən boy atıb yaşa dolaydım.

Dədəm evdə olsa, sakit duraydım,
Olmayanda əlli oyun quraydım,
Ev- eşiyi bir- birinə vuraydım,
Nənəm gəlib baxaydı, hirslənəydi:
“Cəhrənin iyini yenə kim əydi?”

...Günəşli, bürkülü bir iyun ayı
Dəllək İbrahimlə Məhəddin dayı
Oturub eyvanda samavar çayı
İçə- içə deyəydi ki, hazırlaş,
Müsəlman edirik səni, ay qaqaş...

Böyük Şəhriyar məşhur “Heydərbaba”sı ilə Azərbaycan poeziyasının ruhunu təzələdi, ona güclü etnik enerji gətirdi. Və yüzlərlə söz ustasının qələminə qüvvət verdi ki, biri də Adəm Asnıdı... o Adəm Asnı ki, “Qarabağlarım” şeirində deyir:

Ana qucağıtək isti qucağı,
İlk görüş yerimin sığınacağı,
Atamın- babamın dədə ocağı,
Xatirəyə dönmüş şirin çağlarım -
Qarabağlarım.

Burada da “Heydərbaba” ruhu var. Ancaq şeirin özünəməxsus poetik ritmi, intonasiyası da hiss ediləcək qədər qabarıq, inkar olunmazdır. Bu isə o deməkdir ki, müəllif klassikanı hərfi- hərfinə təkrar etmir, ondan  aldığı təbii impulsla öz qəlbinin, ruhunun, daxili dünyasının şərqilərini yaradır. Aydın (və ünvanlı) genotipi ilə...

Adəm öz ədəbi təxəllüsünü Asnı çayının adından alıb. Xatırlayır ki, uşaqlıq illərində ziyarətə gedərkən Asnı  çayının mənbəyinə diqqətlə baxar, bu qədər gur suyun bir yerdən necə çıxdığına, haradan əmələ gəldiyinə məəttəl qalar, rəhmətlik nənələrimi bu  barədə verdiyim suallarla təngə gətirərdim.  Onların Asnının suyunu göz yaşına bənzətmələri məni daha da təəccübləndirər, yerin  altında göz yaşının necə yarandığı barədə... verdiyim suallara uşaq təxəyyülümün qavraya biləcəyi sadə cavablar alardım”...

Nənəm deyərdi, qayalar,
Başı qarlı uca dağlar,
Yeraltı pünhan dəryalar
Kim bilir nədən ağlayır...
Göz yaşıdır ki, çağlayır,
Asnıçaya dönüb axır,
Məcrasında bərq vurduqca,
Sanırsan ki, şimşək çaxır.

Adəmin poeziyasında etnoqrafiya nə qədər zəngin olsa da, bu, onu müasir dünyanın mürəkkəb proseslərinə həssas münasibətdən ayırmır. “İndi başqa zamandı” şeiri şairin geniş dünyagörüşündən, ictimai- siyasi hadisələrə çevik ədəbi müdaxiləsindən, düzgün nəticələr çıxarmasından xəbər verir... “1992- ci ilin axırları,  1993- cü ilin əvvəlləri... Bu yaxın  keçmişimizi, yəqin ki, hamı yaxşı xatırlayır. Ölkədə  xaos idi,  xalqda bir ruh düşkünlüyü var idi, sabah nə olacağını heç kim bilmirdi... Danışanın da adını demokratiyanın, aşkarlığın, xalqın düşməni qoyurdular”...

Uşaq kimi xəyallara dalmağa,
Bu yaşımda ələ qələm almağa,
Qırxımda öyrənib gorda çalmağa
Məcbur edən ömrə çökmüş dumandı,
Qağa, zaman indi başqa zamandı.

Adəm Həvvasızdı, Həvva Adəmsiz,
Millət iməkləyir, qolsuz, qədəmsiz...
Beş- on nadan isə kədərsiz, qəmsiz,
Verdiyi ata ət, itə samandı,
Qağa, zaman indi başqa zamandı...

- bəndləriylə başlayan bu iri həcmli şeirdə “yaxın keçmişimiz”in mənzərəsi bütün  obyektivliyi (və təfərrüatı) ilə canlandırılır.

Burada diqqəti cəlb edən əsas cəhət müəllifin yalnız haqqında bəhs etdiyi hadisələrin, proseslərin sosioloji  təfsilatına varması deyil, həmin hadisələrin, proseslərin əxlaqi mahiyyətini ortaya çıxarması, onlara milli mənəvi dəyərlər səviyyəsindən baxmasıdır...

Adəm Asnının “Təzadlar”ı ideya- məzmunca mənalı, düşündürücü olduğu qədər də şairanədir:

Bu dünyada ziddiyyətlər,
Əksliklər xalvar- xalvar...
Dostluq varsa, düşmənçilik,
Sevgi varsa, nifrət də var.

...Həyatda bu, bir qaydadır -
Kim aldanır, kim aldadır...
Vüsalı şərbət olsa da,
Hicranı zəhrimar dadır.

...Bu bir duyğu, bir hissdir,
Nəsə yaxşı, nəsə pisdir...
Gül açırsa solacaq da,
Yaxşı- pis var, olacaq da.

Böyük sələflərindən - Hüseyn Caviddən, Məhəmməd Hadidən Bəxtiyar Vahabzadəyə, Nəriman Həsənzadəyə qədər gələn (və bütövlükdə müasir poeziyamızın ruhuna hopan) fəlsəfi təfəkkür Adəmin şeirlərində də həm ənənəvi, həm də özünəməxsus şəkildə təzahür edir. Ənənəvilik sələflərə ehtiramın, özünəməxsusluq isə cəmiyyət həyatının yeni  təcrübələrinə istinadın nəticəsidir. Və əminliklə demək olar ki, Adəm filosofluq eləməyə qüdrəti çatan, bundan çəkinməyən fikir, mühakimə adamıdır.

İslam dininin fəzilətlərindən gələn mənəvi dəyərlər Adəm Asnının şeirlərində həm tərənnüm olunur, həm də bu dəyərlər mövqeyindən bugünkü “dünyanın işi”nə, sözün geniş miqyasında “əxlaq”ına, əgər belə demək mümkünsə, şərh verilir:

Gör nə günə qalıb dünyanın işi,
Evlənir qızla qız, kişiylə kişi.
Ki dayansın deyə belə gedişi,
Qoy dağılsın dünya birdən, naqafil,
Ya Rəbb, əmr et, surun çalsın İsrafil!

...Qoy çıxsın mənsəbdən dənizlər, çaylar,
Qərq olsun sularda ahlar, haraylar,
Ötsün üstümüzdən əsrlər, aylar...
Xəlq eylə yenidən təzə, pak nəsil,
Ya Rəbb, əmr et, surun çalsın İsrafil!..

Bu cür kəskin etiraz nihilizm, yaxud dünyadan küskünlük deyil, əksinə, eybəcərliklərin tənqidi ilə dünyanın əbədi dəyərlərinin təqdiridir. “Lənət” şeirində yazır:

Lənət düz kimsəyə qara yaxana,
Özündən kasıba xorla baxana,
Yaxşılıq eyləyib başa çaxana,
Yaltaqlıqla mənsəblərə çatana!..
Lənət şeytana!..

İnsan həm bu dünyaya niyə gəldiyini, həm də bu dünyadan niyə getdiyini bilmək istəyir... Daha çox da niyə getdiyini... Çünki dünyaya niyə gəldiyini bilmir (və bunun üçün heç bir məsuliyyət daşımır!), ancaq  niyə getdiyini bilmək istəyir. Ona görə ki, artıq  boynunda “min ilin yükü” var,  bu dünyanın haqq- hesabı, o dünyanın sorğu- sualı var. Və Xəstə Qasım təsadüfi deməyib ki, “gələn bəzirgandı, gedən xocadı”... O mənada “xocadı” ki, artıq o dünyanın “sorğu- sual”ında “nə bilim, necə oldu” deyə bilməzsən. 

Adəm Asnının mənsub olduğu xalq İslam dinini Tanrıçılıq əsasında (və heç bir siyasi, ideoloji konyuktura əyilmədən, ilk növbədə, mənəvi dəyər kimi) qəbul etmiş, onun  tələblərinə böyük ehtiram, sədaqət göstərmişdir. Bu gün də İslamın dünyada  xüsusi nüfuz qazanmasında türklərin, o cümlədən, Azərbaycan türklərinin rolu  əvəzsizdir. Çünki islam bu xalqın ruhuna, qanına, ədəbiyyatına, poeziyasına elə hopub ki, ibadət funksiyasının kanonik hüdudlarını çoxdan aşıb.

Adəm Asnının “ailə şeirləri” adlandıra biləcəyimiz olduqca səmimi, məzmun- mündərəcəli bir poetik silsiləsi var...

İyirmi il öncə rastlaşdıq qəfil,
Ömrümə gül açdı lalə, qərənfil.
Eşqi üçün oldum avara, səfil;
Tale üzüyündə qiymətli daşım -
Həyat yoldaşım.

Bu illərə birgə  sinə gərmişik,
Birgə alovlanıb cüt közərmişik,
Sevinc meyvələrin qoşa dərmişik;
Dar gündə, xoş gündə dostum, sirdaşım -
Həyat yoldaşım.

...Öndə görüləsi çox işlər durur,
Hələ çox yoxuşlar, enişlər durur,
Bilirəm ki, qəlbi qəlbimlə vurur;
Qoymaz bu işlərdən qorxum, ya çaşım -
Həyat yoldaşım.

Ailənin sütunu, əlbəttə, həyat yoldaşıdır... Sonra övladlar gəlir... Sonra isə, təbii ki, nəvələr...

Nəvənin səsi babanın səsidi, nənənin səsidi... Ona görə deyirlər ki, atalar üçdən deyib... Biz gördüyümüzə inanırıq. Gördüyümüz də  nəvəmizdi... Ata oğluna nəsihət verir (Seyid Əzimi xatırlayın), nəvəsini isə sevir, nəsihətsiz- filansız, çünki iş nəsihətdən  keçib, indi oğulun nəvəyə nəsihət verən vaxtıdır... Böyük filosof
Həmid İmanov demişkən, baba ilə nəvə təxminən eyni ağılda olurlar. Və  onun bir sözü də vardı: baba övladlarına, nəvə də  valideynlərinə yovuşmur;  nəvəyə “can!” deyən baba ilə nənə olur, ata ilə ana yox. Baba ilə nənənin övladlara “gecikmiş” məhəbbətinin mükafatını nəvələr aldıqları kimi, övladların ata- analara artıq “ayıb” bildikləri sevgini də bütün açıqlığı, məhrəmliyilə  nəvələr göstərirlər... Həyat belədir, yazan belə yazıb... Nəticəyə, kötücəyə vaxt çatmır, o da olsun yadıca...

Gözümün işığı, qızımın qızı,
Babanın şəkəri, çörəyi, duzu,
Ata- anasının ilk dan ulduzu,
Rəbin bəxş etdiyi ilk bar, ilk sünbül,
Ömrüm- günüm, təkcə nəvəmdi Nurgül.

...Ağlamağı muğamatdı, segahdı,
Çığırtısı şur ilə cahargahdı,
Qığıltısı heyratıdı, dügahdı;
Dinləyib, ey könül, zövq al, sevin, gül,
Nənən gözlərinə qurban, a Nurgül.

Həmişə eşitmişdim ki, məşhur atalar sözümüzdə  “övladda nəvə, dövlətdə dəvə” deyilir, ancaq həmişə də buradakı “dəvə” sözü mənə şübhəli gəlirdi. Bu günlərdə görkəmli xalça mütəxəssisi, professor  Vidadi Muradov həmin atalar sözünü “övladda nəvə, dövlətdə dəvə” şəklində işlədəndə “həə” dedim...

Adəmin “ailə şeirləri”ni ayrıca kitab halında nəşr etmək, müxtəlif dillərə çevirmək pis olmazdı. Və “ailə böhranı” keçirən müasir dünya, ola bilsin ki, şairin səmimi, zərif (və bəşəri!) hisslərindən bir az təsirlənərdi.

“Körpə qığıltısı”nı, fikrimcə, bu mövzuda qələmə alınmış (və sayı heç də çox olmayan) ən yaxşı poeziya nümunələrindən biri hesab etmək olar:

Bilmirəm tilsimdir, ovsundur, nədir,
Sədasından könül bir divanədir.
Şirin bir nəğmədir, xoş təranədir -
Körpə qığıltısı.

...Yaşamaq, yaratmaq, eşq həvəsidir,
Sevən ürəklərin zənguləsidir.
Uca Tanrımızın şah bəstəsidir -
Körpə qığıltısı.

Adəm Asnının “Köhnə, keçmiş kişilər”i,  elə bilirəm ki, dəyərli, ibrətamiz bir el nağılıdır... Həm məzmunu, həm də forması ilə...

Əvvəllər hər kənddə, eldə, mahalda,
Hər vəziyyət, hər şərait, hər halda,
O ki öndə gedər, başda durardı,
“Köhnə”, “keçmiş”, müdrik kişilər vardı -
Bütöv el- obaya mədəd kişilər,
O köhnə kişilər, o mərd kişilər.

...Sözünün dalında nəsil durardı,
Kənd adından demək hüququ vardı,
Hər müşkül işləri sahmanlayardı,
Cəza verə bilər, bağışlayardı -
Çiynində bir mahal, bir yurd kişilər,
O köhnə kişilər, o mərd kişilər.

Adəm Asnının “dördmisralıq”ları - istedadla, ilhamla və idrakla qələmə alınıb:

Araz axar köç eylər,
Ümidləri puç eylər.
Neçə savab əməli
Bircə minnət heç eylər.

Və bəzən hisslərin təlatümü “dördmisralığ”a sığmayıb onu “beşləş”dirir:

Niyə gəldin, körpə qəm,
Çağamı gəzdirəcəm?
Qayıt, böyü, sonra gəl,
Dağ boyda qəmlərimə
Gəlib də olma əngəl.

Adəmin şeirlərinin əksəriyyəti mənə böyük zövq verdi, zənginləşdim... Və bir daha əmin oldum ki, Azərbaycan poeziyasında özünü “həvəskar” sayan elə peşəkarlar var ki,  ədəbi prosesi onlarsız təsəvvür etmək, sadəcə, mümkün  deyil...

 





13.03.2017    çap et  çap et