525.Az

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə baxış


 

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: <b style="color:red">keçmişə, bu günə və gələcəyə baxış</b>

2013-cü il aprelin 27-dən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda direktor kimi fəaliyyətə başladım.

Məni institutun kollektivinə Akademiyanın prezidenti, akademik Akif Əlizadə təqdim etdi.

Təqdimata institutun əvvəlki direktoru, akademik Akif Hacıyev və (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdə gəlmişdi.

Artıq qeyd etdiyim kimi məndən öncə institutun direktoru vəzifəsində Akif Hacıyev işləyirdi. O, eyni zamanda akademiyanın Vitse prezidenti və Fizika- Riyaziyyat və Texnika Elmləri bölməsinin Akademik katibi vəzifələrində çalışırdı. Akif Hacıyev riyaziyyat sahəsində tanınmış alim və ziyalı bir insan idi. Onu çox yaxşı tanıyırdım və aramızda həmişə qarşılıqlı hörmət olmuşdu. Mən direktor vəzifəsinə təyin olunduqdan sonra, o, institutda bir vəzifə tutmasa da, demək olar ki, həftədə bir neçə dəfə instituta gəlir, İnstitut Seminarına rəhbərlik edir, burada fəaliyyət göstərən dissertasiya şurasına sədrlik edirdi. İnstitutda Akif müəllimin ayrıca iş otağıda var idi. Təəssüf ki, Akif müəllim 2014-cü ilin fevralında qəflətən vəfat etdi. Akif müəllimdən sonra İnstitut Seminarına və Müdafiə Şurasına rəhbərliyi mən etməli oldum.

Yeri gəlmişkən onu da qeyd edim ki, 15 il müddətinə təhsil naziri vəzifəsində işlədiyim zaman riyaziyyatla istədiyim səviyyədə məşğul ola bilməsəm də, həmin illərdə əsas ixtisasım olan “Optimal idarəetmənin riyazi üsulları” ilə bağlı üç monoqrafiyam, on yeddi elmi məqaləm çap olunmuşdu. Bundan əlavə mənim elmi rəhbərliyimlə dörd nəfər namizədlik dissertasiyası müdafiə etmiş, bir nəfərin doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşam. Sovet dövründə orta məktəb şagirdləri üçün riyaziyyat, fizika, kimya və biologiya dərslikləri Rusiyada hazırlanır və sonra Azərbaycan dilinə tərcümə olunurdu. Bizim müəllimlərin bu sahədə demək olar ki, təcrübəsi yox idi. Digər fənn dərsliklərini isə heç bir zaman həmin fənləri tədris etməyən ali məktəb müəllimləri hazırlayırdılar. Ona görə qısa bir zamanda ayrı-ayrı fənlər üzrə təcrübəli və savadlı orta məktəb müəllimləri və metodistlərdən ibarət qruplar yaratmaqla Azərbaycan dilində dərsliklər hazırlamağa başladıq. Orta məktəblərin V-XI sinif şagirdləri üçün cəbr və həndəsə dərsliklərinin müəlliflərindən biri də mən idim. 2009 və 2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”-na əsasən hazırlanmış iki cildlik “Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar” kitablarının müəlliflərindən biriyəm. Bundan əlavə 2010-cu ildə mənim ümumi redaktorluğumla “Məktəblinin riyaziyyat kitabxanası” seriyasından 50 kitabçadan ibarət əlavə vəsait hazırlanıb.


2011-ci ildə yaradılan “Azərbaycan Riyaziyyat Cəmiyyətinin” idarə heyətinin üzvü olmuşam, 2012-ci ildə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Bakıda keçirilən IV konqresində məni üç il müddətinə həmin cəmiyyətin prezidenti vəzifəsinə seçdilər. Həmin cəmiyyətin 2015-ci ildə Qırğızıstanda keçirilən növbəti konqresində cəmiyyətin fəxri prezidenti seçildim. Bütün bunlara baxmayaraq indi riyaziyyatla daha ciddi məşğul olub kollektivin səviyyəsinə uyğun “formaya düşməyə” ehtiyac var idi.

Açığını deyim ki, bu vəzifəyə gəldiyim gündən indiyə qədər hər gün məni düşündürən məsələlərdən biri ondan ibarət olub ki, indi mən Azərbaycanın çox böyük alimi və ziyalısı olmuş akademik Zahid Xəlilovun oturduğu stulda otururam. Vaxtılə onun tutduğu vəzifə indi mənə həvalə olunub, gərək işimi elə quram ki, o böyük insanın ruhu şad olsun. Başqa sözlə bu məsuliyyəti hər gün dərk edirəm və çalışıram ki, mənə göstərilən etimadı doğruldum.

Artıq 4 ildir ki, mən institutun direktoru vəzifəsində çalışıram. Bu illər ərzində institutda görülən işlərin bilavasitə iştirakçısı olmuş, bütün səylərimi yeni-yeni nailiyyətlərin əldə olunmasına yönəltmişəm. Hər zaman istəmişəm və çalışmışam ki, institutda effektli yeniliklər olsun. Məqsədim Avropa və dünya elmində baş verən yenilikləri uğurla Azərbaycan elm məkanına gətirməkdən ibarətdir. Artıq, bu istiqamətdə müəyyən addımlar atılıb və bu sahədə son illər institutda xeyli işlər görülüb. Həyata keçirilən islahatlar, əhəmiyyətli tədbirlər, nəticəsində əsaslı nailiyyətlər əldə olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Bir elm adamı kimi çalışacağam ki, “525-ci qəzet” vasitəsilə Azərbaycan ictimaiyyətini bu sahədə atılan addımlarla, gördüyümüz və görəcəyimiz işlərlə bağlı mütəmadi olaraq məlumatlandırım və institutun dünəni, bu günü və sabahı haqda məlumat verim. Bunun üçün bir qədər geriyə - yaxın tarixə nəzər salmağı vacib hesab edirəm. Çünki bu işin tarixini, kökünü bilmədən görülən işlər barədə danışmaq və onlara obyektiv qiymət vermək çətin olar.

Fəaliyyəti dövründə Riyaziyyat və Mexanika İnstitutu şərəfli yol keçib və ölkədə riyaziyyat və mexanikanın inkişafında uğurlu nəticələrin qazanılmasında böyük nailiyyətlər əldə edilib. İnstitutun ilbəil inkişafı nəticəsində Azərbaycan riyaziyyat və mexanika sahəsində dünyanın aparıcı elmi mərkəzlərində daha yaxşı tanınıb və bu sahələrdə bölgənin aparıcı elmi tədqiqat müəssisələrindən birinə çevrilib.

Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ən qədim elmi-tədqiqat müəssisələrindən biridir. 1943-cü il avqustun 30-da SSRİ Elmlər Akademiyasını Azərbaycan filialının Rəyasət Heyətinin nəzdində müstəqil riyaziyyat sektoru yaradılıb. 1947-ci il oktyabrın 9-da Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutu ilə Riyaziyyat sektoru birləşdirilib. 1959-cu il - Azərbaycan SSR EA Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat şöbəsinin əsasında müstəqil Riyaziyyat və Mexanika İnstitutu yaradılıb. İnstitutun yaranmasında əsas məqsəd ölkədə riyaziyyat və mexanika elmlərinin inkişafına xidmət etmək olub. Bu illər ərzində İnstitutda riyaziyyat və mexanikanın müxtəlif sahələri üzrə yüzlərlə alim hazırlanıb. İnstitut yarandığı vaxt onun tərkibində - funksional analiz , funksiyalar nəzəriyyəsi, diferensial tənliklər, inteqral tənliklər, təqribi analiz, elastikiyyət nəzəriyyəsi şöbələri, dinamiki möhkəmlik laboratoriyası və hesablama mərkəzi fəaliyyət göstərib.

1960-cı ildə hesablama mərkəzi institutdan ayrılaraq Akademiyanın müstəqil hesablama mərkəzi kimi fəaliyyət göstərib və az sonra bu mərkəz əsasında Akademiyanın Kibernetika İnstitutu yaradılıb.

İnstitutda hər il aparılan elmi tədqiqatların və SSRİ-nin aparıcı elmi mərkəzləri ilə saxlanılan sıx əlaqələr nəticəsində Riyaziyyat və Mexanika İnstitutu 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin riyaziyyat və mexanika üzrə ən qabaqcıl elmi mərkəzlərindən birinə çevrilib. İnstitut ölkəmizdə riyaziyyat və mexanika elminin müasir sahələrinin inkişafına təkan verib.

İnstitut yarandığı zaman onun tərkibində olan 8 şöbə və laboratoriyalara sonralar yeni elmi qurumlar əlavə edilib. Bunlar: cəbr və riyazi məntiq, riyazi fizika tənlikləri, riyazi analiz, qeyri-harmonik analiz, sürüncəklik nəzəriyyəsi, hesablama riyaziyyatı və informatika, maye və qaz mexanikası, tətbiqi riyaziyyat şöbələridir. 1978-ci ildə elmi tədqiqatların nəticələrinin xalq təsərrüfatına tətbiq olunması məqsədi ilə Riyaziyyat və Mexanika İnstitutunda xüsusi konstruktr bürosu yaradılıb və bu büro 2001-ci ilə qədər öz fəaliyyətini davam etdirib, aparılan tədqiqatlar nəticəsində 60-dan çox iş xalq təsərrüfatına tətbiq olunub. 1983-cü ildə həmin tədqiqatların biri SSR-i Nazirlər Sovetinin Dövlət mükafatına layiq görülüb.

Ötən illər ərzində institutun əməkdaşlarının elmi fəaliyyəti nəticəsində aşağıdakı əsas elmi istiqamətlər üzrə bir çox mühüm nəticələr əldə edilib.

- Funksional analiz üzrə müxtəlif tənliklərin həlləri üçün ümumi göstərişlər, operatorlu tənliklərin həllinin dayanıqlığı, Şturm-Liuvill operatorunun spektral analizi və iki spektrə görə tərs məsələnin həlli, Dirak tipli sistem üçün tərs məsələnin həlli, riyazi fizikanın müxtəlif tənlikləri üçün spektral analizin və səpilmə nəzəriyyəsinin düz və tərs məsələləri, tamlıq, bazislik, minimallıq məsələləri, məxsusi və qoşulmuş funksiyalar üzrə ayrılış teoremləri.

- Funksiyalar nəzəriyyəsi üzrə funksiyaların interpolyasiyası, analitik funksiyalar sistemlərinin tamlığı, funksiyaların polinomlarla, rasional funksiyalarla, xətti müsbət operatorlar ardıcıllıqlarıyla yaxınlaşması, tam funksiyaların ekstremal xassələri; çoxdəyişənli tam funksiyalar siniflərində Bernştein və Nikolski tipli bərabərsizliklər, əyrilər üzrə kompleks dəyişənli funksiyaların yaxınlaşması, dəyişənlərinin sayı az olan funksiyaların kombinasiyaları ilə yaxınlaşma.

- Diferensial tənliklər və riyazi fizika tənlikləri üzrə müxtəlif tənliklər üçün Koşi və qarışıq məsələlərin həllərinin varlığı, yeganəliyi və həllərin asimptotikası; parabolik və hiperbolik tənliklər üçün Koşi məsələsinin lokal və qlobal həll olunması, bəzi adi törəməli diferensial operatorların məxsusi və qoşulmuş funksiyalarının tamlığı, geniş sinif elliptik və parabolik tənliklərin həllərinin requlyarlığı, diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi.

- Riyazi analiz üzrə çoxölçülü Kalderon-Ziqmund sinqulyar inteqralının simvolunun diferensial xassələri, sferik harmonikalar üzrə Furye sıralarının multiplikatorları, daxilolma teoremləri, coxölçülü Evklid fəzalarında, bircins və qeyri-bircins tipli fəzalarda, habelə müəyyən hiperqruplarda inteqral operatorların məhdudluq teoremləri.

- Cəbr və riyazi məntiq üzrə kəsişməyə ayrılmayan yarımqəfəslər çoxobrazlıları haqqında T.Evans probleminin, kateqoriyalar nəzəriyyəsinin Mak-Leynin koherentlik probleminin həll edilməsi.

- Qeyri-harmonik analiz üzrə operatorların spektral nəzəriyyəsində məlum olan Kostyuçenko məsələsinin həlli; məşhur “1/4- Kadets” teoreminin analoqları, kompleks əmsallı ikiqat eksponent sistemləri üçün Xausdorf -Yunq və Peli tipli bərabərsizliklər, klassik Laks-Milqram teoreminin Banax analoqları.

- Elastiklik nəzəriyyəsi üzrə elastiki cisimlərin gərginlik-deformasiya vəziyyəti və elastiklik nəzəriyyəsinin kontakt məsələlərinin analitik və ədədi həll üsulları, mürəkkəb içiboş milin əyilmə mərkəzinin koordinatları düsturu, çat məsələsinin analitik həlli, elastiklik nəzəriyyəsinin üçölçülü məsələlərindən ikiölçülü məsələlərinə limit keçidi üsulu, lövhə və örtüklərin dəqiqləşdirilmiş nəzəriyyəsi, müstəvi iplər, ortotrop dairəvi membranlar deformasiyalarının qeyri-xətti düz və tərs məsələləri.

- Dalğa dinamikası üzrə zərbəyə məruz qalan elastiki-plastiki materialların dinamik xassələrini təyin edən orijinal və effektli metod, saplar və saplar sisteminə cisimlərlə zərbə məsələsinin həlli və aerofinişyor nəzəriyyəsinin yaradılması.

- Sürüncəklik nəzəriyyəsi üzrə özlüelastik cisimlərin deformasiya və dağılma proseslərini nəzərə alan yeni möhkəmlik nəzəriyyəsi hazırlanmışdır, korroziyadan dağılma vaxtını və yerini təyin etməyə imkan verən üsul; korroziyanın müxtəlif parametrlərinin təcrübə ilə uyğunlaşan qiymətlərini tapmağa imkan verən nəzəriyyə.

Maye, qaz mexanikası və plastiklik nəzəriyyəsi üzrə elastik-plastik konstruksiya elementlərin dayanaqlığı nəzəriyyəsi, özlüelastik cisimlərin qeyri-xətti rəqslərinin asimptotik həll üsulu, dispers sistemlərdə yaranan qeyri müntəzəmliklərin qaz daxili ilə tənzimlənməsi prosesi.

(Ardı var)

 





13.03.2017    çap et  çap et