525.Az

Arzusu ürəyində qalan şair: Sabir Sarvan


 

Arzusu ürəyində qalan şair: <b style="color:red">Sabir Sarvan</b>

Sabir Sarvanın adını çox eşitsəm, “Çaldıran ağrısı” şeirini əzbər bilsəm də hələ tanış olmamışdıq. Tanışlığımızınsa qəribə tarixçəsi var.

2013-cü ilin sonlarıydı. Dostum şair Əjdər Ola:

- Kırşehirdə Beynəlxalq Aşıq Paşa Şeir Festivalı təşkil olunur, Azərbaycandan da iki şair dəvət etmək istəyirlər, vaxtın olsa bir şair dostunla sən də gəl, yoxdusa, kimi tövsiyə edirsən de, onları dəvət etsinlər, kim gələcəksə, pasportlarını mail adresimə göndərsinlər, - dedim.

Əjdər bəy də:

- Sabir Sarvan Türkiyəni heç görməyib, amma görməyi çox istəyir, Məmməd İlqarı da qeyd elə, ikisi gəlsinlər, deyərəm, pasportlarının surətini göndərərlər – cavabını verdi.

Festivalın tərtibçisi Zibeydə xanıma zəng etdim:

- Azərbaycandan Sabir Sarvan və Məmməd İlqar gələcəklər, pasport surətlərini də bir-iki günə sizə göndərəcəm...

İki gün sonra əziz dostumuz Həmid Ormanlı sənədlərin surətlərini göndərdi, mən də elə həmin maili Zibeydə xanıma yolladım. Zibeydə xanımın sənədləri gözləmədən Sabir Sarvan və Məmməd İlqar adına bilet aldığını hardan biləydik?!

O aralar mən də Türk Dünyası Ədəbiyyatı Dərgiləri Konqresi üçün Qazaxıstana gedirdim. Məmməd İlqar və Sabir Sarvanı qarşılamağı, gəzdirməyi dostlarıma tapşırmışdım.

Onlar Türkiyəyə uçmaq üçün gəlib sənədlərini göstərəndə, limanın işçisi onlara “adınıza bilet alnmayıb, uça bilməzsiz” deyib. Qiyamət də ondan sonra qopmuşdu... Onlar Əjdər bəyə, Əjdər bəy mənə, mən Zibeydə xanıma zəng edirdim. İki saata yaxın telefon danışığından sonra anlaşıldı ki, biletləri pasport qeydlərinə görə deyil, mənim Zibeydə xanıma söylədiyim kimi Sabir Sarvan və Məmməd İlqar adına alınmışdı! Əjdər bəy yenidən bilet alıb, onları Türkiyəyə göndərmək istəsə də bunu qəbul etməmişdilər...

İki il sonra, 2015-ci ilin sonlarında bir ziyarət üçün Azərbaycana getmişdim. O günlərdə nazir Səlim Müslümovun dəstəyilə Sabir Sarvan üçün Ağsuda böyük tədbir keçirilirdi. Əjdər Ol, məni də dəvət etdi, dostlarımız Rəşad Məcid, Ağalar Bayramov, Mövlud Toprak və bir qrup jurnalistlə birlikdə Ağsuya getdik.

Sabir bəy ilə hələ canlı olaraq tanış deyildik. Toplantını Əjdər Ol idarə edirdi: “Sabirin gəldiyindən xəbəri yoxdur, sənə də söz verəcəyəm”, dedi.

Söz sırası mənə gələndə səhnədə oturan Sabir bəyə xitab edərək bir az da zarafatla: “Ay Sabir bəy! Gördüm ki, Məmməd İlqarla Türkiyəyə gələ bilmirsiz! Ona görə də özüm gəlmişəm! Xoş gördük”, deyib yaradıcılığı haqqında qısaca danışdım.

Həyəcanla məni alqışlayanlara qoşulmuşdu. Daha sonra söz aldığında: Türkiyəyə niyə gələ bilmədiklərini izah etdi və gənc dostumuz Həmid Ormanlının pasportların surətini vaxtında göndərmədiyini söylədi.

Ondan sonra söz alan Həmid Ormanlı isə özünü müdafiə etdi: “İmdad müəllim, mən pasportların surətini sizə mail ilə göndərdim. Siz də aldığınızı dediz. Ancaq iş bu yerə gəlincə, Məmməd İlqarla Sabir bəy məni danladılar ki, “bəs pasportlarımızı niyə göndərmədin?” Mən də mail hesabımın göndərilən məktublar bölməsini açaraq onlara göstərdim. Ancaq Məmməd İlqar pasportların surətini mənim kompüterimdə görəndə daha da hirsləndi, dedi ki: “Göndərməyib ayə! Görmürsən, pasportlarımız burda durur!”

Əjdər bəy də söhbətə son nöqtəni qoydu, Sabir Sarvana: “Darıxma, a kişi, səni Türkiyəyə bir də göndərərik!” – dedi.

O gün Məmməd İlqarla yan-yana oturmuşduq. Hər 5 dəqiqədən bir adımı soruşurdu. Həmid Ormanlı yavaşca qulağıma pıçıldadı: “Ustad alzeymerdir”. Bir şair üçün yaddaşsızlığın nə demək olduğunu dərindən hiss etmişdim…

Sabir Sarvan üçün təşkil olunan o tədbir Elnarə Abdullayevanın möhtəşəm konsertiylə sona çatdı. Sabir Sarvanla Türkiyədə görüşmək şərtiylə vidalaşdıq...

Bundan 4-5 ay öncə, telefon danışığımızda Əjdər Ol: “Bugünlərdə bir tədbir olsa Sabir Sarvanı ora göndərək, Türkiyəni görməyi çox istəyir”,- dedi. Əjdər bəylə sözləşdik. 2016-cı ilin son günlərində Kayseridə “Erciyəz Şeir Axşamları” proqramı vardı. Sabir Sarvanı dəvət etmək istədim. Əjdər bəyi yığdım: “Sabir bəy gəlsin, həm şeir axşamlarına qatılar, həm də universitetdə tələbələrlə görüş tərtib edərik, iki-üç gün boyunca bu bölgədə gəzdirərəm”.

Əjdər Ol bu səfər kədərliydi: “Havalar çox soyuqdu”, dedi. Sabir də bir az xəstələnib, qoy bahar gəlsin, havalar isinsin, bəlkə o zaman gələr…”

Bahar gəldi… Ancaq Sabir Sarvan getdi. Bahar hər il yenə gələcək. Amma Sabir

Sarvan nə Azərbaycana, nə də Türkiyəyə bir daha gəlməyəcək…

Əjdər bəylə 2011-ci ildən bəri nəyi planlaşdırmışdıqsa gerçəkləşdirmişdik. Ancaq əcəl atına zamansız minən şair bu dəfə planlarımızı alt-üst etdi… Ölüm təkcə Sabir Sarvanı alıb getmədi; Əjdər bəylə qurduğumuz planları da yelə verdi.

Sən bir şeyi nə qədər istəsən, nə qədər arzulasan da; sən bir yola baş qoysan da, iradənin, gücünün fövqündə başqa bir güc var. O güc taledən başqa şey deyil! Və qismətdən o tərəfə yol yoxdur...

“Hər ölüm erkən ölümdür!” Şairin vaxtsız ölümü isə sözləri insanın boğazında düyünləyir. Torpaq bir-bir udur dostlarımızı… Əgər ölümün çarəsini tapacaq biri olsa, ona Sabir bəyin misralarıya səslənərdim:

“Qoyma bu vərdiş yerisin!”

Dostumuz Ağalar Bayramov 2013-cü ilin yanvarında “20 Yanvar”ın ildönümü münasibətilə Kayseriyə gəlmiş və onun “Çaldıran ağrısı” şeirini oxumuşdu. Tamaşaçıların israrı ilə Ağalar bu şeiri dəfələrlə söylədi. O gündən bəri türk dünyası ilə bağlı konfranslarımda bu şeiri mən də oxuyuram.

O, çox arzulamasına rəğmən Türkiyəyə gələ bilməsə də şeirləri, misraları Türkiyə səmalarında qanad çalıb uçacaq.

Ruhu şad olsun.

(Cavid Qədir çevirib)

 





15.03.2017    çap et  çap et