525.Az

Oğluma layla çalıram - Xalq şairi Fikrət Qoca yazır


 

Oğluma layla çalıram - <b style="color:red">Xalq şairi Fikrət Qoca yazır</b>

Oğluma layla çalıram

Gecələr günəş kimi yatan,
Gündüzlər ay kimi xumar,
mənim mamlımatan
qəşəngim,
Hələ nə adın,
nə də taleyin var.
Hələ süd rəngli
yuxular içində üzürsən.
Gah üzünə yuxu kimi isti
bir təbəssüm qonur,
Gah da dodaqlarını
büzürsən.
Dünyadan xəbərin yox,
Bilmirsən -
Havalar olur gah isti,
gah da soyuq.
Bilmirsən -
Ölümün də səninlə
əkiz gəlib cahana.
Qoşa böyüyürsünüz
Bir beşikdə
yan-yana.
Sən də böyüyürsən,
sevincin də, dərdin də;
Neçə dostun, neçə düşmənin
böyüyür hər tində...
Bax, oğlum, sənə
Aldığım hədiyyədir -
Qıçlarını yorası yollar, küçələr.
Gözlərinin nurunu oğurlayası
yığın-yığın
yuxusuz gecələr.
Saçlarını ağardası - gündüzlər.
Əllərinə qabar salası - çöllər,
düzlər...
Çöldə - yağış,
Otaq - isti.
Çöl tərəfdən pəncərəmizin
şüşəsi ağlayır...
Çöldə səni gözləyir
qəhrəmanlığın,
təbiətlə vuruşlar.
Səni döyüş meydanlarında
küləklər gözləyir,
Çöldə çiçəklər,
göydə quşlar.
Hələ yat, gücün artsın,
bala, yat,
Süd rəngli bir yuxuya
bənzəmir həyat!
 1963-cü ildə çap olunmuş
"Hamıya Borcluyam" kitabından

Oğluma sonuncu layla

Mən səni qorudum uşaqlığından
Mən səni qorudum cavanlığından
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca
Bu sözü atalar deyib əzəldən:
"Ac qarın özünü verər qılınca".
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı
Yaşamaq... Yəni bu yaşamaqdımı?

15.03.2017

 





16.03.2017    çap et  çap et