525.Az

Türkiyə-Rusiya əlaqələri yeni inkişaf mərhələsində


 

Türkiyə-Rusiya əlaqələri yeni inkişaf mərhələsində<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə Kremldə keçirdiyi görüşlər geniş müzakirə mövzusu olaraq qalmaqdadır.

Hər iki ölkənin siyasi liderinin çox yüksək atmosferada və açıq dialoq formatında apardığı danışıqlar regionun güc mərkəzləri olan bu dövlətlərin strateji yaxınlığının nümayişi kimi yadda qaldı. 2015-ci ilin sonlarından başlayaraq ötən ilin yayınadək davam edən soyuqluğun tamamilə yox olması gerçəkliyini də ortaya qoydu.

Moskva görüşü əhatəliliyi və siyasi gündəm üçün çox mühüm detalların beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından maraq kəsb etdi.Tərəflər arasında birgə iqtisadi və siyasi təmasların möhkəmləndirilməsi, enerji sahəsində qlobal layihələrin həyata keçirilməsi, regional problemlərin həllində yeni təşəbbüslərin dəstəklənməsi və terrorçuluğa qarşı mübarizədə fəal mübarizə əsas siyasi hədəflər olsa da, digər mövzularda qaldırılan məsələlər də əhəmiyyətliliyi ilə seçilir. Dövlət başçılarının birgə razılıqla xatırladıqları əsas prioritetlərdən biri olan qarşılıqlı etimad mühtinin tam bərpa olunması və etibarlı, uzunömürlü əməkdaşlığın möhkəmləndirilməsi oldu. Bu, ölkələr arasında mövcud olan iqtisadi əməkdaşlığın yenidən dinamik xarakter alması və Türkiyə ixracatının Rusiyada geniş coğrafi hüdud almasına möhkəm zəminin yaradılması deməkdir. Rusiya Prezidenti Vladimir Putinin vurğuladığı kimi hər iki ölkə arasında siyasi böhranla bağlı tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılacaq və ikitərəfli əməkdaşlığın yeni mərhələsi başlayacaq.
 
“Türk iş adamlarına qarşı iqtisadi qadağalar artıq arxa plana keçib və əldə olunan razılaşmalardan sonra bu məsələnin aradan qaldırılması texniki xarakterli işlərdir. Ən qısa zamanda bu məhdudiyyətlər tam aradan qaldırılacaq və iqtisadi münasibətlərə öz töhfəsini verəcək”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı dövrdə hər iki ölkənin iqtisadi əlaqələrində yüksək artım, əmtəə dövriyyəsində və sərmayələrin qoyuluşunda dinamikanın əhəmiyətli dərəcədə yüksəlməsini gözlədiklərini bəyan edib. İki il əvvələ qədər dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 38 milyard dollar idi. Böhrandan sonra bu rəqəm 2 dəfə azalaraq 17 milyard dollara enib, ötən ilin son aylarından sonra ticarət dinamikasında yenidən artımlar müşayiət edilməyə başlayıb. “İndi məqsəd bu rəqəmi artıraraq 100 mlrd. dollara çatdırmaqdır. Təbii ki, Rusiya tərəfinin Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətlərin tam aradan qaldırılmasını gözləyirik". Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev da iqtisadi layihələrin perspektivlərini nikbin gördüyünü, türk iş adamlarının ölkəsində aparıcı investor kimi daha fəal olacaqlarına əminliyini ifadə edib. Yeni yaradılan Rusiya -Türkiyə

birgə investisiya fondu gələcək iqtisadi planların gerçəkləşməsində mühüm rol oynaycaq. Yaxın vaxtlarda Rusiya və Türkiyənin azad ticarət zonasına dair saziş imzalaması da gündəmdədir və bu, Rusiya ilə Türkiyə arasında iqtisadi və siyasi əlaqələrin daha da istiləşməsi, iri və qlobal layihələrin həyata keçirilməsinə təkan verəcək. Rusiya və Türkiyə arasındakı keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclası isə gələcəyə baxış bucağını və perspektiv qarşılıqlı sıx münasibətlərin Yol xəritəsini müəyyənləşdirdi. V.Putin dövlətlərarası münasibətlərin möhkəmlənməsinin daha bir bariz nümunəsi olaraq birgə qlobal enerji layihələrinin həyata keçiriləcəyini bəyan edib. Hər iki ölkənin regionda müqayisə olunmayacaq dərəcədə enerji, nəqliyyat və kommunikasiya layihələrinə imza atdığını vurğulayan Rusiyanın dövlət başçısı bu sahədə əməkdaşlığı "əsl strateji əməkdaşlıq" adlandırıb. O, Türkiyənin Rusiyadan qaz tədarük edən ölkələr arasında ikinci yerdə olduğunu, "Cənub axını", “Mavi axın” layihələrinin enerji marşrutları sırasında mühüm tranzit dəhlizi kimi çox mühüm yer tutduğunu xatırladıb. Türkiyənin ilk Atom Elektrik Stansiyasının və "Türk axını" qaz kəmərinin tikintisi də yaxın vaxtlarda həyata vəsiqə alacaq. Rusiya prezidenti qeyd edib ki, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq və müdafiə nazirlikləri xətti ilə təmaslar çox böyük önəm daşıyır.
 
Eyni zamanda, tərəflər beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirmək, Suriya münaqişəsinin nizamlanmasında daha fəal addımlar atmaq niyyətindədir. “Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür” deyən V.Putinin təşəbbüslərini dəstəkləyən R.T.Ərdoğan İŞİD-lə bərabər, PKK-nın Suriya qolu olan PYD-yə , digər terror qruplaşmalarına qarşı sərt və dönməz mübarizənin aparılacağını diqqətə çatdırıb. Türkiyə Prezidenti terrora dəstək verən maraqlı ölkələrin çirkin əməllərindən çəkinməsini də bəyan edib. Çox maraqlıdır ki, R.T.Ərdoğanın Kremldən terrorizmə və regiondakı proseslərə ikili standartlar nümayiş etdirən bəzi Qərb ölkələrini humanizmə və insani dəyərlərə hörmət etmək çağırışı, qətiyyətli açıqlamaları Avropanın narahatlığını artırdı və qardaş ölkəyə qarşı yeni ədalətsiz yanaşmalar artdı. Səfərin səhərisi gün Hollandiya hökumətinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi, ardınca ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmayaraq ölkədən çıxarılması Türkiyə-Rusiya yaxınlaşmasına qarşı qisasçılığın, demokratik etiketə sığmayan çirkin addımların əlaməti hesab oluna bilər.

Xüsusilə də, qadın nazirə qarşı bu hərəkətlər demokratiyadan dən vuran Avropa üçün qeyri-humanizm nümunəsidir. R.T. Ərdoğanın hadisələrdən bir gün öncə, Kremldə bəyan etdiyi kimi Türkiyə və Rusiyanın regionda problemlərin həllində işbirliyi bəzilərini narahat edir. "Ancaq biz təxribatlara uymayacağıq, terror təşkilatlarının ikitərəfli münasibətlərini zəhərləməsinə icazə verməyəcəyik". Türkiyəni bu cür qeyri-demokratik, anti-tolerant və anti-siyasi ədəb normaları ilə susdurmaq mümkün deyil. Avropa Yaxın və Orta Şərqdə, digər aktiv regionlarda nüfuzunu itirib, oyundan kənar vəziyyətdə qalıb. Almaniya, Belçika, İçveç, Hollandiya regional proseslərin nizamlanmasında Türkiyəyə uduzur. Rəsmi Ankaranın əsas siyasi vasitəçi kimi

öndə olması Qərbin qıcıq sinirlərini şiddətləndirir. Buna görə də, namərdlik və insanlığa yaraşmayan hərəkətlərə əl atırlar. Avrasiya Vəqfinin müdiri Ömər Özkayanın vurğuladığı kimi Avropa Şərq ölkələrində itirdiyi etibarını və nüfuzunu yenidən qazanmaq üçün Türkiyənin qürur və əzəmətli şəxsiyyəti olan Ərdoğanın timsalında bu addımları atır, Türkiyəni qarışdırmaq, terrorçuları bu ölkəyə yönləndirmək istəyirlər. Amma Ərdoğanın dediyi kimi “bacarmayacaqlar”.

 





17.03.2017    çap et  çap et