525.Az

Musa Ələkbərlinin şeirləri


 

Musa Ələkbərlinin <b style="color:red">şeirləri</b>

BU BOŞ, BU KİMSƏSİZ, QIFILLI EVDƏ

Tutub künc-bucağı hörümçək toru,
Közərir, alışır sinəmin qoru.
Di gəl ürəyini infarktdan qoru,
Bu boş, bu kimsəsiz, qıfıllı evdə.

Qalıb bir tərəfdə qabı-qacağı,
Təndiri çat verib, yanmır ocağı.
Göynəyir, sızlayır ana qucağı
Bu boş, bu kimsəsiz, qıfıllı evdə.

Mənəm ürəyindən oda qalanan,
Bulaq gözləriylə çaya çalanan.
Qapısı kürünən, həndi talanan
Bu boş, bu kimsəsiz, qıfıllı evdə.

Gör hansı zülümlə onu qurmuşuq,
İndi də əlacsız susub durmuşuq.
Biz də ağzımıza qıfıl vurmuşuq
Bu boş, bu kimsəsiz, qıfıllı evdə.

Yaram açıqdadır, həsrət duzlayır,
Yay günü əynimdə köynək buzlayır.
Atamın, anamın ruhu sızlayır,
Bu boş, bu kimsəsiz, qıfıllı evdə.
   
SÖZÜ

O, səhrada azmış adam kimidi,
Yazma gəl yerinə düşməyən sözü.
Ay şair, tələsik dilə gətirmə,
Qəlbinin odunda bişməyən sözü.

Ömrü bada verib qeylü-qalında,
Məcnun görkəmində, Cünun halında.
Nazıyla oynayıb pərdə dalında,
Sənsən sübhə qədər dinşəyən sözü.

Ağır günahını barı duyursan,
Güldü, ləçək-ləçək niyə soyursan?!
Küləklər önündə çılpaq qoyursan
Payız sazağında üşüyən sözü.

Düşsən də yolunda heydən, tapasan,
Kamandan umasan, neydən tapasan.
Yerdən çıxarasan, göydən tapasan
Qanına, ruhuna işləyən sözü.

Qismətinə düşən dərddi, qübardı,
Qəzəbi, hikkəsi köksünü yardı.
Arxan uçurumdu, önün hasardı,
Neynirsən ox kimi deşməyən sözü?!

O ki varlığını talayıb, söküb
Belə ucuz tutma, ortaya töküb.
Bir ac qartal kimi sinənə çöküb
Səni eşim-eşim eşməyən sözü.

Kündən küt gedirsə cumma ərsinə,
Düz əyri görsənir, avand tərsinə.
Necə qatacaqsan saflıq dərsinə
Çeşmənin gözündən içməyən sözü?!

Söz var sahibitək elə yalmanır,
Söz də var birbaşa daşa yamanır.
Zamanın sözü var, sözün zamanı,
Ay Musa, açma heç keçməyən sözü!

lll 

Biz hər sabah səcdədəyik,
Danüzü üzü tanrıya.
Etdiyimiz dualardı
Çatdıran bizi tanrıya.
Adı mindir, özü təkdir,
İstəyi bitməz istəkdir.
Can qurbansa, nə gərəkdir
Qurbanlıq quzu tanrıya.

İlahilik nəxş eləyir,
Dərk edənlər əxz eləyir.
Sonsuz dua bəxş eləyir
Verdiyi ruzu tanrıya.

Söz arxadır, el-ulusdur,
Haqq deyəni demə susdur.
Yalnışı bizə məxsusdur,
Gerçəyi, düzü tanrıya.

O ŞEİR ŞEİR OLMUR

İlan çalmış adamtək
Sübhə qədər yatmasam,
Yoluma çıxan daşı
Dırnağımla ovmasam,
Dişlərimlə çapmasam,
Gəzdiyim fikri, sözü,
Dəryaların qoynundan
Mirvaritək tapmasam,
Mayasına, ruhuna
Ürəyimi qatmasan,
O şeir şeir olmur.

Sözün ucundan tutub
Ucuzluğa gedənlər,
Şöhrət həvəsi ilə
Siz ay duza gedənlər,
Sübhədək qovrulmasa
Şəhid ruhu canımda,
Vətən bütövləşməsə
Əgər həyəcanımda,
Bu çəkdiyim ağrılar
Əks-səda verməsə
İliyimdə-qanımda
O şeir şeir olmur.

Böyük Turan elinin
Bir parçası olmasam,
Taleyimi düşünüb
Kövrəlməsəm, dolmasam,
Yarpaq-yarpaq açılıb,
Çiçək-çiçək solmasam,
Can verib qələmimdən,
İstəyimi almasam,
Qəlbimi bir saz kimi,
Kökləməsəm, çalmasam
O şeir şeir olmur.

Nə qafiyə tutanam,
Nə bölgü izləyənəm,
Səhərin alatoran
Bu ilkindi çağında
Xəyallar qucağında
Halalca qismətimi
Tanrıdan gözləyənəm,
O mənim bu anımda
Harayıma çatmasa,
İlahi istəyini
İstəyimə qatmasa
O şeir şeir olmur.

Əlçatmaz bir istəyin
Ocağında yanmasam,
Bir qartala dönüb mən,
Zirvələrə qonmasam,
Səhərin ayazında,
Şaxtasında donmasam,
Sözləri rəndələyib,
Misraları yonmasam,
Ürəyimin al qanı
Gözlərimdən dammasa,
Bu vətənin, bu yurdun,
Bütövlük məqamına
Ürəkdən inanmasam,
Oxucum, səni anıb,
Mən özümü danmasam,
O şeir şeir olmur.

Nə deyim, nə danışım,
Şeirə olan tələbdən,
Nəsiminin haqq səsi
Yenə batır Hələbdə.
Dünyanın hər yerində
Günahsız qanlar axır.
Dəryaların qoynunda
Axır, insanlar axır.
Mən bu dərdi çəkməsəm,
Özüm öz boğazıma
Əzrayıltək çökməsəm
O şeir şeir olmur.

ALİM

Dünyaşöhrətli müğənnimiz, Xalq artisti Alim Qasımova

Zəkası doğruldub alim adını,
Elmlə, ürfanla doludur Alim.
Haqq verib ölçüsüz istedadını,
Sənətin bənzərsiz qoludur Alim.

Səs necə ağlayır, göz yaşı tökür,
Ruhuna dəryalar, ümmanlar çökür.
Yerin yer köksünü yer-yerdən sökür,
Göylərin kəhkəşan yoludur Alim.

Necə tam oxuyur, bütün oxuyur,
Hər yerdə, hər kəsdən üstün oxuyur,
Bəxtəvər bizik ki, bu gün oxuyur,
Muğamtək qədimdir,uludur Alim.

Özəl bir kökdədir səsin səs ladı,
Dünyaya ölçülüb ləzzəti, dadı.
Hər zaman oxuyur o qeyri-adi,
Yeri də, göyü də unudur Alim.

Ürək bu yanğıyla şükür dayanmır,
Ya da birdəfəlik od tutub yanmır.
O zilə qalxanda adam inanmır,
Doğrudanmı yerin oğludur, Alim.

Yetirdi, bitirdi Fərqanəsini,
Muğamın oxşarsız dürdanəsini,
Mələklər oxşayır onun səsini,
Səsin səcdəgahı, dinidir Alim.

Ruhunda bir xalqın göynəyi,ahı
Haraya çağırır göydə Allahı,
Həm öz sənətinin öndəri, şahı,
Həm də sadə,saya quludur Alim.

O səs qaymaqlanır, o səs üzlənir,
Duyan kimsələrin qəlbi közlənir,
Hər eldə, ölkədə yolu gözlənir,
Bəşərin məhəbbət dilidir Alim,
Dünyanın musiqi dilidir Alim.

lll 

Fikirlərin törpüsüylə
Törpülənib oldum dən-dən.
Yuxusuzluq körpüsüylə
Keçdim gecənin üstündən.

Mən keçmədim, gecə keçdi,
Keçirdi məni sınaqdan.
Ha düşündüm gördüm gecdi
Qopmaq töhmətdən, qınaqdan.

Hanı mənim doğmam, yadım?
Yorğanım qorun içində.
Səhərədək çabaladım
Balıqtək torun içində...

Yaralı quş kimi səkdim,
Bircə an kiprik çalmadım.
Fikri hansı yana çəkdim
Yenə də razı qalmadım.

Yol yoxuşda, yol çətində...
Məni basdı qaraqorxu.
Hiss etdim ki, qismətimdə
Nə şeir var, nə də yuxu.

MƏLƏYİ

Qaldı zirvələrin yalçın belində,
Qoynuna çəkmədi dərə mələyi.
Bu dəli sevgimin ağlı olmadı
Göydən ulduz kimi dərə mələyi.

Könül ovsunmadı tapdığı ovnan,
İllərlə yaşadı “xəyal-plov”nan.
Kimdi sənə qıyan bu qaçdıqovnan,
Gərək tanrı özü verə mələyi.

Heç kəsin gözündə nəm olmazıydı,
Bunca həsrət olmaz, qəm olmazıydı.
Mələklər dünyada kəm olmazıydı,
Evində görsəydi hərə mələyi.

Bir gözəl görüncə qəşş eləmişik,
Hüsnünü ürəyə nəqş eləmişik.
Çoxumuz göylərə bəxş eləmişik,
Orda axtarırıq hələ mələyi.

Ay Musa, qəlbində yasdı, hüzrdü,
“Üzrün” günahından betər üzrdü.
Gənclik ötüb keçdi, ömrün üzüldü,
Endirə bilmədin yerə mələyi.

 





18.03.2017    çap et  çap et