525.Az

“Əli və Nino” filminin İsveçrə premyerası


 

“Əli və Nino” filminin İsveçrə premyerası<b style="color:red"></b>

İsveçrədəki səfirliyimizin təşəbbüsü və təşkilatçılığı ilə Bern şəhərinin “Bellevue Palace” mehmanxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filminin premyerası keçirilib.

Filmi Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində təqdim olunub.

Tədbirdə səfir Əkrəm Zeynallı əslən azərbaycanlı olan və Azərbaycan Demokratik Respublikasının (ADR) bolşevik işğalından sonra Avropaya mühacir edən yazıçı Qurban Səidin 1937-ci ildə Avstriyada alman dilində çap olunan və 30-dan artıq xarici dilə tərcümə edilən eyniadlı əsərinin mövzusu üzrə çəkilən bu filmin o dövrün reallıqlarını, o cümlədən, Cənubi Qafqaz xalqlarının mədəniyyəti, adət-ənənələri və milli xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

Diplomat bu filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi, Oskar mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə çəkildiyini qeyd edib, ekran əsərinin ADR-in yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə işıqlandırdığını bildirib.

Sonra qonaqlar filmi seyr ediblər.

Filmin nümayişindən sonra Azərbaycanın İsveçrədəki səfirliyi adından qonaqlara rəsmi ziyafət verilib. Ziyafət çərçivəsində Novruz bayramının adət-ənənələrinə uyğun bayram süfrəsi açılıb, o cümlədən, Azərbaycanın mədəniyyətinin xüsusiyyətlərini əks etdirən guşə iştirakçılara təqdim edilib.

İsveçrənin dövlət və hökumət nümayəndələrinin, deputatların, diplomatik korpusun üzvlərinin və şirkət nümayəndələrinin, o cümlədən, diaspora üzvlərinin iştirak etdiyi bu mədəniyyət tədbiri böyük maraqla qarşılanıb.

 





18.03.2017    çap et  çap et