525.Az

Prezidentin əfv sərəncamı humanist addımdır


 

“DÖVLƏT BAŞÇISININ MƏLUM QƏRARI AZƏRBAYCANDA APARILAN MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ MƏNTİQİ DAVAMIDIR”

Prezidentin əfv sərəncamı humanist addımdır<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, martın 16-da prezident İlham Əliyev növbəti dəfə əfv sərəncamı imzalayıb. Novruz bayramı ərəfəsində ölkə başçısı 423 məhkumun əfv olunmasıyla bağlı qərar verib.

Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib. Azadlığa çıxanların arasında hüquq müdafiəçilərinin siyahısında olanlardan 7 nəfərin də adı var. Bunlar Qənimət Zahidin qohumları - Rüfət və Rövşən Zahidovlar, NİDA-çı Elvin Abdullayev, Əbdül Əbilov, Emin Millinin qaynı Nazim Ağabəyovdur.

Bundan başqa ömürlük cəzaya məhkum olunan iki nəfərin cəzasının müddəti dəyişdirilib. Bunlardan biri DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovdur. Eyni zamanda, əfv sərəncamına 38 əcnəbi məhbusun adı salınıb.

Dövlət başçısı İlham Əliyevin bu sərəncamı cəmiyyətdə olduqca müsbət qarşılanıb, dövlətin yürütdüyü humanizm siyasətinin məntiqi davamı kimi qiymətləndirilib. Vətəndaşlar, xüsusilə əfv olunan məhkumların doğmaları bu xəbəri böyük sevinc hissi ilə qarşılayıblar.

Prezident İlham Əliyevin imzaladığı əvf sərəncamıyla bağlı “525”ə fikirlərini bildirən Əfv Məsələləri üzrə Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun sədri qeyd edib ki, ölkə başçısı İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı yüksək qiymətləndirilməlidir: “Bu, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının davamıdır. Eyni zamanda, hesab edirəm ki, Azərbaycan prezidenti həmişə olduğu kimi, humanizm prinsiplərinə söykənərək 423 məhkumu əfv edib”.

Ə.Nuriyev bildirib ki, son illər ərzində Azərbaycanda cəzanın humanistləşdirilməsi sahəsində çox ciddi addımlar atılıb: “Bu istiqamətdə işlər davam edir, əhəmiyyətli addımlar atılmaqdadır. Bu mənada, cari ilin fevralın 10-da prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da dövlətin siyasi iradəsinin nəticəsi idi”.

Fond sədrinin sözlərinə görə, indiyədək dövlət başçısı tərəfindən 62 əfv sərəncamı imzalanıb: “Bunun nəticəsində 7 minə qədər məhkum cəzadan azad edilib. Eyni zamanda, Azərbaycanda 12 amnistiya aktı qəbul olunub. Bunun nəticəsində isə 100 mindən artıq şəxs cəzadan azad edilib. Təkcə son 10 il ərzində 4 minə yaxın şəxs Azərbaycan Respublikası prezidentinin əfv sərəncamı əsasında cəzadan azad edilib. Onların böyük bir hissəsi azadlıqdan məhrumolunma cəzasından azad olunublar”.

Komissiya üzvü hesab edir ki, bütün bunlar bir daha göstərir ki,  prezident İlham Əliyevin üçün Azərbaycanın hər bir vətəndaşı əzizdir: “Dövlət başçısı ölkə əhalisinə daim diqqət və qayğı ilə yanaşır. Əslində bu əfv sərəncamı 423 nəfər insana yeni bir şans verir. Onlar həyatlarına yenidən başlamaq imkanı qazanıblar. Yaxşı olar ki, əfv olunan insanların hər biri yenidən cinayət törətməsin, bütün fəaliyyətlərini ölkənin inkişafına istiqamətləndirsinlər. Həmin şəxslər ailələrinin yanında olmaqla onlara dayaq olurlar. Bu mənada, əfv sərəncamı Azərbaycan prezidentinin ölkə vətəndaşlarına verdiyi dəyərin ifadəsidir”.

İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov da bildirib ki, prezident Novruz bayramı ərəfəsində növbəti dəfə humanist addım ataraq ölkə vətəndaşlarının sevincinə sevinc qatıb: “Mən dünən sərəncamın icrasıyla bağlı 10 saylı cəza çəkmə müsəssində məhkumların azadlığa buraxılması prosesində iştirak etmişəm. Bu, çox humanist bir addımdır. İnsanların gözlərindəki sevinci aydın görmək mümkün idi. 423 nəfər çox böyük bir rəqəmdir. Onların ailə üzvlərini də nəzərə alsaq bu sərəncamın minlərlə insanın sevincinə səbəb olduğunu anlamaq olar”.

Ş.Camalovun sözlərinə görə, ümid edirik ki, məhkumluqdan azad olunan insanlar bir daha cinayət əməli törətməyəcəklər: “Həmin şəxslər ölkə başçısı İlham Əliyevin bu humanist addımından nəticə çıxarmalıdırlar”.

Hüquq müdafiəçisi hesab edir ki, prezidentin sərəncamı ölkədə cəzanın humanistləşdirilməsi istiqamətində aparılan islahatların məntiqi davamıdır: “İnanırıq ki, yaxın gələcəkdə bu istiqamətdə növbəti addımların da şahidi olacağıq”.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova isə jurnalistlərə açıqlamasında deyib ki, bu ilin Novruzu çox əlamətdar oldu, Prezident İlham Əliyevin əfv sərəncamı ilə ikiqat bayram oldu. Trend-in məlumatına görə,  E.Süleymanova qeyd edib ki, ombudsman işlədiyim dövrdə bir çox əfv sərəncamlarının icrasında iştirak etmişəm, amma budəfəki çox fərqlidir: “Yəni, adətən, əfv olunanların sayı 100 civarında olurdusa, bu dəfə onların sayı 423 nəfərdir. Bu, əlamətdar hadisədir”.

Ombudsman əlavə edib ki, bu dəfə daha çox məhkumun əfv olunması prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral tarixli sərəncamının nəticəsidir: “Bildiyiniz kimi, həmin sərəncam penitensiar sistemin, ümumiyyətlə, cəza siyasətinin təkmilləşdirilməsi, humanistləşdirilməsi, ən mühümü, cəmiyyətdən təcrid etmədən geniş miqyasda müxtəlif alternativ cəzaların tətbiqini nəzərdə tutur. İlk dəfə olaraq, budəfəki əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə də şamil edilib”.

Ceyhun ABASOV

 





20.03.2017    çap et  çap et