525.Az

Regionda yeni iqtisadi formatın əsası qoyula bilər


 

“ANKARA VƏ BAKI KİYEVLƏ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRMƏK XƏTTİNİ GÖTÜRÜBLƏR”

Regionda yeni iqtisadi formatın əsası qoyula bilər<b style="color:red"></b>

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev martın 13-də Kiyevdə Ukraynanın baş naziri Vladimir Qroysman və digər ukraynalı nazirlərlə görüşdən sonra prezident Pyotr Poroşenko tərəfindən də qəbul olunub. Kiyevdəki görüşlərdə tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Bu barədə fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Şahin Mustafayevin Kiyevə səfərinin əsas nəticəsi Kiyevdə Azərbaycan Ticarət Evinin açılması barədə razılığın əldə olunmasıdır: “Tərəflərin fikrincə, Ticarət Evinin açılışı ikitərəfli ticarəti stimullaşdıracaq və Ukraynaya Azərbaycan investisiyalarının cəlbini artıracaq. Şahin Mustafayev görüşlərdə qeyd edib ki, Azərbaycan Ukrayna ilə maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasında maraqlıdır. Nazir həmçinin kimya sənayesi, kənd təsərrüfatı və turizm sektorlarında dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb”.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ölkələri arasında Ukraynanın əsas ticarət tərəfdaşları olduğunu deyən E.Şahinoğlu bildirib ki, 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 347 milyon dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 17,7 faiz çoxdur: “Başqa müsbət nümunə: 2014-cü ildə Ukraynadan Azərbaycana və əks istiqamətdə cəmi 450 vaqonda mal daşınıbsa, 2016-cı ildə bu rəqəm 3 minə çatıb. Demək daşımada potensial hələ böyükdür”.

Politoloq xatırladıb ki, Ukraynanın baş naziri Vladimir Qrosyman Şahin Mustafayevlə görüşdən sonra Türkiyəyə rəsmi səfərə gedib: “Bu səfər də uğurlu olub. Ukrayna ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə ölkələrarası səfərlərin həyata keçirilməsi qərarının verilməsi bu uğurun tərkib hissəsidir. Türkiyədə son illərdə dincələn ukraynalı turistlərin sayı 1 milyonu ötüb. Yeni razılaşma bu sayın daha da artmasına gətirib çıxaracaq. Eləcə də Türkiyə vətəndaşları rahat şəkildə Ukraynaya səfərlər edəcək, həm dincələcək, həm də işgüzar əlaqələr quracaqlar.

Kiyevlə Ankara arasında təmasların artması Ukrayna iqtisadiyyatı üçün xeyirlidir. Türkiyənin investisiya imkanları genişdir və Ankara yeni bazarlar axtarır. Ukrayna çox münbit bazardır və Avropaya çıxış imkanları var. Türkiyə Ukraynanın bank sektorundakı rolunu da artıra bilər. Bundan başqa iki ölkə arasında sərnişin təyyarəsi istehsal edən birgə müəssisənin yaradılması müzakirə predmetidir. Ukraynada böyük təyyarə zavodları var ki, istehsal zəifləyib və Türkiyə bu istehsala dəstək verə bilər. Türkiyə şirkətləri Ukrayna müəssisələrinin özəlləşdirilməsində də fəal iştirak edə bilərlər”.

Kiyev-Bakı və Kiyev-Ankara arasındakı münasibətlərin Kremldə doğuracağı reaksiyaya toxunan mərkəz sədri qeyd edib ki, Moskva qonşu ölkələrin Ukrayna ilə münasibətlərini diqqətlə izləyir: “Buna baxmayaraq, Türkiyənin və Azərbaycanın Ukrayna ilə münasibətlərini genişləndirməsi Ankaranın və Bakının Kremllə əlaqələrinə mənfi təsir etməyəcək. Çünki Ankara və Bakı Kiyevlə sıx əlaqələrdən Rusiyaya qarşı istifadə etmir. Məsələn, Azərbaycanın Ukrayna ilə ticarət həcmini artırması, ortaq layihələrə maraq göstərməsi, Dövlət Neft Şirkətinin bu ölkədə yanacaqdoldurma məntəqələrinin sayını artırması sırf iqtisadi qazanc baxımından qiymətləndirilir”.

Rusiyanın Ukraynanın Mərkəzi Asiyaya çıxışını bağladığını deyən politoloq deyib ki, hazırda Ukrayna Qara dəniz, Gürcüstan və Azərbaycan dəmiryolları üzərindən Mərkəzi Asiyaya mal daşıyır: “Yəni, Azərbaycan bir növ Ukraynanı Rusiyanın iqtisadi mühasirəsindən qurtarıb. Bunda da siyasi məsələ yoxdur. Rəsmi Bakı Ukraynaya Azərbaycan ərazisindən mal daşımağa imkan verirsə, bu sırf iqtisadi amillərlə bağlıdır. İki dövlət arasındakı münasibətlərə üçüncü dövlət müdaxilə edə bilməz. Ona görə də, həm Ankara, həm də Bakı Kiyevlə əlaqələrini genişləndirmək xəttini götürüblər və bu doğru siyasətdir. Bu hamı üçün faydalıdır. Hətta mümkündür ki, Şahin Mustafayevin Kiyevə, Vladimir Qroysmanın isə Ankaraya uğurlu səfərləri bölgədə yeni Türkiyə-Ukrayna-Azərbaycan formatının yaradılmasına yol açsın”.

Ceyhun ABASOV

 





20.03.2017    çap et  çap et